Ədəbiyyatımız texnoloji inkişafın yolunu tutub?
Dünyada robotlaşma gedir. Müasir texnologiyalar bütün sahələrdə öz
sözünü diktə edir. Texnoloji ədəbiyyatın bizdə inkişaf etmədiyini, fantastik və
utopik ədəbiyyatın yoxluğunu, o cümlədən ədəbi texnikanın sürətləndiyini
deyənlər də var.
"Müzakirə”mizdə iştirak edənlər maraqlı və fərqli fikirlər
söylədilər.
Ədəbi texnika sahəsində
axsayırıq
Yazıçı Aslan Quliyev hesab edir
ki, yeni texnologiyalar ölkəmizdə
özünü ən çox ədəbiyyat sahəsində göstərir: "15-20 il öncə hamımız diyircəkli
qələmlə yazırdıq, kompüter nədir, çoxumuzun adicə yazı makinamız yox idi. Dövlət
idarələrində, ya da nəşriyyatlarda, redaksiyalarda makinaçı qızlara pul verib makinada
yazdırırdıq. Onlar da çoxlu səhvlərə yol verirdilər. Səhvləri düzəldir, təzədən
yazdırırdıq. Bu heç də ucuz başa gəlmirdi. Çoxunun yazılarını makinada
yazdırmağa imkanı çatmırdı. Hələ bir makinası olanlar üçün də kağız, surət
çıxaran kağız, lent tapmaq problemləri var idi. İndi isə ən ucqar dağ
kəndindəki qələm adamı da yazılarını kompüterdə yazır. İşimiz xeyli asanlaşıb,
yazını təzədən oxumaq, redaktə eləmək, düzəlişlər, əlavələr eləmək əsla
çətinlik törətmir. Düzdür, kəmiyyətdə olduğu qədər, keyfiyyətdə qazanmamışıq.
Yəni yeni texnologiyalar çap məhsullarının artımına təsir eləyib, keyfiyyətinə
isə elə də təsiri olmayıb”. Yazıçının fikrincə, sırf ədəbi texnologiyalar,
ədəbi texnika sahəsində axsayırıq. Belə ki, səbəbi də elə həmən yeni
texnologiyalardır: televizor, kompüter, telefon, yüzlərlə elektron vasitələri
qələm sahiblərimizə kitab oxumağa mane olur: "Oxumurlar, oxumadıqca da,
məlumatları olmur, öyrənmirlər, yeni ədəbiyyatdan xəbərsiz olurlar. Xəbərsizdirlərsə,
yeni ədəbiyyatı da yarada bilməzlər”. Robotlaşmaya gəlincə, A.Quliyevin
fikrincə, ədəbiyyat təsərrüfatımız bu
sahədə dünyadakı ən qabaqcıl yerlərdən birini tutur: "Robotlaşma ildırım sürəti
ilə gedir. Həm də aşkar surətdə. Əksər yazarlarımızın əsərlərini oxuyanda bir
kimsə bunları canlı insanların yazdığını təsəvvür eləməz, robotların
yazdıqlarını düşünəcək”.
Düşüncəni
genişləndirməliyik
"Bilirsiniz bu nəyə bənzəyir? Ölkəyə nəzər saldıqda gənclərin,
şəxslərin əynində yeni, müasir əlbisələr görürük. Yəni biz əvvəlin adamları
deyilik artıq. Müasirləşmişik” deyir yazar
Günel Eyvazlı: "Amma kimləsə həmsöhbət olduğumuz anda qəribə bir paradoksun
şahidi oluruq. Belə ki, bəzən görkəm ilə şüur, düşüncə tərzi üst-üstə düşmür.
Şəxslərin dünyagörüşü libasları qədər müasir görünmür. Zamanla zorakılıq
halları cəmiyyətimizdə daha da artır, müasir dediyimiz şəxslərin qurduğu
ailələrdə baxış uyğunsuzluğu, anlaşılmazlıq özünü göstərir”. Ədəbiyyata
gəlincə, yazar bəzi qələm adamlarında qəribə tendensiyanı müşahidə etdiyini deyir:
"Elə bil bu şəxslər əski, qədim lüğətləri qarşılarına qoyaraq, köhnəlmiş,
sıradan çıxmış, dil strukturuna ağırlıq gətirən sözləri mətnlərinə daşıyırlar.
Əgər mətndə keçmiş dövrün təsviri varsa, bu fənddən istifadə etmək olar. Buna
haqq qazandırmaq mümkündür. Əgər yoxsa, sadəcə, yenilik etmək istəyiriksə, buna
ehtiyac yoxdur. Bilirsiniz, hər insanın özünün düşüncə tərzi var. Mən müasir
düşüncəyə xidmət edən hər hansı bir termini maraqla axtararam, mifik qəhrəmanın
axtarışının izinə düşərəm. Yəni bir var, sözün məna axtarışına, bir də var
fikrin arxasında dayanan bütöv bir hadisənin izahının axtarışına çıxasan.
Bunlar tamam başqa-başqa istiqamətlərdir. Demək istədiyim odur ki, zamanla
dilimiz cilalanır. Onu arxaik sözlərlə "zənginləşdirməyə” ehtiyac yoxdur”. G.Eyvazlı
hesab edir ki, Azərbaycanda fantastika janrı yox səviyyəsindədir. Yazılmır.
Yazanlar da çoxluq tərəfindən dərk edilmir, həzm edilmir: "Əslində, dil
faktorunu elə-belə söyləmədim. Dilin istifadəsində belə informativlik,
müasirlik, intellektuallıq, elmilik yoxdur. Çox az sayda qələm adamında bunlar
mövcuddur. Hamı guya öz aləmində mətnlərdə bölgə atmosferini yaratmağa
çalışırlar. Meqapolislər, genişlənən şəhərlər, müharibələr, elmin verdiyi
töhfələr, müasir texnologiya mətnlərimizə gəlib çıxa bilmir. Söhbət ondan
getmir ki, mən öz şeirimdə və ya hekayəmdə kompüterdən və ya "pultu əlimə götürdüm”
kimi bayağı ifadələrdən istifadə edim. Əsla. Əşyanın adını hallandırmaq müasir
mətn yazmaq demək deyil. Müasirlik və bütün texnoloji yeniliklər əsərin canında
özünə yer tapmalıdır. Bayağı yox, fundamental fikir çəkisinə malik olmalıdır.
Düşünürəm ki, bunun ifadəsi üçün ən gözəl variant fantastika janrının
ədəbiyyatımızda inkişaf etdirilməsidir. İstənilən elmi açılışları bədii və
fantastik, təxəyyül dünyasının vasitəsilə elə gözəl təsvir etmək olar ki, sübut
edilmiş elmi kəşflərdən elə gözəl yararlanmaq olar ki, uydurma yazmağına
baxmayaraq, oxucunu yazdığın mətnin
həqiqiliyinə inandıra bilərsən”. Həmsöhbətim
vurğuladı ki, mətnlərini (hekayə, şeir) konkret bir janra aid etməsə də,
fantastik fəndlərdən, uydurmalardan istifadə etdiyini deyən yazar, əksinə, onda
realizmin nədənsə alınmadığını söyləyir: "Təsvir etdiyim ab-hava realist
cığırdan birbaşa uydurmaya, mistikaya doğru gedir. Hətta mifik təsvirlərdə belə
elmiliyi verməyə çalışıram. Çalışıram da demək doğru olmaz, mətn özü belə
alınır. Bəlkə də bu, mənim məşğuliyyətimdən irəli gəlir. Elmi, texnoloji
ədəbiyyatları oxumağı çox sevirəm. Məsələn, birnəfəsə biologiya kitabını açıb
bitkilər haqqında oxuya bilərəm. Yenidən kimya oxuya bilərəm, "gələcəyin
texnologiyası” adlı verilişləri izləyə bilərəm. Bəlkə də realizmin alınmamağının
səbəbi budur. Dilimizin özünün informativ olmağa ehtiyacı var. Biz istənilən
söhbətimizdə belə primitiv izaha üstünlük veririk. "Loru dildə desək” ifadəsi
söhbətimizin ana xəttini təşkil edir. Belə olmamalıdır. Cəmiyyətin inkişafı
üçün elə öz intellektual dilimizdə danışmalıyıq ki, kütlə bizi nəhayətində
anlamalıdır. Zamanla bu, mütləq olacaq. Sosium gec-tez yetişəcək. Onu həm də
biz yetişdirməliyik”. Yazarın fikrincə, elmi qavramanı inkişaf etdirmək,
düşüncəni genişləndirməklə təfəkkürümüz də dəyişəcək: "Yadımdadır ki, müəllimim
Niyazi Mehdinin mühazirələrində iştirak edən zaman beynimin yüklənməsinin və
anlaşılmazlıqlar içində çabaladığımın şahidi olurdum. Yəni, o, bizim dildə
danışırdı, amma dediklərini anlamaq mümkün olmurdu. Mən nəyin bahasına
olursa-olsun müəllimimi başa düşmək istəyirdim. Yol boyu, evə çatana qədər
dinlədiklərimin açılışını anlamaq üçün beynimi didik-didik edirdim. Onun
danışıq kodlarını açmaq üçün həmin ədəbiyyatların izinə düşürdüm. Nəhayət ki, bütün bu axtarışlar öz bəhrəsini
verdi. Elmi qavramanı inkişaf etdirdikcə, həm də kodların
arxasında dayanan mövzulardan anlayışlı olduqca, onu başa düşmək sevincini yaşadım. Möhtəşəm
hissdir. Biz bu tip izahları, düşüncəni genişləndirməliyik. O zaman dəyişən
təfəkkürümüz ədəbiyyatımızı da, cəmiyyətimizi də, elmimizi də robotlaşdıracaq”.
Yazılsa, çox gözəl olar...
Kinonu birbaşa texnologiyanın məhsulu hesab edən yazar Kənan Hacı hesab edir ki, ədəbiyyat əksinə, insanın
robotlaşmasına qarşı olmalıdır: "Həm hərəkət edən, həm düşünən robot adamı ilk
dəfə macar əsilli Volfqanq Ritter von Kempelen yaradıb. Onun 1769-cu ildə
yaratdığı robot adam masa arxasına keçib və qarşısındakı canlı insanla şahmat
oynayıb. Kempelen, imperatriça Terezanın dəstəyi ilə yaratdığı bu varlığa
"Şətrənc oynayan adam” adını verib. Çoxları Kempeleni sehrbaz zənn etmişdi.
Festivallarda, yarmarkalarda nümayiş etdirilən "Şətrənc oynayan adam”ı görmək
üçün axın-axın insanlar gəlib onun tamaşasına dururdu. Bu robotu görənlər
arasında alman şairi və mütəfəkkiri Göte də vardı. Həmin vaxt bu mexaniki
varlığı Amerikaya aparmışdılar, Edqar Allen Po onu görüb heyran qalmışdı və bu
möcüzə haqqında yazı yazmışdı. Bir gün insanların alın yazısı dedikləri tale
sehrli şahmatçını yandırıb külə döndərdi. O, Çikaqodakı təsadüfi yanğın
nəticəsində ömrünü başa vurdu. Amma bu robot adam canlı insanı üstələyə, onu bütünlüklə
əvəz edə bilmədi. Ayzek Əzimovun qəhrəmanına çevrildisə də ("Robot adam”
romanı), vətəndaşlıq hüququ almaq ona qismət olmadı. Amerikalı rejissor Kris
Kolumbus çox sonralar bu romanın motivləri əsasında eyniadlı film də çəkdi və
bu film "Oskar” mükafatını qazandı. Texnikanın sürətlə inkişaf etdiyi bir
dövrdə ata son model robot alıb evinə gətirir, robot tezliklə ailənin bir
üzvünə çevrilir, düşünür, onların sevincini, kədərini paylaşır, evdə canlı
insan kimi yaşamağa başlayır. Əsərin qısa mövzusu budur. Amma bu robot adam
kitabdan çıxıb həyata gələ, şəxsiyyət vəsiqəsi ala bilmir”. Yazar hesab edir
ki, insan zəkası göyləri fəth etməyin yollarını axtarıb tapsa da, neçə yüz
illərdir bu robot adama can verə bilmir. Çünki bu səlahiyyət yalnız və yalnız Tanrıya
məxsusdur: "Əslində elə yaradıcı sənət, yazılan əsərlər robotlaşmaya qarşıdır.
Texnologiya nə qədər inkişaf etsə də, kitab öz dəyərini itirmir.
Bu, zamanın tələblərinə dirəniş göstərmək anlamına gəlmir. Robotu da
yaradan insandır. İnsanın özünün yaratdığı robotun onun rəqibinə çevrilməsi
mövzusu bizdə çox az işlənib. Fantastik və utopik janra maraq çox olsa da, bu
mövzuda yazan yazıçılarımız demək olar ki, yoxdur. Amma yazılsa, çox gözəl olar”.
Janr mənim üçün cəlbedici
olmayıb
Elmi-texniki tərəqqi, robotlaşma haqqında ədəbiyyat müstəvisində heç
vaxt düşünmədiyini deyən gənc yazar
Cavid Zeynallı bütün bunların ədəbi motiv olaraq maraq dairəsində
olmadığını deyir: "Yəqin ki, bu haqda fantastik ədəbiyyata və mövzulara həvəsi
olanlar düşünsə, daha yaxşı olar. Desəm, bu janrda ədəbiyyatımızda boşluq var,
düzgün olmaz. Çünki bizim ədəbiyyatda Namiq Abdullayevdən başqa fantastika
yazan müəllif tanımıram. Namiq Abdullayev isə 90-cı illərdə dünyasını dəyişib.
Aradan keçən 30 ilə yaxın müddətdə yetişən müəlliflərdən kimsə varsa,
tanımıram. Oxucu kimi də bu janr mənim üçün cəlbedici olmayıb. Yəni Lev Tolstoy
olan yerdə Aleksey Tolstoyun əsərləri məni heç vaxt çəkməyib”. "Dünya
ədəbiyyatı” seriyasından fantastika antologiyası çap olunduğunu deyən yazar
bildirir ki, ümumi məlumatı üçün ötən il həmin antologiyadan Rey Bredberinin və
Ayzek Azimovun bir neçə əsərini oxuyub: "Xüsusi yadımda qalan heç nə yoxdur.
Halbuki, ədəbiyyat tədqiqatçılarına inansaq, "robotexnika”, "robotika” sözləri
elmi ədəbiyyata Ayzek Azimovun romanlarından gəlib. Bu il isə Stiven Kinqin
"Ölü zona” romanını yarımçıq qoydum”.
Təranə Məhərrəmova