• cümə axşamı, 28 mart, 20:13
  • Baku Bakı 13°C

Ədəbiyyat dərsliklərində dəyişiklik lazımdırmı?

18.09.16 19:39 3101
Ədəbiyyat dərsliklərində dəyişiklik lazımdırmı?
Orta məktəblər üçün ədəbiyyat və Ana dili dərsliklərində şair və yazıçılar haqqında verilən bioqrafik məlumatlar bəzən standart olmaqla, şablon xarakter daşımaqla illərlə bir-birini təkrarlayır. Bəzi kitablarda, ümumiyyətlə, mətnlər yazıçı və şairlər haqqında heç bir məlumat verilmədən təqdim olunur. Şagirdlərin bilgilərini zənginləşdirmək üçün müəlliflər hansı addımları atmalıdırlar? Bəlkə şagirdin bilgisi "Məhəmməd Füzuli qəzəl şairidir, Mrzə Ələkbər Sabir satirik şairidir və s.” tipli məlumatlardan o yana keçməməlidir? Ədəbiyyat adamları haqqında məlumatların genişləndirilməsinə ehtiyac varmı? Və yaxud bəlkə geniş informasiyalar şagirdlərin daha da yüklənməsinə səbəb olur?
"Uşaqlara elə şeylər öyrədin ki...”
"Müzakirə”mizdə iştirak edən Moskvada yaşayan yazar Afaq Şıxlı orta məktəb illərini xatırlayaraq bu günlə müqayisə aparır: "Orta məktəbdə oxuduğum illər 1974-84-cü illərə təsadüf edir. O zaman bizə elə gəlirdi ki, dərsliklərdə hər şey ətraflı yazılıb və hər şey elə belə də olmalıdır. Bəlkə də. Amma olanlar elə də qalmalıdırmı? Dərsliklərdə etalon deyilən bir prinsip yoxdur və olmamalıdır. Ana və Vətən dəyərlərindən başqa dünyada hər şey dəyişkənliyə məruz qalmalıdır. Bu, həyatın qanunudur!” Rusiyada "Literatura” kitablarının kifayət qədər mükəmməl və ətraflı olduğunu qeyd edən A.Şıxlı bildirir ki, bu, fərdin mənəvi infişafına, vətənpərvər ruhda böyüməsinə, millətinə və torpağına sevgisinə çox böyük təsir edir: "Beyinləri ağ kağız kimi təmiz olan uşaqlara nəyin və necə tədris olunması çox mühüm məsələdir və böyük məsuliyyət tələb edir. Qədim yunan filosofu Arispippin dediyi kimi: "Uşaqlara elə şeylər öyrədin ki, gələcək həyatlarında onlara gərək olsun!” Belə baxanda, qeyri-adi heç nə deməyib. Amma bu sözlərlə uşaqlarımızın təlim-tərbiyəsi, elmi haqda həqiqəti sadə və bəsit formada elə gözəl izhar edib ki... başqa sözə ehtiyac qalmır”. Yazarın fikincə, şair və yazıçıların harada doğulub, harada dünyasını dəyişməsi, aldıqları ödüllər, tutduqları vəzifələr arasındakı boşluqları onların zəngin həyat tərzləri, Vətənə xidmətləri, xalqın həyatında nə kimi rol oynamaları ilə doldurmaq gərəkdir: "Bundan əlavə, yazarların əsərləri də gərək bu günkü gəncliyə nəsə versin. Sovet dönəmindəki zamanın damarını tutan hekayə və poemalar yazarın kimliyindən, ad-sanından, bu zamankı və ya o zamankı statusundan asılı olmayaraq yenidən gözdən keçirilməli, yeniləri ilə əvəz olunmalıdır”. Yazarın fikrincə, dərsliklərlə məşğul olan şəxslər bir uşaq həkimi qədər məsuliyyət daşıdıqlarını bilməlidirlər.
Tarix fənninin obyekti?
Uşaq dərsliyinin müəllifi Rafiq İsmayılovun fikrincə, şair və yazıçıların həyat və yaradıcılığı tədqiqat mövzusu və qiymətləndirmə obyekti deyil: "Əvvəllər qəbul imtahanlarının testlərində "Filan yazıçı və şairlər neçənci ildə anadan olub, kim kimdən sonra yaşayıb və s. kimi suallar yazılırdı. İndi artıq bu cür suallar önəm daşımır. Hər hansı şair və yazıçının həyat və yaradıcılığı tarix fənninin obyektidir. Ədəbiyyatda isə əsas tədris obyekti mətndir. Yəni uşaq mətni necə qavrayır, oradakı bədii ifadə və bədii təsvir vasitələrini necə duyur, mətndəki əsas fikir və ideyanı müəyyənləşdirə bilirmi və s. Kurikuluma görə də bu, önəm daşımır. Əgər müəllimlər bunu verirlərsə, bu, sadəcə olaraq dərsliklərdə olduğu üçündür. Yəni heç olmasa uşaq Səməd Vurğunun Nizami ilə eyni vaxtda yaşamadığını, yaxın dövrün şairi olduğunu bilməlidir. Ona görə də bu, heç vaxt qiymətləndirmə predmeti ola bilməz”. Bütün hallarda orta məktəbdə müəllimlərin şagirdlərə yazıçı və şairlərin bioqrafiyası haqqında məlumat verdiklərini bildirən R.İsmayılov hesab edir ki, bunu uşağa araşdırma obyekti kimi də vermək olar ki, hər hansı şair və yazıçı haqqında məlumat toplasın: "Dərsliyə düşən istənilən informasiya səhəri gün testlərə düşür. İndi belə qəbul olunur ki, bütün bunları uşağa əzbərlətdirmək lazım deyil. Məsələn, əvvəllər testdə «Rəsul Rzanın şeiri hansı jurnalda çıxıb?» kimi suallar düşürdü. Bunu bilmək uşağa o qədər də vacib deyil. Ümumiyyətlə, dərslikdə şair və ya yazıçı hansı dövrdə yaşayıb və ya yaradıcılığı ilə bağlı hər hansı maraqlı məqamlar verilə bilər – bu, yalnız uşağın intellekti üçündür, ədəbiyyatı bilmək üçün deyil. Ədəbiyyat fənninin tədrisinin məqsədi tamam fərqlidir».
Xronologiyaya daha çox yer verilir
60 saylı Klassik Gimnaziyanın Ana dili və ədəbiyyat müəllimi Məlahət Əsgərovanın sözlərinə görə, dərsliklərin hər nəşrində müəyyən dəyişikliklər yer alır. Yəni məlumatlar eyni şəkildə verilmir: "İndi Azərbaycan dili dərsliklərinin özündə də ensiklopedik məlumatlar verilir. Əgər ədəbiyyatda belə bioqrafik məlumatlar varsa, Azərbaycan dili dərsliklərində də şair və yazıçıların həyatı ilə bağlı olan məqamlar və həyatlarında baş verən hər hansı hadisələrlə bağlı bədii mətnlər ola bilər. Hesab edirəm ki, ədəbiyyatı bilmək üçün bioqrafiyanı, xronoloji ardıcıllığı tam əzbər yadda saxlamaq uşaq üçün o qədər də önəmli deyil. Sadəcə, şair və yazıçını yaxşı tanıtdırmaq üçün onun haqqında maraqlı bir materialın, hər hansı bir epizodun və ya yaşadığı dövrdə tutduğu mövqe və s. məqamların verilməsi daha önəmlidir”. Müəllimə hesab edir ki, uşaqları cəlb etmək üçün indiki təqdimatları bir az da maraqlı vermək lazımdır: "İndi bizdə xronologiyaya daha çox yer verirlər. Bəlkə elə insan var ki, o, ədəbiyyatı daha mükəmməl öyrənmək istəyir. Bu baxımdan, məlumatın verilməsi yaxşıdır. Ümumiyyətlə, dərslik elə olmalıdır ki, uşaq ordan kifayət qədər material ala bilsin. Bəlkə o uşaq gələcəkdə başqa sahənin adamı oldu, heç olmasa, qoy ədəbiyyatdan da müəyyən məlumatları bilsin”. M.Əsgərova hesab edir ki, dərslikdə informasiyaların verilməsi yuxarı siniflər üçün daha məqsədəuyğundur: "Çünki o yaşda materialı daha yaxşı qavrayır və yadda saxlayırlar. Uşaqlar üçünsə dəqiq məlumatdansa hər hansı epizodların verilməsi daha yaxşıdır».
Eksperiment artıq yekunlaşmalıdır
"Bizim təhsil aldığımız dönəmlərdə (1991-2001-ci illər aralığı) klassik ədəbiyyat nümunələri və nümayəndələri haqqında məlumatlar kiçik siniflərdə tədris edilirdi. Yəni xronoloji baxımdan ədəbiyyat mövzuları və dövrləri siniflərarası mərhələlərə məhz belə bölünmüşdü. Sonra bununla bağlı son illərdə müəyyən məsələlər qaldırıldı. Doğrusu, mən də bu məsələni dəstəkləyənlərdən biri idim”- deyən yazar Günel Eyvazlı əslində zaman baxımından bu tip bölünməni yanlış hesab edir: "Azyaşlılara asan həzm olunan mövzular gərək idi. Kamil, yetkin təfəkkürə malik olmayan kiçik sinif şagirdi necə "Kitabi Dədə Qorqud”u, Nizami Gəncəvini, Füzulini, Nəsimini anlaya bilərdi? Burada yalnız və yalnız əzbərləmə ola bilərdi. Dərk etmə yox. Qaldırılan məsələ öz müsbət həllini tapdı. Hal-hazırda ədəbiyyat dərsliklərində bu problem aradan qaldırılıb”. Sualımıza məktəbin və dərsliklərin ümumi problemi kimi yanaşan yazar hal-hazırda narazılığının hər mövzudan sonra verilən "Mövzu üzərində iş” bölməsi olduğunu qeyd edərək bildirir ki, bu tip tapşırıqların dərsdə şagirdlərlə birgə təhlili mümkün olduğu halda, nədənsə tapşırıqlar evə verilir. Belə ki, bütün fənn dərslikləri (istər Ana dili olsun, istər ədəbiyyat) cədvəllərlə doludur. Şagird dərs öyrənməklə bərabər, bütün günü cədvəl çəkməklə, xana doldurmaqla, rəngləməklə məşğuldur: "Mən fürsət düşmüşkən buradan aidiyyatı şəxlərə müraciət edirəm. Uşaqlarımızın taleyi ilə oynamayın. Əvvəllər mövzu haqqında informasiyanı dərsliklərdən alırdıq və bu bəs edirdi. İndi müəllim bununla qane deyil. İnnovativ, texniki inkişaf deyib şagirdlərə əlavə informasiyaları internetdən toplamaq tapşırılır. Təsəvvürünüzə gətirin, şagird bütün günü mövzu əzbərləyir (gün ərzində 6 fənn), tapşırıq yazır, üstəgəl, əlavə informasiya tapmaqla məşğul olur, interneti axtarır. Bütün fənlər rəsm dərsidir sanki, texnologiyadan belə şəkil çəkilir. Məgər əmək dərsi əyani dərs deyilmi? Qızlar tikiş tikməməlidirmi? Oğlanlar emalatxanalarda vəsaitlərlə əyani tanış olmamalıdırmı? 6-cı sinifin Texnologiya dərsliyi bizi əldən saldı. Bütün günü mişar, balta, rəndə, dəmir kəsən dəzgah və müxtəlif vəsaitlərin şəklinin çəkilməsi ilə məşğul olmuşuq. Buna cılız bir orqanizm tab gətirərmi?” Şagirdlərin asudə zaman qıtlığının olmasını böyük problem hesab edən G.Eyvazlıın sözlərinə görə, ibtidai siniflərdə belə rəsm, bədən tərbiyəsi kimi relaks (rahat) dərslər müəllimlər tərəfindən çıxarılaraq riyaziyyatla əvəzlənib: "Yəni bu uşaq başını yuxarı qaldırmasınmı? Qozbel, zəif gözlü olsunmu? Təhsil işçiləri məktəblərimizdə eynək taxan şagirdlərin sayının sürətlə artmasına diqqət yetiriblərmi? Nazirlikdən gələn nümayəndələr sinif otaqlarının ölçülərinin norma daxilində olub-olmamasına fikir verirlərmi? Bəs havalandırma? Uşaqların maraqlı asudə zaman keçirməsi üçün vaxt? Axı bütün bunlar sağlam nəsil yetişdirmək üçün əsas şərtdir”. Yazarın fikrincə, əslində kurikulum sisteminə görə, yaradıcı, mülahizə yönümlü bütün işlər sinifdə öz həllini tapmalıdır. Dəsrlər rahat təşkil olunmalı, gərginlik və zorakılıq olmadan keçirilməli, uşaq dərsdən həzz almalıdır: "Nədənsə sovet təfəkkürlü bəzi müəllimlərimiz əlavə ixtisasartırma yönümlü kurslarda iştirak etsələr də, onu dərsə tətbiq etmirlər. Yəqin ki, sadəcə, bu tip kurslarda vaxt keçirirlər. Bu da kitab və tədris prosesi arasında tarazlığı pozur”.
Yazıçı və şairlərin bioqrayasının təqdimatına toxunan G.Eyvazlı məsələn, 7-ci sinfin Ədəbiyyat dərsliyindən misal gətirərək bu nəşrdə heç bir şairin və yazıçının doğum, yaradıcılıq dövrü haqqında məlumat verilmədiyini bildirir: "Sadəcə, doğum və ölüm tarixi yazılıb. Hətta Çingiz Aytmatovun, Viktor Hüqonun hansı ölkənin yazıçısı olması haqqında məlumat yoxdur. Ola bilər ki, müəllim dərs izahı zamanı bunu qeyd edəcək. Ya da həmişə olduğu kimi bu iş uşaqlara həvalə olunacaq, onlar bütün günü internetdə axtarış edəcəklər. Halbuki axtarış sistemlərində öz dilimizdə olan informasiya olduqca qıtdır. Əlavə dil bildiyim üçün biz informasiyaların çoxunu rus və ingilis dillərində əldə edirik”. Bioqrafiyanın yazıçı və şair haqqında informasiya olduğunu bildirən yazar hesab edir ki, bu məlumatlar dərslikdə uzun-uzadı verilsə belə, əzbərlənməsi əsas şərt deyil, amma oxumaq mütləq vacibdir: "Çünki bu, bizə şəxs haqqında, onun müəyyən səviyyəyə gəlməsi haqqında dolğun informasiya verəcək. Yaşadığı dövr haqqında bizdə təsəvvür yaradacaq”. Dərsliklərimizdə müsbət tərəflərin olduğunu qeyd edən yazar həmçinin nöqsanların da az olmadığını bildirir: "Məncə, məktəblilər üzərində eksperiment artıq yekunlaşmalıdır. Dərslikləri hazırlayan zaman məsələyə təkcə pedaqoqlar yox, psixoloqlar və sosioloqlar cəlb olunmalıdır. Dərs yükü azaldılmalıdır. Məqsəd kübar və elit cəmiyyət quruculuğudursa, estetik nəsnələrə də yer ayrılmalıdır. Uşaqlar gərgin riyaziyyat, fizika, kimya kimi dərslərdən sonra musiqi dərslərində zövqlü musiqilər dinləməklə beyinlərini dincəltməlidir. Daha filan bəstəkar filanıncı ildə filan operanı yazıb rəqəmləri ilə beyinləri tıxaclanmamalıdır. Rübün yekununda summativ kimi yeni tətbiq edilən imtahan növü bütün fənlərə tətbiq edilməməlidir. Çünki bu cür yüklənmə uşqlarda kəkələmə, stress kimi xəstəliklərə yol açılmasına səbəb olur. Mən şəxsən bu cür neqativ hadisələrin şahidiyəm. Uşaqlar stress içindədirlər. İl ərzində verilən saysız imtahanlar uşaqlarımızı məhv edir. Lütfən, bu haqda düşünün. Mən bir yazar olaraq yox, həm də övladımın, Vətənin övladlarının gələcəyindən narahat olan ana kimi danışıram”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər