Ədəbi dilin keşikçilərindən daşıyıcılarına töhfə
Dövlətin əsas atributlarından biri də onun
dilidir. Dilin təmizliyini, saflığını, özünəməxsusluğunu qorumaq xalqın əsas vəzifələrindəndir.
Bu vəzifə hüquqi və siyasi anlam daşımaqla yanaşı, həm də mənəvi öhdəlikdir. Hər
bir azərbaycanlı dövlət dili haqqında imzalanan fərmanlar və sərəncamların,
qanunlar və qərarların tələblərinə tam şəkildə əməl etməklə, müstəqil dövlətin
möhkəmlənməsinə, inkişafına, təmsil olunduğu xalqın ali düşüncəsinin müasir
dünyaya maneəsiz çıxmasına böyük töhfə vermiş olar. Fikrini tam və dəqiq ifadə
etmək istəyi insanın şüuraltında yer tapıb. Görünmək, bilinmək, başa düşülmək,
qəbul edilmək ifadə tərzi ilə çox bağlıdır. Belə olduqda, insan onu dinləyəni
yormur, aydın eşidilir, eşidilməklə mənəvi rahatlıq tapır.
Təəssüf ki, son illər Azərbaycan dilinin zəngin
imkanlarından faydalanmaq əvəzinə, sözlərin yad dildən gələn qarşılığından daha
çox istifadə edirik, xüsusən teleməkanda, yazılı və elektron mətbuatda fonetik,
qrammatik, leksik üslub qaydalarını
pozuruq, terminlər, neologizmlər, xüsusi adlar və abbreviaturaları düzgün səsləndirmirik,
danışıq texnikasından bəhrələnmirik.
Dildən istifadə ilə bağlı bütün qaydalar
"Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunla tənzimlənir. Qanunun
tələbini pozanlar ictimai qınaqla qarşılaşır, əgər onlar media nümayəndələridirlərsə,
tamaşaçı və oxucularını itirir, nəticədə toplum alternativ kimi, xarici telekanallara,
saytlara üz tutur. Sonra nə baş verir? Bəli, azərbaycanlı fərqli və ziyanlı
ideologiyanın təsirinə düşərək, milli dəyərlərdən uzaqlaşmaq yolu tutur. Dəyərlərin
itməsi isə xalqı faciələrlə üzləşdirə bilər. Belə aqibətin yaşanmamağı ana
dilimizin qorunmasından çox asılıdır.
Firudin bəy Köçərli "Ana dili haqqında”
adlı məqaləsində yazırdı: "Ana dili millətin mənəvi diriliyidir, həyatının
mayəsi mənziləsindəndir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də
ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də
sevir. Bu, Allah-taalanın gözəl nemətlərindən biridir, onu əziz və möhtərəm
tutmaq hər kəsə borcdur”.
Qloballaşmanın mənfi cəhətlərindən biri yad
mədəniyyətlərə meydan açılmasıdır. Dövlət bu gün ziyanlı tendensiyanın qarşısının
alınması uğurunda ciddi islahatlar aparır.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında imzaladığı Sərəncam əslində
həyəcan siqnalı idi.
Dövlət Proqramı Azərbaycan dilinin istifadəsinə
və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı
surətdə yaxşılaşdırılması, dilçiliyin aparıcı istiqamətlərində fundamental
və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsi
və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsi məqsədi
ilə təsdiqlənib.
2013-cü il, 9 aprel tarixli Sərəncamın
imzalanması cavabdeh qurumları, xüsusən KİV orqanlarını daha məsuliyyətli
olmağa sövq etdi. Həmin tarixdən keçən 4 il ərzində xeyli irəliləyişə nail
olunsa da, bəzi mənfi hallar hələ də qalmaqdadır.
Dilin saflığının qorunması məqsədilə
aparılan proses bu gün uğurla davam etdirilir. Oktyabrın 6-da Prezident İlham Əliyevin
tapşırığı ilə konfrans keçirilib. Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə keçirilən
konfrans "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in
rolu”mövzusuna həsr olunub. Tədbirdə dilçi alimlər, Milli Məclisin
deputatları, KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Ə.Həsənov giriş nitqində bildirib ki, milli
dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Çünki dil
xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin
bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir.
Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə
xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir.
Konfransda dilçi alimlər və media nümayəndələri
problemin həlli yollarına aid təkliflər səsləndiriblər.
Konfransdan dərhal sonra, oktyabrın 10-da
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yeni layihəyə
başlamaq barədə qərar verdi. "Ekran və efirdə ədəbi dil normaları” adlanan
layihənin gerçəkləşməsi rəhbərlik tərəfindən Fondun İnformasiya təminatı
sektoruna tapşırıldı. İlkin mərhələdə 3 aylıq müddətə nəzərdə tutulan layihənin
"Xəzər", "Lider" və "ARB" telekanallarında keçirilməsi
qərara alındı . Layihəyə Azərbaycan Respublikasının Milli Televiziya və Radio
Şurası dəstək verdi. İki qurumun birgə fəaliyyəti nəticəsində Azərbaycan Milli
Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli
professor və müəllimləri, eləcə də praktik jurnalistlərin
iştirakı ilə keçiriləcək mühazirələr və təlimlərin fəaliyyət planı hazırlandı.
İlk təlimlərə "Xəzər" teleknalından
başlanıldı. Telekanalın redaktorları, xəbərlər proqramlarının aparıcıları,
müxbirlərin qatıldıqları mühazirə və təlimlərdə AMEA-nın Dilçilik İnstitutu,
Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova "Nitq mədəniyyəti
və norma. Natiqlik sənətinə verilən tələblər", Müasir Azərbaycan dili şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Məmmədova
"Televiziya və ədəbi dil normaları", BDU-nun filologiya fakültəsi Azərbaycan
dilçiliyi kafedrasının müəllimi Təranə İsmayılova "Azərbaycan teleməkanında
ədəbi dil normalarının qorunması: fonetik və qrammatik qaydalar", kafedranın
baş müəllimi Mehriban Əlizadə "Azərbaycan teleməkanında ədəbi dil
normalarının qorunması: leksik və üslubi qaydalar", BDU-nun Jurnalistika
fakültəsinin professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli "Nitq mədəniyyəti anlayışı. Televiziya aparıcılarının
danışıq xüsusiyyətləri", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Səhnə danışığı kafedrasının müdiri, dosent, əməkdar artist Azad
Şükürov "Danışıq texnikası (tənəffüs, səs, diksiya)" və "Danışıq
zamanı orfoepiya qanunlarına əməl olunması problemləri" mövzularında təlimlər
keçdilər. Təlimlərdə açıq fikir mübadiləsi aparıldı, jurnalistlərin harada, necə,
niyə yanlışlığa yol verdikləri elmi, təcrübi cəhətdən, qaydalar çərçivəsində
diqqətə çatdırıldı.
Növbəti təlimlər "Kəpəz ARB” müstəqil
teleradio şirkətində gerçəkləşdi. Ekspertlər böyük həvəslə Gəncəyə ezam
olundular.
A.Şükürov "Danışıq texnikası (tənəffüs,
səs, diksiya)" və "Danışıq zamanı orfoepiya qanunlarına əməl olunması
problemləri", S.Əliyeva "Telekanallarda üslub xətalarının aradan
qaldırılması", AMEA Dilçilik İnstitutu, monitorinq şöbəsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyeva "Terminlər,
neologizmlər, xüsusi adlar və abbreviaturalardan efirdə şifahi və yazılı
formada istifadə qaydaları" mövzusunda praktiki təlimlər apardılar. Təlimlər
barədə süjet televiziyanın "Xəbərlər" proqramında yayımlandı, A.
Şükürov səhər proqramının qonağı oldu, layihənin mahiyyətindən ətraflı danışdı.
Tovuz "ARB24 Xəbər” telekanalının əməkdaşları
da treninqlərə qoşulmaq arzularını Bilik Fondunun göndərdiyi müraciət məktubuna
rəhbərliyin müsbət cavabı ilə bildirmiş oldular. Bu dəfə də A.Şükürov, S.Əliyeva,
N.Qazıyeva yaddaqalan təlimlər keçdilər, jurnalistlərin maariflənmələri, bilgilənmələri,
düzgün qaydaları mənimsəmələri yönündə real iş gördülər. Dinləyicilərə əyani şəkildə
izahlar verildi, onlar təcrübi məşqlərə cəlb edildilər.
Təlimçilər səfər marşrutlarında yalnız
televiziyalarda deyil, başqa tədris, təhsil mərkəzlərində də görüşlər keçiriblər.
AMEA Dilçilik İnstitutunun təmsilçilərinin Gəncənin M.C.Paşayev adına 39 nömrəli
və M.Mehdizadə adına 4 nömrəli tam orta məktəblərində şagird və müəllim
kollektivi ilə "Azərbaycan dilinin saflığının qorunmasında təhsil müəssisələrinin
rolu” mövzusunda görüşləri olub. N.Qazıyeva Azərbaycan dilinin qorunmasının
vacibliyindən söz açıb, bildirib ki, dil hər bir xalqın təfəkkür göstəricisi
olmaqla yanaşı, ünsiyyət zamanı tərəflərin bir-birini anlaması üçün ən önəmli
vasitədir. Bu səbəbdən dildə sadəliyə üstünlük verilməli, qəbul olunan
qanunlara əməl olunmalıdır.
S.Əliyeva ədəbi dil normalarının xüsusən
ekran və efirdən yayımlanan proqramlarda pozulduğunu, bu halın izləyicilərə mənfi
təsir göstərdiyini diqqətə çatdıraraq, Bilik Fondunun təşkilatçılığı ilə
televiziya və radio əməkdaşlarına təlimlər keçirilməsinin problemin həllinə
müsbət təsir edəcəyinə əmin olduğunu bildirib.
"Lider" "Ekran və efirdə ədəbi
dil normaları” layihəsinin birinci mərhələsinə cəlb olunan sonuncu
telekanaldır. Gələn ildən digər telekanalların da layihədə iştirakı nəzərdə
tutulub.
"Lider" telekanalında təlimləri
eyni mütəxəssislər – N.Qazıyeva, S.Əliyeva, A. Şükürov, N.Əhmədli, aparıb.
Qurumun əməkdaşları təlimlərdən razı qalıblar, belə görüşlərin mütəmadi
olmasını dilə gətiriblər.
Üç aylıq layihə boyu mətbuatda təlimlər barədə
müxtəlif səpkili müsbət ruhlu yazılar dərc olunub. Həm xəbərlərdə, həm də mütəxəssislərin
açıqlamalarında layihənin effektivlik dərəcəsi yüksək dəyərləndirilib, Azərbaycan
dilinin saflaşmasında medianın rolunun düzgün qiymətləndirilməsinin vacibliyi
vurğulanıb, jurnalistlərin təcrübi təlimlərə ehtiyac duyduqları bildirilib.
Professor Nəsir Əhmədlinin dediklərindən:
"Bilik Fondunun TV verilişlərinin dili və üslubu ilə bağlı gerçəkləşdirdiyi
layihə çox önəmlidir. Bu sahənin mütəxəssisləri müxtəlif kanalların yaradıcı əməkdaşları
ilə görüşərək onlarla ədəbi dil normaları ətrafında müzakirələr aparır,
dilçilik sahəsində olan yeniliklərdən söhbət açır, mübahisəli məsələlərə
aydınlıq gətirirlər. Bu layihənin mütəmadi olaraq davam etdirilməsi çox
vacibdir".
Onu da xüsusi ilə qeyd edək ki, Milli
Televiziya və Radio Şurası ilə razılaşdırılmış qaydada həyata keçirilən "Ekran
və efirdə ədəbi dil normaları” layihəsinin yekunu olaraq, Bilik Fondunun təşəbbüsü
və birbaşa dəstəyi ilə layihədə iştirak etmiş təlimçilər cəlb olunmaqla, dilin
saflığının qorunmasına xidmət edən tövsiyə xarakterli kitabça hazırlanır. Yaxın
günlərdə həmin kitabça televiziya jurnalistlərinə təqdim ediləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti