• şənbə, 20 Aprel, 09:48
  • Baku Bakı 14°C

Dövlətə qarşı hücum

12.09.17 09:00 1047
Dövlətə qarşı hücum
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili verdiyi vədə əməl edərək bazar günü qeyri-qanuni şəkildə Ukrayna ərazisinə daxil olub. O, Ukrayna-Polşa sərhədində yerləşən "Şeqeni” beynəlxalq buraxılış məntəqəsini ora toplaşan tərəfdarlarının köməkliyi ilə polisin barrikadasını yararaq keçməyə müvəffəq olub. Sərhədi keçən zaman Ukrayna polisi ilə fəallar arasında toqquşma baş verib. Bundan əvvəl Ukrayna tərəfi sərhədin minalanması səbəbindən buraxılış məntəqəsi ilə giriş-çıxışı müvəqqəti olaraq bağlamışdı. M. Saakaşvili bildirib ki, keçidin bağlı olmasına acıqlı kütlə qəfildən onu sərhəddən keçirib. "Bizi süpürərək Ukraynaya apardılar”, - deyə o əlavə edib. Ukrayna rəsmiləri onun sərhədi qanunsuz keçdiyini və 16 sərhədçi və milli mühafizə xidməti əməkdaşının yaralandığını bildiriblər. Ukrayna tərəfi bildirib ki, sərhəd rəsmiləri və Saakaşvilinin dəstəkçiləri arasında əlbəyaxa qarşıdurma baş verib. Gürcüstan və sonra Ukrayna vətəndaşlığı olan Saakaşvili hazırda vətəndaşlığı olmayan şəxsdir. Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilini ölkə vətəndaşlığından məhrum edib. Gürcüstanda onun barəsində cinayət işi açılıb, hərçənd o, həmin ittihamları siyasi motivli adlandırıb. Bazar günü Saakaşvili Ukraynaya əvvəlcə avtobusla daxil olmaq istəsə də, daha sonra Krakovets keçid məntəqəsində provokasiya ehtimalına görə plana dəyişiklik etdiyini və qatarla getmək istədiyini bildirib. Qatar reysi əvvəlcə geciksə də, daha sonra ümumiyyətlə təxirə salınıb. "Qatar hərəkət etməyəcək, sərnişinlər Ukraynaya avtobuslarla gedə bilərlər”, - deyə vağzalda elan edilib. Marşrutun dəyişdirilməsinə razılıq verən sərnişinlərə biletin qiyməti məbləğində təzminat veriləcəyi deyilib.
Buna baxmayaraq, M.Saakaşvili məqsədinə nail ola bilib.
Ukrayna rəsmiləri məsələyə dərhal reaksiya veriblər. "Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna sərhədini zorla keçməsi dövlətçiliyə qarşı hücumdur”. Bunu Ukraynanın baş naziri Vladimir Qroysman "Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Ukrayna sərhədini zorakılıqla keçməyə çalışan şəxslər məsuliyyətə cəlb olunmalıdır.
M.Saakaşviliyə qarşı cinayət işi də açılıb.
Bu barədə Ukrayna polisinin "Tvitter” səhifəsində bildirilir.Cinayət işi Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə açılıb. O ki qaldı Poroşenkonun reaksiyasına - dövlət başçısı hələ ki, susur.
Bəs hadisələrin bundan sonrakı gedişi necə olacaq? Ukraynalı politoloqların qənaətincə, baş verən hadisə ölkədə siyasi qüvvələr bölgüsünə təsirsiz ötüşməyəcək və bu, növbədənkənar seçkilər keçirilməsi perspektivini gücləndirəcək. Bir çoxları isə hətta 2003-cü il hadisələrinin təkrarlandığını bildiriblər. O zaman Viktor Yuşşenko birdən-birə ölkədə ən populyar bir şəxsə çevrildi. Məşhur ukraynalı jurnalist Sergey Yudenko xatırladır ki, 2003-cü ildə heç kimim tanımadığı Viktor Yuşşeko birdən-birə milli qəhrəmana çevrildi. O xatırladıb ki, o zaman "Bizim Ukrayna”nın liderini Donetskdə qurultay keçirməyə qoymadılar: "Hətta onun aeroportdan çıxmasına imkan vermədilər. Donbasa iki təyyarə uçurdu. Onların birində Yuşşenkonun komandasına daxil olan indiki prezident Petro Poroşenko da var idi. O, Donetsk aeroportunda əlində çəkic qapıları qırırdı. İndi isə Saakaşvilini ölkəyə buraxmır”. Ekspertlərin qənaətincə, hazırda analoji proses baş verir. "Saakaşvilini Gürcüstanda milli qəhrəmana çevirmək cəhdi göz önündədir”, - deyə Sergey Yudenko yazıb. Bir fakta da diqqət yetirək ki, Poroşenko Saakaşvilini vətəndaşlıqdan məhrum edəndə o, Birləşmiş Ştatlarda idi. Avqustda Ukrayna sənədləri ilə Amerikanı tərk edərək Avropaya gəldi və bir ay ərzində Ukrayna pasportu ilə bir sıra ölkələrdə səfərdə oldu. Müşahidəçilər də diqqəti məhz bu fakta yönəldirlər. Onların sözlərinə görə, ABŞ və Avropa İttifaqı Ukrayna prezidentinin Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi barədə qərarını diqqətə belə almayıblar. Ekspertlər həm də diqqəti ona yönəldirlər ki, keçmiş gürcü liderinin Donald Tramp komandası, eləcə də Respublika və Demokrat Partiyasından olan siyasilərlə çox yaxşı münasibətləri var. Bu səbəbdən də ehtimal edilir ki, Ukrayna hakimiyyət orqanları həm Gürcüstanla, həm də amerikalılarla münasibətləri gərginləşdirməməyə çalışacaq. Maraqlıdır ki, sabiq baş nazir Yuliya Timoşenko da Saakaşvilini müşayiət edib. "Saakaşviliyə qarşı baş verənlər diktaturadan başqa bir şey deyil”, - deyə o bildirib. Əksəriyyət indidən Saakakvili - Timoşenko ittifaqından danışır. Hazırda sabiq baş nazirin partiyası reytinq cədvəllərində və sorğularda ilk yerlərdən birində qərarlaşıb. Ekspertlər hətta hadisələrin gələcək inkişaf ssenarisini da açıqlayıblar. Onların qənaətincə, Timoşenko prezident, Saakaşvili isə baş nazir olacaq. Lakin bunun üçün növbədənkənar parlament seçkiləri keçirilməli və partiyanı elə bir səslə parlament seçkiləri keçirmək gərəkdir ki, hakim koalisiyanı formalaşdırmaq mümkün olsun. İndiyə qədər bu hədəfə çatılması mümkünsüz idi. Lakin müşahidəçilər qeyd edirlər ki, hakimiyyət yavaş-yavaş müxalifətə bu hədəfə çatmağa yardım edəcək. Onların qənaətincə, Saakaşvili Ukrayna siyasətində heç vaxt oyunçu olmayıb, lakin artıq Ukrayna siyasətçilərinin gələcəyinin asılı olduğu bir fiqura çevrilir.
Bəziləri isə bu qənaətdədir ki, Saakaşviliya qarşı duruş gətirmək çox çətindir. Onunla hətta "qoca tülkü” ləqəbli Eduar Şevardnadze da bacarmamışdı. Və indi Poroşenko eyni halla üzləşib. Sabiq gürcü prezidenti qarşısına çıxan hər şeyi məhv edir, dağıdır, hakimiyyəti çalxalayır. Ən əsası, o, bu dəfə cəmiyyətə və siyasi opponentlərinə Ukrayna hakimiyyət orqanlarının necə zəif və gücsüz olduğunu göstərmiş oldu. M.Saakaşvili və onu dəstəkləyənlər hakimiyyəti alçatmaqla vəziyyətdən qalib çıxdılar, desək yanılmarıq. Güc strukturları isə 40 milyonluq bir Avropa dövlətinin sərhədlərinin pozulması faktı ilə barışdılar. Başqa sözlə desək son günlərə qədər reytinqi sıfır olan Saakaşvili növbəti dəfə Qərbin dəstəyi ilə bu prosesdən qalib, qəhrəman kimi çıxdı.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər