• çərşənbə axşamı, 16 aprel, 16:23
  • Baku Bakı 19°C

Əcəb adamlar var ey!

14.10.19 12:35 4001
Əcəb adamlar var ey!
- Yetər artıq, bundan belə içməyəcəm! Əsla... içməyəcəm! Artıq ağlımı başıma yığmalıyam. İşləməli, çalışmalıyam... Maaş almağı nə yaxşı bilirsən, onda ürəkdən, dürüstcə, vicdanla, rahatlığına və yuxuna haram qataraq işləməyi də bacar. Ərköyünlüyü də tərgit, getsin... Qardaş, sən bikar gəzib, pul qazanmağa yamanca öyrəşmisən ha, bax, bu, yaxşı şey deyil... həm də heç deyil..."
Öz-özünə bu cür və bir neçə öyüd verən baş konduktor Podtyaginin qəflətən içində öz işinə dərin bir həvəs oyanır. Artıq gecə saat ikidir, ancaq o, buna məhəl qoymadan konduktorları oyadır və onlarla birgə vaqonları gəzib, biletləri yoxlayır.
Əlindəki dəlikaçanı şaqqıldadaraq, gümrah bir səslə çığırır:
- Biletlərinizi... göstərin!
Vaqonların qaranlığında güclə seçilən, yuxulu insanlar yerlərində səksənir, başlarını sağa-sola bulamaqla biletlərini ona uzadırlar.
Podtyagin ikinci sinifdə gedən, həm kürkə, həm də yorğana bürünən, böyür-başına yastıqlar düzən arıq, caydaq bir sərnişinə müraciət edir:
- Biletlərinizi... görüm! Sizin biletlərinizi!..
Caydaq kişidən cavab gəlmir. O, yuxu aləmindədir. Baş konduktor onun çiyninə toxunur və səbri daralıbmış kimi təkrarlayır:
- Sizin biletlər!
Sərnişin səksənib, göz qapaqlarını aralayır və dəhşət içində Podtyagini süzür:
- Necə? Kim? Nə?
- Sizə adam dilində deyirəm ki: "Sizin... biletlər!” Zəhmət deyilsə!
Üzünə yazıq bir ifadə verən caydaq kişi zarıldayır:
- Pərvərdigara! İlahi pərvərdigara! Mən yel xəstəliyindən əziyyət çəkirəm... düz üç gecə sərasər yatmamışam, indi qəsdən morfi içmişəm ki, bəlkə bir az mürgüləyim, sən isə gəlmisən ki... hanı biletin? Axı, bu - insafa, insanlığa sığan iş deyil! Mənim hansı zülmlə yuxuya getdiyimi bilsəydin, yəqin belə mənasız şeyə görə yuxuma haram qatmazdın... İnsafsızlıqdır bu, mənasızdır bu! Axı, nəyinizə gərəkmiş ey mənim biletim? Bu ki axmaqlıqdır!
Bundan inciyib-inciməyəcəyini daxilən götür-qoy edən Podtyagin öz incimək haqqından yararlanmaq qərarına gəlir:
- Siz burada mənə çımxırmayın! Bura sizin üçün meyxana-zad deyil!
Sərnişin öskürüb deyir:
- Meyxana əhli sizdən daha insaflıdır... Bəli də, indi buyur, təzədən yuxula! Vallah, qəribədir: bütün xarici ölkələri dolaşmışam, orada heç kəs məndən bilet-filan tələb eləməyib, burada isə, elə bil bunları şeytan dümsükləyir, elə gedib hərlənib gəlirlər ha, gedib hərlənib gəlirlər!..
- Əgər xaric bu qədər könlünüzə yatırsa, onda köçüb gedin oraya!
- Yersiz iraddır, cənab! Bəli! Sərnişinləri dəm qazıyla, bürküylə və yelçəkərlə bezdirməniz yetmirmiş kimi, hələ bir də formal işləmlərlə bezdirirsiniz bizi! Biletimi görmək istəyirmiş! Sən bunlardakı həvəsə, azara bax ey! Bunu gerçəkdən nəzarət üçün etsələr, dərd yarıdır, guya heç bilmirlər ki, sərnişinlərin yarısı qatara biletsiz minib!..
Podtyaginin səbir kasası lap daşır:
- Qulaq asın, cənab! Bu dediklərinizi sübuta yetirmək üçün hər hansı əsasınız yoxdur! Əgər səsinizi başınıza atıb, qalan camaatı rahatsız etsəniz, mən sizi növbəti stansiyada qatardan düşürtməli və bu olayla bağlı akt tərtib etməli olacağam!
Camaat yer-yerdən deyinir:
- Bu, dözülməzdir!
- Xəstə adamla nə işin var ey sənin?!
- Bura baxın, bir az mərhəmət hissiniz olsun da!
Podtyagin geri çəkilməli olur:
- Camaatın da ağzı yavaymış ha! Yaxşı, yaxşı, mən ondan bilet-zad istəməyəcəm... Siz deyən olsun... Ancaq sizə də yaxşı bəllidir ki, vəzifəmdir məndən bunu tələb eləyən... Əgər iş başında olmasam, onda əlbəttə ki... İnanmırsınız, stansiya rəisindən soruşun... Belə kimdən istəyirsiniz, soruşun...
Heyrətlə çiyinlərini çəkən Podtyagin xəstədən aralanır. Əvvəlcə özünü aşağılanmış və dışlanmış biri kimi hiss edir, ancaq sonra, iki-üç vaqonun içindən keçəndən sonra bir baş konduktor kimi onun sinəsində qismən vicdan əzabına bənzər bir narahatlıq hissi baş qaldırır. Düşünür ki: "Həqiqətən də, gərək o xəstəni oyatmayaydım. Bir də, axı, məndə nə günah var?! Camaat elə sanır ki, mən bunu yekəxanalıqdan, ya da bekarlıqdan edirəm, daha bilmirlər ki, bu - mənim vəzifə borcumdur... Bir halda ki, onlar sözümə güvənmirlər, onda mən də stansiya rəisini o vaqona aparacağam”.

Stansiya. Qatar beş dəqiqəliyə dayanır.
Üçüncü zəngdən qabaq Podtyagin o bayaqkı ikinci sinif vaqona daxil olur. Onun ardınca düşən stansiya rəisinin başında al qırmızı furajka var. Podtyagin sözə başlayır:
- Baxın, bu cənab iddia eləyir ki, mənim onun biletini yoxlamağa hər hansı səlahiyyətim çatmır və bundan... şikayətlənir. Cənab stansiya rəisi, xahiş edirəm bunlara başa salın görək, mən biletləri vəzifə borcuma görə yoxlayıram, yoxsa elə-belə?
Podtyagin bu yerdə caydaq adama üz tutur:
- Cənab! Cənab! Əgər mənə inanmırsınızsa, onda stansiya rəisindən xəbər alın.
Xəstə ilan sancıbmış kimi, səksənir, gözlərini açınca, üzünə ağlamsınan ifadə verir və özünü oturduğu divanın arxalığına çırpır:
- İlahi! Təkrar dərman tozu içib, təzəcə yuxulayırdım ki, bu hərif yenə gəldi... yenə gəldi! Yal-va-rı-ram sizə, mənə rəhminiz gəlsin!
- Baxın, siz stansiya rəisinin özündən o barədə soruşa bilərsiniz... Biletinizi yoxlamağa mənim tam səlahiyyətim çatır, ya yox?
- Bu, dözülməzdir! Alın bu da biletim! Alın! Mən daha beş bilet də alaram, təki imkan verin burada rahatca gəbərim! Yəni özünüz heçmi xəstə-zad olmamısınız? Əcəb daşqəlbli insanlar varmış!
Hərbi geyimli bir cənab deyinir:
- Bu, lap adamı ələ salmaqdır ha! Bunlar o kişiyə nə veriblər ki, ala bilmirlər - anlamıram!
Podtyaginin qolundan dartan stansiya rəisi üz-gözünü qırışdırır:
- Rahat buraxın onu...
Heyrətlə çiyinlərini çəkən Podtyagin ağır addımlarla stansiya rəisinin ardınca düşür. Çaşqın halda düşünür: "Beləsinə necə yarınasan?! Məsələnin məğzini anlasın deyə, mən stansiya rəisini bunun ayağına qədər gətirmişəm, bu isə... yenə də söylənib, durur”.

Bir başqa stansiya. Qatar burada on dəqiqəliyə dayanır. İkinci zəng çalınmazdan əvvəl Podtyagin qatarın bufetində Zelter mineral suyu içərkən, biri mühəndis uniforması, digəri isə hərbi palto geyinmiş iki kişi ona yanaşır.
Mühəndis Podtyaginə belə deyir:
- Bura baxın, cənab baş konduktor! Xəstə bir sərnişinə qarşı o cür davranışınız buna şahid olan hər kəsi sarsıtdı. Mən - mühəndis Puzitskiyəm, bu cənab isə... polkovnikdir. Əgər siz o sərnişindən üzr diləməsəniz, biz bu xəttin rəisinə, öz ortaq tanışımıza sizdən şikayət edəcəyik.
Podtyagin karıxır:
- Cənab, axı, mən... axı, siz də...
- Sizdən izahat-filan gözləmirik biz. Sadəcə xəbərdarlıq edirik ki, üzr istəməyəcəyiniz təqdirdə, biz ikimiz o sərnişinin müdafiəsinə qalxacağıq.
Sonrakı yarım saat ərzində sərnişinin mənliyinə toxunmayacaq üzrxahlıq ifadəsini ən nəhayət düşünüb tapan Podtyagin təkrar vaqona girir. Xəstəyə müraciətlə belə deyir:
- Cənab! Qulaq asın, cənab!
Diksinən xəstə yatağından dik atılır:
- Nədir?
- Deyəcəkdim... necə deyim?.. Məndən inciməyin...
Ürəyini tutan sərnişinin nəfəsi daralır:
- Off... su verin... Üçüncü morfin dozasını içmişdim ki, bəlkə mürgüləyim... yenə bu gəldi! İlahi, görəsən bu işgəncə havaxt bitəcək?!
- Deyəcəkdim ki... məni əfv edin...
- Bura baxın... Növbəti stansiyada məni bu qatardan düşürün... Daha buna dözəmmərəm... Mən... mən... ölürəm...
Camaat yer-yerdən çımxırdı:
- Bu nə yaramazlıqdır, bu nə iyrənclikdir! Rədd olun buradan! Bu həqarətin əvəzini siz mütləq alacaqsınız! Rədd olun!
Əlini yelləyən Podtyagin "Əhh” deyərək, vaqonu tərk eləyir. Xidməti vaqona gedib, taqətsiz halda masa arxasına keçir və şikayətlənir:
- Əcəb adamlar var ey! İndi buyur, bunlara yarınmağa çalış! Bunların xidmətində dur, əziyyətlərinə qatlaş! İstər-istəməz hər şeyə tüpürüb, içkiyə qurşanacaqsan... Heç nə etmirsən - qəzəbə tuş gəlirsən, nəsə edirsən - yenə də elə... İçəcəm ey!..
Başına çəkdiyi butulkanı yarıyacan boşaldan Podtyagin artıq nə iş-güc, nə vəzifə borcu, nə də ki dürüstlük barədə düşünür.
Anton Çexov
Dilimizə çevirdi – Azad Yaşar

banner

Oxşar Xəbərlər