AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ədəbiyyat adamları karantində

Ədəbiyyat adamları karantində

Cəmiyyət
01 May 2020, 15:41 1754
Və ya virusa ədəbi əsərlərlə cavab verənlər olacaq?

Dünya şöhrətli şair və dramaturq Uilyam Şekspir üçün bizim indi daha çox fikir verməyə başladığımız sanitar qaydalar həyat norması olub. 16-cı əsrin sonu 17-ci əsrin əvvəllərində onun bir neçə qardaşı və 11 yaşlı oğlu Hemnet  vəbadan tələf olub. Fikirlər var ki, dahi yazıçı "Kral Lir” ,”Maqbet” kimi əsərlərini Londonda epidemiyanın tüğyan etdiyi vaxtda, təcriddə olarkən yazıb. Bu fakt tam təsdiq olunmasa da, böyük yazıçının bu əsərlərinin əhəmiyyətli hissələrini ekstremal şəraitdə yazdığı təsdiqlənib. Məsələn, 17-ci əsrdə London teatrları epidemiya üzündən 60 dəfədən çox qapanıb. Teatrda həm də aktyor olan Şekspir işini itirib və o, həmin ərəfədə dunyaca məşhur pyeslərini, şeir və poemalarını yazıb.
1830-cu ilin payızında Rusiyada epidemiya yayılanda Puşkin Nijni Novqorod yaxınlığında Böyük Boldinodakı malikanəsində virusa ədəbi əsərlərlə cavab verib. Böyük şair 32 şeir, pyes və poemalar yazıb. Həmin əsərlər rus ədəbiyyatına "Boldino payızı” adı ilə daxil olur.  "Yevgeni Onegin” üzərindəki işlərini də burada tamamlayır. O dövr Puşkinin ədəbi yaradıcılığında xüsusi fərqlənir.
"İtmiş zamanın axtarışında” epopeyasının müəllifi, fransız yazışısı Marsel Prust isə özünü Parisdəki mənzilində könüllü təcrid edərək bir sıra əsərlərini yazıb. Prustun özünütəcridinə heç nə mane ola bilməyib və o, ömrünün axırınadək bir neçə ilini belə keçirib.
Amerika yazıçısı Cek Keruak "Yolda” romanını özünütəcriddə olarkən yazıb. O, üç həftə Nyu-Yorkdakı mənzilindən çıxmadan yazı makinasında romanının əlyazmasını yığıb. Səyahət romanı çox da böyük olmayan yarıqaranlıq otaqda yaranıb. Bir intervalla yazılan  60 metrlik makina rulonu 2001-ci ildə 2.43 milyon dollara auksionda satılıb.
Devid Selincer də 1960-cı illərdə Korniş şəhərindəki evində özünü təcrid edib. Yalnız zəruri hallarda küçəyə çıxıb və heç kimlə ünsiyyətdə olmayıb. Yazıçı bunu rahat şəkildə ədəbiyyatla məşğul olmaq üçün edib.
Ədəbi aləmə Tomas Pinçon,  Con Kutzee, Viktor Pelevin və b. yazıçılar da məlumdur ki, onlar təkcə təcrid şəraitində yaratmayıblar, həmçinin öz şəxsi həyatlarını toxunulmaz saxlayıblar.  Ümumiyyətlə, ədəbiyyat, incəsənət və elm adamlarının yaradıcılığında müxtəlif dövrlərdə epidemiya və ya özünütəcrid səbəbindən yaranan nümunələr kifayət qədər çoxdur.
Hazırda koronavirus pandemiyası da insanları evə qapadıb. Geniş dünya indi bir evə sığınıb. Hərçənd keçmiş dövrlərdən fərqli olaraq, internet insanların əlini dünyaya daha əlçatan edib. Təbii ki, müxtəlif sahələrin  yaradıcı insanları bu dövrdən özlərinə uyğun şəkildə yararlanmağa çalışırlar. Bəs sosial təcridi indiki dövrdə  ədəbiyyat adamları üçün yaradıcılıq baxımından əhəmiyyətli hesab etmək olarmı?  
"Müzakirə”mizdə bu suala cavab tapmağa çalışdıq.
 
Pandemiya sıxıntılarına inad
 

Yazıçı-publilist Nəriman Əbdülrəhmanlı deyir ki, ovqatının, yazmaq istəyinin pandemiyaya, yaxud hava şəraitinə çox az dəxli var: "Mən öz içimin havası ilə yaşayan adamam. Şübhəsiz, pandemiya ilə bağlı məhdudiyyətlər sıxıntımı bir qədər də artırdı. Canımı qurtarmaq üçün köhnə yazıların üzərinə qayıtdım, arxivimi qaydaya saldım, "Yalqız” və "Yolsuz” romanlarını bir daha, bu dəfə oxucu kimi oxudum, yenidən nəşrə hazırladım. Uzun illər ərzində qələmə aldığım portret yazıları yığıb bir kitab şəklində hazırladım, yəqin ki, imkan olanda işıq üzü görəcək. Ədəbi tərcümələrimi də ayrı bir kitabda topladım, o da öz nəşrini gözləyir. Sonra, az qala, özümü tanıyandan bəri yığdığım Qaraçöp ağzında işlənən bəzi sözlərin izahlı lüğətini tərtib eləməyə başladım. Məhdudiyyətlər ərəfəsində yekunlaşdırdığım 4 cildlik "Azərbaycan kino sənəti tarixi”ni, hələ çap olunmamış tərcümə kitablarını da əlavə eləsək, bu sıxıntılar içində müəyyən işlər gördüyümü deyə bilərəm”. Yazıçının sözlərinə görə, bu günlərdə "Yol gəlir Ərdəbildən” publisistik kitabı çap olunub: "Həmçinin çapa hazırladığım böyük gürcü şairi Şota Rustavelinin "Pələng dərisi geyinmiş cəngavər” poeması (mərhum dostum Ruhin Sadıqlının orijinaldan və uğurlu tərcüməsində) nəşr olundu. Dostum, şair Nurafizin poetik tərcümələr kitabı da çapa hazırlıq prosesindədir. Bütün bu işləri görə-görə də yeni romanıma hazırlaşıram. Beləcə, pandemiyaya, onun əlavə sıxıntılarına inad göstərərək daha çox işləmişəm”.

Həbsxana kimi bir şey
 

Şair Elxan Zal karantin günlərini yaradıcılıq üçün fürsət hesab eləmir: "Pandemiya dövrü həbsxanada olmaq kimi bir şeydir. Düşünmürəm ki, bu, yazmaq üçün böyük bir fürsətdir. Hansı bir mənəvi qida alırsan ki, yazasan?” Bununla belə, yazıçı klassik qazax şairi Abay Kunanbayevin poeziyasını tərcümə etdiyini deyir: "Demək olar ki, əsasən, tərcümə işləri ilə məşğul olmuşam. Özümün də yarımçıq əsərim var, onun üzərində işləyirəm”.
 
Evə qapanmağın ziyanı
 

Pandemiya dövrü yazıçı Varis Yolçuyevə yaradıcılığına daha çox vaxt ayırmağa imkan verib: "Yarımçıq romanım vardı, onun üzərində çalışıram. Osmanlı imperiyası dövründə erməni məsələsi ilə bağlı arxiv sənədləri götürmüşdüm, onları araşdırıram. Bir hekayə üzərində də işləyirəm. İş saatı ayırmışam, hardasa sutka ərzində 12-13 saat işləyirəm. Bir romanım da tərcüməyə gedəcək, onu sadələşdirirəm ki, rahat tərcümə olunsun”. Yazıçı karantini yaradıcılığı üçün fürsət hesab eləmir: "Mən həmişə bu qayda ilə işləmişəm, yenə də eyni qrafiklə işləyirəm. Sadəcə, pandemiya dövrü yaradıcılığa daha çox vaxt ayırmağa imkan verdi. Bununla bərabər, beynəlxalq tədbirlər, xarici səfərlərdən məni məhrum etdi. Evə qapanmaq, hamı kimi mənə də ziyan oldu”.
 
Nəfəs dərməyə macal
 

Yazıçı Kənan Hacı karantin dönəmində psixoloji gərginliyi özünə yaxın buraxmayaraq, çoxlu mütaliə edib: "Nə vaxtdan bəri ertələdiyim kitabları oxudum, beş-altı esse , bir hekayə yazdım, xeyli filmlərə baxdım, yazacağım roman barədə eskizlər etdim. Həm də bu iki ayda koronavirusla bağlı insanların xaotik yaşantıları ilə ağlı xeyli qeydlər aparmışam. Bu qeydlər ola bilsin ki, hansısa əsər üçün mövzu olsun. Bu barədə də düşünürəm”. Yazıçının fikrincə, evdə qalmağın müsbət tərəfi odur ki, insanlar düşünməyə, nəfəs dərməyə, çox şeyləri götür-qoy etməyə macal tapıblar: "Düşünürəm ki, bunun da çox böyük faydası var”.
 
Pandemiyanın verdiyi zaman   
 

Gənc yazar Ülviyyə Heydərova  "COVİD-19 pandemiya elan olunanda, bununla bağlı bütün ölkələr karantin rejiminə keçəndə, təbii ki, mən də hamı kimi həyəcan keçirdim” - deyə qeyd edir: ”Əvvəlcə maarifləndim, tətbiq olunan bütün qaydalara əməl etməyə çalışdım. Bir çox müəssisələr ev şəraitində çalışsa da, bildiyiniz kimi, bu, KİV-ə, o cümlədən televiziyada çalışanlara şamil edilmədi. Çünki xəbər həmişə və hər an yaranır. Bununla belə, bir həftə evdə qalmaqla növbəli şəkildə çalışdıq. Hər dəfə evdə qaldığım müddətdən maksimum dərəcədə yararlandım, düşdüyüm vəziyyəti müsbətə dəyişdim. Pandemiya bizə böyük zaman verdi. Təsəvvür edin, zamanın  sürətlə uçduğu bir vaxtda, birdən-birə sənə günlər, həftələr verilir”.  Ü.Heydərova təşvişə, depressiyaya düşmədən bu həftələri bütünlüklə yaradıcılığa ayırıb: "2009-cu ildən Sankt-Peterburq haqqında yazdığım, işçi adı «Viva Piter» olan romanımı, nəhayət ki, bitirdim. Hazırda romanı redaktə edirəm. Karantin, həm də mənə yeni bir mövzu verdi. Romanımın redaktəsini müvəqqəti dayandırıb, ikipərdəli «Karantin nəğməsi» adlı dram əsəri yazdım. Əsər, toyları pandemiyaya görə təxirə salınan iki gəncdən bəhs edir. Bu günlər ərzində yaradıcılıqla məşğul olsam da, təbii ki, doğmalarım, dostlarım üçün darıxırdım. Etiraf edək ki, onlayn görüş canlı görüşü heç vaxt əvəz edə bilmir. Odur ki, hamı kimi mən də karantinin bitməsini gözləyirəm. Ölkəmizə, dünyamıza əmin-amanlıq arzulayıram. Virusa yoluxanlara isə tezliklə sağalmalarını diləyirəm”.

Təranə Məhərrəmova