Dövlət büdcəsinə yenidən baxıla bilərmi?
Bu
ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar səviyyəsində müəyyən
olunub. Amma indi neftin qiyməti 50 dollar səviyyəsindədir. Və müzakirə olunan
məsələlərdən biri də dünya bazarlarında neftin qiymətinin artması ilə əlaqədar
2017-ci ilin dövlət büdcəsinə düzəlişlər edilməsinin gözlənilən olub-olmamağı
ilə bağlıdır.
Milli
Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə
trend-ə açıqlamasında belə bir halın ola biləcəyini deyib: "2017-ci ilin dövlət
büdcəsində neftin qiyməti bir barel üçün 40 dollar səviyyəsində müəyyən olunub.
Lakin hazırda dünya bazarlarında neftin qiyməti 2017-ci ilin dövlət büdcəsi
üçün əsas götürülmüş proqnoz qiymətindən yüksəkdir. Mənə elə gəlir ki, bu
proses belə davam edərsə, dövlət büdcəsinin yenidən baxılması zərurəti meydana
çıxacaq”.
Z.Səmədzadə əlavə edib ki, parlamentdə
dövlət büdcəsinə neftin qiyməti ilə bağlı dəyişikliklərin edilməsi məsələsinə
may ayında baxıla bilər.
Maliyyə
Nazirliyindən isə bildirilib ki, dövlət büdcəsinə düzəlişlər edilməsi hazırda
gündəlikdə deyil. Qurumdan onu da bildiriblər ki, ümumiyyətlə, neft qiymətlərinin
büdcədə göstəriləndən yüksək olması faktı Azərbaycan Dövlət Neft Fondunun gəlirlərini
artırır. Dövlət büdcəsinə transfertlər isə planlaşdırılmış səviyyədə qalacaq.
Neftin
qiymətində büdcədə hesablanandan 10 dollar artıq bahalaşma müşahidə olunduğu
halda, büdcəyə yenidən dəyişiklik edilə bilərmi? Ümumiyyətlə, bu cür
situasiyalarda büdcəyə dəyişiklik hansı hallarda edilir?
"Bu, elə ciddi problem deyil”
Millət vəkili Vahid
Əhmədov "Kaspi”yə
açıqlamasında bildirdi ki, belə bir dəyişiklik olacağını proqnozlaşdırmır: "Bu
il dövlət büdcəsinə yenidən baxılması məsələsini gözləmirəm. Düzdür, dövlət
büdcəsini təsdiq edərkən 40 dollar səviyyəsində götürmüşük, indi qiymət 50
dollara qədər qalxıb. Ola bilsin ki, neftin qiyməti yenə də artsın. Amma hələlik
neftin qiymətinin artması ilə əlaqədar elə ciddi bir proqnoz yoxdur. Neftin
qiymətində ciddi artım olarsa, gəlirlər artarsa, ola bilsin ki, may ayında büdcəyə
yenidən baxılsın. Bu, elə ciddi problem deyil”.
Qiymətin
hansı həddə olacağı təqdirdə büdcəyə baxılacağına gəlincə, iqtisadçı bunları
söylədi: "Neftin qiyməti 70-80 dollar səviyyəsinə çatarsa, bu zaman büdcəyə
yenidən baxmaq olar. Amma qiymət o həddə
olsa belə, yenə də büdcəyə baxılmaya bilər. Çünki əlavə vəsait Dövlət Neft
Fonduna yığılır və ölkə başçısının fərmanına uyğun olaraq istifadə edilir. O vəsaitlərin
istifadəsi ilə əlaqədar nizamnamə var. Amma əməkhaqqı artırılmasına gedilərsə,
pensiyalara müəyyən düzəlişlər edilərsə, bu zaman dövlət büdcəsinə baxıla bilər.
Sosial layihələrin həyata keçirilməsi, əlavə müəyyən problemlər ola bilər ki,
ölkə başçısının göstərişinə əsasən büdcəyə yenidən baxılması zərurəti yaranar”.
"Bir müddət gözləmək lazımdır”
İqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, neftin qiyməti bazarda çox oynaq
olduğu zamanda büdcəyə yenidən baxılmasına ehtiyac yoxdur: "Büdcəyə dəyişiklik
edilməli olduğunu vacib hesab etmirəm. Hazırda dünya bazarında neftin qiyməti
çox oynayır, qalxıb-enmələr var. Əslində 40 dollar özü də bir qədər optimist
yanaşmadır. Ancaq hələ ki, bu optimist yanaşma özünü doğruldur. Amma fövqəladə
situasiyalarda neftin qiyməti daha da enə bilər. Bu baxımdan büdcəyə dəyişiklik
edilməsinə ehtiyac görmürəm”.
Q.İbrahimli
deyir ki, büdcəyə dəyişikliklər çox zəruri hallarda edilməlidir: "Neftin qiyməti
60 dolları keçirsə, dərhal büdcədə dəyişiklik etməyə ehtiyac yoxdur. Bir müddət
gözləmək lazımdır. Hazırda neftin qiymətinə kifayət qədər mühafizəkar yanaşma
olmalıdır. Çünki bu qiymətlər tez-tez dəyişir, bu da böyük risklər yarada bilər.
Amma ümumiyyətlə, hesab edirəm ki hər il neftin qiymətinə uyğun büdcənin dəyişdirilməsi
təcrübəsi özünü doğrultmur. Büdcəyə dəyişiklik edilməməlidir. İlin axırında
müzakirə olunarkən əsaslandırılmış büdcə hazırlanmalı, il ərzində də həmin büdcə
işlək vəziyyətdə olmalıdır ki, ona uyğun da hökumət öz iqtisadi və sosial siyasətini
apara bilsin”.
"Bütün bu arqumentlər onu deməyə əsas verir ki...”
Millət vəkili Aydın Hüseynov büdcəyə yenidən baxılmasına səbəb olacaq
faktorların olduğunu bildirdi: "2017-ci ilin büdcəsi tərtib olunarkən neftin
qiyməti 40 dollardan götürülmüşdü, indi 50 dollar olub, bəzən bir az da yüksək
olur. Həm bu arqument, həm də büdcə gəlirlərimizdə artımın olmasına əsasən deyə
bilərəm ki, 2017-ci ilin büdcəsinə yenidən baxılması gözlənilir. Qeyd edim ki,
2016-cı ilin büdcəsinə də yenidən baxılmışdı və büdcəyə artım olundu. Həm
neftin qiymətinin 50 dollar civarında olması, həm də bizim 2016-cı ildə
iqtisadiyyatda aparılan böyük islahatlar, atılan addımlar, ölkə başçısının
iqtisadiyyatımızın inkişafı ilə bağlı imzaladığı Strateji Yol Xəritəsində göstərilən
istiqamətlərdə aparılan işlər, yəni qeyri-neft sektorunun şaxələndirilmiş şəkildə
inkişaf etdirilməsi baxımından, artıq büdcə gəlirlərimizin də müəyyən dərəcədə
artımı müşahidə olunmaqdadır. Bütün bu arqumentlər onu deməyə əsas verir ki,
büdcəyə yenidən baxıla, artırıla bilər”.
Aygün Asimqızı