Ədəbi nəsillərin ictimai şüurunda hansı fərqlər var?
25 il əvvəl və ondan sonra meydana gələn ədəbi nəsillərin ictimai şüurunda
öz sələfləri ilə müqayisədə hansı fərqlər var? İndiki ədəbi nəslin ictimai
şüurunu necə xarakterizə etmək olar? Nəsillərin dəyişməsi, onilliklər arasında
yaranan məsafələr ədəbi nəsillərin ictimai şüurunda hansı dəyişikliyi yaradır”
"Kaspi”nin "Müzakirə”sində bu kimi
suallara cavab tapmağa çalışdıq.
Milli ədəbiyyatın "qan qrupu”
Bütün ədəbi nəsillərin öz mahiyyətinə görə bir-biri ilə qırılmaz
tellərlə bağlı olduğunu bildirən yazıçı-flosof
Firuz Mustafa "hər bir milli ədəbiyyatın öz "qan qrupu” var...” deyir: "Məsələn,
nəinki 25 il öncəki ədəbi nəsillə bugünkü ədəbi nəsil arasında, hətta tutaq ki,
250 il öncəki ədəbi nəsillə bugünkü ədəbi nəsil arasında da bir əlaqə
mövcuddur. Mən 250 il anlayışını əvvəlcə şərti işlətmişdim. Amma indi deyə
bilərəm ki, əslində bu həm də real bir faktdır. O mənada ki, 250 il öncə
yazıb-yaratmış Vaqif, 200 il öncə öz
əsərlərini qələmə almış Bakıxanov, 150 il öncə öz şedevrlərini soydaşlarına
təqdim etmiş Axundov, 100 il öncənin cahilliyi girdabında dərdlərimizi
inanılmaz bir cəsarətlə söyləyən Mirzə Cəlil... sözün müəyyən, lap elə həqiqi
mənasında bizim müasirlərimizdir. Çünki bugünkü istedadlı (söhbət istedaddan
gedir) adamın ədəbi genində adlarını çəkdiyim və çəkmədiyim dahilərimizin
"rüşeymləri” yaşayır. Belə hesab edirəm ki, hər bir milli ədəbiyyatın öz "qan
qrupu” var”.
Nəsillərin ictimai şüuru arasındakı fərqə gəlincə, F.Mustafa ictimai
şüurun formalaşmasının çox mürəkkəb bir proses olduğunu bildirir. Belə ki, o,
birdən-birə, hansısa bir sıçrayış və ya "vəhlə ” meydana gəlmir və gələ bilməz:
"Sosial şüuru şərtləndirən amillər çoxdur. Bu sahədə xüsusən sosial məkan və
sosial zamanın rolu müstəsna dərəcədə çoxdur. İctimai şüuru həm də mövcud
ictimai mühit formalaşdırır. Sosializm dövründə meydana gələn ədəbi nəsillə
bugünkü ədəbi nəsil arasında təbii ki, fərqlər var və olmalıdır da. Əgər həmin
dövrdə sosial ideallar öndə idisə, bu gün kapitalizmin öz mahiyyətindən irəli
gələn dəyərlər üstünlük təşkil edir. O vaxt ədəbiyyatın cəmiyyət həyatına
təsiri daha güclü idi və bunu mövcud quruluş da təqdir və tələb edirdi. Amma bu
gün ədəbiyyatın cəmiyyətə təsiri azalıb. Bir sözlə, sosializmdə "sənət həyat
üçündür” prinsipi başlıca meyar idisə, bu gün "sənət sənət üçündür” devizi önə
keçib”.
Yazıçı hesab edir ki, bu günün ədəbi simaları daha çox ictimai şüura
deyil, adi və ya kütləvi şüura təsir göstərmək imkanına malikdir: "İndiki ədəbi
nəsil haqqında bir-iki kəlmə ilə danışıb, konkret rəy söyləmək çətindir. Çünki
bu nəsildə müxtəlif imkan və qabiliyyətə malik olan adamlar var. Təbii ki,
ədəbi aləmdə hələ öz sözünü lazımı səviyyədə deyə bilməyən nəsil haqda indidən
söz demək çətindir. Şübhəsiz ki, istedadlar var. Amma iddiası ilə istedadı
üst-üstə düşməyənlər də kifayət qədərdir. Dialektik fəlsəfədə imkan və
gerçəklik kateqoriyaları var. İmkanın gerçəkliyə çevrilməsi üçün bir real
şərait və əməli fəaliyyət də lazımdır. Bu mənada müasir dövrdə gərək
ədəbiyyatın xaricə də bir pəncərəsi - "nəfəsliyi” olsun”. F.Mustafanın
fikrincə, indiki ədəbi nəslə dəstək vermək, onların azad fəaliyyət göstərməsinə
şərait yaratmaq lazımdır: "Zira, əlində imkanı olanlar, lap elə əlaqədar
qurumlarda çalışan ədəbi məmur və "ədəbi generallar” xaricdə (lap elə daxildə
də) yalnız özlərini nəşr, təqdir və təbliğ etməklə məşğul olurlar. Hər bir
xalqın əsas inkişaf göstəricisi həm də onun mədəniyyətinin, ədəbiyyatının,
incəsənətinin inkişaf indeksi ilə müəyyənləşdirilir”.
Qısa vaxt ərzində ictimai
şüur dəyişib
"Ulduz” jurnalının baş
redakroru Qulu Ağsəsin fikrincə,
ictimai şüurda dəyişikliyi şərtləndirən iqtisadi, ictimai-siyasi həyatdır. Belə
ki, ictimai şüur şərti olaraq mücərrəd götürülür: "Ola bilər ki, 100 il və ya
200 illik ictimai şüur dəyişməyib. Ancaq o da ola bilər ki, bir günün və ya bir
həftənin içində ictimai şüur dəyişsin”. Yazarın fikrincə, 1991-ci ildən indiki
dövr arasında keçən qısa vaxt ərzində ictimai şüur dəyişib: "Ancaq bu
dəyişiklik nə ilə bağlıdır? Əgər 91-ci ilin insanı sovet insanıdırsa, indiki
insan isə yarımmüstəqil insandır. Ölkəmiz müstəqil olsa da, insanımızın
düşüncəsi tam müstəqil deyil. Bəzi insanlar hələ də elə bilirlər ki, ölkəmiz
sovetlər birliyi ilə yenə də birləşəcək və itib-batacaq. Bu da hər bir sahədə,
o cümlədən ədəbiyyatda öz əksini tapır. Məsələn, təkcə ədəbiyyatda Allaha
münasibəti götürək. Tutaq ki, sovet dövründə Allaha münasibət birmənalı şəkildə
idi. Yəni Allahın yoxluğu, ateizm və s. münasibətlər qabardılırdı. 80-ci
illərin sonundan, 90-cı illərin əvvəlindən etibarən ədəbiyyatda Allaha
münasibət dəyişdi. Allahın varlığı qəbul olunmağa başlandı. Allah kəlməsi şerə
gətirildi. Hətta bu mövzu elə bir xətlə getdi ki, hər şeyi Allahın adı ilə
bağlamağa başladılar. Yəni əvvəlki dönəmdə insan faktoru Allahdan önə
çıxırdısa, son illər Allah faktoru o qədər önə çıxıb ki, ümumiyyətlə, insanın
varlığı unudulmağa başlayıb. Elə bil ki, hər şeyi Yaradanın boynuna yıxmağa çalışdılar.
Görürsünüz, ictimai şüur yavaş-yavaş dəyişir - ədəbiyyatda Allahın öz yeri,
insanın öz yeri var”.
Yazarın fikrincə, duyğuları dilə gətirməkdə, insanın varlığının ifadə
olunmasında artıq elə bir problem qalmayıb. Yəni, insan bütün duyğularını olduğu
kimi - mənfi, müsbət, içinin xıltı və s. ilə ədəbiyyata gətirir: "O mənada ki,
insan həm qatildir, həm fəraridir, həm vətəninin xilaskarıdır, həm də ən ali
varlıqdır. Bütün bu duyğular ədəbiyyatda var. Ancaq çox təəssüflər olsun ki,
bəzən biz torpağı qazanda beli çox dərindən vururuq. Lazım olan-olmayan
məqamları da gətirib ədəbiyyat süfrəsinin içinə qoyuruq. Növbəti 25 il, ya da
50 il lazımdır ki, hər şeyi öz rəngində görək”.
Q. Ağsəs bu gün bəzən ictimai şüurun ədəbi meyarları
formalaşdırdığını təəssüflə bildirir: "Ancaq mənim fikrimcə, ədəbi meyarlar özü
dəyişilməz qalmalıdır. Sənət sənət üçün, ədəbiyyat ədəbiyyat üçün olmalıdır,
ictimai şüurun formaları da ədəbiyyatda rol oynamalıdır”. Bugünkü ədəbi şüura
münasibət bildirən yazar hazırkı ədəbi-ictimai şüurdan həm razı, həm də narazı
olduğunu söyləyir: "Bəlkə də həyat ona görə gözəldir ki, ondan nə razı, nə də
narazı qalmaq olur. Yəqin yaşamaq da ona görə maraqlıdır. Hər şeydən razı
qalsaydıq, həyatın mənası olmazdı”.
Ədəbi anarxiya
Poeziyadan, yeni şair nəslindən danışan Moskvada yaşayan yazar Afaq Şıxlı indiki zamanın şairlərini iki
qismə ayırır: şer yazanlar və yazdığını şer kimi yazanlar: "Əgər demək
istədiyin fikri yalnız və yalnız şerlə deyə bilirsənsə, yəni fikir şer
formasında dünyaya gəlirsə - buna əngəl qoymaq olmaz. Amma fikri başqa üsulla
da ifadə edə biləcəksənsə, məncə şer yazmağa gərək yoxdur.
Hərdən mənə elə gəlir ki, şerdə bütün üslub tələblərinin,
qayda-qanunların aradan götürülməsi - yerindən duran hər kəsə özünə "şair”
demək haqqı qazandırır. Kimlər tərəfindənsə qarşıya qoyulan məqsəd də elə budur
- sözün gücünü, sözün qüdrətini öldürmək! Söz adiləşərsə - ədəbiyyat,
mədəniyyət, incəsənət heçə dönər. Və o zaman bu qədər klassikləri, dahiləri,
zəngin keçmişi olan bir xalqın gələcəyi məhv olar!”
Dövlət tərəfindən təhsilə bu qədər önəm verildiyi, hər bir uşağın
məktəbdə oxumaq imkanının olduğu bu dövrdə özünə şair və ya yazıçı deyən şəxsin
savadsız olmağa haqqının olmadığını bildirən A.Şıxlı hesab edir ki, ədəbi
istedadının var olduğunu hiss edən, gələcəyini ədəbiyyatla bağlamağa hazır olan
gənclərin ədəbi azadlıq adı altında pis yazılar təqdim etməyə haqqı yoxdur: "Dövrünün
çətinliyindən, ehtiyac üzündən gözəl orta təhsil və ya ali təhsil ala bilməyən
aşıqları, şairləri üzlərinə qalxan edib, hər addımda misal çəkməyə haqları
varmı? Yoxdur! Məlumdur ki, dövrünün məşhur şairi Mayakovski durğu işarələrini
qoymağı bacarmırmış (O, 1908-ci ildə pulsuzluq ucbatından gimnaziyanın V
sinfindən xaric edilib). Çox vaxt onun əsərlərinin üzərində ədəbiyyatşünas və
ədəbi tənqidçi O.M. Brik işləyirmiş. Və ya şair özü nəşriyyata gələrkən: "bura
o işarələrdən düzün” deyərmiş. Eləcə də çox zaman sözləri fonetik olaraq,
eşitdiyi və tələffüz etdiyi kimi yazarmış. Buna misal olaraq Aşıq Ələsgəri də
qeyd edə bilərik. O da xüsusi təhsil ala bilməmişdi”.
A.Şıxlının fikrincə, 25 il öncənin ədəbi mühitində kitab oxumaqdan
doymayan, özünü təkmilləşdirməkdən usanmayan, arxayınlıq nədir bilməyən, sözə
qənaət edib ən gözəlini ortaya çıxaran yazarlar olub: "Özlərindən əvvəlkilərə
hörmət edərək, onlardan öyrənərək, özlərindən sonrakı nəsli də inkişaf yoluna
çəkənlər vardı. Mən Azərbaycan ədəbiyyatının böyük bir xəzinə olduğuna adım
kimi əminəm. Amma bu xəzinəmizi darmadağın etmək istəyən küləklər əsir.
Çox sayda şirin dilə, böyük ilhama malik inci kimi gənclər tanıyıram.
Lakin onlar cilalanmamış gövhərə bənzəyirlər. Ədəbi
anarxiya bu istedadlı, fərasətli, gözəl gələcəyi ola biləcək gənc şair nəslini məhv
edə bilər. Niyə? Çünki yazdıqlarını təhlil edib irəli can ata biləcəkləri,
özlərinə doğru-dürüst örnək seçə biləcəkləri, poetik dilin sirlərinə yiyələnə
bilmək üçün ilham alacaqları heç nə qalmaya bilər!”
Təranə Məhərrəmova