Döyüşdən qaçan “sərkərdələr” - Fotolar
AXCP sədri Əli Kərimlinin
nəzarəti altında olan Milli Şuranın bir neçə gün bundan öncə şəhərin mərkəzində
50 nəfərlə "inqilab” etmək cəhdi radikalların miskin durumunu, onların
verdiyi populist bəyanatların arxasında heç bir real güc olmadığını açıq
şəkildə nümayiş etdirdi. Ə.Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu
aksiyanı müşahidə etməyə çağırması, şəhərin mərkəzində itaətsizlik mühiti və
hətta mümkün olacağı təqdirdə, qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc
mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniyası aparmaq məqsədi həyata
keçmədi. Bir qrup cəbhəçinin cığallıq edib, ictimai asayişi pozaraq qanunsuz
əməllərə yol verməsi, AXCP və Milli Şuranın normal şəkildə aksiya təşkil etmək
iqtidarında olmadığını da ortaya qoydu. Ən önəmli məqamlardan biri isə budur
ki, xalqı etiraza, mitinqə, piketə səsləyən Ə.Kərimli özü piketdə görünməyib, yalnız
ətrafını təlimatlandıraraq prosesi kənardan izləmək yolunu tutub. Piketin "bayraqdarı”,
"öndəri” qismində həyat yoldaşının barmaqlarını, qızının dizini sındıraraq
onlara fiziki-mənəvi işgəncə verən "demokrat”, AXCP sədrinin sabiq müavini
Fuad Qəhrəmanlı olub. Maraqlıdır, söz demək üçün imkan, meydan axtaran, piket
keçiriləndə isə haradasa gizlənən, sadə partiya üzvlərinə fitva verən AXCP
sədrinin deməyə sözü yoxdurmu, artıq tükənibmi? Məgər Ə.Kərimli personası
haqqında o qədər yüksək fikirdədir ki, piketi özünə yaraşdırmayıb?
Razi
Nurullayevin sədrlik etdiyi AXCP-də siyasi məsələlər üzrə müavin postunu tutan
Məhəmməd Əsədullazadə mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında
bildirib ki, Milli Şuranın Bakı Şəhəri İcra Hakimiyyəti qarşısında keçirdiyi
piketdə yadda qalan, yalnız ictimai asayişin pozulmasına yönəlik hərəkətlər
olub: "Ümumiyyətlə, "Yurd” sədri Əli Kərimli və Milli Şura tandemi ölkədə xaos
və anarxiyanın bərqərar olmasına çalışır. Onların fəal üzvləri ilə söhbət
etdikdə dərhal sezmək olur ki, nə qədər anti-demokratik və dövlətçiliyə qarşı
düşməndirlər. Onlar müxalifət anlayışını dağıdıcılıqda və inqilabda görürlər.
Hesab edirəm ki, piket və mitinq tələbi əsasən dağıdıcılıq missiyasının tərkib
hissəsidir. Həmin piketdə Əli Kərimli və Cəmil Həsənlinin iştirak etməməsi isə göstərir
ki, onlar liderlikdən kənar, yalnız öz maraqları kontekstində çalışırlar. Vətəndaşları
qabağa verməklə, onlardan baryer kimi istifadə etməyə cəhd edirlər. Liderlik
belə olmur. Həmin piketdə onların iştirak etməməsi göstərir ki, nə qədər
vətəndaşlardan kənardadırlar. Ümumiyyətlə, Əli Kərimli siyasəti anti-demokratik
bir anlayışdır”.
BAXCP
funksioneri Nəzakət Məmmədova bizimlə söhbətində bildirib ki, sərbəst
toplaşmaq azadlığı haqqında Qanununda hər kəsin başqaları ilə birlikdə sərbəst
toplaşmaq azadlığının Konstitusiyanın 49-cu maddəsi ilə təmin edildiyi
göstərilib. Onun sözlərinə görə, qanunun müvafiq müddəasında təsbit edilib ki,
dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və qanuna uyğun təşkil edilən toplantıların dinc
və silahsız keçməsi üçün müvafiq tədbirlər görür.
N.Məmmədova vurğulayıb ki, AXCP
və Milli Şuranın təşkil etdiyi piketə də qanuna uyğun olaraq icazə verilib,
qadağa qoyulmayıb. Lakin piketin iğtişaş formasına keçməsi, onu təşkil edən
siyasi təsisatların rəhbərlərinin orada iştirak etməməsi göstərib ki, tədbirin
məqsədi ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərin ifadə
edilməsi deyil, radikal siyasi mövqeyə malik şəxslərin kiçik bir qrupu
vasitəsilə qarışıqlıq, çaxnaşma yaratmaq olub: "Yazılmamış belə bir qanun var:
özünü başçı, lider, hesab edən şəxs irəlidə getmirsə, onun ideyası iflasa
məhkumdur. Belə insanlar nəinki kənar şəxsləri öz sıralarına cəlb etmək
iqtidarındadır, hətta təşkilatlarının sıralarında yer alan tərəfdarlarını da öz
səmimiyyətlərinə inandıra bilməzlər. Liderlərin orada iştirak etməkdən
yayınması onu göstərir ki, təxribat əvvəlcədən planlaşdırılıb, məqsəd ara
qarışdırmaq, hakimiyyətin qeyri-demokratik imicini formalaşdırmaq, sabitliyi
pozmaq, polisi qəsdən piket iştirakçıları ilə qarşıdurmaya təhrik etməklə,
dövlətin guya dinc etirazçılara zorakılıq tətbiq etdiyi təsəvvürünü yaratmaqdır.
Azərbaycana qarşı gecə-gündüz təbliğat aparan, xaricdən şübhəli mənbələrdən
maliyyələşən media orqanlarının canfəşanlıqla hadisə yerindən canlı yayım
etməsi də piketin əvvəlcədən qarışıqlıq yaratma məqsədilə təşkil edildiyini
göstərir. Döyüşdən qaçan "sərkərdələr” qorxaqlıqları ilə ilk növbədə öz
tərəfdarları arasında ruh düşkünlüyü yaratmaqla, məğlubiyyətə məhkumdurlar.
Hakimiyyətə gəlmək iddiası olan siyasətçi cəsarətli olmalı, tərəfdarlarını
meydanda tək buraxmamalı, onları qurban vermək hesabına əzabkeş obrazı
yaratmaqla, gözə kül üfürüb, ən əzabkeş siyasi lider obrazı yaradıb, bununla
yüksələ bilməzlər. Siyasət fədakarlıq, əmək istəyər, onu bacarmayan liderlər
siyasətdən getsə, yaxşıdır”.
"İnformasiya
Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə də
qəzetimizə açıqlamasında deyib ki, Milli Şuranın məqsədi "piket” keçirmək
deyil, gərginlik yaratmaq olub: "Etiraf edək ki, əhalinin əksər hissəsi piket
və mitinqin və yaxud digər aksiyaların formatını bilmir. Əli Kərimli də məhz bu
tip məsələlərdən öz şəxsi mənafeyi üçün istifadə edir. Öncədə süni formada
ajiotaj yaratmaq məqsədi ilə əhaliyə çağırışlar etdi. Düzdür bu çağırışlara
ölkə vətəndaşları cavab vermir. Qanunvericiliyə görə, 100-200 nəfər partiya
üzvünün bu aksiyaya qoşulmaq hüquqi yoxdur. Piketin konkret tələbləri var və bu
tələblərə uyğun olaraq, müvafiq qurumlar tərəfindən şərait yaradılır. Bu
məsələdə təkcə piketçilərin hüquqları deyil, sadə vətəndaşların hüquqları və
təhlükəsizliyinin təmin olunması da dövlətin borcudur. Piket ərəfəsində çox
aydın hiss olunurdu ki, "mühüm tapşırıqlardan" birini də Fuad
Qəhrəmanlı həyata keçirir. O, süni şəkildə kiçik qrup formalaşdıraraq gərginlik
yaradırdı. Sözsüz ki, bu da öncədən hazırlanmış bir planın tərkib hissəsi idi. Əli
Kərimlinin göstərişi ilə təşkil olunan, lakin onun özünün iştirak etmədiyi bu piketin
keçirilməsində, daha doğrusu ictimai asayişi pozmaqla həyata keçirilməsində
başqa məqam da var idi. Bu, ondan ibarətdir ki, bəzi şəxslər birbaşa təxribata
əl atır və məqsədli şəkildə özlərinə qarşı diqqəti cəlb etməyə
çalışırdılar.Kənardan isə kameralar iş başında idi. Dəfələrlə bu fikir öz
təsdiqini tapıb ki, bu tip aksiyaların bir məqsədi də mühacir biznesi həyata
keçirmək üçün nəzərdə tutulur”.
Ekspertlərin fikirlərindən
də aydın olduğu kimi, demokratiya libasına bürünən AXCP sədri Ə.Kərimlinin,
eləcə də onun timsalında bütün radikalların məqsədi heç də dinc yürüş, piket və
ya mitinq keçirmək deyil. Demokratiya və azadlığı özbaşınalıq, dağıdıcılıq kimi
qavrayan radikallar bu kimi aksiyalarda yalnız təxribatlar törətməklə siyasi
sifariş yerinə yetirir, Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə neqativ
rəy formalaşdırmağa çalışırlar.
Rufik İSMAYILOV