• çərşənbə axşamı, 19 mart, 10:22
  • Baku Bakı 8°C

“Əbədiyyət günəşi”nin qayıdışı - Fotolar

15.11.19 19:17 3916
“Əbədiyyət günəşi”nin qayıdışı - Fotolar
«Kaspi» qəzeti və "Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə «Nəsimi ili» çərçivəsində keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı
Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin böyük şairin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin "Nəsimi ili” elan olunması ilə bağlı sərəncamlarında da İmadəddin Nəsimini Azərbaycan xalqının, ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğu qeyd edilib: "O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdi. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi, qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir».


Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilərək beynəlxalq miqyasda qeyd olunub.

"Kaspi” Təhsil Şirkəti və "Kaspi” qəzetinin böyük şairin yubileyinə həsr etdiyi yazı müsabiqəsi və yeni nəşrlərin təqdimatı da "Nəsimi ili”nə layiqli töhfə oldu.

"Bu il Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasından 650 il keçir. Ölkə prezidenti İlham Əliyevin 2019-cu ili «Nəsimi ili» elan etməsi də böyük şairin ruhuna olan hörmət və sevginin ifadəsidir”-deyə müsabiqənin yekununa və kitabların təqdimatına həsr olunan tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi: "Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılığının tədqiqi, təbliği və nəşri istiqamətində ardıcıl fəaliyyət göstərən «Kaspi» qəzeti və "Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə «Nəsimi ili» çərçivəsində keçirilən «Əbədiyyət günəşi» adlı məqalə müsabiqə yekunlaşıb. Müəllifi Ziyadxan Əliyev olan «Nəsimi dünyası rənglərin gözü ilə» kitabı vəmüsabiqəyə təqdim olunan məqalələrdən ibarət «Əbədiyyət günəşi» adlı toplu yubileyə layiqli töhfədir”. Ə.Amaşov qeyd etdi ki, ölkə başçısının sərəncamı ilə 2019-cu ilin «Nəsimi ili» elan olunmasından sonra böyük şairin yubileyinə həsr olunan silsilə tədbirlər davam edir. Belə ki, ölkənin hər bir bölgəsində, o cümlədən, xarici ölkələrdə «Nəsimi ili»nə həsr olunan tədbirlər keçirilir: " Nəsimiyə həsr olunan əsərlər çap olunur, şairin abidəsi ucaldılır. «Kaspi» qəzetinin təşkil etdiyi «Əbədiyyət günəşi» adlı yazı müsabiqəsi də bu silsilədəndir”. MŞ sədri məlumat verdi ki, müsabiqəyə təqdim olunan elmi-publisistik yazıların qəbulu bu ilin yanvar-may aylarını əhatə edib. Müsabiqəyə, ümumilikdə 60-dan çox məqalə təqdim olunub.
Kitablar bir abidədir
"Kaspi” Təhsil Şirkətinin təsisçisi, filologiya üzrə elmlər doktoru Sona Vəliyeva rəhbərlik etdiyi qurumun görkəmli şəxsiyyətlərin, dahi söz ustalarının yaradıcılığı ilə bağlı kitab nəşrləri və yazı müsabiqələrinin təşkili istiqamətində ənənəsi olduğunu bildirdi. Belə ki, artıq "Kaspi” nəşrləri seriyasından bir neçə kitab işıq üzü görüb və bir neçə müsabiqə keçirilib: "Bildiyiniz kimi, 2018-ci ilin noyabr ayında Prezident İlham Əliyev İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Bu sərəncamda söz ustadının 2019-cu il boyunca yubileyinin qeyd edilməsi göstərilirdi. Eləcə də, ölkə başçısı 2019-cu ilin əvvəlində bu ilin «Nəsimi ili» elan olunması ilə bağlı digər bir sərəncam imzaladı. Bu sərəncamlar dövlət başçısının Azərbaycan ədəbiyyatına, söz sənətinə dərin ehtiramı və hörmətinin ifadəsi idi».

S.Vəliyeva həmçinin, ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi və incəsənətinə verdiyi böyük qiyməti xatırlayaraq qeyd etdi ki, bu hörmət və sevginin ənənəsi heç şübhəsiz, ümummilli liderdən gəlir: «Ulu öndər bütün sahələrlə yanaşı, ədəbiyyatın da gözəl bilicisi idi. 1969-cu ildə – hakimiyyətə gəldiyi dövrdən sovet ideologiyasının hökm sürdüyü bir vaxtda Azərbaycan ədəbiyyatının inkişafı üçün müstəsna rol oynadı. 70-ci illərdə ulu öndərin Suriyaya səfəri, Hafiz Əsədlə görüşü, Hələbə getmək və böyük şairin məzarını ziyarət etmək istəyi bu sevgi və ehtiramın kökündə dururdu. Şairin məzarı baxımsız vəziyyətdə olduğundan, ulu öndər səfərdən qayıdandan sonra məsələ qaldırır, Nəsiminin şeirlərini çap etdirir, həmçinin böyük şairin 600 illik yubileyinin keçirilməsini də qərara əlavə etdirir. «Böyük şarinin yubileyi mümkün qədər dünya miqyasında keçirilsin» deyə MK-ya üz tutur. Ulu öndər müəyyən müddətdən sonra məqsədinə nail olur. "Nəsimi” filminin çəkilməsi, alimlərimizin Suriyaya səfəri və s. tədbirlər ulu öndərin böyük şairə verdiyi dəyərdən irəli gəlirdi. O, dərin ağıl və zəkası, siyasi fəndləri ilə ədəbiyyatımızın dünyada tanıdılmasına nail olurdu. Nəhayət, 1973-cü ilin sentyabr ayında şairin 600 illik yubileyi baş tutdu. 29 ölkədən alimlər həmin yubiley tədbirinə qatıldı. Nəsimi Azərbaycan xalqına, eləcə də türkdilli xalqlara bilavasitə yenidən qayıtdı. Bu, ulu öndərin Azərbaycan xalqı üçün etdiyi böyük xidmətidir”. S.Vəliyeva qeyd etdi ki, bu gün də Nəsimi irsinə böyük ehtiram davam edir. "Böyük şairin yubileyinin keçirilməsi, «Nəsimi ili»nin elan olunması, adına sikkələrin çəkilməsi, əsərlərinin çapı, musiqilərin bəstələnməsi, irsinin araşdırılması – bütün bu ənənələr və dərin ehtiram, varisliyin bu gün də davam etməsidir. Ona görə, bizim Nəsimiyə qayıtmağımız da həmin ənənələrin davamı kimi dəyərləndirilməlidir. Biz də sərəncam elan olunandan sonra böyük şairin yubileyinə töhfə kimi müsabiqə keçirməyi özümüzə borc bildik. Kütləvi bir halda Nəsimi yaradıcılığına qayıtmaq, böyük şairin yaradıcılığını tədqiq və təbliğ etmək sevindirici haldır. Biz də bu iki nəşri oxucuların ixtiyarına verdik”. Təsisçi yazı müsabiqəsinə sanballı məqalələrin təqdim olunduğunu və qaliblərin ədalətlə müəyyənləşdirildiyini diqqətə çatdırdı: "Hər bir millət yazdığı kitablarla tarixə çevrilir. Kitablar bir abidədir. Sağ olun ki, bu abidənin ərsəyə gəlməsində köməklik göstəribsiniz!»
Nəsimişünaslığa töhfə
«Nəsimi kimi şairi yetişdirən xalq xoşbəxtdir” deyən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirdi ki, nə qədər, xalqımız var, dilimiz yaşayacaq: "Dilimizi yaşadanlar da məhz şairlər olublar. Ona görə, Nəsimi bizim iftixarımız, qürurumuzdur. Böyük şair bizim varlığımız, kimliyimiz olan ən böyük milli sərvətimizi - ana dilimizi yaşadan, dünyada tanıdan böyük söz ustadımızdır. Böyük şairin yubileyinə belə dəyərli töhfə verdiyinə görə, "Kaspi” Təhsil Şirkətinə və «Kaspi» qəzetinin kollektivinə təşəkkürümü bildirirəm».


«Əbədiyyət günəşi» müsabiqəsinin münsiflər heyətinin üzvü və eyniadlı kitabın redaktoru Səadət Şıxıyeva nəşrin elmi məziyyətlərinin çox olduğunu vurğuladı: "Hiss etdim ki, müsabiqəyə yazı təqdim edən müəlliflərin böyük əksəriyyəti ən gözəl yazısını məhz bu kitab üçün təqdim etməyi düşünüb. Bu baxımdan, kitab çox dəyərlidir. Bu il «Nəsimi ili»dir. Hər kəs çalışır ki, məhz bu ilə bir töhfə versin. Ancaq düşünürəm ki, "Kaspi” Təhsil Şirkəti və «Kaspi» qəzetinin ərsəyə gətirdiyi bu nəşr həqiqətən Nəsimişünaslığa töhfədir. Hesab edirəm ki, hər iki kitab Nəsimişünaslığı zənginləşdirir. Bir Nəsimişünas kimi ürəkdən sevinirəm ki, ortaya dəyərli olan ciddi nəşrlər çıxıb”.

Maarifçilik ənənəsi
«Nəsiminin yubileyi təxminən 50 il bundan əvvəl keçirilib. Ulu öndərin sərəncamı ilə həmin yubiley keçirilərkən böyük şairin əsərləri nəşr olunub və onun haqqında kitab və məqalələr çap olunub» - deyə AMEA-nın müxbir üzvü Kamran Əliyev qeyd etdi ki, ondan sonrakı illər ərzində heç bir kitab işıq üzü görməyib: "50 ildən sonra biz yenidən Nəsimiyə qayıdırıq. Bizim təsəvvürümüzdə Nəsimi dar ağacından asılıb və dərisi soyulub. Prezident İlham Əliyevin sərəncamı ilə «Nəsimi ili» elan olunandan sonra biz Nəsimiyə yenidən qayıtdıq. Bu kimi tədbirlər ölkə başçısının verdiyi sərəncamın əks-sədasıdır. Ölkə başçısının sərəncamı ilə Nəsimi yenidən dirildi. Nəsimi 600 il idi ki, dar ağacından asılmışdı. Amma indi Nəsimi bizim aramızdadır».


AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Nəsiminin qüdrətli sənətkar olduğunu xatırlatdı: «Dil, ədəbiyyat, poeziya, fəlsəfə, ümumiyyətlə bəşər övladına yanaşma baxımından – nə qədər desən, Nəsimidən danışmaq olar. Müşahidələrim deməyə əsas verir ki, böyük dahilərin, görkəmli şəxsiyyətlərin yaradıcılıqlarına həsr olunan müsabiqələrindən ana xətt kimi keçən bir məsələ həm də Azərbaycan ziyalısına mənəvi və maddi dəstək olmaqdır. Sovet dövründə ziyalı istər-istəməz məşəqqətlə üzləşirdi. O repressiyalardan nə qədər çox vaxt keçsə də, ziyalıya istənilən münasibətdə təhlükəli məqam var idi. Həmin təhlükələrdən keçib Nəsimiyə yubiley təşkil etmək böyük hünər istəyirdi. Ancaq ulu öndər belə bir cəsarəti nümayiş etdirdi. O, böyük şairin yubileyinin keçirilməsinə nail oldu. O yubileydən bizə film, böyük şairin silsilə portretləri, heykəl, Nəsiminin seçilmiş əsərlərinin ilk fundamental akademik nəşri yadigar qalıb”. M.İmanov diqqətə çatdırdı ki, bu gün ölkə başçısının sərəncamının işığında Nəsimi ilə bağlı keçirilən bu kimi tədbirlərin əsas qayəsi Azərbaycanın mənəvi varlığını ayağa qaldırmaq, səfərbər etmək, Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqının sabahı naminə bu işləri lazımi səviyyədə həyata keçirməkdir: "Sevinirəm ki, böyük şairin 650 illik yubiley tədbirləri də ölkə üzrə keçirilməkdədir. "Kaspi” nin təşkil etdiyi bu müsabiqə və kitab nəşri də həmin silsilə tədbirlərin davamıdır».


BDU-nun professoru Cahangir Məmmədli «Kaspi» nəşrlər seriyası ilə çoxlu kitabların işıq üzü gördüyünü diqqətə çatdırdı: "Kaspi» qəzeti böyük maarifçilik ənənəsini həyata keçirir. «Kaspi» nəşrlər seriyası klassik publisistikanı, klassik mətbuatı, klassik ədəbiyyatı bugünkü gənc nəslə çatdıran bir məbəddir. Sonuncu nəşrdə toplanan məqalələrin hamısında elm və publisistikanın vəhdəti var. Gənc nəslin bu cür əsərlərlə tanış olması onların klassikləri tanımasına və yaradıcılığına ehtiram aşılayır”.


Sənətşünas Ziyadxan Əliyev bir neçə ildir ki, «Kaspi» qəzeti ilə əməkdaşlıq etdiyini söylədi: "Bu qəzet mənim yaradıcılıq potensialımın daha da genişlənməsinə kömək edib. Əslində mən müsabiqəyə 5-6 səhifəlik bir mətn təqdim etmişdim. Amma Sona xanım yazıdakı əhatəliliyi görüb kitab hazırlamağı təklif etdi. Mən də məmnuniyyətlə həmin yazını 50 səhifəyə çatdırdım. Beləliklə, ilk dəfə Azərbaycan sənətşünaslığında Nəsimiyə sənətşünas münasibəti bildirdim. Bu yazının müəllifi mənəmsə, forma etibarı ilə yaranmasının səbəbkarı Sona Vəliyevadır. Bu, əsl ziyalı təşəbbüsüdür».

Türk dünyasının ortaq şairi
«Ədəbiyyat» qəzetinin baş redaktoru Azər Turan Xalq şairi Rəsul Rzanın Nəsiminin məzarının tapılmasında böyük rolunun olduğunu xatırladı: "Gərək hər kəsin haqqı özünə verilsin. Rəsul Rza Nəsiminin məzarının tapılmasında, «Hələbdə Nəsiminin məzarı var» fikrinin Azərbaycanda gündəmə gətirilməsində xidmət göstərən insan olub. O, Hələbə gedib və şəhər valisi ilə görüşüb. «Bizim Nəsimimiz sizin şəhərdə dəfn olunub» deyib. Onda vali Nəsimini tanımayıb. Onlar şairin kimliyi ilə maraqlanıb və sevinclə "Nəsiminin qəbri filan yerdədir” deyə xəbər veriblər. Nəsimi haqqında ilk məqalələrdən birini də məhz Rəsul Rza yazıb. Onun gətirdiyi Nəsimi tendensiyası sonradan ölkədə böyük bir cərəyana çevrilib. Biz Nəsimi haqqında daha çox şairin irfani, hürufi görüşlərindən danışırıq. Ancaq onun estetikasının ədəbiyyat tərəfi də var. Nəsimi türk dünyasının ortaq şairidir”.


Qeyd olundu ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Tədbirin sonunda yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu. Qeyd edək ki, müsabiqənin mükafat fondu puldan və diplomdan ibarət idi. I yer (1000 manat), II yer (700 manat), III yer (500 manat) və altı həvəsləndirici mükafat (150 manat) olmaqla qaliblərə təqdim olundu. Müsabiqənin xüsusi mükafatı AMEA-nın Dilçilik İnstitutunun direktoru Mövsüm Nağısoylu və sənətşünas Ziyadxan Əliyevə təqdim olundu.

I yerə Nəzakət Məmmədli, II yerə Yaqub Babayev, III yerə Firudin Qurbansoy layiq görüldü.
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər