• cümə, 29 Mart, 06:17
  • Baku Bakı 5°C

Ədəbiyyatda humanist aksiyalara ehtiyac var?

18.12.17 11:05 6927
Ədəbiyyatda humanist aksiyalara ehtiyac var?
Səhhətində problem olan və ya fiziki qüsurlu insanlara kömək məqsədilə ədəbiyyatda humanist aksiyaların keçirilməsi yeni deyil. Hansısa yazıçı əsərinin satışından əldə edilən pulu kiminsə müalicəsi üçün köçürür və s. Ancaq xarici ölkələrdə artıq ənənəyə çevrilən aksiyalar da var. Xəstəlikdən əziyyət çəkən insanların xəstəlikləri - daun sindromu, xərçəng, hemofiliya, talassemiya və s. haqda əsər yazan və həmin nəşrlərin satışından əldə edilən pulu xəstələrin ailəsinə yönəldən addımlar atılır. Hələlik bizdə bu tip aksiyalara rast gəlinməsə də, ədəbiyyat adamları əksərən bunu aktual hesab edirlər.
"Müzakirə”mizdə ədəbiyyatın bu "missiyasına” birmənalı yanaşmayanlar oldu.

Humanitar aksiyalar bütün dünyada keçirilməlidir
Yazıçı Elçin Hüseynbəyli xəstəliklərlə bağlı mövzunu sevmədiyi üçün bu barədə yazmadığını və hətta yazmayacağını deyir. «Hesab edirəm ki, yazıçıdan bu gün sahə mövzuları gözləmək lazım deyil. Hər hansı bir yazıçının ailəsində hansısa bir hadisə baş verərsə, o yaza bilər. Ancaq düşünmürəm ki, kimsə konkret bir xəstəlik haqqında düşünsün və onu yaza bilsin». Yazıçı hesab edir ki, müxtəlif mövzularla bağlı aksiyalar keçirmək mümkündür və insanlar bunu edirlər: "Tutaq ki, bir neçə yazıçı yığışır və hər hansı bir xəstəliklə bağlı xeyriyyə tədbiri – məsələn, imza günü keçirir. Həmin tədbirdən yığılan pullar da xəstəlikdən əziyyət çəkən insanlar üçün yönəlir. Təəssüf ki, bu gün Azərbaycanda oxucu olmadığına görə, yazıçılar da bu aksiyanı keçirə bilməz”. E.Hüseynbəyli hesab etmir ki, əgər bu tip aksiyalar xarici ölkələrdə keçirilirsə, bizdə də təşkil olunması mütləqdir: «Xarici ölkələrdə müxtəlif festivallar keçirirlər. Bu o demək deyil ki, biz də onları təkrar etməliyik. Hər bir tədbirin öz spesifikası var. Biz fərqli festivallar keçiririk. Hər bir ölkələrdə spesifik ideyalar formalaşır. Təbii, onunla razıyam ki, humanist aksiyalar bütün dünyada keçirilməlidir. Ancaq bunlar çox fərdidir».

Belə mövzulara hazır deyilik
Ədəbiyyatşünas, tənqidçi Rüstəm Kamal bu tendensiyanı dəstəkləyir. O, deyir ki, Avropada belə bir ənənənin olması sevindiricidir: "Bu, Avropa xeyriyyəçilik ənənəsinin tərkib hissəsidir. Təəssüf ki, bizdə xeyriyyəçilik institutu və fəlsəfəsi həyat tərzinə çevrilməyib. Buna ancaq təəssüflənmək olar. Çünki zəngin təbiət resurslarına malik, mentalitetində xeyirxahlıq, başqasının dərdinə şərik olmaq duyğusallığı olan bir ölkədə xeyriyyəçilik bir institut səviyyəsində bərqərar olmalı idi. Ancaq bunu müşahidə etmirik”. Tənqidçi hesab edir ki, bu xeyriyyəçilik ədəbiyyatın da ayrılmaz hissəsinə çevrilməlidir. Cəmiyyətdə sağlamlığını itirmiş insanlar haqqında kitablar yazılmalı, onların obrazları yaradılmalıdır: "Bu kitablar mütləq nikbin ruhda yazılmalıdır. Həmin əsərlər müxtəlif xəstəliklərdən əziyyət çəkən, fiziki qüsurlu insanlara həyat eşqi aşılamalıdır. Bu əsərlərin əsas emosional cövhəri həyata bağlanmaq, sabaha ümid olmalıdır. Təəssüf ki, bizim ədəbiyyatda hələ bədbinlik, saxta nihilizm, mənasız kinayə hökm sürdüyü üçün bu cür mövzulara müraciət etmirlər. Bu tipli mövzuları qələmə almaq üçün həmin müəlliflərin özləri də gərək o mövzulara hazır olsunlar. Ancaq hələ ki, ədəbiyyatımızda bu cür mövzulara hazır olan müəlliflər demək olar ki, görünmür”. R.Kamal belə bir ənənənin yaranmasını, bu cür aksiyaların geniş vüsət almasını nəinki arzulayır, hətta o cür aksiyalardan əldə edilən gəlirin müvafiq fondlara köçürülməsinin tərəfdarıdır: "Təəssüf ki, bizdə kitab menecmenti yoxdur ki, bu da başqa bir problemdir. O tipli kitabların satışı, yayılması məsələləri gərək həllini tapsın. Yəni bu, kompleks məsələdir. Yazıçı bu kitabı yazdı, ancaq onun satışı, təbliği daha çətin məsələdir. Çünki yazmaq məsələnin bir tərəfidir. Bizdə oxucu problemi ilə bərabər, kitab satışı və yayımı məsələsi də problem olaraq qalır”. Ədəbiyyatşünas hesab edir ki, bu cür məsələlərə cəmiyyətin ümumilikdə diqqətini yönəltmək lazımdır: "Yazıçıları, ədəbiyyat adamlarını, vətəndaş cəmiyyətini, müəllimləri, jurnalistləri bu mövzuya cəlb etməklə ölkədə rezonans yaratmaq, bu məsələyə diqqəti artırmaq olar». R.Kamal hesab edir ki, həmçinin bizim ədəbiyyatda hələ xeyriyyəçi obrazının olmamağı, xeyriyyəçiliyin bir sistem kimi mədəniyyətimizdə oturuşmamağı, bu cür aksiyaların keçirilməsinə mane olur: «Buna bizim mentalitetimiz də, ədəbiyyatımız da imkan verir. Söhbət irfan, təsəvvüf ədəbiyyatından gələn ənənədən gedir. Sadəcə, sistem özü yaranmalıdır, əks təqdirdə bu ötəri addımlar kimi qalacaq. Digər tərəfdən, bu mövzuya müraciət edəcək müəlliflərin özlərinin də müəyyən imkanları olmalıdır. Çünki yazıçıların yaşam səviyyəsinin yüksək olmadığı məlumdur. Qonorar sistemi yoxdur, nəşriyyatlar müəlliflərə qonorar ödəmir, yazıçılar əsərlərindən lazımi gəliri əldə edə bilmirlər, kitabın satışı yoxdur. Ancaq bu cür mövzuları sifarişlə də həyata keçirmək olar. Ayrı-ayrı təşkilatlar bunu öz öhdələrinə götürə bilərlər. Bizdə müəyyən janrların axsaması da buna imkan vermir”. Ədəbiyyatşünas hesab edir ki, bizdə pedaqoji mövzuda yazılan əsərlər də olmalıdır. Dünya ölkələrində, məsələn elə Rusiyada pedaqoji mövzularda əsərlər yazılır. Məktəb mövzusunda filmlər çəkilir, bədii əsərlər meydana çıxır: "Bizim ədəbiyyat sahəsində bu cür yazıçıları da yetişdirmək olar. Bu mövzularda ixtisaslaşan yazıçıları da yetişdirməyin vaxtıdır. İdman, məktəb, xeyriyyəçilik mövzusunda yazanları formalaşdırmaq lazımdır. Bu cəmiyyətin və ədəbiyyatın özündən gəlməlidir. Bizim sözümüzün imkanları böyük olmalıdır. Məsələn, Türkiyədə siyasi, idman mövzusunda yazan yazarlar var. Onlar müxtəlif ödüllər alırlar. Hətta bu mövzuda yazan yazarlar üçün xüsusi mükafatlar təsis olunmalıdır ki, müəyyən adamlar bu mövzuların içindən gəlib onları qələmə alsınlar. Yazıçılar Birliyi, ya ictimai təşkilatlar nəzdində mükafatlar olmalıdır ki, bu mövzuda yazan yazıçılara verilsin. Bu da bir növ onları həm maddi, həm də mənəvi cəhətdən ruhlandırar”.

Bu tip ədəbiyyatın yaranması aktualdır
"Əslində ədəbiyyat təşkilatlanmalıdır” deyən yazıçı Orxan Fikrətoğlunun fikrincə, yazıçı idealı vətəndaş əxlaqına yiyələnməli, cəmiyyətdə olan xəstəliklər sosial müstəviyə çıxarılmalı, ictimai müzakirələr keçirilməlidir və bundan təsirlənən və ya ilham alan şair, yazıçı bu haqda yazılar yazmalıdır: "Ən böyük problem budur ki, ictimai və sosial sifariş, xəstəliklərin müzakirəyə çıxarılmamağı və cəmiyyət tərəfindən gündəmə gətirilməməyi, təəssüf ki, bugünkü yazıçıların dəblə yazması bu məsələləri arxa planda saxlayır. Ümumiyyətlə, nəinki bu xəstəliklər haqqında, əslində cəmiyyətdə çözüləsi olan məsələlər ədəbiyyatda yoxdur. Bir çox mövzular var ki, ədəbiyyatın diqqətindən uzaq qalıb. Məsələn, Qarabağ mövzusu yoxdur. Radikal dini təşkilatlara qoşulmuş azərbaycanlıların həmin təşkilatlara qoşulması sualı açıq qalıb. Ümumiyyətlə, mərhəmət hissinin cəmiyyətdə bərpa edilməsi üçün bu tip mövzuların ədəbiyyatda nəinki yer almasına, hətta geniş təbliğ olunmasına ehtiyac var”. Öz yaradıcılığında müharibə, gənclərin radikal qruplaşmalara qoşulması, psixoloji problemləri olan gənclər haqqında mövzulara yer ayırdığını deyən O.Fikrətoğlu hesab edir ki, bu məsələlər konseptual olaraq müəyyən qurumlar – Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşviqi ilə həyata keçirilməlidir: "Yəni bu, onların ədəbiyyatçılar, yazıçılarla birgə işləmək işinin nəticəsi olmalı idi. Tutaq ki, yazıçılar üçün müsabiqə təşkil olunmalı, sifarişlər olmalı idi. Yaxud bu ideya yazıçıların özlərindən gəlməli idi. Həmçinin bu tip məsələlər ədəbiyyatçılar, jurnalistlər tərəfindən gündəmə çıxarılmalıdır”. O.Fikrətoğlu bu tip ədəbiyyatın yaranmasını aktual hesab etsə də, hələ həyata keçməsi üçün vaxtın yetişmədiyini deyir: "Cəmiyyətdə bu haqda yazı yazan yazıçılar hələ yetişməyib. Bu, ilk baxışdan çox sadə fikirdir, amma mənə elə gəlir ki, bir o qədər də mürəkkəbdir. Bunun üçün həm də cəmiyyət formalaşmalıdır. Cəmiyyətin formalaşması, yazıçını da formalaşdırır. Məncə, bütün bunlar kompleks şəkildə olmalıdır”.

Həm də yazıçının piar məqsədi olur
Yazar Aysel Əlizadə bizim ədəbiyyat aləmində xəstə insanlara, övladı xəstə olan ailələrə dəstək məqsədi ilə müxtəlif aksiyaların keçirildiyini deyir. Belə ki, kitabların satışından gələn gəlir həmin ailələrin ehtiyacına yönəldilir: "Bu cür aksiyalar dəfələrlə olub. Hər hansı bir mövzuda yazmaq üçün isə stimul olmalıdır. Əgər yazıçının kitabı satılmırsa, o niyə xəstəlikdən əsər yazmalıdır? Dünyada heç bir yazıçı bunu təkcə xeyriyyəçilik məqsədi üçün etmir, həm də özünü piar üçün edir. Bu, birmənalı şəkildə belədir”. Yazarın fikrincə, sosial mesaj, xeyriyyəçiliyə çağırış həm də insanları bu cür aksiyalara cəlb etmək üçün piardır: "Bizdə isə insanları heç bir şeyə cəlb etmək çətindir. Düzdür, Azərbaycan xalqı xeyriyyəçiliyə hazırdır və həvəslidir. Ancaq bunu kitabla həyata keçirməyə hazır deyil. Hər hansı bir aksiyaya başlamaq üçün yazıçının mütləq stimulu olmalıdır. Əvvəldən bilirsən ki, iflasa uğrayacaqsan, bunu niyə edəsən?”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər