AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dövlətimiz vətəndaşların sosial müdafiəsi üçün zəruri addımları atır

Dövlətimiz vətəndaşların sosial müdafiəsi üçün zəruri addımları atır

Cəmiyyət
09 Avqust 2020, 22:19 381
"Koronavirus pandemiyasının yaratdığı iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycan dövləti vətəndaşların sosial müdafiəsi üçün bütün mümkün addımları atır. Bu, Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha sübut edir”.
 
Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. Tədbirlər Planının icrası məqsədilə ümumilikdə 3,5 milyard manat vəsait ayrılıb. "Təkcə bir faktı qeyd etmək kifayətdir ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir. Bu çox ciddi göstəricidir və dövlətin vətəndaşların sosial rifahına nə qədər böyük önəm verdiyini nümayiş etdirir.

C.Məmmədov qeyd edib ki, aprel-may aylarında 600 minədək, iyul ayında 290 minə yaxın aztəminatlı şəxsə 190 manat birdəfəlik ödəmənin verilməsi, eyni zamanda, iqtisadi sahəyə dəstək məqsədilə atılan addımlar dövlətin əsas məqsədinin məhz insanların sosial rifahını qorumaq olduğunu göstərir.

Millət vəkili 300 min muzdlu işçinin əməkhaqlarının bir hissəsinin dövlət tərəfindən maliyyələşdirildiyini, sahibkarlara dəstək məqsədilə bir sıra tədbirlər həyata keçirildiyini xatırladıb. Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayının 85 minə çatdırıldığını vurğulayan C.Məmmədov deyib: "Bütün bunlar vətəndaşların mənafeyini qorumağa xidmət edir. Hesab edirəm ki, bu siyasət Azərbaycanda vətəndaşlarla dövlət arasında qarşılıqlı etimadı gücləndirən ən mühüm amillərdən biridir. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti bütün çətin vəziyyətlərdə belə öz vətəndaşını müdafiə etməyə, qorumağa qadir güclü bir dövlətdir”.