• şənbə, 20 Aprel, 03:31
  • Baku Bakı 15°C

Əflatun Amaşov: "Vaşinqton post"un mövcud dəst-xətti heç şübhəsiz, siyasi amillərlə bağlıdır"

06.09.17 18:30 926
Əflatun Amaşov: "Vaşinqton post"un mövcud dəst-xətti heç şübhəsiz, siyasi amillərlə bağlıdır"
""Vaşinqton post" kimi nüfuzlu nəşrin Azərbaycanla bağlı tutduğu mövqe təəssüf doğurur. Hər şeydən öncə söhbət jurnalistikadan gedir. Jurnalist peşəkar olmalıdır. Peşəkarlıq isə qərəzsizliyə söykənir. Həssaslıq da mühüm şərtdir. Bu mənada "Vaşinqton post"un təqdimatı tam yarıtmaz xarakter daşıyır".

APA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "The Washington Post" qəzetində Azərbaycan əleyhinə dərc olunmuş məqaləyə münasibət bildirərkən deyib.

Ə. Amaşov qeyd edib ki, mövcud dəst-xətt heç şübhəsiz siyasi amillərlə bağlıdır.

"Zaman-zaman belə halların az şahidi olmamışıq. Bu gün də eyni kampaniya aparılmaqdadır. Məqsəd bəllidir - Azərbaycanın beynəlxalq imicini ləkələmək, onun dövlət başçısının nüfuzuna zərbə vurmaq. Hesab edirəm ki, ölkə ictimaiyyətində bu cür uğursuz cəhdlərə münasibətdə tutarlı immunitet formalaşıb. İnsanlarımız reallıqları görürlər və düzgün qiymət verməyi bacarırlar.

«Vaşinqton post»un jurnalistlərin dövlət tərəfindən mənzillə təmin edilimələrinə toxunması, məsələ ilə «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi arasında paralellər aparması tam etikadan uzaqdır. Bir qədər öncə jurnalistin həssas olmasının vacibliyini təsadüfən vurğulamadım. Düşünürəm ki, «Vaşinqton post» məhz bu məqama həssas yanaşmalıydı. Ona görə ki, burada ittiham edilən tərəf həm də Azərbaycan jurnalistləridir. Dövlət ümumilikdə 411 jurnalisti mənzillə təmin edib. «Vaşinqton post»un nəzərində 411 jurnalist mənzili rüşvət kimi qəbul edib. Yanaşma tam absurd və ziddiyyətlidir.

Dövlətin jurnalistikaya təmənnalı münasibət bəsləməsinə hətta nəzəri cəhətdən belə ehtiyac yoxdur və olmayıb da. Müstəqillik dövründən bu yana həyata keçirilən islahatlarda, görülən işlərdə media amili əsas götürülüb. Yəni Azərbaycan dövləti öz işini məhz medianın dəstəyindən yararlanmaqla həyata keçirib", - deyə MŞ sədri bildirib.
banner

Oxşar Xəbərlər