• cümə, 29 Mart, 16:38
  • Baku Bakı 14°C

Ədəbiyyatımızın dərdli şairi

05.05.16 13:06 2817
Ədəbiyyatımızın dərdli şairi
Onu o taylı, bu taylı Azərbaycanın birləşdirici körpüsü sayırdılar. Ona həmçinin bütöv Azərbaycan ədəbiyyatının canlı klassiki deyirdilər. İkiyə bölünən Vətənin həsrəti ilə qələmə aldığı şeirləri - "30 il zindanda”, "Səttarxan”, "Nənəmin evi”, "Məmləkətim”, "Döyüş lövhələri”, "Qanlı cümə” və s. kimi qan qoxuyan şeirlər, "Azərbaycan” poeması və romanları həm poeziya, həm də nəsr vurğunu olan hər kəsin qəlbində yer almışdı. Söhrab Tahir bu yaşa qədər yaşamaq xoşbəxtliyini ona bəxş etdiyinə görə "Taleyimdən və Allahımdan çox razıyam”- deyirdi. Şair həmçinin yaşayışından və dövlətin ona yaratdığı şəraitdən razılıq edirdi. İçində təkcə Qarabağ dərdi və ikiyə bölünmüş Vətən dərdi vardı.
"Bir gün mənim xalqım birləşən zaman,
Dünyada ən zəngin bir xalq olacaq...”
- deyə "Azərbaycan” poemasında yazırdı.
Söhrab Tahir: "Yazacaqlarım ömrümün qalan hissəsindən daha çoxdur. Arxivimdə vaxtilə topladığım və çap etdiriləsi xeyli materiallar, müsahibələr var”- deyirdi. Şairin yazıb-yaratmaq eşqindən heç nə əskilməmişdi. Amma uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkən şairə səhhətindəki problemlər mane olurdu. Əvvəl keçirdiyi xəstəliklər, son günlərdə isə hər iki ayağının amputasiyası şairin ölümünü daha da yaxınlaşdırdı...
Döyüşkən şair
Söhrab Tahirin həyat yoluna nəzər saldıqca mübarizələrdə keçən bir insanın hekayəti ilə tanış olmaq olur. 1926-cı il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olan Söhrab Tahir "Səadət” və "Şahpur” məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olub. Sovet ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə təhsil alıb. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına ali ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, "Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, "Yazıçı” nəşriyyatının Bədii Şurasının, Azərbaycan Ədəbiyyat Fondu İdarə Heyətinin üzvü, SSRİ Ədəbiyyat Fondu plenumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi Şeir Şurasının sədri (1986-1991) olub. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu İdarə Heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət” ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.
S.Tahirin həyat yolu mübarizələrdən, inqilablardan keçib. 1945-ci ildə S.C.Pişəvəri hökumətinin qurulması üçün əlində silah döyüşüb.
O çətin və qanlı-qadalı günlər həmişə yaddaşında idi: "Pişəvəri hokuməti qurulandan sonra mən Təbrizdə hərbidə oxumaq üçün həkim komissiyasından keçdim və bu taya bir çox silahdaşlarımla birgə hərbi piyadalar məktəbinə göndərildim. O zaman mən təyyarəçi olmaq istəyirdim və bu barədə həkim komissiyasına da demişdim. Onlar məni təkrar yoxladılar və dedilər ki, təyyarəçi olmaq üçün sənin ürəyin zəifdir... Mən hələ 1946-47-ci və sonrakı illərdə Azərbaycanı hansı faciələr gözlədiyini bilmirdim. Ona görə də böyük bir istəklə təyyarəçi olmaq arzusundaydım. Sonralar Pişəvəri hökumətinin şah rejimi tərəfindən qanla boğulması, xalqımızın say-seçmə oğullarının edamları, qətilləri təyyarəçi olmaq istəyən bir zabiti şairə çevirdi, özü də döyüşkən şairə”.
Söhrab Tahir deyirdi ki, hər gecə yatanda yuxuda o taya – Təbrizə keçirmiş: "Jandarma əsgərləri məni təqib edirdi. O tay haqqında o qədər yuxu görürdüm ki, sayı-hesabı yox idi. Belə bir faciə, ədəbi yaradıcılığım, döyüşkən əsərlərim məni məndən sonra da inanıram ki, yaşadacaq”.
"Əmi, ürəyindən nə keçir?”
Qələm yoldaşları Söhrab Tahirin vəfatı xəbərini kədər və təəssüf hissi ilə qarşılayırlar.
Güneyli-Quzeyli bütöv Azərbaycan ədəbiyyatına ağır itki üz verdiyini deyən Xalq şairi Sabir Rüstəmxanlı qələm yoldaşını həm nasir, həm də şair kimi bütöv Azərbaycanın min ildə yetirdiyi ən nadir qələm sahiblərindən biri adlandırır: "Söhrab Tahir 1945-1946-cı illərdə Azərbaycan milli hökumətinin Bakıya göndərdiyi və hərbçi kimi yetişməsini arzuladığı gənc olmuşdu. Amma tale, zaman dəyişdi, o milli hökumət yıxıldı. Bundan sonra da Söhrab Tahir ölkəsinə qayıda bilmədi, Azərbaycanda qalıb, bütün taleyini Bakıya bağladı. Burada Güney-Quzey Azərbaycan şairlərinin, yazıçılarının yaxın silahdaşlarından birinə çevrildi. Bizim nəslin nümayəndələri ona "Əmi” deyirdi. Hətta Məmməd Araz da ona "Əmi” deyirdi. Ona öz yaşıdları da hörmət əlaməti olaraq elə müraciət edirdilər”. Söhrab Tahiri gecə-gündüz, nəfəs dərmədən işləyən qələm əhli kimi dəyərləndirən S.Rüstəmxanlının sözlərinə görə, mərhum yazıçı 19 roman, 50-dən artıq poema, 100-lərlə şeir yazıb: "O, həmçinin 70 min misradan ibarət olan monumental "Ata” poemasının müəllifidir. Mən son görüşümüzdə ona "Ata” "Şahnamə”dən də böyükdür” dedim”. S.Rüstəmxanlı bildirir ki, Söhrab Tahirin həm də Cənubi Azərbaycan mövzusunun Azərbaycanda geniş yayılmasında, milli faciəmizin gənclər arasında təbliğində misilsiz xidməti var: "Mən ona və Balaş Azəroğluna həsr olunmuş bir poema yazmışdım. Söhrab Tahir əslində mənim gözümdə dünyada azadlıq və öz millətinin istiqlalı uğrunda mübarizə aparan ən nəhəng ədəbiyyatçılar sırasındadır. O, mənim yaxın dostum idi. Bütöv Azərbaycanı iki-üç adamla dəfələrlə dolaşmışıq. Onlardan biri Söhrab Tahir idi. Bu dərdləri dəfələrlə ikilikdə müzakirə etmişik. Sonuncu dəfə Yazıçılar Birliyində 90 yaşını qeyd elədi. Onunla görüşdüm və: "Əmi, ürəyindən nə keçir?” -deyə soruşanda: "Səni görmək istəyirdim, sən də gəldin. İstəyirəm ki, mənim yubiley tədbirimi də sən özün aparasan”- dedi. Tədbiri mən apardım. Anar müəllim də iştirak elədi. Biz Söhrab Tahirə olan sevgimizdən, onun ədəbiyyatdakı zəhmətindən danışdıq”. Mərhum şairin uzun və şərəfli ömür yaşadığını deyən S.Rüstəmxanlı bildirir ki, Söhrab Tahir kimi yaşayıb, onun kimi yazıb-yaratmaq və sonra dünyadan köçmək hər adama nəsib olmur: "Ölüm haqdır. Hər kəs dünyadan gedəcək. Amma Söhrab Tahir kimi yaşamaq və ölmək hər kəsə nəsib olmur. Onun adı həmişə Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə bir yerdə yaşayacaq. Söhrab Tahirin həm ruhunda, həm də ölümündə bir qəhrəmanlıq dastanı var. Bu dastan nəsildən-nəslə yadigar qalacaq”.
Poeziyamızda "Əmi” obrazı
Şair Musa Ələkbərli Söhrab Tahiri tələbəlik illərindən tanıdığını deyir. Şair onun rəhbərlik etdiyi ədəbi dərnəkdə məşğul olub. Tələbəlik illərindən onunla dostluq edib. «Gənclik» nəşriyyatında işlədiyi illərdə isə Söhrab Tahirin yeni çıxan kitablarının redaktoru olduğundan daha yaxından ünsiyyətdə olublar: «Söhrab Tahir böyük, eyni zamanda böyütməyi bacaran bir insan idi. 1977-ci ildə "Məndən bir şeir istə” adlı şeirlər kitabım çapdan çıxanda Söhrab əmi o zamankı Lenin kitabxanasında dərnək aparırdı. Bir gün dostlarım mənə xəbər verdilər ki, Söhrab Tahir kitabımın təqdimatını keçirmək istəyir. Kitabxanaya gələndə oxu zalını adamla dolu gördüm. O, ilk kitabı çıxan adamı böyük şair kimi təqdim etdi. «Şair elə ilk misrasından, ilk kitabından tanınır. Şairdə böyüklük varsa, onun qocalmağını gözləmək lazım deyil. Mənim cavan dostum Musa Ələkbərli gözəl şairdir» - deyə məni təriflədi. Xeyli utandım. Söhrab Tahir bizim ağsaqqalımız idi. Mən ona da, Məmməd Araza da «əmi» demişəm. Tələbəlik illərindən aramızda doğmalıq olub”. M.Ələkbərli mərhum şairin xəstəxanadakı günlərini xatırlayır: «Ayaqları amputasiya olunanda ona baş çəkmək üçün xəstəxanaya getdik. Bizi buraxmaq istəmirdi. Bizimlə xeyli söhbət etdi, zarafatlaşdı. Ədəbi gənclikdən söhbət salanda: «İndiki ədəbi gənclik çox ərköyündür, yaşlıları inkar edirlər» - deyə şikayətləndik. Söhrab Tahir: «Bu, ədəbi gəncliyin mənəvi haqqıdır. Əgər gənclik özündən əvvəlkiləri inkar etmirsə, onlardan heç nə çıxmaz» - dedi”.
M.Ələkbərli qələm yoldaşını təkcə şair, yazıçı kimi yox, həm də ictimai xadim kimi dəyərləndirir: «O, Seyid Cəfər Pişəvərinin möhürdarı olub. Öz atası ilə bərabər Cənubi Azərbaycan inqilabında iştirak edib. Söhrab Tahir böyük həyat yolu keçib. O, bizim ədəbiyyatımızda örnək idi. Söhrab Tahir poeziyamızda "Əmi” obrazı idi. Onun dünyadan köçməsi ümumən əmiliyə böyük bir zərbə oldu. O, «Ata» eposu ilə həm də poeziyamızda «Ata» titulunu qazandı. Onun itkisi xüsusən mənim təmsil olunduğum ədəbi nəsil üçün çox ağırdır”.
Söhrab Tahirin poeziyasını Araz üstündə bitmiş nəhəng ağaca bənzədirdilər. Bu ağac zaman-zaman qol-budaq atmış, kökü dərinlərə çatmış, günəşdən nur almışdı. Keşməkeşli və olduqca maraqlı həyat yolu keçən, "O tayda cavanlığım qaldı, bu tayda taleyim formalaşdı” -deyən şairin əsərləri özündən sonra da oxunacaq, təkrar-təkrar nəşr ediləcək...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər