• cümə, 26 Aprel, 00:24
  • Baku Bakı 16°C

Dövlət Strategiyası təhsilin inkişafında yeni mərhələ olacaq

26.10.13 08:02 2199
Dövlət Strategiyası təhsilin inkişafında yeni mərhələ olacaq
Ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədi dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiqi barədə sərəncam imzalayıb.
Sənədin məzmununda insan kapitalının inkişafının iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil etməsi qeyd edilib.
Belə ki, ölkənin inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. “Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir”. Sənəddə qeyd edilib ki, sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Sənəddə həmçinin son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığı, təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatı istiqamətində ölkə prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilməsi qeyd edilib. Belə ki, həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilib və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılıb, o cümlədən təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.
Qeyd olunanlarla yanaşı, sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac olduğu da sənəddə yer alıb. “Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir”.
Belə ki, Strategiya ölkədə Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.
12 illik təhsilə keçid

Belə ki, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönələn birinci strateji məqsəd təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir.
İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Növbəti strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir.
Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.
Beşinci strateji istiqamət isə ölkədə iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini nəzərdə tutur. Təhsilin İnkişafı Fondunun yaradılması da strateji istiqamət kimi qeyd edilib.
Strategiyada qeyd edilib ki, təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləyib. “Ümumi təhsil pilləsini bitirməsinə baxmayaraq, hesab, oxu və yazı vərdişlərinə malik olmayan çoxlu sayda insanlar vardır. Həmin səbəblərdən təhsilin keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevrilməlidir”.
Məktəbəqədər təhsilin inkişafının dövlət siyasətində əhəmiyyətli yer tutduğunu qeyd edən sənəddə təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsinin vacib olduğu bildirilir. Belə ki, bir çox qabaqcıl ölkələrdə təhsil müddətinin tədricən artırılması istiqamətində addımlar atılır. Ümumi təhsil müddəti az sayda ölkədə on bir il təşkil edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3–6 faiz artımına gətirib çıxarır.
Sənəddə təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. “Son 30–40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir ki, bu da müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb edir. Burada ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülür. Ali təhsil kurikulumunun daimi inkişafı əmək bazarı subyektlərinin tələblərinin sistematik öyrənilməsini vacib edir. Bu proses əmək bazarında iş təklif edən, istər dövlət, istərsə də qeyri-dövlət sektorunda fəaliyyət göstərən bütün subyektləri ali təhsil prosesində başlıca maraqlı tərəfə çevirib”.
Strategiya inkişaf etmiş ölkələrin təcrübəsini nümunə götürərək təhsildə idarəetmənin ictimailəşməsi prosesinin sürətlənməsini önə çəkib. Belə ki, təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. “Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir”.
Mütərəqqi tədris metodlarına ehtiyac

Peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olmasının müəllim amilinə təsir edən amillər sırasında olduğunu qeyd edən Strategiya təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsib: “Təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur”. Sənəddə ölkə təhsilinin vəziyyətinə toxunularaq son illər ərzində Azərbaycanda təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilsə də insan kapitalının inkişafı üzrə yeni uzunmüddətli çağırışların təhsil sahəsinin maliyyələşdirilməsində mühüm tədbirlərin həyata keçirilməsini zərurətə çevirməsi qeyd edilib.
Belə ki, aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycan təhsilinin beynəlxalq rəqabətə davamlılıq göstəricilərinin və ölkə ərazisində yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir. Belə ki, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələlərdəndir.
Ali və ümumi təhsil üzrə dərsliklərin elmi və metodiki baxımdan təkmilləşdirilməsinə ehtiyacın yaranması da sənəddə yer alıb. Strategiyada həmçinin özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı probleminin yaranması, xidmət sektorunda və kənd təsərrüfatı sahəsində kadr çatışmazlığı da qeyd edilib. Strategiyaya görə, son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülsə də, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulsa da bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. Belə ki, ilk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Həmçinin məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi də aşağıdır. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur.
Sənəd həmçinin məktəbəqədər təhsil üzrə yeni kurikulumun tətbiqinin sürətləndirilməsi zəruri hesab edir. Həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanması da nəzərdə tutulub. Sənəddə həmçinin ilk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları müasir tələblərə cavab vermir. Müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə də, ümumilikdə ali təhsil müəssisələrinin kurikulumları əmək bazarında işçi səriştəsinə olan tələblərlə uyğun gəlmir. Ali təhsil pilləsində kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır.
Sənəddə həmçinin təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməsi, müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması məsələsinə də toxunulub.
Təhsilin idarə olunmasında problemlərə toxunan strategiya başlıca problemlərdən biri kimi təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsini qeyd edib. Belə ki, sənəd təhsil sistemini idarə edən orqanların səlahiyyətlərinin, funksiyalarının və məsuliyyətinin dəqiq müəyyənləşməsi, idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi zərurətini ortaya qoyub. Qeyd edək ki, təhsil sisteminin başlıca vəzifələrini müəyyənləşdirən strategiyanın əsas məqsəd ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. “Azərbaycanın təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmalıdır”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər