Ədəbi dili qorumaq üçün cəriməyə ehtiyac varmı?
Azərbaycanda
ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsinin tətbiq oluna biləcəyi
ilə bağlı xəbər sosial şəbəkələrin qızğın müzakirə mövzusuna çevrilib. Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
professor Möhsün Nağısoylunun mətbuata səsləndirdiyi bu fikirlərə reaksiya birmənalı
deyil. Dilçi alim bir sıra ölkələrdə dövlət dilinin normalarını pozanlara qarşı
inzibati qaydada cəza tədbirlərinin – pul ödəmə cəzasının tətbiq olunduğunu önə
çəkərək ölkəmizdə də eyni qaydaları tətbiq etməyin mümkünlüyünü bildirib: "Yol
hərəkəti qaydalarını pozanlara qarşı cəza tədbirləri görülür və bu tədbirlər
effektiv nəticəsini verir. Ədəbi dilin normalarını pozanlara qarşı inzibati cəzanın
tətbiqi ilə bağlı irəli sürdüyümüz təklif AMEA-nın rəhbərliyi tərəfindən bəyənilib.
Amma bunun mexanizmini hazırlamaq lazımdır. Belə bir qanunun tətbiq olunması ilə
bağlı müvafiq orqanlar qarşısında vəsatət qaldırıla bilər”. M.Nağısoylunun
fikrincə, bu tədbirləri həyata kerçirməklə
ədəbi dilin normalarının pozulması hallarının qarşısı alına bilər: "Ədəbi
dilin normalarını gözləmək hamımızın vəzifəsidir. Bu, yalnız Dilçilik
İnstitutunun işi deyil”.
Ədəbi dilin
normalarının qorunması ilə bağlı institut direktorunun səsləndirdiyi fikirlərə
qarşılıq olaraq daha çox "cərimə çıxış yolu deyil” fikirləri səslənir. Belə ki,
dil normalarını qorumağa hamı məsuliyyət daşısa da, elə cəmiyyətin əksər nümayəndələri
tərəfindən həmin normalar pozulur. Bu baxımdan ayrı-ayrı fərdlərin dil
normalarını pozmasını hansı vasitələrlə üzə çıxarmaq olacaq? Ümumiyyətlə,
bütövlükdə ədəbi dili inzibati qaydalarla qorumaq olacaqmı?
Cərimələrin
tətbiqi mümkün deyil
Sosial şəbəkə istifadəçiləri
və virtual məkanda fikir formalaşdırmaqda təsirli güc olan media işçilərinin bu
mövzuda etirazlarına dilşünas alimlərin fikirləri də qarışıb.
Professor
Nadir Abdullayev hesab edir ki, dil normalarının pozulması ilə bağlı inzibati cəza tətbiq
olunması o qədər də asan məsələ deyil. O mənada ki, ədəbi dil normaları həmişə
pozulur: «Azərbaycan dilinin qaydalarına riayət etməyi təmin etmək istəyirlərsə,
ayrı yol tapmaq olar. İlk növbədə təbliğat olmalı, hər kəs Azərbaycan dilində
danışmalıdır. Monitorinqlər dil qaydalarının pozulması ilə bağlı meydana çıxan
qüsurları cəmiyyətə təqdim etməlidir”. Dilçi alimin fikrincə, dilin
qorunmasında telekanalların üzərinə böyük vəzifə düşür: "Televiziya aparıcıları
öz danışıqları ilə başqalarına dil, ədəbi tələffüz, üslub normalarına necə riayət
etmək lazım olduğunu nümayiş etdirməlidirlər. Cümlələr səhv deyilir, vurğu, şivə
ilə bağlı çoxlu qüsurlar var. Ehtiyac olmadan türk sözlərindən istifadə
olunur”. Alimin fikrincə, dilin pozulması ilə bağlı nöqsanları aradan qaldırmaq
üçün cərimələrin tətbiqi mümkün deyil. Belə ki, bu, narazılığa gətirib çıxara
bilər: "Bunun üçün öncədən mexanizm hazırlanmalı və təbliğati işlər
aparılmalıdır. Bunu dərk edəndən sonra problem tədricən düzələ bilər”.
N.Abdullayev Azərbaycan dilində düzgün danışmaq üçün orfoepiya lüğətinin
olmamasını da dil normalarının pozulmasında əsas amillərdən sayır: ”İnsanlar
alınma sözlərin deyilişində çətinlik çəkirlər. Yaxşı olar ki, Dilçilik
İnstitutu görkəmli dil mütəxəssislərinin iştirakı ilə tez-tez telekanallarda "dəyirmi
masa”lar təşkil etsin. İnsanlar da efir vasitəsilə ədəbi dilin normalarını
pozmamağın zəruriliyini görsünlər”.
Layihə
hazırlanmalıdır
Azərbaycan dilinin qorunmasını günün ən
vacib mövzusu hesab edən filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun fikrincə, ayrı-ayrı
fərdlərin dilin qayda-qanunlarına riayət etməsini nəzarət altına götürmək
mümkün deyil. Belə ki, dünyada təcrübələr var. Məsələn, Pribaltika ölkələrində
dil müfəttişləri fəaliyyət göstərir. Onlar küçə və meydanlardakı reklamlara nəzarət
edir, ayrı-ayrı telekanalların və radio verilişlərinin dil qaydalarının
qorunub-qorunmamasına, çap olunan əsərlərin dilinə diqqət yetirir, dilin daha
geniş tətbiq olunduğu sahələrə nəzarət edirlər: "Məsələn, «Kaspi» qəzetinin bir
aylıq yazılarını və ya Azərbaycan Televiziyasında istənilən bir proqramı bir həftəlik,
ya aylıq təftiş edərək ədəbi dil normalarına nə qədər əməl olunduğunu
aydınlaşdırırlar. Beləliklə, cəmiyyət dilin geniş auditoriyadakı tətbiqi sahəsində
ciddi nəzarət olduğunu görür. Onda cəmiyyətin hər bir fərdi öz üzərində nəzarətə
hazır olacaq”. Dilçi alim hesab edir ki, küçələrdəki reklamların, ayrı-ayrı əsərlərin
dilinə nəzarət mexanizmini yaratmaq nə qədər mümkün olsa da, ayrı-ayrı fərdlərin
dilinə nəzarət bir o qədər çətindir: "Bunun bir ştat cədvəli varmı? Dil müfəttişləri
millətin sayı qədər deyil ki, bu nəzarəti yaratmaq mümkün olsun. Düzdür, dil
müfəttişi olmalıdır, ancaq onlar ayrı-ayrı fərdlərin danışığına nəzarət edə
bilməzlər. Hesab edirəm ki, dilə nəzarət mexanizminin layihəsi hazırlanmalıdır.
Sənəddə dilə nəzarət edən qurumun əsasən nəyə və necə nəzarət etməsi əks
olunmalıdır. Həmçinin o qurumun tərkibində kimlərin təmsil olunması əhəmiyyətlidir”.
B.Xəlilov hesab edir ki, dilə nəzarət
qurumuna yerli icra hakimiyyətlərinin müvafiq şöbələrində çalışan, humanitar
sahə ilə məşğul olan, yerli icra strukturlarındakı müəyyən ziyalı insanlar, Dilçilik
İnstitutunun müvafiq peşəkarları cəlb olunmalı, vəziyyəti Dil Komissiyasının
xüsusi proqramı əsasında nəzarətə götürməlidirlər: "Dil normalarının pozulmasına
görə cərimələrin tətbiqi ilə bağlı səslənən fikir isə bəri başdan işin yarıtmaz
olmasını göstərir. O mənada ki, bütün cəmiyyətin danışığına nəzarət etmək
mümkün deyil. Dil qaydalarını pozanların cərimələnəcəyi ilə bağlı səslənən
fikrin heç bir elmi, nəzəri əsası, praktik əhəmiyyəti və effekti yoxdur. Ona görə
də küçə-bazarlardakı reklamlara, radio və televiziyalardakı aparıcıların dilinə
nəzarət olmalıdır. Bundan sonra cəmiyyətin içinə, ayrı-ayrı fərdlərə nəzarət
etmək lazımdır. Əgər fərdlər görsə ki, ayrı-ayrı küçə-bazarların adları,
reklamların yazılışı, ifadəsi yerindədir, onda cəmiyyətin hər bir üzvü özünü
artıq sosial məsuliyyətə cəlb edəcək və dil normalarına riayət etməyə
çalışacaq”. Dilçi alimin fikrincə, əks təqdirdə cəmiyyətdəki insanların
danışığına nəzarət etmək sosial gərginlik yarada bilər və ümumiyyətlə, bunun
mexanizmi mümkün deyil: "Ona görə bu fikir dilin qorunması yolunda maraqlı təklif
olsa da, həyata keçirilməsi üçün proqramın hazırlanmasına ehtiyac var. Yalnız o
proqramdan sonra bu məsələləri həll etmək mümkündür”.
Mərhələli
cərimə prosesi
AMEA Nəsimi
adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə
doktoru, dosent Sevinc Əliyeva dil normalarını pozanlarla bağlı cərimələrin tətbiq olunmasına dair
səslənən fikrin tərəfdarıdır. Belə ki, şöbə müdiri bu təklifə ədəbi dil
normalarının pozulması ilə mübarizədə çıxış yolu kimi baxır. Yəni insanlar
inzibati cəzalanmanı eşidib dillə bağlı qaydalara riayət edərlər. Bildirir ki,
digər qaydaların pozuntusunda cərimələr tətbiq olunursa, dilin qorunmasında da
mütləq tətbiq oluna bilər: «Burada məqsəd cərimələr hesabına hansısa qurumun
maliyyə vəsaitinin artması deyil. Məqsəd yalnız dilə xidmət etməkdir. Dilimizin
qorunması üçün biz illər boyu çalışmışıq. Telekanallarda, mətbuatda dilin
qorunması ilə bağlı proqramlar, materiallar, müsahibələr yer alıb. Amma həm müşahidələrimizdən,
həm də institutun "qaynar xətt”inə daxil olan telefon zənglərindən vətəndaşlar
arasında dil pozuntularının kifayət qədər olduğunun şahidi oluruq”.
S.Əliyevanın
sözlərinə görə, dillə bağlı bütün suallar, tövsiyələr və iradlar icraçı qurum
olaraq Dilçilik İnstitutuna yönəldiyi üçün qurumda cərimələrin bu istiqamətdə
effekt verəcəyini düşünürlər: "Biz də qurum olaraq düşünürük ki, bəlkə bu cərimələr
tətbiq olunsa, insanlar hansısa cərimənin verilməməsi üçün dili qorumaq məcburiyyətində
qalarlar. Necə ki, biz yol hərəkəti qaydalarına riayət edirik, eləcə də dil məsələlərində
diqqətli olarıq. Yəni nəyisə danışanda və ya yazanda bu işin nəzarətdə olduğunu
düşünərik. Əgər bu qayda illər öncə tətbiq olunsaydı, biz bu gün onun müsbət nəticəsini
daha çox hiss etmiş olardıq. Amma bu, yenə də vaxtında səslənən təklifdir». S.Əliyeva
dil qaydalarının ən çox telekanallarda pozulduğunu qeyd edir: «Biz bu işə ilk
növbədə televiziya məkanından başlamalıyıq. Çünki televiziya ən güclü təbliğat
vasitəsidir. Telekanalların aparıcılarının dilində kifayət qədər qüsurlar var.
Həmin nöqsanların aradan qaldırılması üçün bu qaydaların tətbiq olunması bir zəmin
olar. Monitorinq şöbəsinin əsas məsələlərindən biri olan reklamlardan da
başlamalıyıq. Hansı məkanda dil qaydalarının pozulması daha çox hiss olunur, məhz
həmin məkandan başlamaq lazımdır».
Dil qaydalarını pozanların necə müəyyənləşəcəyinə
gəlincə, S.Əliyeva bildirir ki, hər kəs vətəndaş olaraq ədəbi dil normalarına
riayət etməli – Azərbaycan dilində normal danışmağı, yazmağı bacarmalıdır:
"Orta məktəbdən başlayaraq bizim müəyyən bir bazamız varsa, biz onu çox
asanlıqla müəyyənləşdirəcəyik ki, söz necə yazılmalı və ya deyilməlidir. Əgər
aparıcı «Moskva» deyirsə, yəni sözü yazıldığı kimi söyləyirsə, mən bu sözdə
dilin tələffüz qaydalarının pozulduğunu bilirəm. Əgər mən bir elanda səhv görürəmsə,
yaxınlaşıb "filan söz belə yazılmalıdır”- deyə öz tövsiyəmi verirəm. Növbəti dəfə
görəndə yenə yaxınlaşıb öz tövsiyəmi deyirəm. Üçüncü dəfə yaxınlaşanda isə
artıq onun cərimə məsələsi gündəmə gələcək və həmin səhv mütləq düzələcək. Ona
görə də səslənən fikirdə cərimə məsələsi mərhələli şəkildə nəzərdə tutulur».
Ekspertlər Ana dilinə sevginin olmasını
isə ən vacib amil sayırlar. Bu hiss uşaqlıqdan ailədə, məktəbdə və nəhayət, cəmiyyətdə
formalaşır. Dilə sevgi hissi təmin olunsa, təbii ki, nə cəriməyə yer qalar, nə
də hələ tətbiq olunmayan inzibati qaydalarla bağlı etirazlara...
Təranə Məhərrəmova