AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dövlət vətəndaşının yanındadır

Dövlət vətəndaşının yanındadır

Siyasət
22 İyul 2020, 19:56 4279
Millət vəkilləri Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı verilmiş  sərəncamın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırlar 
 
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozub. Düşmən gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribat törətməklə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaqla hücuma keçmək cəhdi ediblər. Beləliklə, Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutub, nəticədə Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, o cümlədən cəbhə bölgəsindəki yaşayış məntəqələrinə, mülki əhaliyə də mühüm ziyan dəyib, Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.
 

 
Mülki əhali hədəfdə
 
Dondar Quşçu kənd ərazisinə mərmilərin düşməsi nəticəsində kənd sakini, 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evinə, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahələrinə ciddi ziyan dəyib. Qazax rayonu Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus reaktiv qurğudan buraxılmış mərminin atılaraq partlaması səbəbindən həmin mərminin müxtəlif hissələri Xanlıqlar kənd sakinləri Səlminə Əliyeva, Məhbub Orucova, Əziz Şirinov, İlham Mehtiyev, Razim Musayev və Kamil Cahanova məxsus evlərin dam örtüklərinə, həmçinin həyətyanı sahələrinə səpələnib. Nəticədə zərərçəkmiş şəxslərin əmlakları qəsdən zədələnməklə sonunculara xeyli miqdarda ziyan vurulub.
 

 
Bərpa və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi
 
Bütün bunları nəzərə alan Prezident İlham Əliyev iyulun 20-də "Tovuz rayonunu Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sənəddə Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən başlayaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəydiyi bildirilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini İqtisadiyyat Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə təmin edib, bu barədə məlumatları Nazirlər Kabinetinə təqdim etsin. Nazirlər Kabinetinə isə dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
 

 
İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir
 
Sərəncamdan irəli gələrək ilkin qiymətləndirmə aparılıb. Müəyyən edilib ki, erməni hərbi birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri təxribat nəticəsində Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə ciddi ziyan dəyib. Dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi ortaya çıxıb. Bununla yanaşı, intensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib – bu, əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur. Qeyd edək ki, dəymiş ziyan tam həcmdə müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, zərər vurulmuş obyektlərin və yaşayış evlərinin tam bərpası işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. Dəymiş zərərin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin qısa müddətdə başa çatdırılması üçün mütəxəssislər qrupuna bütün zəruri dəstək göstərilir. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir.
 

 
Mülki əhalinin problemlərinin həlli
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Ordusu işğalçı Ermənistanın ölkəmizlə dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozmaqla törətdiyi təxribatın qarşısını qətiyyətlə alıb. Millət vəkilinin sözlərinə görə, təcavüzkar Ermənistan bu təxribatla əldə etmək istədiyi hədəflərin heç birinə çata bilməyib: "Baş verən hadisələrin fonunda Azərbaycan xalqı öz Prezidentinə, Ali Baş Komandanına və milli ordusuna böyük inam və etimadını, dəstəyini qətiyyətlə nümayiş etdirdi. Bəhs olunan proseslər və hadisələr kontekstində Azərbaycan dövləti güclü siyasi iradə ortaya qoyaraq istənilən şəraitdə öz vətəndaşlarının yanında olduğunu göstərdi. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması da bunun bariz nümunəsidir. Biz 2016-cı ildə də analoji yanaşmanı müşahidə etmişdik. Ermənistanın hərbi təxribatları zamanı zərər yetirilmiş yaşayış məntəqələrində bərpa işləri görülmüş, mülki əhalinin problemlərinin həlli istiqamətində ardıcıl addımlar atılmışdı”.
 

 
Dövlət başçısının vətəndaşlara xüsusi qayğısı

H.Babaoğlu deyib ki, bütün bu faktlar Azərbaycan dövlətinin vətəndaşların təhlükəsizliyinin təmin olunmasını, rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxladığını əyani surətdə nümayiş etdirir: "Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Son 17 ilin təcrübəsində davamlı olaraq müşahidə etmişik ki, təbii fəlakət, düşmənin hərbi təxribatları və digər bu kimi müxtəlif çətinliklərlə üzləşən vətəndaşların problemləri məhz dövlət tərəfindən aradan qaldırılıb, bu məsələlər şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olub. Görülən tədbirlər dövlətin sosial davranışından daha çox, dövlət başçısının vətəndaşlara xüsusi qayğısı kimi qiymətləndirilməlidir”.
 

 
Sərhəd kəndlərdə quruculuq işləri davam etdirilir
 
Millət vəkili Arzu Nağıyev də Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının çox mühüm addım olduğunu söyləyib. O qeyd edib ki, bu sərəncam Tovuz sakinlərini bir daha əmin etdi ki, dövlət istənilən vaxt öz vətəndaşının yanındadır: "Tovuz bölgəsindən olan bir millət vəkili, ən əsası, bir tovuzlu kimi cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Əsas məsələ ondan ibarətdir ki, bu gün hər bir vətəndaş hiss edir ki, dövlət onun arxasındadır. Məlum məsələdir ki, ermənilərin təxribatı nəticəsində Tovuzun 6 kəndində təxminən 35 evə və digər infrastruktura ciddi ziyan dəyib. Cənab Prezident sərəncamında bütün bunların araşdırılması, eyni zamanda Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məlumatların təhlil edilməsi və nəticələrin Nazirlər Kabinetinə təqdim edilməsini tapşırıb. Düşünürəm ki, dəymiş zərərin aradan qaldırılması üçün bu sənəd çox vacibdir. Bunun əsas məramı dövlətin hər bir vətəndaşının yanında olmasıdır. Bunu da hər bir sakin anlayır. Bir məqamı da xüsusi vurğulayım ki, Birinci vitse-prezident Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Hazırda Tovuzda, xüsusən də döyüşlər olmuş ərazidə əhali öz gündəlik işlərini davam etdirir, heç bir panika, gərginlik yoxdur. İnsanlar Azərbaycan Ordusuna güvənir. Artıq ərazidə sakitlikdir. Azərbaycan Ordusu tam şəkildə əraziyə nəzarət edir, Ağdam, Dondar Quşçu və digər sərhəd kəndlərdə dinc quruculuq işləri davam etdirilir. Heç bir kənd sakini yaşayış yerini tərk etməyib”.
 
Rufik İSMAYILOV