Dövlət başçısının Azərbaycan vətəndaşına verdiyi dəyərin daha bir göstəricisi
07.08.20 17:25
2681
2020-ci ildə şəhid
ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi evin
verilməsi nəzərdə tutulub
"Azərbaycan dövləti
istənilən böhrana hazırdır. Çünki biz elə möhkəm təməl yaratmışıq ki, istənilən
böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35
dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə
yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək,
ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil
edilməsinə də çatacaq. Əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr
nəzərdə tutulur”. Bu sözləri Prezident İlham Əliyev ölkəmizdə koronavirus
pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi
vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə deyib.
Koronavirus
pandemiyasının elə ilk günlərindən ölkə əhalisinin bütün təbəqə və sosial
qruplarına dövlət qayğısı hiss olunmaqdadır. Prezident İlham Əliyevin diqqəti
nəticəsində ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin
sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə
təminatı proqramı ildən-ilə genişlənir.
Dövlət başçısı sosial
cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Prezidentin tapşırığı ilə
bu istiqamətdə ardıcıl tədbirlər görülür. Müharibə veteranlarına və şəhid
ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri
kimi həmişə diqqət çəkib. Həyata keçirilən layihələr nəticəsində minlərlə
insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Həmçinin dövlətin bu
sahədə gördüyü işlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Sosial
cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun
təşəbbüsü və dəstəyi ilə bir çox mühüm layihələr icra olunur. Fond Qarabağ
müharibəsi əlillərinə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə,
aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqlara
genişmiqyaslı dəstək göstərir.
Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai
rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin
təqdim olunması mərasimində iştirak edərkən də dövlət başçısı deyib: "Müqayisə
üçün deyə bilərəm ki, keçən il 934 mənzil, bu il isə 1500, ondan əvvəlki
illərdə təqribən ildə 500-600-700 mənzil verilib. Yəni, bu, onu göstərir ki, bu
problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən
nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən
istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.
Məlumat üçün bildirək
ki, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid
ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626
mənzil və fərdi ev verilib. 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil
və fərdi ev verilib. Hazırda isə, pandemiya dövrü olmasına baxmayaraq, bütün
sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının
tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord
sayda - azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan artıq
554 mənzil verilib. Təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib.
Ümumilikdə, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və
fərdi ev verilib.
Prezident İlham
Əliyevin tapşırığına əsasən, pandemiya dövründə növbəti sosial dəstək tədbiri -
sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon
(Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və
Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə yaşayış minimumu
həcmində (190 manat) birdəfəlik ödəmə proqramı avqust ayında da həyata
keçiriləcək. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
hazırlanmış yeni qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
Nazirlikdən verilən məlumata görə, ödəmə
aprel-may ayları üzrə birdəfəlik ödəməni almaq üçün onlayn müraciət edərkən
qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir,
Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz,
Salyan rayonlarına aid olan şəxslərə veriləcək.
Bu ödəmələr həmin
bölgələr üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal
işləyən aztəminatlılardan ibarət 278 min şəxsi əhatə edəcək. Bu məqsədlə 53
milyon manat vəsait sərf olunacaq.
Vəsait həmin
vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən
verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.
Milli Məclisin
deputatı Pərvin Kazımzadə "Kaspi”yə açıqlamasında bildirdi ki,
hər zaman hər bir azərbaycanlının yanında olan, onların dərd-səri, problemləri
ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlət başçısı şəhid ailələri,
müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda şəhid
ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması
mərasimində iştirak etmələri də bunun daha bir nümayişi oldu: "Azərbaycanın
ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda
döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da
diqqətdə saxlanılır. Prezident İlham
Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət
alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara
bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600
avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və
onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə, Nazirlik tərəfindən ötən
dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili
ilə təminatı həyata keçirilib. Prezident İlham
Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı ölkəmizin ərazi bütövlüyü,
müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar
hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini
aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi
əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi
göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait
yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min
20 manat ayrılması tapşırılıb. Ölkə
Prezidentinin bu fikirləri ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin
xalqın mənafeyini tam ifadə etdiyindən xəbər verir. Tutduğu məqamdan asılı
olmayaraq, hər bir azərbaycanlıda ruh yüksəkliyi yaranır, dövlətinə və dövlətçiliyinə
olan güvəni, inamı daha da artır”.
Milli Məclisin
deputatı Şahin İsmayılov isə bildirdi ki, Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda
həlak olan, yaralanan, zərərçəkən insanların sosial müdafiəsi istiqamətində
bütün resurslarından istifadə edir. Onun sözlərinə görə, bu sahədə işlər hər il
artan xətt üzrə inkişaf edir: "Ötən illərdə olduğu kimi, bu il də biz bu sahədə
çox böyük işlərin şahidi oluruq. Koronavirus pandemiyası bütövlükdə dünya
iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına da mənfi təsirlər
göstərib. Lakin buna baxmayaraq, Prezident İlham Əliyev bu il də ölkəmizdə heç
bir sosial layihənin dayandırılmayacağını elan etdi. Bu bir daha dövlətimizin
başçısının Azərbaycan vətəndaşına verdiyi dəyərin göstəricisidir”.
Deputat bildirib ki, dövlət başçısının birbaşa diqqəti ilə son illər ərzində şəhid
ailələrinə verilən təqaüdün məbləği 3 dəfə artırılıb: "Şəhid
ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə
242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3
dəfə artırılıb. Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük
verilməklə, şəhid ailəsi üzvlərinin əmək pensiyasına əlavə də hesablanır. Əmək
pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinin hər birinə aylıq sosial
müavinət verilir (kommunal və s. xərclərə kompensasiya kimi). Şəhid
vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın
icra olunub: 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox vərəsəsi
ödəmə ilə təmin edilib. Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial
müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də
təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə
artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz
artım edilib. Qarabağ müharibəsi əlillərinin 16 yaşadək (ümumtəhsil
məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə aylıq
sosial müavinət də ödənilir. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri
övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili
müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti
ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ölkənin
qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün bir sıra
imtiyaz və güzəştlər də əksini tapıb”.
Deputat sonda vurğuladı ki, Azərbaycanda
dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşına qayğı durur. Ölkənin hər vətəndaşı
bu və ya digər formada həmin qayğısını hiss edir. Bunun üçün isə güclü
iqtisadiyyat, siyasi iradə və vətənə sevgi gərəkdir. Biz bütün bu
xüsusiyyətləri Prezidenti İlham Əliyevin timsalında görürük.