• cümə, 19 Aprel, 02:27
  • Baku Bakı 18°C

Ədəbiyyat İnstitutunda yaradıcılıq müşavirəsi

26.04.17 12:30 1366
Ədəbiyyat İnstitutunda yaradıcılıq müşavirəsi
Aprelin 11-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda "Ədəbi proses - 2016” mövzusunda yaradıcılıq müşavirəsi oldu. Müşavirənin predmetini 2016-cı il üçün respublikada və ondan kənarda mövcud olan poeziya, nəsr, dramaturgiya, tənqid-ədəbiyyatşünaslıq, ədəbi əlaqə və tərcümə məsələləri təşkil edirdi. Ədəbi prosesin obyekti həm anadilli və rusdilli milli ədəbiyyatımız, həm Güney və mühacirət ədəbiyyatımız, həm də milli ədəbiyyatımızın Qərb və Türk xalqları ədəbiyyatı ilə əlaqələrini əhatə etdi. Müşavirənin məqsədi 2016-cı il üçün ədəbi prosesin metodoloji cəhətdən qiymətləndirilməsi və dəyərləndirilməsi, vəzifəsi isə onun istiqamətləri; abidə və şəxsiyyətləri; ədəbi inkişafın təkamül xüsusiyyətləri; mövzu və problemləri; vəzn, növ və janrları; təsvir və ifadə vasitələri, habelə, nəticələrin ümumiləşdirilməsi ilə bağlı oldu.
Müşavirəni giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açdı və hamını salamladı. O bildirdi ki, artıq 4-cü ildir ki, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda ədəbi proses mövzusunda yaradıcılıq müşavirəsi keçirilir. Müşavirənin əhəmiyyətini xüsusi qeyd edən natiq aydın konsepsiya əsasında milli ədəbiyyatımızın inkişaf istiqamətləri, onun yönləri, təkamül xüsusiyyətləri, abidə və şəxsiyyətləri, habelə, gələcək perspektivləri haqqında məlumatı müşavirə iştirakçılarının diqqətinə çatdırdı. Ümumiləşdirdi ki, milli ədəbi prosesin reallıqlarını nəinki ideya-məzmun, mövcud növ və janr, tənqid və ədəbiyyatşünaslıq üzrə regional - Şərq və Qərb istiqamətində deyil, həm də onların tipologiyası ilə birlikdə izləməliyik. Akademik İsa Həbibbəyli bildirdi ki, cari il üçün folklorşünaslıq, mətnşünaslıq, tarixi və nəzəri poetika məsələlərini də ədəbi proses axarına gətirməli, onların mövcudluq vəziyyətini ədəbiyyatımız üçün aydınlaşdırmalıyıq. O, arzu və təkliflərini, fikir və mülahizələrini də müşavirə iştirakçıları ilə bölüşdü və müşavirəni açıq elan etdi.
Elnarə Akimova: "İlin ədəbi mənzərəsi qaneedicidir”
Söz filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovaya verildi. O, ilin ədəbi mənzərəsi fonunda məruzə etdi. Milli ədəbiyyatımızın poeziya, nəsr və dramaturgiya; tənqid və ədəbiyyatşünaslıq məsələlərindən danışdı, uğurları və çatışmayan cəhətləri göstərdi. Ədəbi tənqidin bədii prosesə təsir yönlərindən danışan E. Akimova bəzi tənqidçilərin üslub fərdiyyətini ayırdı, subyektiv qiymətləndirmə onun tənqidçi mövqeyinin əsasında dayandı. Məruzəçi ümumən ilin ədəbi mənzərəsinin qaneedici olduğunu bildirdi.
Müşavirənin ilk məruzələri ədəbi növlərlə bağlı oldu. Filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Cavanşir Yusifli poeziyanın mətbuat orqanları və kitablardakı bədii məhsullarından danışdı. Əsasən, 2-3 şeir kitabı üzərində dayanan C.Yusifli poeziyada millilik amili və ümumavropa şeirinin təsir xüsusiyyətlərini, metaforik düşüncəni, təsvir və ifadə vasitələrinin uğurlu və qüsurlu cəhətlərini önə çəkdi. Poeziyanın milli və bəşəri keyfiyyətlərinin koordinasiya olunan cəhətlərini, postmodern şeirin vacib məziyyətlərini qeyd etdi. Ümumiləşdirdi ki, poeziyanın - lirikanın 2016-cı ildəki vəziyyəti qənaətbəxş hesab oluna bilər.
Nəsr istiqaməti ilə bağlı filologiya üzrə fəlsəfə doktoru, tənqidçi Nərgiz Cabbarlı, filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova və filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirova məruzə etdi. Hekayə, povest və roman mövzusunda məruzə edən müəlliflər hekayə janrında forma və məzmun yenilikləri, milli nəsrə Avropayönlü bədii nümunələrin təsiri, povestlərdə postmodern xüsusiyyətlərin güclənməsi, milli povestin ənənə və novatorluq keyfiyyətlərinin kəsişən və kəsişməyən məqamları göstərdi, bədii cəhətdən yetkin və sönük olan əsərlərin xronikasını verdi, ümumiləşdirmə və fərdiləşdirmələr apardı, janrların kəmiyyət və keyfiyyət göstəricilərini ifadə etdi.
Nəsrin roman janrının konkret tipindən, tarixi və müasir romanlardan bəhs edən N.Cabbarlı əsasən ümumiləşdirilmiş subyektiv mülahizələr söylədi. Tarixi romanda tarixi faktların bəzən bədii mətndə özünə yer ala bilməməsi, dini-mistik və mifoloji müəyyənliyin bədii mətnə dayana bilən və bilməyən cəhətləri, sufiliyin, maqik realizmin bədii əsərlərdəki keyfiyyət göstəriciləri üzərində dayandı. Fikrimizcə, tənqidçi ilin roman mənzərəsini yaxşı canlandırdı. Bununla belə, onun çıxışında bədii mətndə Quranın ”təftiş”i (?), dinə yox, təbiətə üstünlük vermək, insanı təriqətdən yuxarıda görmək üstünlüyü ətrafında olan fikir və qənaətləri ilə bağlı mübahisə, hətta etiraz etmək də olardı.
Asif Rüstəmli: "Publisistika jurnalistikanın inhisarında qalıb”
Filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin məruzəsinin predmetində publisistika janrı dayandı. İlin publisistika mənzərəsini canlandıran A.Rüstəmli bədii publisistikanın 2016-cı ilədək yetərli olmayan vəziyyətini göstərdi və bunu onun, əsasən, jurnalistikanın inhisarında qalması ilə izah etdi. Məruzəçi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Mətbuat tarixi və publisistika şöbəsinin yaradılması və bu baxımdan janrın ədəbi-bədii cəhətdən "təşkilatlanması”nın perspektivini önə çəkdi. A.Rüstəmli görülmüş işlər və qarşıda duran vəzifələrdən danışdı, "Azərbaycan”, "Ustad” və "Ulduz” jurnallarının fəaliyyətini məqbul saydı.
İlin dramaturgiya mənzərəsini əks etdirən filologiya üzrə fəlsəfə doktoru Aynurə Mustafayeva sərbəst və məzmunlu nitqi ilə auditoriyanın diqqətini daha çox özünə cəlb etdi. Aydın və konkret məntiqlə çıxış edən, səhnə əsərlərimizi analiz edən A.Mustafayevanın məruzəsinin vacib tezisi dramaturgiyamızın teatra keçidlərinin əsasında ya xarici ölkə pyeslərinin dayandığı, ya da milli çağdaş gerçəkliyi zəif əks etdirən ədəbi nümunələrin mövcudluğu ilə bağlı oldu. Bu cəhətdən məruzəçi teatrlarımızın repertuar qıtlığından narahatlığını ifadə etdi.
Filologiya elmləri doktoru Vaqif Yusifli bölgələrdə ədəbi həyatdan bəhs etdi. Ədəbi birliklərə ümumi baxış ifadə edən V.Yusifli iki ədəbi məkan üzərində xüsusi dayandı: Naxçıvan və Quba ədəbi birlikləri. Naxçıvan ədəbi birliyinin abidə və nümayəndələri üzərində nisbətən geniş dayanan şöbə müdiri Quba ədəbi birlyindən danışarkən təəssüf hissi keçirdi ki, "Ay işığı” ilə "Gülüstan” ədəbi məclisi arasında məsafə yaranıb. "Ay işığı” "Gülüstanı” üstələyib, nəticədə məclisin işi zəifləyib. Təklif edildi ki, onların nəinki birləşdirilməsi, əksinə, hər ikisinin yanaşı fəaliyyəti üçün şərait yaradılmalıdır. Akademik İ.Həbibbəyli bildirdi ki, obyektivlik naminə bölgə dərnəkləri ilə bilavasitə tanış olmaq lazımdır. Bunun üçün şərait yaradılacaqdır ki, V.Yusifli ədəbi bölgələrə ezam olunsun və işləri yaxından müşahidə etsin. Yerlərdə ədəbi gedişat daha yaxından öyrənilməli və qiymətləndirilməlidir.
Müşavirədəki bir məruzə də tənqid və ədəbiyyatşünaslıq məsələləri ilə bağlı oldu. Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə dedi: "Dünən tənqidin yoxluğunu deyirdiksə, bu gün məsələnin qoyuluşu başqa cür müəyyənləşir: tənqid mövcuddur və onun çatışan və çatışmayan cəhətləri nədən ibarətdir?” Maraqlı tezislər irəli sürən Q. Mirzəzadə bədii əsər - tənqid - oxucu mövqeyindən çox, tənqidin publisistik üstünlüyünün aparıcı olduğunu bildirdi. Təklif etdi ki, tənqid publisistik üslub müəyyənliyindən yox, elmi üslub səviyyəsindən çıxış etməli, bir yaradıcılıq sahəsi kimi özünü elmi üslub, yaxud elmi-publisistik üslubda doğrultmağı bacarmalıdır. Ədəbiyyatşünaslığın başqa bir qolu - ədəbiyyat nəzəriyyəsi ətrafında filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova məruzə etdi. Analitik təhlillərə, fikir və mühakimələrə üstünlük verən natiqin çıxışının predmetində filoloji elmi-nəzəri fikrin analizləri dayandı. O, ədəbi nəzəriyyə sahəsində yazılmış kitablardan, onların elmi-nəzəri və ədəbi-estetik funksiyasından söz açdı, ümumiləşdirmə və fərdiləşdirmə apardı, ədəbi-metodoloji yönlərdən dəyərləndirmə ifadə etdi, vacib müddəalar irəli sürdü. Azərbaycan ədəbiyyatının klassik və müasir tarixinə baxış da ədəbi prosesin vacib tərkib hissəsidir.
Bu baxımdan filologiya elmləri doktoru Salidə Şərifovanın elmi tədqiqat işləri, dissertasiya və monoqrafiyaların ümumi mənzərəsini canlandırması təbiidir. Məruzəçinin qənaəti bu oldu ki, elmi tədqiqat işlərinin kəmiyyət göstəriciləri ilə bərabər, onların keyfiyyətcə yaxşılaşdırılması vacib şərtdir. Bunun üçün gəncliyin potensial milli-məfkurəvi enerjisinin daha çox üzə çıxarılmasına ehtiyac vardır.
Keyfiyyətli uşaq ədəbiyyatı nümunələri azdır
Azərbaycan uşaq ədəbiyyatının poeziya, nəsr və dramaturgiya yönləri ətrafında filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı və filologiya üzrə fəlsəfə doktoru Günay Qarayeva məruzə etdi. Onlar uşaq ədəbiyyatının uğurlu və qüsurlu cəhətlərindən danışdılar. Keyfiyyətli uşaq ədəbiyyatı nümunələrinin az olduğunu bildirdilər. Növ və janr təkamülünün az diqqət çəkən məqamlarını göstərdilər. Bədii nümunələrin bəzən uşaq təfəkkürünə yaxın, yaxud aid olmadığını, şeirlərin uşaq yaşlarına münasib gəlmədiyini bildirdilər.
Cənubi Azərbaycan ədəbiyyatı məsələlərindən filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli danışdı. O, məruzəsində Cənubdakı ədəbi prosesin vəziyyətini təhlil etdi, bu sahədə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin gördüyü işlərə diqqət çəkdi, aparıcı ədəbi simalarını, onların əsərlərini xatırlatdı, təklif və mülahizələrini səsləndirdi.
Müşavirənin bir maraqlı cəhəti də rusdilli Azərbaycan ədəbiyyatı məsələləri ilə bağlı oldu. Filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovanın "Rusdilli Azərbaycan ədəbiyyatı” mövzusunda məruzəsi maraqla qarşılandı. O, Azərbaycan, Rusiya, qismən də xaricdə yaşayan azərbaycanlı müəlliflərin rusdilli əsərlərindən söz açdı. Mövcud ənənə üzərində fikir gəlişməsi ifadə edən L.Həsənova bu sahədə mövcud mənzərəni canlandırdı.
Müşavirədə bədii tərcümə və ədəbi əlaqə məsələlərinin reallıqları, uğur və qüsurları kifayət qədər konkret əks olundu. Mərcan Sofiyeva bədii tərcümə, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova Azərbaycan və Qərb ədəbiyyatı, filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoy isə Azərbaycan və Türk xalqları ədəbiyyatından söz açdı.
Filologiya üzrə elmlər doktoru, şair Vüqar Əhməd Nizami adına Ədəbiyyat İnstitutunda mövcud olan ədəbi prosesdən söz açdı. Elmi-bədii yaradıcılığın koordinasiya olunan məziyyətlərini qeyd etdi.
"Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan bildirdi ki, artıq qəzetlə Ədəbiyyat İnstitutu arasında keyfiyyətcə yaxınlıq mərhələsi başlanmış, iş birliyi, məqsəd aydınlığı yaranmışdır.
Tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Rüstəm Kamal məruzələrə bir baxış ümumiliyi ifadə etdi, onların keyfiyyət səviyyəsindən danışdı. Filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli vurğuladı ki, "Ədəbi proses - 2016”nın yekunları çox uğurlu oldu. Ədəbi prosesdə xeyli vaxt pərakəndəlik müşahidə olunmuş, mərkəzləşmə istiqamətində işlər zəif aparılmış, bir çox ədəbi qurumlarla proses koordinasiya olunmamışdır. Tənqid ədəbi prosesi subyektiv meyarlarla izləmiş, özünü zəif təqdim etmişdir. Tarixi dövr və şərait dəyişdikcə, dövlətin mədəniyyət müstəqilliyi möhkəmləndikcə ədəbiyyat və ədəbi proses axarlarında bir keyfiyyət canlanması müşahidə olunmuş, xeyli qiymətli ədəbi nümunə yaranmışdır. Filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəyli günün hesabatının yekunlarını ümumiləşdirdi, müşavirənin əhəmiyyətini, işin təşkilati cəhətdən yetkin səviyyəsini qeyd etdi. Müşavirənin sonunda akademik İsa Həbibbəyli yekun nitqi söylədi. Natiq müşavirənin işindən məmnun qaldığını, gələcəkdə ədəbi məsələləri daha geniş şaxədə öyrənməyin vacibliyini müşavirə iştirakçılarının diqqətinə çatdırdı. Göstərdi ki, yaxın perspektiv üçün bütövlükdə milli ədəbiyyatımızın öyrənilməsi, nəşri və təbliği işlərini əhatəli icra etməliyik. 2017-ci ilin ədəbi prosesi üçün folklorşünaslıq, mətnşünaslıq, tarixi və nəzəri poetika, hətta, konkret janrlar, onların ədəbi prosesdəki yerini nəzərdə tutmalı, ədəbiyyatın vacib problemlərini əhatə etməli, prioritetləri müəyyənləşdirməli və diqqətdə saxlamalıyıq.
Əlizadə Əsgərli
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru
banner

Oxşar Xəbərlər