• cümə, 19 Aprel, 11:43
  • Baku Bakı 13°C

Əflatun Amaşov: "Düşmən ayıqdır, çaşdırıcı məlumatlar, görüntülər yaya bilər"

28.02.17 15:45 749
Əflatun Amaşov: "Düşmən ayıqdır, çaşdırıcı məlumatlar, görüntülər yaya bilər"
"Mənim mövqeyim ondan ibarətdir ki, indiki şəraitdə bu sayaq məsələləri mətbuatda yaymazdan əvvəl Müdafiə Nazirliyi ilə məsləhətləşmək daha vacibdir. Bu gün bu xəbər yayıldı, sabah buna bənzər başqa görüntülər də yayıla bilər. Bu görüntülərin nə dərəcədə dəqiq olması gündəmə gələ bilər. Bu məsələlərdə Azərbaycan jurnalistləri kifayət qədər ehtiyatlı olmalıdırlar. Jurnalsitlər faktları dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə mütləq əlaqə saxlamalı, onlarla məsləhətləşməlidirlər".
BunuAPA-ya açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov cəbhə xəttində baş verənlər barədə erməni mənbələrinin yaydığı məlumat, foto və videoların Azərbaycan resurslarında işıqlandırılmasına münasibət bildirərkən deyib.
Ə. Amaşov bildirib ki, düşmən ayıqdır, bu hadisələrlə bağlı Ermənistan və Azərbaycan ictimaiyyəti üçün kifayət qədər çaşdırıcı məlumatlar, görüntülər yaya bilər.
"İndiki şəraitdə cəbhədə top-tüfəng nə dərəcədə əhəmiyyətlidirsə, media da ictimaiyyətimiz üçün o dərəcədə vacibdir. Müharibələr informasiya müstəvisində başlayır, sonra silahlara keçir. Ona görə də birmənalı qaydada bu məsələləri diqqətdə saxlamalıyıq. Son olaylarda çox təəssüf ki, bəzi kütləvi informasiya vasitələri, əsasən də internet üzərindən yayımlanan media vasitələri cəmiyyətə yanlış informasiya verdi, Ermənistan tərəfindən yayılmış xəbərləri yaydı. Bu, qəbul olunan hal deyil", - deyə Ə. Amaşov vurğulayıb.
"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də hesab edir ki, bir neçə gün öncə Qarabağ cəbhəsində növbəti erməni təxribatçı-diversiya qrupunun qarşısını alarkən qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizin nəşinin videogörüntülərinin Ermənistan KİV-in ardınca Azərbaycanın bir sıra sayt və portallarında da yayılması yolverilməzdir.
Baş redaktorun sözlərinə görə, ilk növbədə belə hallara yol verilən mətbu orqanlar barəsində müvafiq strukturlar, eyni zamanda Mətbuat Şurası tərəfindən ciddi ölçü götürülməlidir: "Ermənistan tərəfi növbəti dəfə yalanlar uyduraraq, hər vəchlə sübut etməyə cəhd edir ki, guya Azərbaycan Ordusunun əsgərləri təxribata əl ataraq ermənilərin mövqelərinə hücum edib, cavab atəşləri nəticəsində neytral ərazidə həlak olublar. Hətta bunun üçün orada qalan zabit və əsgərlərimizin nəşinin geri qaytarılmasını ləngidiblər ki, özlərinə lazım olan videoçəkilişləri reallaşdırsınlar. Belə olan halda, tirajlanan videoçəkilişlərin sonradan Azərbaycan sayt və portallarında yer alması bilavasitə erməni işğalçılarının dəyirmanlarına su tökmək anlamını daşıyır. Eyni zamanda, ermənilər onların videoçəkilişlərini yayan azərbaycanlılar vasitəsilə öz istəklərini reallaşdırmış olurlar. Sual olunur, nəyə görə erməni mətbuatında yayımlanan video bu gün Azərbaycan mediasında da yayımlanır və bu barədə düşmən mətbuatında fikirlər qeyd olunur?"
B. Quliyev qeyd edib ki, ötən ilin aprel müharibəsində, eləcə də öncəki bənzər hallarda da bir çox media orqanında və sosial şəbəkələrdə eyni əməllərə yol verilib.
Baş redaktor əlavə edib ki, belə mətbuat nümayəndələri düşmənə sərf edən məlumatları tirajlamaqdansa, yaxşı olardı ki, vətənpərvərlik və ruh yüksəkiliyi yaradan materiallarla çıxış etsinlər.
banner

Oxşar Xəbərlər