• çərşənbə axşamı, 16 aprel, 18:02
  • Baku Bakı 18°C

Dövlət Miqrasiya Xidməti Şəmkirdə maarifləndirmə tədbiri keçirib

27.05.16 16:10 1154
Dövlət Miqrasiya Xidməti Şəmkirdə maarifləndirmə tədbiri keçirib
Dövlət Miqrasiya Xidməti tərəfindən Gəncə regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Şəmkirdə vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı regionda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən ictimaiyyətin, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların, təhsil işçilərinin nümayəndələri olan 380 nəfərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Görüşdə qeyd olunub ki, miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz hissəsidir. Ölkəmizin geostrateji mövqeyi, respublikamızdakı sabitlik, tolerantlıq, iqtisadi inkişafı Azərbaycanı əcnəbilər üçün cəlbedici edib. Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilib. Çıxış edənlər Dövlət Miqrasiya Xidmətinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu bildiriblər. Bunun nümunəsi kimi istər Xidmətin aparatında, istərsə də regional miqrasiya idarələrində yüksək xidməti şərait yaradılmasına, mobil idarəetmə sisteminin formalaşmasına diqqət çəkilib. Xidmətə müraciət edənlərin məmnunluğunun təmin edilməsinin əsas prioritetlərdən olduğu vurğulanıb.
Xidmətdə ictimai nəzarətə, ictimai iştirakçılğa geniş yer verildiyi və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın faəliyyət göstərdiyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, Dövlət Miqrasiya Xidməti yaradıldığı vaxtdan miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, bu sahədə çətinliklərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyinin artırılması istiqamətində tədbirlər daha da genişləndirilib.
Miqrasiya Məcəlləsində əksini tapmış müddəalara əsasən respublikamızda daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrinin, habelə dövlət dili ilə bağlı biliklərinin yoxlanılmasının əcnəbilərin cəmiyyətimizə inteqrsiyası baxımından böyük əhəmiyyət daşıdığına diqqət çəkilib.
O da vurğulanıb ki, Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının aradan qaldırılması, ölkəmizin müxtəlif regionlarında məskunlaşmış vətəndaşlığı olmayan, keçmiş sovet pasportu ilə yaşayan və vətəndaşlıq mənsubiyyəti müəyyənləşdirilməmiş şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirləri davam etdirir.
Görüşdə həmçinin, ikili vətəndaşlıqla bağlı iştirakçılar tərəfindən verilən sual cavab olaraq bildirilib ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Qanunun 10-cu maddəsinin ikinci hissəsinə görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 1 ay müddətində bu barədə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizdə qanunsuz yaşayan əcnəbilərin aşkarlanması, onların qanunvericiliyin tələblərinə uyğun olaraq respublika ərazisində olma və yaşamalarının leqallaşdırılması üçün ardıcıl tədbirlərin davam etdirildiyi və bu tədbirlərin səmərəli nəticələri konkret faktlarla diqqətə çatdırılıb. Miqrasiya siyasətinin ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdən olduğu, elə ona görə də hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində qanuni əsaslarla yaşamalarının zəruriliyi və qanuni əsaslarla yaşamanın ilk növbədə həmin şəxslər üçün vacib olduğu izah edilib.
Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı keçirilmiş kompleks tədbirlər nəticəsində son 5 ay ərzində Azərbaycan Respublikası ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşurutu üzrə miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilib.
Tədbirdə o da diqqətə çatdırılıb ki, 10 gündən artıq ölkəmizdə qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər.
Görüşün sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.
Daha sonra Gəncə regional miqrasiya idarəsinin xidmət ərazisində yaşayan 46 şəxsə səyyar xidmət göstərilib. 4 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 12 nəfərə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunmasına dair arayış verilib. 9 şəxsə daimi yaşama icazəsinin verilməsi və şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunmasına dair müraciət etmələri üçün tələb olunan sənədlərin siyahısı təqdim edilib. 21 əcnəbi və vətəndaşlığı olmayan şəxsin vətəndaşlıq məsələsi ilə bağlı müraciətləri dinlənilib və onların hansı prosedurları, necə həyata keçirmələri ilə bağlı izahedici söhbət aparılıb.
Tədbir iştirakçıları adından Filal Məmmədov və Firuzə Heydərova maarifləndirmə tədbirinin keçirilməsinə, izahedici söhbətlərə və göstərilən xidmətlərə görə minnətdarlıqlarını bildirblər.
banner

Oxşar Xəbərlər