• cümə axşamı, 28 mart, 20:17
  • Baku Bakı 13°C

Efirdə söyüş qəbuledilməzdir

14.04.15 06:20 2521
Efirdə söyüş qəbuledilməzdir
Ekspertlər kimin dilindən səslənməsindən asılı olmayaraq, etikadan kənar ifadələrin televiziyaya yol tapmasına qarşıdırlar
Televiziya məkanında son zamanlar qəribə bir tendensiya baş alıb gedir. Belə ki, aparıcılar verilişlərinin reytinqli olması üçün əllərindən gələni edir, müsahiblərini “qızışdırıb” onların dilindən istədiklərini almağa çalışırlar. Çəkiliş zamanı yaşanan bir sıra məqamları isə televiziya vasitəsi ilə yaymaq mümkün olmadığı üçün həmin hissələri “Youtube”-a yerləşdirməklə mətbuatın gündəmini zəbt etməyə çalışırlar. Çox vaxt istəklərinə nail olurlar.
Məsələn, bu günlərdə əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü aşıq Ədalət “Səbəbkar” verilişində rəqqasə Aytəni təhqir edərək onun ünvanına söyüşlər ünvanlayıb. Belə ki, verilişə qonaq qismində çağırılmış aşıq Ədalət, sənət yoldaşı Namiqin saz ifasının müşayiəti ilə rəqqasənin rəqsinin görüntülərini izləyib. Həmin videoyazıda aşıq Namiq oriental rəqqasə Aytəni saz havasına oynadıb.
Həmin kadrlar çoxdan çəkilsə də, aşıq Ədalət bu videonu ilk dəfə görüb. Videonu sonuna qədər izləyə bilməyən ustad aşıq əsəbiləşərək söyüş söyməkdən özünü saxlaya bilməyib. Rəqqasənin ünvanına “var-yox” söyüşü söyən yaşlı aşıq, təhqiramiz ifadələr səsləndirib. Onun söyüşündən sonra digər aşıqlar əllərini stola vuraraq gülməyə başlayıblar. Bu kadrlar “Youtube”da yerləşdirilib.
Rəqqasə isə vəziyyətdən xəbərdar olandan sonra ustad aşığı məhkəməyə verəcəyini iddia edib: “Videonu görəndən sonra dəli oldum. Yaşlı kişidir, ona ayıb olsun. Çox üzr istəyirəm, orada mənim var-yoxumu söyüb. Onu məhkəməyə vermişəm, onunla bağlı işlər gedir, videonu təhvil verəcəyəm. Əgər məndən verilişdə üzr istəməsə, bu işin sonuna kimi gedəcəm”. Aytənin sözlərinə görə, aşıq Ədalət efirdə səsləndirdiyi fikirləri danıb: “17 ildir ki, efirdəyəm və nəyin montaj olduğunu yaxşı bilirəm. Əxlaqsız sözlərinə görə cavab verəcək. Mən rəqqasəyəm. Orada deyib ki, mən Aytəndən yaxşı oynayaram. Əgər o da oynamaq istəyirsə, paltarımı verə bilərəm. Mən ona hüquqi yolla cavab verəcəyəm. Həmkarım olsa, üz-üzə dayanıb söhbət edərəm. Aşıq Ədalət ölən övladının qəbrinə and içir ki, elə söz deməmişəm”.
Sosial şəbəkədə geniş müzakirə obyektinə çevrilən məsələyə ekspertlərdən də münasibət öyrəndik. Ekspertlər bu tip hərəkətlərin aşıqlıq sənətinə xələl gətirdiyini deyirlər.
Bu tip hərəkətlər heç bir sənətkara başucalığı gətirmir
Milli Məclisin deputatı, millət vəkili Jalə Əliyeva “Kaspi”yə açıqlamasında, əslində efirə çıxan hər bir sənətkarın böyük məsuliyyət daşıdığını, onların efir mədəniyyətinə, etikasına malik olmalarının vacibliyini vurğuladı: “Son zamanlar efir mədəniyyəti, etikası ən çox müraciət edilən və ətrafında böyük müzakirələrə səbəb olan mövzuya çevrilib. Bu mövzu ilə bağlı kifayət qədər ziyalı fikirləri olsa da, görünür bu fikirlər heç də yetərli deyil. Tamaşaçı üçün efirə çıxan sənətkarın yaşı deyil, onun davranışı, nitqi daha çox önəmlidir. Hər sənətkarın özünün öz auditoriyası var. Efirlərə daha çox cəmiyyət içərisinə çıxmaq bacarığına malik olan sənətkarlar dəvət olunmalıdır. Düzdür, hər insan cəmiyyətin bir fərdidir. Efirə çıxan, özünə kütlə toplayan sənətkar insanları öz ardınca aparır. Efirə çıxan ifaçı ilk növbədə düşünməlidir ki, mənə milyonlarla insan baxır və məni eşidir. O, sənətkar da hərəkətlərini, danışığını, etikasını, estetikasını ona görə uyğunlaşdırmalıdır. Mən demirəm ki, efirə çıxan sənətçilər maska taxıb başqa bir obraza girməlidirlər. Efir məkanında kəmiyyət də olmalıdır. Ancaq etikaya, normalara sığmayan ifadələr işlətməklə, guya nəsə qeyri-adi bir hərəkət etdiyini ortaya qoymaqla yaddaşda qalmağa çalışmaq heç bir sənətkara başucalığı gətirmir”.
“Xalqın sənətkarı bundan gözəl cavab tapa bilməyib”
Teletənqidçi, professor, media eksperti Qulu Məhərrəmli istənilən halda efirdə söyüşün səslənməsinə qarşı olduğunu bildirdi: “Bu o qədər mürəkkəb məsələdir ki, fikir bildirmək bir qədər qəlizdir. Ümumilikdə baxanda, çox ağır bir vəziyyət yaranıb. Deyəsən o, verilişdə aşıq Ədalət harada olduğunu hiss etməyib. Aşıq Ədalət tipli adamlara hansısa qaydaları tətbiq etmək çətindir. Heç bir halda onun bu cür ifadələr səsləndirməsinə bəraət qazandırmaq olmaz. Bu tip insanların hər an nəsə demələri gözlənilən haldır. Hesab edirəm ki, yaşlı insanların canlı efirdə davranışına xüsusi nəzarət olunmalıdır. Efirdə söyüş söyülməsini isə heç də təqdir etmirəm. Görünür ki, xalqın sənətkarı yaranmış situasiyaya bundan gözəl münasibət tapa bilməyib”.
Aşıqlarımız nimdaşlaşıblar
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli bizimlə söhbətində harada olmasından asılı olmayaraq, yaşlı sənətkara söyüş söyməyin yaraşmadığını qeyd etdi: “Aşıq Ədalətin yaradıcılığına da, sənətkarlığına böyük hörmətim var. Efirdə mübaliğəli, ikibaşlı söz demək anlaşıla biləndir. Aşıq Ədaləti doğulandan tanıyıram. Söyüşü dilə gətirmək üçün ona heç bir əsas lazım deyil. Ümumiyyətlə, mən söyüşün əleyhinəyəm, söyüş mədəniyyətsizlikdir. Efir bir dərslikdir, uşaqlarımız onunla böyüyür. Onlar efirdə gördüklərindən yararlanıb, o cür olmaq istəyirlər. Bəzən evdə valideynlərindən çox televiziyadan tərbiyə alırlar. Aşıq Namiqin saz havasına rəqqasənin rəqsi ciddi qınaq səbəbi deyil. Məclislərdə elə dəhşətli hadisələr baş verir ki, onlardan danışsaq, hər kəs dəhşətə gələr. Bu tip məsələləri çox şişirdirlər. Sənət adamlarını üz-üzə qoymaq heç də düzgün fikir deyil”.
Elçin Əlibəyli sosial şəbəkədə izlədiyi videodakı söyüşün onun üçün dəhşətli olmadığını, əslində oradakı insanların münasibətinin əsas götürüldüyünü bildirdi: “Mənim üçün səslənən söyüş o qədər də dəhşətli deyildi. Dəhşətlisi orasındadır ki, söyüş səslənən zaman orada qonaq qismində oturan iştirakçıların reaksiyası necə oldu? Onlar elə gülürdülər ki, sanki xoşlarına gəlir. Bu məni çox təəccübləndirdi. Aşıq Ədalət yaşlı insandır, ola bilər ki, emosiyaya qapılıb bir söz deyib. Onu düzəldib, korreksiya etmək mümkün idi. Ona gülməyin, ironik münasibət göstərməyin nə demək olduğunu anlamadım. Əslində orada əyləşən qonaqların əksəriyyəti aşıq sənətinə xidmət etmirlər. Azərbaycan aşıq sənətinin mahiyyətini, dəyərlərini belə qorumurlar. Qorusaydılar, orada söhbət tamam başqa bir istiqamətdə qurulardı. Aşıq sənətini çevirib bazar sənəti ediblər. Bizim aşıqlar hələ də dastandan danışırlar. Problem bundadır. Onlar nimdaşlaşıblar. Azərbaycan aşıq sənətini dünyaya çatdırmaq formalarını düşünmək əvəzinə, bu cür primitiv halların arxasınca düşüblər”.
Sənətşünas Azərbaycan aşıq sənətinin bugünkü vəziyyətini görəndə çox utandığını dedi: “Azərbaycanda aşıq sənətinə qarşı olan münasibət dəyişməlidir. Aşıq Ələsgərin dövründə bu sənət daha modern idi. Məni narahat edən nə söyüş, nə də o hadisədir. Aşıq sənətinin ümumi vəziyyəti çox acınacaqlıdır. Başları o qədər məclislərə, toylara qarışıb ki, sənət haqqında düşünən yoxdur. Mən nə o söyüşə, nə də o rəqsə utanmadım. Utandığım o gülüşlər idi. Aşıq sənəti bizim and yerimiz və dəyərli varlığımızdır. Başqa xalqlar primitiv mədəniyyətlərini başımıza qaxırlar. Bizsə o qədər böyük və qədim sənətimizi bu cür təqdim edirik. Fəxri ad daşıyan hər bir insanın borcudur ki, bu mədəniyyətə xidmət etsin. Onlar ancaq əllərini stola vurub gülməyi bacarırlar. Bir yerdə ağıl, zəka müzakirə olunarsa, orada söyüşə ehtiyac yoxdur”.
Belə bir söz var: “Xalqın gözündə qalxmaq çətindir, enmək isə asan”. Doğrudan da insan bir hərəkəti ilə illərlə əzab-əziyyətlə yığdığı, qazandığı hörməti puç edə bilər.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər