Dövlət qurumlarında əhalinin müraciətlərinə necə baxılır?
Son vaxtlar əhalinin dövlət qurumlarına müraciətlərinin dərhal
araşdırılması və baxılması prosesi sürətlənib. Bu da onu göstərir ki, dövlət
qurumlarına müraciətlərlə bağlı qanunvericilik sənədlərinin təbliği
istiqamətində göstərilən səylər vətəndaşlar tərəfindən diqqətlə mənimsənilir.
Bildiyimiz kimi, dövlət qurumlarına vətəndaşların müraciəti xüsusi
qanunla həyata keçirilir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının
57-ci və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan
Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə
bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması
qaydasını müəyyən edir.
Hər bir vətəndaşın dövlət və bələdiyyə orqanlarına, dövlət və ya
bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına
və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və
ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ var.
Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü şəkildə həyata
keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin
hüquqlarını və azadlıqlarını pozmamalıdır. Qanuna uyğun olaraq irqinə,
milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq
mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu
məhdudlaşdırmaq qadağandır.
Qanunçuluq, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü
həyata keçirməsinə şərait yaradılması, müraciətlərə dair tələblərin vahidliyi,
fiziki və hüquqi şəxslərin hüquqları və qanuni mənafelərinin qorunması,
müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi,
müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində
şəffaflığın təmin edilməsi, vətəndaşların müraciət etmək hüququ ilə dövlət
maraqlarının uzlaşdırılması vətəndaşların müraciətlərinə baxılmasının əsas
prinsiplərindəndir.
Vətəndaşlar şifahi, yazılı, telefon və elektron müraciət xidməti ilə
öz şikayət və təkliflərini bildirmək istədikləri quruma çatdıra bilərlər. Bəs
dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydaları necə
tənzimlənir?
Müraciətə baxan şəxslər qanunla müəyyən edilmiş qaydada verilən
yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara
baxılmasını təmin etməlidirlər. Vətəndaşların müraciətləri ilə bağlı
kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır
və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Vətəndaşın
müraciətinə onun daxil olma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən
şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına
dair məlumat bildirilir. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə
vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur.
Müraciətə dövlət dilində cavab verilir. Vətəndaşın müraciətinə baxılmasına dair
cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən
tədbirlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.
Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd
edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin
qərardan şikayət verilməsi qaydası izah edilir. Müraciətə baxan şəxs müraciətdə
göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün
aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq
cavab verilməlidir. Qanunla vətəndaşların müraciətlərinə ən geci 15 iş günü,
əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü
müddətində baxılması nəzərdə tutulub. Əgər müraciətdə irəli sürülən məsələlərin
həlli müraciətə baxan şəxslərin səlahiyyətinə aid deyilsə, müraciəti üç iş
günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə
məlumat verir.
L.Hüzeynzadə
Bu məqalə "Beynəlxalq
Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Dövlət
qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının monitorinqi”
layihəsi çərçivəsində hazırlanıb.