Ədəbiyyatımızın ədalət və həqiqət ölçüsü
Vəfatından illər keçsə də, onu unutmuram. Tez-tez
yad etdiyim, kitablarını dönə-dönə oxuduğum, söhbətlərini, ali məktəbdə təhsil
aldığım illərdə dinlədiyim mühazirələrini xatırladığım, ədəbi düşüncələrimə
işıq salan, mənim sevimli müəllimim, filologiya elmləri doktoru, professor Qulu
Xəlilovu deyirəm. Həmişə də payızda onun barəsində mütləq nəsə yazıram. Çünki unudulmaz ədəbiyyatşünas
alimin doğum və anım günləri məhz noyabr ayına təsadüf edir.
Yazdığı məqalələrdə gələcəyə ötürülən bilgilər
Dünya şöhrətli cərrah
İbrahim Topçubaşova məxsus fikirdir ki, yalançı tərif insanı qəbiristanlığa
yaxınlaşdırır, qərəzsiz tənqid isə dost hədiyyəsidir. Bəlkə də elə buna görədir
ki, Qulu müəllimin müasirləri heç vaxt onun tənqidindən inciməzdilər, əksinə
faydalanmağa, nəticə çıxarmağa çalışardılar. Əslində o zamanlar ədəbi tənqid öz
hakimiyyətində idi, indiki kimi tost ənənəsinə çevrilməmişdi. Bir də hər kəs də
gözəl bilirdi ki, Qulu Xəlilov ədəbiyyatımızın keşiyində dayanan dürüst və cəsarətli
qələm sahibidir. Gözündən zəif yazılar yayına bilməz. Təbii ki, Qulu müəllim
uğurlu əsərlər barəsində də öz sözünü vaxtında deməyi bacaran qayğıkeş və
xeyirxah bir tənqidçi idi. Onun tərifinə tuş gəlmək, ədəbiyyatda yerinə düşmək
idi. Hər dəfə kitablarını gözdən keçirdikdə özüm üçün yeni-yeni mövzular tapıram.
Bu dəfə mənim diqqətimi Qulu Xəlilovun tarix və tarixi şəxsiyyətlərə, bu
istiqamətdə yazılan bədii əsərlərə münasibəti cəlb etdi. Ötən əsrin ortalarında
, eləcə də 80-ci illərində qələmə aldığı düşüncələrini oxuduqca, bu gün də necə
müasir və aktual olduğunun fərqinə varırsan. Tarixi mövzuda yazanda mütləq
mühüm şərtlərə əməl olunmalıdır. Müraciət edilən dövrün ümumi mənzərəsi, tarixi
simaların ləyaqəti təhrif olunmadan
müasirlik mümkün qədər gözlənilməlidir. Qulu Xəlilov yazırdı : " Çünki
tarixiliyin özündə güclü müasirlik hakimdir. Kim tarixə ölü, hərəkətsiz, sükunətə
qapanıb qalmış bir aləm kimi baxırsa, kökündən yanılır. Tarix həmişə canlıdır,
müasirdir, maraqlıdır, nümunə və örnəkdir, ənənədir. Öz tarixini öyrənməyən
xalqın gələcəyi yoxdur.” Bəlkə də ilk baxışda burada təəccüblü bir fikrə rast gəlinmir.
Amma düşünəndə ki, bu fikirlər oxucuya sovet dövründə çatdırılır, məsələ
aydınlaşır. Qadağaların hökm sürdüyü bir dövrdə "gəlin tariximizi tam və mükəmməl
şəkildə araşdıraq və üzə çıxardaq” deyən Qulu Xəlıilov hansı mətləblərə
toxunurdu. "Tariximizə ayıq və parlaq
ağılla yanaşan” ədiblərin və əsərlərin
adları çəkilir. Bu sırada birinci yer
Yusif Vəzir Çəmənzəminliyə məxsusdur. Müəllifin "Qızlar bulağı” əsəri
tariximizin ibtidai-icma dövründən bəhs
edən, yarı-tarixi, yarı-əfsanəvi, fəlsəfi bir romandır. Qulu müəllimə görə, xronoloji ardıcıllıq belədir: C. Bərgüşadın
"Sıyrılmış qılınc” (IX əsr), M. S.
Ordubadinin " Qılınc və qələm”, A. Zöhrabbəyovun "Odlu diyar” (XII əsr), İ.
Hüseynovun "Məşhər” (XV əsr), F. Kərimzadənin
"Xudafərin körpüsü” , Ə. Cəfərzadənin "Bakı-1501” (XV –XVI əsrlər), Y. Vəzirin "İki od arasında” (XVIII əsr), S. Rəhimovun "Qafqaz qartalı”, C. Bərgüşadın "Boz atın belində”, Ə. Cəfərzadənin "Aləmdə səsim
var mənim” ( XIX əsr), M. Hüseynin "Səhər”, M.S. Ordubadinin "Gizli Bakı”,
"Döyüşən şəhər”, "Dünya dəyişir”, "Dumanlı Təbriz”, M. Cəlalın "Yolumuz
hayanadır”, Ə. Cəfərzadənin "Yad et məni”, Y. Şirvanın "Buludlar dağılır” (XX əsr)
əsərləri. Bu əsərlərdə Babək, Nizami, Nəsimi, Xətai, Vaqif, M. Fətəli, S. Ə.
Şirvani, Qaçaq Nəbi, Səttarxan, Sabir, Səhhət…
kimi qılınc və qələm qəhrəmanlarının fəaliyyətinə geniş yer verilib.
Qulu Xəlilovun
tarixi həqiqətlər barəsində yazdığı məqalələrdə gələcəyə ötürülən bilgilər ensiklopedik səciyyə daşıyır. Bəzən
də kitabxanaları, arxivləri dolaşmağa lüzum da qalmır. Rəfimdə sıralanmış
kitablarını vərəqlədikcə, elə məlumatlar alır, maraqlı faktlarla tanış oluram ki…
Həmişə ona minnətdar olmalıyıq ki...
Həqiqətən də
Qulu Xəlilovu diqqətlə oxumaq və dərk etmək bir universitet təhsilinə bərabərdir. "XII əsrin ən görkəmli bədii zəkalarından
olan Xaqani barədə romanı isə bizim görkəmli tənqidçilərimizdən, Azərbaycan SSR
EA-nın müxbir üzvü professor Mahmud İsmayılov yazmışdır” bildirən Qulu Xəlilov əsərin
məziyyətləri ilə bərabər, qüsurlarını da
göstərib. Unudulmaz tənqidçimiz tarixi mövzuda yazılan əsərlərdə şəxsiyyətlərin
obrazlarını, fəaliyyətlərini birtərəfli, yanlış mövqedən işıqlandırılmasına dərhal
öz münasibətini bildirərdi. İstəkli müəllimim, tarixi romanlar müəllifi Əzizə Cəfərzadə
həmişə Qulu Xəlilovun bu xidmətini yüksək
dəyərləndirərdi. Əzizə xanımın "Bakı-1501” romanı çapdan çıxdıqdan
sonra müəllifi təqdir və tənqid edən də ilk dəfə Qulu müəllim oldu. Cəmi 37 il ömür sürmüş, 14 yaşında
hakimiyyət başına gəlmiş (1500-1524) Şah İsmayıl Xətai çox güclü, qüdrətli xarakterə malik olan
ağıllı bir cəngavər idi. Parçalanmış Azərbaycanı vahid bir dövlət tərkibində
birləşdirən, tarixdə ilk dəfə Azərbaycan dilini dövlət dili elan edən, bir çox
Avropa ölkələrinə bu dildə notalar verən kamil şəxsiyyətlə bağlı iynə ucu boyda
səhvi də bağışlamazdı Qulu Xəliov. Qətiyyətlə bildirirdi ki, Əzizə Cəfərzadə
kimi zəngin təcrübəli, bilikli, savadlı bir yazıçının əsərində qüsur
olmamalıdır. Yadımdadır, bir dəfə Əzizə xanımdan soruşdum ki, bəs siz Qulu Xəlilovdan
incimədiniz, axı siz bədii əsər yazıbsınız, sizin də öz əlavəniz, fərziyyəniz
olmalı deyil ki? Əzizə xanım özünə məxsus şəkildə - xəfifcə gülümsəyərək dedi
ki, Qulu Xəlilov kimi bir nəhəngin əsərimi
axıracan oxuması, rəyini bildirməsi, tərifləməsi, tənqid etməsi mənim üçün şərəf
idi: "Qulu Xəlilov bizim ən xeyirxah və ciddi, obyektiv mövqeyə malik hamimiz
olub. Əslində o, bizi qoruyurdu, xəbərdarlıq edirdi ki, hər bir sözümüzə məsuliyyətlə
yanaşaq, gələcəyə zəif əsərimiz qalmasın. Nəsillər bizi qınamasın. Həmişə ona
minnətdar olmalıyıq, bizi bu sayaq qoruya bilirdi…”
Qulu Xəlilov ali
məktəbdə XX əsr Azərbaycan ədəbiyyatından mühazirələr oxuyurdu. Klassik ədəbiyyatımızı,
qədim tariximizi də dərindən bilirdi. Ona məxsus fikirdir: " Tarixi faktlar
göstərir ki, başqa xalqlar kimi Azərbaycan xalqı da ümumdünya azadlıq hərəkatında,
elmin, mədəniyyətin, sənətin inkişafında böyük rol oynamış, bəşər tarixini bir
çox qılınc və qələm qəhrəmanları ilə bəzəmişdir. Sınaqdan çıxıb ki, qılınca əl
atmadan, qan tökmədən azadlıq əldə etmək mümkün deyil. Bu hal olmasa müxtəlif əqidəli
insanları necə birləşdirmək olar?” Bu fikirləri Qulu Xəlilov 1983-cü ildə
yazırdı.
Müasirlərinin
portretlərini də elə hörmət və ehtiramla yaradıb ki...
Qulu Xəlilovun
1974-cü ildə yazdığı "O, həssas və qayğıkeş idi…” adlı bir xatirəsini oxudum.
Unudulmaz şairimiz Səməd Vurğuna həsr olunmuş bu yazıda mənim diqqətimi 1953-cü
ildəki ədəbi mühitin rəngi çəkdi. Həmin xatirədən bir ləçək: "Yazıçılar
İttifaqında şerimiz barədə mənə məruzə etmək tapşırılmışdı. Universitetin son
kursunda oxuyurdum… Mənə söz verilən kimi məruzəyə başlamamışdan dedim: "Xahiş
edirəm ki, deyəcəyim fikirlərin bəziləri hörmətli sənətkarların xoşuna gəlməsə,
məni bağışlasınlar, çünki mən fikirlərimi elə qurmuşam ki, onları yumşaltmaq
mümkün deyil”.
Bundan sonra mən
gözaltı Səməd Vurğunu süzdüm. O, çox mənalı
və mehriban baxışlarla mənə nəzər salıb gülümsədi. Bu mehribanlıqdan daha da cəsarətləndim.
Həmin məruzədə Ə.Vahidə də çox yer vermişdim. Bunun üstündə bəzi şairlər mənə
hücum etdi. Vahidin adını çəkməyim bəzilərinin xoşuna gəlmədi. Səməd Vurğun məni
bu hücumlardan xilas eləyib dedi:
- Yoldaşlar, əgər
bu gün Əliağa Vahidin kitablarını əl altından baha qiymətə alırlarsa, bu, bizi
düşündürməlidir. Vahidin adını Yazıçılar İttifaqında çəkməyi qadağan etmək
asandır, amma onu xalqın qəlbindən silmək çətindir. Əgər bu gün xalq Vahidi
daha çox oxuyursa, bu o deməkdir ki, biz hələ Vahiddən zəif yazırıq. Buna görə
də mən, cavan oğlanın Vahidə belə hörmətlə yanaşmasını bəyənirəm.
Zalı gurultulu
alqışlar bürüdü. Müşavirə qurtardıqdan sonra Səməd Vurğun "Azərbaycan” jurnalının redaktoru Əli Vəliyevi
çağırıb dedi:
- Əli
Qaraoğlu, xahiş edirəm ki, bu məruzəni elə beləcə də çap edəsən”.
Əslində elə bu xatirənin özü də Səməd Vurğun şəxsiyyətinin
məziyyətlərini açır. Qulu Xəlilovun məhəbbət və ehtiramla xatırladığı və özünün
ustadı, müəllimi adlandırdığı şəxsiyyətlərdən biri də tənqidçi və yazıçı Mehdi
Hüseyn olub: "O, sanki sənətin, ədəbiyyatın barometri, ölçüsü idi. Prinsipiallığın, cəsarətin zirvəsində
dayanırdı. Onun sağlığı bizdə arxayınçılıq və narahatlıq yaratmışdı. Arxayın
idik ona görə ki , harada ədəbiyyatın mənafeyinə bir zərər toxunsa, Mehdi Hüseyn dərhal bir
qartal kimi ora şığıyardı. Narahat idik ona görə ki, hamı fikir söyləyəndə,
ondan ehtiyat edirdi. Onun obyektivliyindən, cəsarətindən çəkinirdik…” Bir
görün, bu etirafı kim edib? O Qulu Xəlilov ki, Mehdi Hüseyn barəsində yazırdı:
" Mehdi Hüseyn sözün həqiqi mənasında cəngavər idi. Fikir cəngavəri, söz cəngavəri,
hünər cəngavəri idi. Heç bir yazıçı çıxan bütün əsərləri oxuyub onun qədər
fikir demək iqtidarına malik deyildi.”
Qulu Xəlilov uzaqgörən tənqidçi və yazıçı idi. Öz
müasirlərinin portretlərini də elə hörmət və ehtiramla yaradıb ki, bu gün onlar
da artıq tarixi şəxsiyyətdirlər. Xalqımızın ləyaqətli övladları olan Feyzulla
Qasımzadə, Həsən Əliyev, Mir Cəlal, Həmid
Araslı, Cəfər Cəfərov, Məmməd Cəfər, Əli Sultanlı, Əli Vəliyev, Ziya Bünyadov,
Kamran Dadaşoğlu, Ziyəddin Göyüşov, Bəkir Nəbiyev və digərləri.
"Təbiətin dərdi” adlı tədqiqində akademik Həsən Əliyevin
portretini görün necə ustalıqla və dürüst yaradıb: "Azərbaycan təbiətinin dərdlərinin
diaqnozunu dəqiq qoyan alim. Həsən Əliyev bir təbib və mahir torpaqşünas kimi
flora və faunamızın, bütünlükdə təbiətimizin mənzərəsini dəqiq çəkib. Onun bir
səcdəgahı var: Azərbaycan torpağı! Ulu bir qəhrəmanı var: Azərbaycan təbiəti! Bir gözəllik ilahəsi var: Azərbaycan!
O, dünyanın ən ucqar guşələrində olanda da, bu barədə fikirləşir.”
Tarixi şəxsiyyətlərin obrazını olduğu kimi
yaratmağı və onları həmişə ehtiramla anmağı tövsiyə edən Qulu Xəlilov özü də
indi tarixin unudulmaz simalarından birinə çevrilib. Ədəbiyyatımızın bu cəfakeşi,
pərvanəsi mənim üçün ədalət və həqiqət ölçüsü idi.
Flora XƏLILZADƏ,
əməkdar jurnalist