AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların yeri hansılardır?

ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların yeri hansılardır?

İqtisadiyyat
02 İyul 2020, 09:45 227
Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən, malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 167-ci və 168-ci maddələrinə görə, ölkə hüdudları daxilində həyata keçirildikdə həmin əməliyyatlar ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat hesab edilir.

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, əməliyyatın həyata keçirilməsinin yeri ilə bağlı məsələni şərh edən iqtisadçı-ekspert Anar Bayramov burada ƏDV məqsədləri üçün malların təqdim edilməsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin yerinin fiziki olaraq həmin əməliyyatların həyata keçirildiyi yer deyil, Vergi Məcəlləsinin müəyyən etdiyi hüdudlar daxilində, şərtlər daxilində icra edildiyi yer hesab edildiyini bildirib.

Ekspert qeyd edib ki, malların təqdim edilməsinin yeri Vergi Məcəlləsinin 167-ci maddəsi ilə, xidmətlərin göstərilməsi və işlərin görülməsinin yeri isə Vergi Məcəlləsinin 168-ci maddəsi ilə müəyyən edilib: "Məsələn, xidmət faktiki olaraq ölkə daxilində göstərildiyi halda, Məcəllənin 168-ci maddəsinin tələblərinə əsasən, xidmətin göstərilməsi yeri ölkə ərazisi hesab edilməyə bilər və ya əksinə, xidmətlər faktiki olaraq ölkə xaricində icra edilsə də, ƏDV məqsədləri üçün respublika hüdudları daxilində icra edilmiş hesab edilə bilər. Hətta elə də ola bilər ki, rezident müəssisə tərəfindən mallar faktiki olaraq ölkə xaricində təqdim edilməsinə baxmayaraq, malların təqdim edilməsi yeri ölkə ərazisi hesab edilər".

A.Bayramov əlavə edib ki, Vergi Məcəlləsinin 167-ci maddəsinə əsasən, malların təqdim edilməsi onların verildiyi yerdə həyata keçirilir.