• cümə axşamı, 18 aprel, 23:00
  • Baku Bakı 21°C

Dövlət büdcəsinə yenidən baxıla bilərmi?

29.03.17 11:00 865
Dövlət büdcəsinə yenidən baxıla bilərmi?
Bu ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar səviyyəsində müəyyən olunub. Amma indi neftin qiyməti 50 dollar səviyyəsindədir. Və müzakirə olunan məsələlərdən biri də dünya bazarlarında neftin qiymətinin artması ilə əlaqədar 2017-ci ilin dövlət büdcəsinə düzəlişlər edilməsinin gözlənilən olub-olmamağı ilə bağlıdır.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə trend-ə açıqlamasında belə bir halın ola biləcəyini deyib: "2017-ci ilin dövlət büdcəsində neftin qiyməti bir barel üçün 40 dollar səviyyəsində müəyyən olunub. Lakin hazırda dünya bazarlarında neftin qiyməti 2017-ci ilin dövlət büdcəsi üçün əsas götürülmüş proqnoz qiymətindən yüksəkdir. Mənə elə gəlir ki, bu proses belə davam edərsə, dövlət büdcəsinin yenidən baxılması zərurəti meydana çıxacaq”.
Z.Səmədzadə əlavə edib ki, parlamentdə dövlət büdcəsinə neftin qiyməti ilə bağlı dəyişikliklərin edilməsi məsələsinə may ayında baxıla bilər.
Maliyyə Nazirliyindən isə bildirilib ki, dövlət büdcəsinə düzəlişlər edilməsi hazırda gündəlikdə deyil. Qurumdan onu da bildiriblər ki, ümumiyyətlə, neft qiymətlərinin büdcədə göstəriləndən yüksək olması faktı Azərbaycan Dövlət Neft Fondunun gəlirlərini artırır. Dövlət büdcəsinə transfertlər isə planlaşdırılmış səviyyədə qalacaq.
Neftin qiymətində büdcədə hesablanandan 10 dollar artıq bahalaşma müşahidə olunduğu halda, büdcəyə yenidən dəyişiklik edilə bilərmi? Ümumiyyətlə, bu cür situasiyalarda büdcəyə dəyişiklik hansı hallarda edilir?
"Bu, elə ciddi problem deyil”
Millət vəkili Vahid Əhmədov "Kaspi”yə açıqlamasında bildirdi ki, belə bir dəyişiklik olacağını proqnozlaşdırmır: "Bu il dövlət büdcəsinə yenidən baxılması məsələsini gözləmirəm. Düzdür, dövlət büdcəsini təsdiq edərkən 40 dollar səviyyəsində götürmüşük, indi qiymət 50 dollara qədər qalxıb. Ola bilsin ki, neftin qiyməti yenə də artsın. Amma hələlik neftin qiymətinin artması ilə əlaqədar elə ciddi bir proqnoz yoxdur. Neftin qiymətində ciddi artım olarsa, gəlirlər artarsa, ola bilsin ki, may ayında büdcəyə yenidən baxılsın. Bu, elə ciddi problem deyil”.
Qiymətin hansı həddə olacağı təqdirdə büdcəyə baxılacağına gəlincə, iqtisadçı bunları söylədi: "Neftin qiyməti 70-80 dollar səviyyəsinə çatarsa, bu zaman büdcəyə yenidən baxmaq olar. Amma qiymət o həddə olsa belə, yenə də büdcəyə baxılmaya bilər. Çünki əlavə vəsait Dövlət Neft Fonduna yığılır və ölkə başçısının fərmanına uyğun olaraq istifadə edilir. O vəsaitlərin istifadəsi ilə əlaqədar nizamnamə var. Amma əməkhaqqı artırılmasına gedilərsə, pensiyalara müəyyən düzəlişlər edilərsə, bu zaman dövlət büdcəsinə baxıla bilər. Sosial layihələrin həyata keçirilməsi, əlavə müəyyən problemlər ola bilər ki, ölkə başçısının göstərişinə əsasən büdcəyə yenidən baxılması zərurəti yaranar”.
"Bir müddət gözləmək lazımdır”
İqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, neftin qiyməti bazarda çox oynaq olduğu zamanda büdcəyə yenidən baxılmasına ehtiyac yoxdur: "Büdcəyə dəyişiklik edilməli olduğunu vacib hesab etmirəm. Hazırda dünya bazarında neftin qiyməti çox oynayır, qalxıb-enmələr var. Əslində 40 dollar özü də bir qədər optimist yanaşmadır. Ancaq hələ ki, bu optimist yanaşma özünü doğruldur. Amma fövqəladə situasiyalarda neftin qiyməti daha da enə bilər. Bu baxımdan büdcəyə dəyişiklik edilməsinə ehtiyac görmürəm”.
Q.İbrahimli deyir ki, büdcəyə dəyişikliklər çox zəruri hallarda edilməlidir: "Neftin qiyməti 60 dolları keçirsə, dərhal büdcədə dəyişiklik etməyə ehtiyac yoxdur. Bir müddət gözləmək lazımdır. Hazırda neftin qiymətinə kifayət qədər mühafizəkar yanaşma olmalıdır. Çünki bu qiymətlər tez-tez dəyişir, bu da böyük risklər yarada bilər. Amma ümumiyyətlə, hesab edirəm ki hər il neftin qiymətinə uyğun büdcənin dəyişdirilməsi təcrübəsi özünü doğrultmur. Büdcəyə dəyişiklik edilməməlidir. İlin axırında müzakirə olunarkən əsaslandırılmış büdcə hazırlanmalı, il ərzində də həmin büdcə işlək vəziyyətdə olmalıdır ki, ona uyğun da hökumət öz iqtisadi və sosial siyasətini apara bilsin”.
"Bütün bu arqumentlər onu deməyə əsas verir ki...”
Millət vəkili Aydın Hüseynov büdcəyə yenidən baxılmasına səbəb olacaq faktorların olduğunu bildirdi: "2017-ci ilin büdcəsi tərtib olunarkən neftin qiyməti 40 dollardan götürülmüşdü, indi 50 dollar olub, bəzən bir az da yüksək olur. Həm bu arqument, həm də büdcə gəlirlərimizdə artımın olmasına əsasən deyə bilərəm ki, 2017-ci ilin büdcəsinə yenidən baxılması gözlənilir. Qeyd edim ki, 2016-cı ilin büdcəsinə də yenidən baxılmışdı və büdcəyə artım olundu. Həm neftin qiymətinin 50 dollar civarında olması, həm də bizim 2016-cı ildə iqtisadiyyatda aparılan böyük islahatlar, atılan addımlar, ölkə başçısının iqtisadiyyatımızın inkişafı ilə bağlı imzaladığı Strateji Yol Xəritəsində göstərilən istiqamətlərdə aparılan işlər, yəni qeyri-neft sektorunun şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi baxımından, artıq büdcə gəlirlərimizin də müəyyən dərəcədə artımı müşahidə olunmaqdadır. Bütün bu arqumentlər onu deməyə əsas verir ki, büdcəyə yenidən baxıla, artırıla bilər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər