• şənbə, 20 Aprel, 16:30
  • Baku Bakı 23°C

Dövlət Miqrasiya Xidmətində Meksikanın ölkəmzidəki səfiri ilə görüş olub

10.11.17 16:40 1001
Dövlət Miqrasiya Xidmətində Meksikanın ölkəmzidəki səfiri ilə görüş olub
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.
Görüşdə F.Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın əldə etdiyi nailiyyətlərdən, ölkəmizdə həyata keçirilən tədbirlərdən, aparılan islahatlardan ətraflı söhbət açıb.
O, Azərbaycan və Meksika arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsi ilə əlamətdar olduğunu bildirib, bu illər ərzində Azərbaycan və Meksika arasında formalaşmış dialoqun məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə "Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş”in imzalanmasının, həmçinin Azərbaycan və Meksika arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs olunub. İqtisadi əlaqələrin inkişafında ikitərəfli marağın olduğuna diqqət çəkilib. Mədəniyyət, turizm, ticarət və sənaye sahələrində əməkdaşlığın da uğurla davam etdiyi bildirilib. Bütün bunların miqrasiya sahəsində də əməkdaşlığın genişləndirilməsini zəruri etdiyi vurğulanıb.
Xidmət rəisi DMX-nin fəaliyyət istiqamətləri haqqında ətraflı söhbət açıb. Vahid miqrasiya məlumat sisteminin imkanlarından danışıb. Qurumun tərkibində Bakı və Yevlax şəhərlərində beynəlxalq standartlara cavab verən Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərinin fəaliyyət göstərdiyini deyib.
Azərbaycanla Meksikanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığına toxunan Firudin Nəbiyev əlavə edib ki, Dövlət Miqrasiya Xidməti çoxtərəfli əməkdaşlıq fəaliyyətini Beynəlxalq Miqrasiya Təşkilatı, BMT QAK, Avropa İttifaqı, MDB, həmçinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz və digər beynəlxalq və regional qurumlarla inkişaf etdirməkdədir. Bununla yanşı DMX ikitərəfli münasibətlər əsasında bir sıra ölkələrlə qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması, readmissiya, könüllü qayıdış, miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini genişləndirir, birgə layihələr həyata keçirir, eyni zamanda miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələri öyrənir və ölkəmizdə tətbiq edir. Hazırda dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, respublika ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir
Azərbaycandakı multikulturalizm ənənələri haqqında danışan F.Nəbiyev bildirib ki, dünyanın bir çox ölkələrində islamofobiyanın, dini dözümsüzlüyün geniş vüsət aldığı bir vaxtda ölkəmiz qonaqpərvərliyi, təhlükəsizliyi, sabitliyi ilə seçilir. Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri birgə dinc yanaşı yaşayırlar.
Ermənistanın ölkəmizə təcavüzü barədə məlumat verən Xidmət rəisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar Meksikanın qanunverici orqanı tərəfindən qəbul edilmiş qətnamələri yüksək qiymətləndirib.
Səfir Rodrigo Labardini ikitərəfli əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini deyib. Qeyd edib ki, Meksika və Azərbaycan artıq daha yaxın ölkələrdir. Son üç ildə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr xeyli inkişaf edib. Azərbaycan ilə Meksika arasında mövcud ticarət dövriyyəsi 3 dəfəyə qədər artıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər