AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib

Cəmiyyət
30 İyul 2020, 09:30 246
İyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ölkəmizin davamlı və sabit inkişafına xidmət edən mütərəqqi islahatlardan, dünyada tüğyan edən COVID-19 qlobal pandemiyasına qarşı görülən qəti tədbirlərdən danışıb. Bildirib ki, xalqımız bu bəla ilə mübarizədə sosial həmrəylik nümayiş etdirərək dövlətimizin başçısı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın insanların sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı qayğılı və həssas münasibətini minnətdarlıqla qarşılayır.

İclasda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi növbəti hərbi təxribatın ordumuz tərəfindən fədakarlıq və qəhrəmanlıqla dəf edildiyi vurğulanaraq, şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qeyd edilib ki, yüksək vətənpərvərlik nümayiş etdirən on minlərlə gəncin Ali Baş Komandanın çağırışına səs verərək orduda könüllü xidmət etməklə bağlı müraciətləri xalqımızın Azərbaycan Prezidentinin ətrafında sıx səfərbər olmasının əyani təzahürüdür.

Məlumat verilib ki, bu il ədliyyə işinin müasirləşdirilməsi, xüsusi karantin rejimində fəaliyyətin təşkili məqsədilə zəruri profilaktik işlər aparılıb, müvafiq normativ sənədlər qəbul edilərək icrası təmin olunub.

Bu dövrdə qanunvericilik sahəsində nazirlik tərəfindən 1210 normativ hüquqi akt layihəsi hazırlanıb, 1160-dək akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan və mütəmadi yenilənən milli qanunvericiliyin elektron bazalarına (www.e-qanun.az və www.huquqiaktlar.gov.az) 2 minə yaxın sənəd daxil edilib və həmin elektron resurslara 1,34 milyondan çox baş çəkilib.

Əhalinin hüquqi maarifləndirilməsi, xüsusilə pandemiya şəraitində ədliyyəyə əlçatanlığın təmin olunması ilə bağlı insanların məlumatlandırılması genişləndirilib, nazirliyin internet saytının və sosial şəbəkə səhifələrinin imkanları və interaktivliyi artırılıb, mətbuat konfransı, ictimai təqdimatlar keçirilib.

Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılıb, onların müasir İKT tətbiq olunmaqla videoqəbulunun Qaydası müəyyən olunub, 5300-dən çox vətəndaş nazirlikdə, bölgələrdə və videoformatda qəbul edilərək qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Birinci yarımildə 1,8 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 133 mindən çox əməliyyat aparılıb. Bu əməliyyatlarla bağlı 3,5 milyon manata yaxın vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 16 milyon manatadək vergi dövlət büdcəsinə köçürülüb.

Vətəndaş məmnunluğunun artırılması məqsədilə nazirlik tərəfindən 30-dan çox elektron xidmətin göstərilməsi fasiləsiz təmin edilib. Bu xidmətlərdən istifadə sayı cari ildə 860 minə yaxın olub. Eyni zamanda, innovasiyaların tətbiqi genişləndirilərək "Mobil notariat”ın funksionallığı artırılıb, o cümlədən bir sıra etibarnamələrin mobil qaydada verilməsi ilə bağlı vətəndaşlara yeni imkanlar yaradılıb.

Qeyd olunub ki, birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq dörd yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4624, mətbu nəşrlərin sayı isə 5343 təşkil edir.

İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi qeyd olunaraq altı ayda 307 min icra sənədinin icrasının təmin edildiyi, hüquqi və fiziki şəxslərə 376 milyon manatdan çox vəsait ödətdirildiyi bildirilib. Bu sahədə işin səmərəliliyinin artırılması üçün alternativ icra mexanizmlərinin tətbiqi müzakirə olunub.

Diqqətə çatdırılıb ki, indiki pandemiya şəraitində borclu şəxslərə aliment, kredit, cərimə və digər icra ödənişlərinin "ASAN ödəniş” və "Elektron hökumət” portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin videoəlaqə vasitəsilə təmin edilməsi imkanının yaradılması məhkəmə qərarlarının icrasının səmərəsini artırıb.

Cari ildə, həmçinin azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişlənib, o cümlədən azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 1750 şəxsə elektron qolbaq tətbiq edilib.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Bundan əlavə, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyi bildirilib. Cari ildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 15 mindən çox işə baxıldığı, ekspertlər tərəfindən 374 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7 faizinin həll edildiyi vurğulanıb.

Məlumat verilib ki, bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, səmərəli inzibati nəzarətin həyata keçirilməsi və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 41 minə yaxın bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb. Mindən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib. Habelə qanunsuz verilmiş 3500 hektara yaxın torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 20 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Kollegiyada bildirilib ki, dövlətimizin başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı 2020-ci il 6 aprel tarixli Sərəncamla virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 məhkum əfv edilib. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yenicə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqi ilə artıq 130 məhkum cəzadan azad olunub. Həmçinin nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun davamlı şəkildə intensiv tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1250 nəfər, o cümlədən pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.

Eyni zamanda, Penitensiar Xidmətin fəaliyyətinin, məhkumların islah-tərbiyə işinin təkmilləşdirilməsi, ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı tədbirlərin davam etdirildiyi, Ədliyyə naziri yanında İctimai Komitənin imkanlarından istifadə olunmaqla məhkumlara müxtəlif hüquqi yardım göstərildiyi bildirilərək Kollegiyada məhkumlarla tərbiyə və psixoloji yardım işinin təşkili haqqında yeni Təlimat layihəsinə baxılmaqla qəbul edilib.

İclasda 2020-ci ildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlərə toxunulub, Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında müvafiq saxlama yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkməyə imkan verən Sazişin müddətinin uzadılmasına dair Protokolun, habelə ölkəmizin tərəfdar çıxdığı BMT-nin "Uşaq hüquqları haqqında” Konvensiyasının UNICEF-in hazırladığı yuvenal ədliyyə sahəsindəki öhdəlikləri ehtiva edən "Öhdəlik Bəyannaməsi”nin imzalandığı bildirilib.

Eyni zamanda, nazirlik tərəfindən mülki və cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya ilə bağlı 8 minə yaxın sorğunun icrası təmin olunub.

Dövlətimizin başçısı tərəfindən elan olunmuş 2020-ci il "Könüllülər ili” çərçivəsində bu institutun təşviqi genişləndirilərək 1000-dək gənc ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb edilib. Ədliyyə sahəsində fəaliyyət göstərən könüllülərin təşəbbüsü ilə "Ədliyyə Könüllüləri” İctimai Birliyi təsis olunub və səmərəli fəaliyyət göstərir.

Cari ilin birinci yarımilində Ədliyyə Akademiyasında, həmçinin karantin rejimi dövründə distant tədrisə üstünlük verilərək 1000-ə yaxın ədliyyə işçisi, hakim və digər hüquqşünaslar müxtəlif təlimlərə cəlb olunub, habelə 170-dən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

Kollegiyada, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, müasir məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlər qeyd edilib, dövlətimizin başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş davamlı tapşırıqların icrası müzakirə olunub. Bildirilib ki, "Elektron məhkəmə” və "Elektron icra” informasiya sistemlərinin respublikanın bütün ərazisi üzrə tətbiqi üçün Dünya Bankı ilə birgə əməli tədbirlər görülür.

Əhalinin məhkəməyə əlçatanlığının təmin edilməsi məqsədilə mülki xarakterli işlər üzrə məhkəmə prosesinin videokonfrans vasitəsilə həyata keçirilməsi təşkil olunub. Həmçinin yenicə qəbul olunmuş Cinayət Prosessual qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb, xüsusi karantin rejimi dövründə bu innovasiyanın tətbiqinin müstəsna əhəmiyyəti vurğulanıb.

İclasda ədliyyə fəaliyyətinin dövlətimizin başçısının qarşıda qoyduğu yüksək tələblər səviyyəsində qurulması üzrə vəzifələr müzakirə edilib, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, şəffaflığın və vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi və antikorrupsiya mühitinin yaradılması ilə bağlı və digər konkret göstərişlər verilib.

Sonda Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.