Ədəbi müsabiqələr necə keçirilməlidir?
Ədəbi aləmdə
yazılan əsərlərin dəyərləndirilməsi üçün müxtəlif qurumlar tərəfindən ədəbi
müsabiqələr keçirilir. Onların ətrafında yaranan narazılıqlar da öz yerində.
Yazarlar ədəbi müsabiqələrin daha da genişlənməsinin və davamlılığın tərəfdarıdırlar.
Ədəbi müsabiqələrin keçirilməsi, formatı ilə bağlı "Müzakirə»mizdə maraqlı
fikirlər və təkliflər səsləndi.
"Bu cür yarışmalar daha çox gənclər arasında
keçirilsə yaxşıdır”
Yazıçı İlqar Fəhmi hesab edir ki, ədəbi müsabiqələrin keçirilməsi
üçün ilk növbədə nominasiyalar təşkil olunmalı, ayrı-ayrı janrlar üzrə müsabiqə
qalibləri elan olunmalıdır: "Mən indiyə qədər müxtəlif nominasiyalar üzrə
keçirilən ədəbi müsabiqələrin şahidi olmamışam. Bizdə adətən, müsabiqələr ümumi
elan olunur. Bu isə düzgün deyil. Nominasiya üzrə götürüləndə münsif də hansı məqamlara
diqqət etməli olduğunu bilir. Bizdə əksər hallarda "Ən yaxşı roman”, "Ən yaxşı
hekayə” və ya "Ən yaxşı şeir” müsabiqələri keçirilir. Ancaq süjet xəttinə, bədii
dilinə və yaxud digər təsvirlərə görə nominasiyalar da təyin edilməlidir. Məsələn,
Hollivudda kinolara necə qiymət verilir? Orada filmlər müxtəlif kriteriyalar
üzrə seçilir. Ədəbi müsabiqələr üzrə də belə seçim olmalıdır”. Yazıçı "Qızıl kəlmə”
mükafatı üzrə müxtəlif istiqamətlərə görə nominasiyaların olduğunu qeyd etsə də,
həmin müsabiqənin də ədəbi müsabiqə şərtlərinə
tam cavab vermədiyini deyir: "Əli və Nino” kitab evi "Milli Kitab Mükafatı”
müsabiqəsi keçirəndə mən onlara I, II və III yerlərin qalibini elan etməkdənsə
«Ən yaxşı dil», «Ən yaxşı novatorluq» və s. üzrə nominasiyalar təsis etmələrini
təklif etdim. Ancaq onlar yerlər üzrə ayrı-ayrı qaliblər elan etdilər. Bu cür
seçim hansı kriteriyalar üzrə aparılır? Bu baxımdan ədəbiyyatı riyaziyyata
çevirmək absurddur”. Yazıçı hesab edir ki, ədəbi müsabiqələrin keçirilməsi ilk
növbədə ədəbiyyata gələn gənclər üçün stimul ola bilər: "Özünü artıq ədəbi
mühitdə təsdiq edən, öz oxucusunu qazanan insanın mükafat alıb-almamasının onun
üçün əhəmiyyəti yoxdur. Düzdür, dünyanın bir çox ölkələrində sponsorluq fəaliyyəti
ilə gündəmə gəlmək istəyən və bu baxımdan müəyyən müsabiqələrin keçirilməsinə dəstək
olan qurumlar da var. Əgər belə sponsorlar varsa, bu cür yarışmalar daha çox gənclər
arasında keçirilsə yaxşıdır”.
"Çeşidli müsabiqələr keçirmək olar”
Yazıçı Mirmehdi Ağaoğlunin fikrincə, hazırda ölkəmizdə ədəbi müsabiqələrin təşkili
demək olar ki, yox dərəcəsindədir: «Bəlkə də tək-tük, barmaqla sayılası qədər
müsabiqələr var. İstərdim ki, çoxlu müsabiqələr keçirilsin: qəzetlər təşkil
etsin, müxtəlif ədəbi qurumlar, institutlar keçirsin. Bunlar ədəbiyyatın
inkişafına öz töhfəsini verə bilər. Bu baxımdan, ədəbi mükafatların olması çox
yaxşıdır». Yazıçının fikrincə, müsabiqələrdə verilən mükafatın dəyərinin yüksək olması önəmlidir:
«Təklif edərdim ki, pul mükafatı bir qədər yüksək miqdarda təyin edilsin. Belə
olanda həm rəqabət güclənir, həm də həvəs artır. Yazarlar da belə müsabiqələrə
qatılmağa can atırlar. Digər tərəfdən, müsabiqələrin şəffaf keçirilməsi məsələsi
var. Təəssüf ki, bizdə bəzən müsabiqələrdə subyektiv maraqlar çıxış edir.
Münsiflər qalibiyyəti öz tanıdıqlarına, çevrələrindəki adamlara verirlər. Ona
görə də müsabiqələr ilk növbədə şəffaf keçirilməlidir ki, yazarların inamı
artsın. Həmçinin, müsabiqəyə təqdim olunan əsərlərin müəlliflərinin, ekspertlərin
adları gizli saxlanmalıdır ki, onlara təsir olmasın. "Ədəbi azadlıq” müsabiqəsi
bir ara müsabiqələri obyektiv keçirirdi. Mən onlara inanırdım». Ədəbi müsabiqələrin
davamlılığına gəlincə, M.Ağaoğlu hesab edir ki, davamlı olan fəaliyyət özünə
qarşı etibarı artırır: «Tutaq ki, biz Nizami Gəncəvi adına ədəbiyyat müsabiqəsi
keçiririk. Bir neçə il sonra bu müsabiqəni
beynəlxalq müsabiqəyə də çevirmək olar. Ümumiyyətlə, müsabiqələrin davamlı
olması ona etibarlılığı təmin edir. Ölkədə müsabiqə keçirəcək ictimai qurumlar
çoxdur. O mənada ki, "Nobel” mükafatı qeyri-dövlət təşkilatlarının təsis etdiyi
mükafatdır. Ancaq bu mükafatın nüfuz dairəsi o qədər böyüyüb ki, dövlətinin
marağına çevrilib”. Yazıçının fikrincə, hər sahədə bu cür mükafatların olması həmin
sahədə rəqabəti artıra, daha yaxşı nəticələrin əldə olunmasına kömək edər: "Çeşidli
müsabiqələr keçirmək olar. Məsələn, jurnalistika, filologiya fakültələrində
janrından asılı olmayaraq müsabiqələrin keçirilməsi təmin olunmalıdır. Bizdə
müsabiqələrin çeşidliliyi yoxdur. Biz adətən, roman, şeir və ya hekayə müsabiqəsi
keçirməyə can atırıq. Məsələn, Amerikada "Fantast hekayələr” müsabiqəsi
keçirilir. Bu baxımdan, müsabiqələrin çeşidini genişləndirmək faydalı olar. Təəssüf
ki, bizdə belə nümunələr yoxdur».
"Müsabiqələrin uzunömürlü olması üçün vacib
resurslar gərəkdir”
Hazırda bizim ədəbi
aləmdə geniş əhatə dairəsi olan hər hansı müsabiqənin olmadığını deyən yazar Qismət yalnız müəyyən saytların və
ya qəzetlərin təşkil etdiyi xırda, stimullaşdırıcı müsabiqələrin olduğunu
bildirir: «Hesab edirəm ki, bizdə ildə bir neçə dəfə və müxtəlif nominasiyalar
üzrə keçirilməsi zəruri olan, həmçinin obyektivliyinə heç kəsin şübhəsi olmayan
milli mükafata ehtiyac var. Bu, yazılan kitabların, ilboyu üzərində çalışılan
romanların, şeirlərin sayını daha da çoxalda və keyfiyyətini artıra bilər. Bizdə
isə müsabiqələr başlayır, əvvəlcə mükafat fondu az olmur. Sonra isə get-gedə həmin
müsabiqə ətrafında qeyri-obyektivliklə bağlı müxtəlif şayiələr formalaşır. Təşkilatçılar
da həvəsdən düşürlər. Bu baxımdan, obyektivlik məsələsi və həmin mükafat fondunun
büdcəsinin yüksək olması məsələsi vacibdir. Bu, dünyanın hər yerində var. Ümumiyyətlə,
kitabçılıq dünyası nəşriyyat sistemini dirildə bilər. Bu mənada, müsabiqələrin
keçirilməsinə ehtiyac var. Hələ ki, ölkəmizdə keçirilən belə bir müsabiqəni
görmürəm”. Yazar hesab edir ki, müxtəlif müsabiqələrin keçirilməsi üçün ilk
növbədə onların davamlılığı, maliyyə məsələsi təmin edilməli və təşkili üçün maddi
resurs olmalıdır: "Maliyyə olmalıdır ki, müsabiqə hansısa layihə kimi bir-iki
il baş tutub, sonra yarıda qalmasın. Hər hansı bir layihə uzunömürlü olanda o,
nüfuz da gətirir. Uzunömürlü olması üçünsə vacib resursların olması gərəkdir. Həmçinin,
müsabiqə keçirilməsi üçün həmin təşkilatda obyektiv komanda yığışmalıdır. Yəni
heç kəsin həmin komandanın obyektivliyinə şübhəsi olmamalıdır».
"Yazı adına hər hansı bir müsabiqə görən kimi
sevinirəm”
Yazar Aysel Əlizadə daha geniş auditoriyanı əhatə edə biləcək ədəbi
müsabiqələrin keçirilməsinin tərəfdarıdır: "İstərdim ki, televiziya efirini əhatə
edən, daha geniş ictimaiyyət üçün nəzərdə tutulan, böyük auditoriyaya çıxışı
olan müsabiqələr keçirilsin. Pop-star və ya səs yarışmaları necə böyük miqyasda keçirilirsə,
o şəkildə də yazarların yarışması təşkil
olunsun». A.Əlizadə deyir ki, ədəbiyyatın bir qədər küncə sıxışdırıldığı bir
vaxtda hansısa bir təşkilat ədəbi müsabiqə xətrinə addım atırsa, onu alqışlamaq
lazımdır: "Hardansa bir işıq ucu gələn kimi ora barmaq tıxamaq lazım deyil.
Orada sözə yer verirlər. Yazı üzərində aparılan rəqabət mənə görə ən gözəl hadisədir.
Ona görə də ədəbi müsabiqələrlə bağlı olan hər hansı çatışmazlıqlarla
uğraşmıram. Yazı adına hər hansı bir müsabiqə görən kimi sevinirəm. Yaxşı ki, bu
ənənə yaşayır. Əslində biz onlara dəstək verməliyik”. Yazarın fikrincə, müsabiqələrdə
elan olunan qaliblərin daha yaxşı hədiyyələrlə mükafatlandırılması üçün
sponsorlar cəlb edilməlidir. Belə ki, yazarların ədəbiyyata cəlb edilməsi üçün
bu tip müsabiqələrin olması şərtdir: "Çünki yazarlar yazmağa-oxumağa ayrı stimul
görmürlər. Çünki onlar ətraflarındakı yazıçıların, şairlərin həyat şəraitinə
baxır, o cümlədən hansısa iş adamının və ya başqa bir ixtisas sahibinin daha
yüksək maddi şəraitdə yaşadığını görürlər. Mən müasir dövrün yazarlarını nəzərdə
tuturam. Müsabiqələr isə ədəbiyyata gələn gənc nəsli həvəsləndirir. Yəni yazıya
araşdırmaçı gözü ilə baxan tərəflər də var”. Yazar hesab edir ki, daha yüksək səviyyədə,
azad şərtlər altında və yazarlara geniş şəraitlər yaratmaqla ədəbiyyatın təbliğinə
efirdə imkan yaradılmalıdır: "Ədəbiyyatın efirdə piarı yoxdur. Hansı verilişdə
son illər çap olunan romanlar, şeirlər reklam olunur? Bəzən yazıçıları efirə ədəbiyyatdan
kənar, qalmaqallı mövzularla bağlı danışmağa dəvət edirlər. Ədəbiyyatın efirdə həqiqi
mənada yayımına geniş yer ayrılmalıdır».
"İlk növbədə yaxşı əsərlər yaranmalıdır”
Mədəniyyət və
Turizm Nazirliyinin keçirdiyi «Qızıl kəlmə» müsabiqəsinin münsiflər heyətinin
üzvü olduğunu deyən tənqidçi Vaqif
Yusifli həmin müsabiqə çərçivəsində
təqdim olunan əsərlərə öz fikir və rəylərini bildirdiklərini qeyd edir. Belə
ki, müsabiqədə nəsr, poeziya, publisistika, ədəbi tənqid, tərcümə və s.
janrlarda yazılan əsərlər dəyərləndirilir: "Bu nominasiya üzrə mükafatlar müxtəlif
yazarlara verilir. Bundan əlavə, AMEA-nın Ədəbiyyat İnstitutunda hər il «İlin
alimi» mükafatı verilir”. Tənqidçi həmçinin, ədəbi aləmi əhatə edən və müxtəlif
birliklər tərəfindən keçirilən «İlin ən yaxşı hekayəsi», «İlin ən yaxşı şeiri»,
«Hərbi vətənpərvərlik mövzusunda ən yaxşı yazı» və s. kimi müsabiqələrə rast gəldiyini
də deyir. Tənqidçi qiymətləndirmələrdə müəyyən yanlışlıqların ola biləcəyini də
istisna etmir: "Əsas məsələ obyektivlik hissini qorumaqdır. Yəni müsabiqəni təşkil
edən adamlar gərək son dərəcə obyektiv olsunlar. Bəzən müsabiqələrə elə əsərlər
təqdim edilir ki, həmin müsabiqənin tələb etdiyi şərtlərə cavab vermir. Ona görə
də son dərəcə obyektiv olmaq lazımdır”. Tənqidçinin fikrincə, ilk növbədə yaxşı
əsərlər yaranmalıdır: "Həmin əsərlər müsabiqəsiz də, mükafatsız da öz yerini
tapacaq”.
Təranə Məhərrəmova