AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əbədi populist

Əbədi populist

Siyasət
09 Dekabr 2019, 19:09 337
Erməni mediası Paşinyana bu cür qiymət verdi

Erməni mediasında hazırkı baş nazir və onun komandası kəskin formada ittihamlara tuş gəlməkdədir. Hətta media ona maraqlı bir ad da fikirləşib tapıb - "əbədi populist”. Bu titulla cəmiyyətdə ad çıxaran baş nazirin bu müddət ərzində heç neyə nail olmadığı xüsusi vurğulanır. Baş nazir vətəndaşların ondan gözləntilərinin puç olması nəticəsində populyarlığın aşağı düşməsindən necə qurtulmağın yolunu axtarıb tapıb. Çıxış yolunu sosial şəbəkədə görərək bu sahədə daha da aktivləşib. Bütün dövlət strukturları və hökumət üzvlərinə facebook vasitəsilə fəaliyyətlərini qurmağı əmr edib. Sosial şəbəkə vasitəsilə idarəetmə Paşinyan tərəfindən tətbiq edilən trendə çevrilib. İnsanlar bütün xəbərləri hökumətin mətbuat xidməti vasitəsilə deyil, məhz facebook vasitəsilə əldə edirlər. Bunun nəticəsidir ki, hansısa bir məmurun işi və fəaliyyəti konkret olaraq öz işi ilə deyil, məhz sosial şəbəkədəki fəaliyyəti ilə ölçülür. Yəni sən orada nə qədər fəal olsan, bir o qədər aktiv məmur hesab olunacaqsan. "Sosial şəbəkə artıq Paşinyan üçün hər şeyə çevrilib”, - deyə erməni nəşrlərindən biri yazıb. Nəşrlər yazır ki, ermənilər üçün heç nə etməyən, heç bir vədini yerinə yetirməyən Paşinyan yalnız populizm və sosial şəbəkədə özünün piarı ilə məşğuldur. Sözün əsl mənasında burada ona çatan olmaz. "Elə bu səbəbdəndir ki, erməni baş nazir sosial şəbəkədə ən aktiv fəallar sırasında qərarlaşıb. Onu Ermənistanda ABŞ prezidenti Donald Trampla da eyniləşdirirlər. Baxın, Tramp kimi özü-öz səhifəsini idarə edir. Lakin superdövlətin rəhbəri ilə müqayisə edilməsi onda daha çox ziyan vurur. Nikol sosial şəbəkəyə elə girib ki, elə bir səngərdədir. Oradan vətəndaşlara ən müxtəlif piar silahla "atəç” açmağa çalışır”, - deyə "Erkramas” yazır.
Bunu isə iqtidar partiyası "Mənim adımım” da gözəl başa düşür. Elə bunun nəticəsidir ki, partiyanın qarşıdan gələn seçkilərdə iştirak etməyə cürəti çatmayıb. Erməni nəşrləri yazır ki, Ermənistanın iqtidar partiyası – "Mənim addımım” Partiyası qarşıdan gələn yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etməməsi erməni cəmiyyətində ciddi müzakirə mövzusuna çevrilib. Ekspert və ictimaiyyət etiraf edirlər ki, son vaxtlar hazırkı hökumət vətəndaşlar arasında etibarını itirib. Baş nazirin ilyarım bundan əvvəl etdiyi vədlər yerinə yetirilmir. Bundan əlavə, Ermənistan sürətlə İstanbul konvensiyasına doğru itələnir ki, bu da ölkənin ənənəvi dəyərlərinə ziddir.
Bütün bunların fonunda Kremlin Nikol hökumətinə rəğbəti artmır ki, artmır. Moskva N.Paşinyanın qəzəbinə tuş gələn şəxsləri öz ağuşuna alma prosesini gücləndirir. Onlar baş nazir tərəfindən həbs olunacaqları qorxusu altında sürətlə Rusiyaya pənah aparırlar. Elə Kreml də onlara biganə qalmır. Birbaşa olmasa da, tabeliyində olan sədaqətli şəxslərin onlarla görüşünü təşkil edir. Məsələn, ötən gün çeçen lider Ramzan Kadırdov İnstaqram hesabında maraqlı bir foto paylaşıb. Fotodan görünür ki, Rusiyanın Çeçenistan Muxtar Respublikasının başçısı Ramzan Kadırov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanı yubileyi münasibətilə təbrik edib. Vanetsyanla fotosunu paylaşan Kadırov qeyd edib: "Qardaşımız Artur Vanetsyanın doğum günüdür. Gənc olmasına baxmayaraq, Artur Vanetsyan general rütbəsinə yüksəlib, əla təhsil alıb. Əminəm ki, Artur Vanetsyan rus xalqının böyük dostudur və Rusiya ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinin tərəfdarıdır. Artur Vanetsyanı ad günü münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı və uğurlar arzulayıram”. Əlavə edək ki, A.Vanetsyan bir müddət əvvəl N.Paşinyan hökumətini yanlış siyasət yürütməkdə və ölkənin təhlükəsizliyini təhdid etməkdə ittiham edərək postundan getdiyini açıqlayıb. Rusiyada təhsil alan erməni general Kremlə yaxınlığı ilə seçilirdi. O, sentyabrın 16-da istefa verdikdən dərhal sonra qalmaqal yaşanmışdı. Vaneçyan sosial şəbəkədə yaydığı statusda Paşinyan və onun komandasını düzgün olmayan spontan qərarlar qəbul etməkdə ittiham etmişdi. Əlavə edib ki, Milli Təhlükəsizlik Xidməti rəhbəri kimi postda qala bilməz, çünki bu, zabit şərəfinə uyğun gəlmir. Öz növbəsində Paşinyan Los-Ancelesdə Vaneçyanı açıq şəkildə ittiham etməyə başladı və qeyd etdi ki, o, öz qərarı ilə zabit şərəfini təhqir etmiş oldu. Qarşı tərəf də ittihamları cavabsız qoymayaraq Paşinyanı zabit şərəfi barədə heç nə bilmədiyini bildirdi.
Öz növbəsində erməni siyasi icmalçısı Mirzo Araratyan ölkəsinin hazırkı rəhbərliyini və erməni deputatları kəskin tənqid atəşinə tutub. Araratyan öz məqaləsində düz bir il əvvəl Paşinyanın Ermənistan Milli Məclisinə seçkilər keçirdiyini qeyd edib. "Bu heyvan hər kəsi Milli Məclisin var olduğu müddətdə, ölkəyə investisiya qoyuluşunun olmayacağına əmin etdi. Daha sonra Paşinyan meymunluq etməyə başladı və nəticədə Ermənistan tarixi ərzindəki ən rüsvayçı parlamentinə sahib oldu”, - deyə siyasi icmalçı bildirib. O, hazırda Ermənistan xalqını Lulu Badalyan, Lena Nazaryan, Alen Simonyan, Taqui Kazaryan, Qayane Abramyan, Qoar Abacyanın marixuana aludəçisi olan əri Kristina Poqosyan, Ovik Aqasaryan və digər "qrant yeyənlər”in təmsil etdiyini qeyd edib ki, onlardan iyirmi nəfəri Soros Fondunun peşəkar üzvləridir. "Amerika səfiri hakimiyyətə Paşinyanı gətirdi, o isə başına bu biabırçı məxluqları yığdı. Ötənilki seçkilərin legitim olması tamamilə cəfəngiyatdır. Seçkilərdə rüşvət halları ilə yanaşı, şantaj, terror və digər mümkün mexanizmlərdən istifadə olunurdu”, - deyə Araratyan qeyd edib.

Azər NURİYEV