• çərşənbə axşamı, 16 aprel, 10:07
  • Baku Bakı 14°C

“Ədalətsiz sülh ədalətli müharibə doğuracaq”

07.04.16 11:10 2582
“Ədalətsiz sülh ədalətli müharibə doğuracaq”
Millət vəkilləri hesab edir ki, bundan sonra gedişatı dondurmaq, status-kvonu saxlamaq alınmayacaq

“2 aprel tarixindən başlayaraq cəbhə xəttində yaşanan gərginlik bir daha hamıya göstərdi ki, Azərbaycan üçün Dağlıq Qarabağ məsələsi daim aktualdır və ölkəmiz onun azad olunması üçün əlindən gələni etməkdədir. Ərazi bütövlüyümüzün təmin edilməsi vacibdir. Azərbaycan bu məsələdə güzəştə getmək fikrində deyil. Beynəlxalq ictimaiyyət müraciət edərək atəşkəsin elan olunmasını və məsələnin sülh yolu ilə həll edilməsini istədi. Azərbaycan bunları nəzərə alaraq atəşkəsə razılıq verdi. Ancaq prezident bəyan etdi ki, Ermənistan atəşkəsə əməl etməzsə, mövqeyində dəyişiklik olmazsa, Azərbaycanın problemi öz bildiyi kimi həll etmək hüququnun olduğunu unutmasınlar”.
Bu sözləri “Kaspi”yə açıqlamasında millət vəkili Aydın Mirzəzadə Qarabağ cəbhəsində yaşanan 4 günlük müharibə və onun diplomatik aktivliyə mümkün təsirləri barədə danışarkən dedi. Bildirdi ki, rəsmi səviyyələrdə aparılan danışıqların müsbət nəticə verəcəyinə ümid çoxdur: “Güman edirik ki, Ermənistan düşdüyü ağır vəziyyəti düzgün qiymətləndirəcək və Azərbaycanın xoş məramından istifadə edəcək. Ölkəmizin ərazi bütövlüyü məsələsi müzakirə predmeti deyil. Ermənistan tərəfi bunu unutmasın və qoşunlarını işğal edilmiş torpaqlardan çıxarsın. Bizim güzəşt edəcəyimiz yeganə məsələ bu prosesin mərhələ-mərhələ reallaşması ola bilər. Bütün hallarda, danışıqlar gedir və konkret nəticələr əldə olunmasını istəyirik. Unudulmamalıdır ki, Azərbaycan situasiyaya uyğun hərəkət etmək hüququnu özündə saxlayır”.
Millət vəkili Zahid Oruc da 4 günlük müharibənin beynəlxalq siyasi-diplomatik həyatın başlıca mövzusuna çevrildiyini və artıq fərqli vəziyyətin hökm sürdüyünü bildirdi: “Əsas məsələ odur ki, Balkanlarda, Əfqanıstanda, İraqda və digər ərazilərdə gedən müharibələr fonunda Qarabağın növbəsinin çatmayacağını düşünənlər var idi. İndi onlar fərqli mənzərənin yarandığını görürlər. Əsas informasiya kanalları bölgədən reportajlar verirlər. Açıq şəkildə görünür ki, 90-cı illərdən tam fərqli bir vəziyyət yaranıb. Proseslər Azərbaycanın arzu etdiyi istiqamətdə inkişaf etməkdədir. Nə qədər yaxşı siyasətçi olursansa-ol, əgər meydanda uğur qazanmamısansa, danışıqlar masasında bunun əksini göstərə bilməzsən. 90-cı illərdə Azərbaycan hərbi, iqtisadi və s. səbəblərdən məğlubiyyətə uğramışdısa və bir dövlət kimi ayaqda qalmağa çalışırdısa, bu gün reallıq tam başqadır. Göründüyü kimi, elan olunmuş atəşkəs cəmiyyətdə üzüntü, xəyal qırıqlığı yaratdı. Haradan hara gəldiyimizə diqqət edin. Bir çoxları düşünürdü ki, yeni nəsil üçün ölkə sərhədi, vətənin ünvanı aktual məsələ deyil. Belə fikirlər təsdiqini tapmadı. Gənclərin mərdliyi göz önündədir. 2 aprel tarixi bizim üçün uzun illər qaçqınlıq, köçkün həyatı, faciə, matəm, xəyanətlər və s. demək idi. Artıq yeni bir tarix yazılır. Qara günlərin seriyasını dəyişdirən Azərbaycan ordusuna təşəkkür edirəm”.
Z.Oruc bildirdi ki, əslində, müharibə indi də gedir: “Bir çoxları düşünür ki, tərəflərin Rusiyanın vasitəçiliyi ilə yenidən danışıqlar masasına qayıtması məsələnin növbəti dəfə təxirə salınmasına səbəb ola bilər. Mənə elə gəlir ki, belə olmayacaq. Qarabağ münaqişəsi heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq. 90-cı illərdən fərqli olaraq, Azərbaycan siyasi elitası, dövlət idarəetmə strukturları öz işləkliyini sübuta yetirib. Daha dağınıqlıq, panika kimi hallar yaşanmır. Ordu ilə dövlət arasındakı birlik özünü qabarıq şəkildə göstərdi. Azərbaycan əsgəri cızılmış hərbi taktikaların yerinə yetirilməsi üçün gözünü qırpmadan ölümə getdi. Hər hansı fərarilik, qorxaqlılıq və digər 90-cı illər tendensiyaları müşahidə olunmadı. Müxalifəti də, ortodoksu da, ateisti də ordusuna eyni dərəcədə güvəndi və hər kəs dövlət maraqlarına xidmət etdi. Əgər Azərbaycan əməliyyatları davam etdirsəydi, erməni əsgəri silahını sarkisyanlara qarşı çevirəcəkdi. Onlar yaxşı bilirlər ki, onlara bu günü yaşadanlar öz rəhbərlərdir. Rahat kabinetlərdə oturublar və Qarabağ münaqişəsi üzərindən hakimiyyəti zəbt ediblər. Bəlkə də bir çoxları üçün 2 kənd və 8 yüksəklik kiçik qələbə kimi görünə bilər. Amma qələbənin kiçiyi olmur, vətənin hissəsi olmur, o, bütövlükdə vətəndir, hər qarışı doğmadır. Proseslər zamanı o da məlum oldu ki, ermənilər yaşadıqları ərazilərdən qaçırlar. Çünki ora onların vətəni deyil. Başqa vətəndə səngər qazmaq olmur, o, qəbirə çevrilir”.
Millət vəkilinin fikrincə, bundan sonrakı dönəmdə Azərbaycanın qazandığı uğur ermənilərdə mənəvi-psixoloji cəhətdən ağır nəticələr doğuracaq. Çünki məğlubedilməz erməni ordusu barədə uydurulan miflər darmadağın oldu: “94-cü ildə atəşkəsi arzulayırdıq ki, nəfəslik qazanaq, toparlana bilək və silahlı qüvvələr nizami qaydada formalaşsın. Doğrudan da, o dövrdən uğurla faydalana bildik. Fikir verdinizsə, ermənilər Rusiya əleyhinə xeyli yazılar yazdılar, sosial şəbəkələrdə ittihamlar yağdırdılar. Çünki Rusiyanın Qarabağa yeriyib onların əvəzinə döyüşəcəyini gözləyirdilər. Amma belə olmadı. Daha ermənilər o vaxt rusların hesabına qazandıqları uğuru öz möhtəşəm tarixi qələbələri kimi təqdim edə bilməyəcəklər. Əslində, hamı yaxşı bilir ki, bu dövlətin mövcudluğu rusların iradəsinə bağlıdır. Amma onlar rusların budəfəki davranışlarını xəyanət kimi təqdim edirlər. Hətta bu sıraya onların bizə silah satmasını da əlavə edirlər. Rus silahlarından ölməyi ikiqat faciə kimi qəbul edirlər. Azərbaycanın atəşkəsə çağırılması mühakimə edilməyimiz anlamına gəlmir. BMT-dən, Avropa Şurasından tənqidlər eşidəcəyimizi deyənlər vardı. Amma hamı gördü ki, Strasburq, ya da Nyu-Yorkda yaratdıqları “əjdahalar”dan səs gəlmədi. Əksinə, Qarabağla bağlı real şərait ortaya çıxdı. Sonluq barədə indidən nəsə demək çətindir. Amma bir məsələ dəqiqdir. Azərbaycan əsgərinin nüfuzunun yüksəlməsi, orduya inamın artmasını hamı görür. Qarşı tərəf əvvəlki ultimatum mövqeyini göstərə bilməyəcək. Müharibə qaçılmaz ola bilər. Yəni ədalətsiz sülh ədalətli müharibə doğuracaq. Gedişatı dondurmaq, status-kvonu saxlamaq alınmayacaq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər