• çərşənbə axşamı, 16 aprel, 22:35
  • Baku Bakı 18°C

Ədəbi mühitimizdə ayrıca rakursda görünən yazıçı

12.05.17 13:00 1006
Ədəbi mühitimizdə ayrıca rakursda görünən yazıçı
Hörmətli oxucum! Bu gün sizə Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ kimi dəyərləndirilən altmışıncıların ən istedadlı, intellekti və erudisiyası ilə seçilən nümayəndəsi, çağdaş Azərbaycan ədəbiyyatının canlı klassiki, Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin dünyaca tanınmış məşhur əsərlərindən, ədəbi-nəzəri fikirlərindən bəhs etmək fikrində deyiləm. Bu haqda tanınmış akademiklərdən, tədqiqatçılardan, ustadlardan sonra söz demək, fikir yürütmək yerinə düşməz. Bu gün oxucuma ideologiyaya yox, ədəbiyyata, sənətə xidmət edən, Azərbaycan mühacirlərinin adını belə dilə gətirməyin yasaq olduğu, bir dövrdə, hər cür təhdid altında olmasına baxmayaraq, xalqının azadlığı uğrunda döyüşən Elçin Əfəndiyevdən danışmaq istərdim. Qələminin qüdrəti, istedadının gücü ilə sosialist realizminin ehkam və çərçivələrini darmadağın edən, bu gün "insanın təəssübkeşi ol” düşüncəsinə, vicdanının səsinə hakim olan Elçin Əfəndiyevdən.
Milli azadlıq hərəkatımızı bu güzgüdə - "Odlar yurdu”nda bütün dünyaya göstərdi
Elçin müəllimin sözü olmasın, bu gün qəzet açmaq, cəmiyyət yaratmaq çox asan bir işdir. Ötən əsrin 80-ci illərində isə bu müşkül bir məsələ idi. Dövlət Təhlükəsizlik Komitəsi və azad sözün qənimi olan "Qlavlit”in əməkdaşlarının yerli-yersiz qadağaları, azğınlığı görünməz həddə çatmışdı. Xalqı susdurmaq üçün hər cür vasitələrə əl atırdılar. Belə bir zamanda E.Əfəndiyev "Vətən” Cəmiyyətini yaratdı və onun ideyalarının təbliği üçün "Odlar yurdu” qəzetinin nəşrinə nail oldu. Elə çətin günlər də o vaxtdan başladı. Cəmiyyətin fəaliyyəti (Sovetlərin bir nömrəli düşmən saydığı) xariclə, diasporla bağlı olduğu üçün Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən çox ciddi nəzarətə götürüldü. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin azərbaycanlı "başbilən”lərinin əli ilə riyakarlıq siyasəti başladı, nə başladı. "Vətən” Cəmiyyətinə qarşı böhtanlar, təxribatlar, həbslər, işdən qovmalar ... Bütün bunlar Elçin müəllimin əqidəsindən, amalından bir addım belə geri çəkilməsinə səbəb ola bilmədi. Əksinə, Vətən, millət sevgisi hər şeyi üstələdi. Söz əhlində cəsarət o zaman olur ki, o, öz sözünə, amalına güvənir və bunun uğrunda mübarizə aparır. Təbii, öz bədii dünyası olan söz sahibi bu mübarizədən qələbə ilə çıxacaq. Necə ki, dünən də, bu gün də "Azərbaycan ədəbi mühitində fundamental hadisə” adlandırılan Elçin Əfəndiyev çıxdı.
1987-ci il dekabrın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Cəmiyyətin təsis konfransında Elçin müəllim "Vətən” Cəmiyyəti Rəyasət Heyətinin sədri seçilir. "Odlar yurdu” qəzetini təsis edən Elçin müəllim amal, əməl yoldaşları ilə çətin, amma çox şərəfli bir mübarizəyə qalxdı. "Mətbuat tarixin güzgüsüdür” deyən Elçin müəllim "Odlar yurdu”nu yaratmaqla 1980-ci illərin sonlarından başlanan milli azadlıq hərəkatımızı bu güzgüdə bütün dünyaya göstərdi. Vətəndən-Vətəninə qaçqın salınan 100 minlərlə insanın acı taleyinə kor olan Sovet imperiyasının çirkin siyasətini dünyaya bəyan etdi. Azərbaycan sovet mətbuatı tarixində ilk dəfə olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin varlığından bəhs etdi "Odlar yurdu”. Bununla da, qan yaddaşımızı oyatdı, xalqın milli şüurunun dirçəldilməsinə yol açdı. Bu isə Azərbaycanda yüksək vəzifədə olan, Moskvaya nökərçiliyi xalqına xidmətdən üstün tutan vəzifə düşkünlərimizi daha da azğınlaşdırdı. Qəzetə və cəmiyyətə qarşı ən çirkin əməllərə əl atmaqdan belə çəkinmədilər. Belə ağır günlərin birində Elçin müəllim belə demişdir: "Bilirəm vəziyyət çox çətindir. Dövlət Təhlükəsizlik Komitəsi bizə qarşı çox amansızdır. Amma dövr dəyərlərimizin doğru, düzgün qiymətləndirilməsini tələb edir. Unutmayaq ki, biz xalqımızın azadlığı və xoşbəxtliyi uğrunda mübarizə aparırıq”.
Girəvə düşən kimi öz vətəndaşlıq mövqeyini göstərən vətəndaş
Əslində bu, Elçin müəllimin yalnız "Odlar yurdu”nun əməkdaşlarına deyil, bütün vətənpərvər, millətsevər soydaşlarına sevgisi, Vətən harayı, milli iftixar, qürur çağırışı idi. Bu çağırışda sovet ədəbiyyatı, ideologiyası və rejiminə xidmət etməyən bir ədibin Əli bəy harayı, Məmməd Əmin yanğısı, Ağaoğlu hayqırtısı, Mirzə Cəlil müdrikliyi duyulurdu. Bu çağırışda öz varlığı, mövcudluğu ilə qeyri-bəşəri, qeyri-humanist cəmiyyətə qarşı həmişə daxili bir müxalifətdə duran həqiqi ədəbiyyatın nümayəndəsi olan Vətəndaş Elçinin müdrikliyi, aqilanəliyi görünürdü. Nəzəriyyəçi alim Cahangir Məmmədli demişdir: "Vətəndaş Elçin, girəvə düşən kimi öz vətəndaşlıq mövqeyini göstərməyi bacarır”. Elçin müəllim ədəbi mühitə hələ təzə gəldiyi zaman milli-mənəvi dəyərlərə münasibətdə vətəndaşlıq mövqeyi necə idisə, bu gün də elədir. Qərb mədəniyyəti qarşısında pərəstişin apogeyə qalxdığı, milli mədəniyyətin reklamlara qurban verildiyi çağda, millətin milliliyini qorumaq, yaşatmaq Elçin müəllimin həm həyat, həm yaradıcılıq devizi oldu.
Bu, həm də keçmişini, tarixini, mədəniyyətini qəlbinə hopdurmuş əyilməz, sınmaz Azərbaycan ziyalısının, sovet rejiminin əsarət və inhisarından çıxmaq üçün çapalayan Azərbaycan ədəbiyyatının çağırışı idi. Milli hərəkatımızın başlanmasına yönələn bu çağırışın Elçin müəllimin dilindən səslənməsi heç də gözlənilməz deyildi. Çünki o, Azərbaycan ədəbiyyatının klassiki, bütün varlığı ilə milli dəyərlərə bağlı olan, millətinin, vətəninin təəssübkeşi İlyas Əfəndiyevin ocağında dünyaya gəlmiş, böyümüş, tərbiyə almışdır.
1986-cı ilin ortaları idi. İlyas müəllimdən "Jurnalist” qəzeti üçün müsahibə götürürdüm. Çox səmimi söhbətimiz oldu. Söhbət zamanı İlyas müəllim dedi ki, Kommunist Partiyasının üzvü olmadığı üçün bəzi "başbilənlərimiz” onu rəsmi tədbirlərə, iclaslara layiq bilmirlər (Sovetlər dövründə İlyas Əfəndiyev Azərbaycanda yeganə yazar olub ki, Kommunist partiyasına daxil olmayıb). Deməli, nə İlyas müəllim, nə də onun məktəbinin yetirməsi olan Elçin müəllim siyasi göstərişlər, qanunlar əsasında yazıb-yaradan, milli və istiqlalçı ədəbiyyatın nəfəsini kəsən, sosialist-partiyaçı yazıçısı olmadılar. Səmimiyyət, düzlük hər iki yazarın həyat kredosu olub.
Odur ki, zamanından asılı olmayaraq, onların əsərləri ədəbiyyata və sənətə xidmət amalı ilə yazıldığı üçün yaşamaq hüququ qazanmışdır. Bu da sirr deyil ki, əksər yazıçılarımız, şairlərimiz, tədqiqatçı alimlərimiz müstəqilliyimizin yenidən bərpası illərində sovet dövrü yazdıqları əsərlərin bəzilərini ya birdəfəlik məhv etmək, aradan çıxarmaq, itirmək, fikrinə düşdülər, ya da qayçılama əməliyyatı apardılar. Elçin müəllim isə 32 il bundan əvvəl yazdığı hekayələrini 2000-ci ildə çap etdirərkən, ön sözdə yazır: "... mən öz yazıçı taleyimdən razıyam ki, 32 ildən sonra bu hekayələrdə bircə sözə belə toxunmadan, onları vaxtı ilə necə yazılıb və necə çap olunmuşdursa, eləcə də, yenidən nəşr etdirirəm. Bu gün mənim gizlətmək istəyəcəyim, xəcalət çəkəcəyim, unutmağa çalışacağım bircə söz də yoxdur!” Bax, budur Elçin müəllimin uzaqgörənliyi, aqilliyi, müdrikliyi. Bu, sənətə, xalqa olan böyük və sonsuz sevgidən doğur. Ona görə də, əksər tədqiqatçılarımız qətiyyətlə bildirirlər ki, Elçin bu gün ədəbi mühitimizdə ayrıca rakursda, iri planda görünür. Qələminin məhsulu olan hər bir əsəri (janrından, mövzusundan asılı olmayaraq) bu gün də, sabah da oxucularının diqqət mərkəzində olacaq. Hər yazara nəsib olmayan necə böyük və əlçatmaz xoşbəxtlik!
Təlatümlər bu imzanı nə unutdura, nə də imtina etdirə bildi...
Hörmətli Elçin müəllim! Desəm ki, Sizin bütün əsərlərinizi oxumuşam və hamısı kitab rəfimdə var, bu, doğru olmazdı (çox səmimi insan olduğunuz üçün Sizinlə ünsiyyətdə olarkən, Sizdən yazarkən səmimi olmamaq mümkün deyil! Siz görkəmli yazıçı, istedadlı filoloq alim olmaqla yanaşı, həm də dövlətin yüksək eşelonunda təmsil olunan məmursunuz. Amma yenə də səmimiyyətinizi qoruyub saxlaya bilməyiniz təəccüblü olduğu qədər, qürur doğurur və Sizi oxucularınıza sevdirən ən başlıca amil də budur). "Mahmud və Məryəm”, "Ağ dəvə” və "Ölüm hökmü” romanlarınızı oxumuşam. Romanlarınızdakı özünəməxsusluğunuz, yazıçı obrazının səmimiliyi, müşahidə bacarığınız, yeri gəldikdə kəskin, prinsipial mövqeyiniz, ətrafda baş verən hadisələrə zamanında dəqiq və düzgün reaksiyanız məni valeh etdi. Orijinal bədii ifadə tərzi, zəngin və obrazlı dil, fərqli müşahidələr, müqayisələr bir daha əsərin Sizə məxsusluğunu sübut edir. "Dövr və şəraitdən aslı olmayaraq” imzanıza sahib çıxmaq, hörmət etmək sevgisindən irəli gəlir bu. Odur ki, təlatümlər imzanızı nə unutdura, nə də imtina etdirə bildi...
"Sarı gəlin” və "Araba” hekayələriniz də bir oxucu kimi diqqətimdən yayınmadı. Burada da hadisələrə elə məharətlə ştrixlər vurursunuz ki, sonda ustalıqla oxucunun qəlbini fəth edirsiniz, onu düşünməyə, həyəcanlanmağa sövq edirsiniz. Sizin bir yazar kimi böyüklüyünüz ondadır ki, oxucunuzu təəssübləndirməklə, düşündürməklə yanaşı, onu inandırmağı da bacarırsınız. Odur ki, əsərlərinizin hər birində, istər romanlarınızda, istərsə də hekayələrinizdə irəli sürülən ideya çox əhəmiyyətli və aktual olur. Unudulmaz təəssüratlarla, maraqlı görüşlərlə, tipik hadisələrlə zəngin olan səyahət oçerklərinizdən "Yaxın, uzaq Türkiyə”, "Qabrovo görüşləri”, "Yanan ağacın şəfəqləri”ni oxumuşam. Bunlar həm də çağdaş publisistikamızın ən sanballı nümunələrindəndir. Burada bir daha publisistin özünəməxsus üslubu görünür. O, özünün müşahidə etdiyi, ondan başqa heç kimin görmədiyi, yaxud görə bilmədiyi hadisələri, faktları canlı, obrazlı şəkildə oxucusuna təqdim edir. Doğrusunu deyim ki, Sizdən söz düşəndə nədənsə daha çox "Vətən” Cəmiyyətində və onun orqanı olan "Odlar yurdu” qəzetindəki xidmətləriniz gözlərim önündə canlanır. 1980-ci illərin sonlarında xalqımızda milli heysiyyətin, milli mənlik hissinin formalaşmasında tarixi bir missiyanı yerinə yetirdi "Odlar yurdu”nuz. Odlu-alovlu bir yol keçərək, xalqın yaddaşına, qəlbinə həkk oldunuz. Milli iftixar və qürur mənbəyi olan, cəmiyyətin nəbzini tutan bu qəzet məhz Sizin rəhbərliyinizlə, təkcə "Vətən” Cəmiyyətinin deyil, bütövlükdə cəmiyyətin orqanı oldu. Milli ideologiyanın yaranması, formalaşması və onun ideoloji konsepsiya kimi hazırlanmasında rəhbərlik etdiyiniz Cəmiyyətin və onun orqanı olan qəzetin necə böyük rol oynadığı göz önündə canlanır. Xalqın azadlığı, xoşbəxtliyi uğrunda qanlı köynəyini əyninə geyib, sözü, əməli ilə savaşa çıxan məsləkdaşlarınıza hər an dəstək olmanız, bir daha Sizin böyüklüyünüzü sübut edir. Qədim Çin mütəfəkkiri Konfutsi yazırdı: "Məqsədə çatmaq üçün öz canını fəda etmək böyük insanlara xas olan keyfiyyətdir”. Elçin müəllim Siz də xalqın, millətin azadlığı, xoşbəxtliyi uğrunda savaşa girdiniz və qələbə ilə çıxdınız. Sözünüzdə, amalınızda hər an qələbə nəsibiniz olsun!
Qərənfil Dünyaminqızı
banner

Oxşar Xəbərlər