AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dövlət Komissiyası Ermənistanın gizlətdiyi əsir və girovların sayını açıqladı

Dövlət Komissiyası Ermənistanın gizlətdiyi əsir və girovların sayını açıqladı

Siyasət
30 Yanvar 2013, 18:03 1424
“Siyahılarda dəqiqləşmə işinin başlanmasından keçən müddətdə 1045 nəfərin taleyinə aydınlıq gətirilərək adları itkin düşmüş şəxslərin siyahısından çıxarılıb”. Lent.az-ın verdiyi məlumata görə, bunu dünən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə və 2012-ci ilin yekunlarına həsr olunmuş iclasda Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.

Şahin Sayılov deyib ki, onlardan 386 nəfərinin sağ, 312 nəfərin hərbi əməliyyatların gedişində həlak olduğu və meyitlərinin tanınaraq dəfn edildiyi, 332 nəfərin adının siyahıdan təkrar keçdiyi, 15 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyənləşdirilib. Bundan başqa, 2280 itkin barədə Komissiyanın İşçi qrupu tərəfindən toplanılıb dəqiqləşdirilmiş məlumatlar Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) göndərilib: “Hazırda siyahılarda dəqiqləşmə işi demək olar ki, başa çatmaq üzrədir. Ancaq münaqişənin xarakteri elədir ki, hər gün yeni-yeni məlumatların ortaya çıxması mümkündür. Təsadüfi deyil ki, bu müddət ərzində yaxınlarının və aidiyyəti qurumların Komissiyaya müraciət etmədiyi 147 nəfərin hərbi əməliyyatların gedişində itkin düşməsi faktı aşkarlanıb və qeydiyyata götürülüb. İtkin düşmüş 4031 nəfərdən 877 nəfərinin, o cümlədən 22 uşaq, 99 qadın və 133 qocanın əsir-girov götürülməsi, lakin ermənilərin bunu gizlətməsi barədə Dövlət Komissiyasında konkret faktlar var. Erməni əsirliyindən azad edilmiş vətəndaşlarımızın şahid ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilib, onların ilkin saxlanma yerləri və digər faktlar dəqiqləşdirilib. Dəlil və sübutlara baxmayaraq, erməni tərəfi bu şəxslərin onlara əsir düşməsi faktını yenə də inkar edir”.