“Ədəbiyyat müəllimim imtahana 6 ay qalmış dedi ki...” - Məktəb illəri
Məktəb
illərdən bizə şirin xatirələr yadigar qalır. İlk qiymətimizi, ilk dəfə dərsə gecikməyimizi unutsaq da,
həmin dövrdə yaşadığımız bəzi maraqlı hadisələri unutmuruq. Həyatımızın hər
dövründə o anları xatırlayıb gülürük. Bu dəfə xalq artisti Nurəddin Mehdixanlı məktəb illərindən bir xatirəsini
bizimlə bölüşdü: "Bizim məktəb teatrımız vardı. Orada xırda tamaşalar qururduq.
Həmin tamaşada iştirak etmək üçün yaşlı kişiləri də oynayırdıq. Qoyun tükündən
özümüzə saqqal düzəldirdik. Amma "bu yaşlı adamların paltarlarını haradan
gətirmək lazımdı” sualı yaranırdı. Oğlanlar babalarının papağını, şalvarını,
köynəklərini, qızlar da nənələrinin kofta-tumanlarını, kəlağayılarını oğurlayıb
gətirirdilər. Səhəri gün də evdə nənə deyirdi ki, ay bala, mənim filan köynəyim
vardı itib, yoxa çıxıb. Yəni, biz nənələrimiz-babalarımız üçün belə bir
sürprizlər hazırlayırdıq. Mən 10-cu
sinifdə ədəbiyyatdan imtahan vermədim. Çünki ədəbiyyat müəllimim imtahana 6 ay
qalmış dedi ki, əgər «Leyli və Məcnun»u bütünlüklə əzbər söyləsən, səni imtahandan
azad edəcəyəm. Elə də oldu. Mən «Leyli və Məcnun»u əzbərlədim. O vaxt rayon
təhsil şöbəsi vardı. Oradan gəldilər və
mən «Leyli və Məcnun»u əzbər söylədim. Tamam hamısını yox. Deyirdilər
ki, filan yeri söylə, söyləyirdim. Gördülər ki, yox, əzbər bilirəm. Məni
imtahandan azad etdilər və Xeyrulla müəllimin imzası ilə Füzulinin köhnə çaplı
«Leyli Məcnun» poemasını mənə bağışladılar”.
Günel
Azadə