Əflatun Amaşov: “Məqsədləri Azərbaycan və Gürcüstan cəmiyyətində gərginlik yaratmaqdır”
"Keşikçidağ məbədində gürcülərlə Azərbaycan sərhədçiləri
arasında baş vermiş insident böyük narahatlıq doğurmaqdadır. Əminəm ki,
Gürcüstan rəhbərliyi məsələni çox ciddi araşdıracaq, günahkarlar qanun
qarşısında cavab verəcəklər. Elə tədbir görülməlidir ki, gələcəkdə bu sayaq
xoşagəlməz hallar yaşanmasın”.
Bu barədə Milli Məclisin Azərbaycan-Gürcüstan
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov öz "Facebook” səhifəsində yazıb. Millət vəkili
qeyd edib ki, millətindən, vətəndaşlığından asılı olmayaraq Gürcüstanla Azərbaycan
arasında nifaq salmağa cəhd edən hər bir kəs qanun qarşısında məsuliyyət
daşımalıdır.
İşçi qrupun rəhbəri həssas çoğrafi mövqedə yerləşən
Azərbaycan və Gürcüstanın strateji tərafdaş ölkələr olduğunu, xalqlarımızı qədim
tarixə malik möhkəm dostluq və mehriban qonşuluq ənənələrinin birləşdirdiyini
diqqətə çatdırıb: "Regionumuz nəhəng beynəlxalq layihələrin reallaşdığı məkandır.
Bu məkanda başlıca söz sahibi Azərbaycan və Gürcüstandır. Hər iki ölkə regionun
mühüm sabitlik təminatçıları olaraq çıxış edirlər. Bu mövqeyimizi gözü götürməyənlər
də az deyil. Bəzi gürcü din nümayəndələri, gürcü olmayan, sonradan gürcüləşmiş
şəxslər, reytinqləri kifayət qədər aşağı olan partiyalar Keşikçidağ məsələsini
şişirdərək onu sanki Gürcüstan hakimiyyətinin görməli olduğu ən mühüm vəzifə
kimi dəyərləndirirlər, mövcud xüsusda ittihamlar yağdırırlar. Məqsədləri Azərbaycan
və Gürcüstan cəmiyyətində gərginlik yaratmaqdır. Mən məsələnin kökünü dərində
görürəm. Şərqi Qərb ilə birləşdirən, konkret olaraq Çinlə Avropanın yeni, əslində
isə qədim olan ticarət yolunun Azərbaycan və Gürcüstan üzərindən keçməsi, habelə
regionumuzun Avropanın enerji təminatında ciddi rol oynaması müəyyən güc mərkəzlərinin
mənafelərinə uyğun deyil. Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar. Burada
erməni faktorunu da unutmaq olmaz. Ermənilərə Azərbaycan-Gürcüstan dostluğu, nəinki
Azərbaycanın, eləcə də Gürcüstanın güclü olması sərf etmir. Ermənilər bu gün də
Gürcüstana qarşı torpaq iddiasındadırlar. Yada salım ki, 2008-ci ildə baş
vermiş müharibədə abxazların və osetinlərin tərkibində Gürcüstana qarşı çoxlu
sayda erməni də döyüşüb. Bu, danılmaz faktdır”.
Millət vəkili Ə.Amaşov əminliklə qeyd edib ki, Azərbaycan
və gürcü xalqları həmişə olduğu kimi, yenə də müdriklik nümayiş etdirəcək,
qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin sarsılmasına yönələn təxribata
imkan verməyəcəklər: "Hər iki ölkənin media nümayəndələrinə hadisələrə soyuq
başla yanaşmağı, xalqlarımızı birləşdirən məsələlərinin işıqlandırılmasına daha
çox üstünlük vermələrini tövsiyə edərdim”.
Rufik
İSMAYILOV