• cümə, 29 Mart, 03:19
  • Baku Bakı 7°C

Düzgün ixtisas seçəndə nələrə diqqət yetirməli?

31.07.13 08:38 14335
Düzgün ixtisas seçəndə nələrə diqqət yetirməli?
“Qəbul imtahanından kifayət qədər bal toplamışdım. İnanırdım ki, bu balla istədiyim universitetə qəbul ola bilərəm. Lakin ixtisas seçimini düzgün etmədiyimə görə, arzuma çata bilmədim. Belə ki, gələcək seçimimi dostlarımla birlikdə təyin etdik. Hesab edirdim ki, onların bu məsələdə müəyyən qədər təcrübələri var və mənə kömək edəcəklər. Mənə məsləhət gördülər ki, dövlət universitetlərinin prestijli ixtisaslarını yazım. Onların dediyi kimi etdim, lakin sıralamanı və kodlaşdırmanı düzgün etmədiyim üçün 450 bal toplamağıma baxmayaraq universitetdən kəsildim, özümlə yanaşı mənə inananların da ümidlərini puç etdim”- bu sözləri ixtisaslaşdırmanı düzgün seçmədiyi üçün universitetə qəbul oluna bilməyən Kamran Əliyev dedi.
Artıq III, I və IV ixtisas qrup üzrə qəbul imtahanları sona çatıb. Sonuncu - II ixtisas qrupu üzrə imtahan isə avqustun 3-də keçiriləcək və bundan sonra bütün qruplar üzrə növbəti mərhələyə adlayan abituriyentlərin qarşısında “düzgün ixtisas seçmək” kimi əhəmiyyətli bir məsələ duracaq.
Bəs abituriyentlər yığdıqları bala müvafiq olaraq daha düzgün ixtisas seçmək üçün nələrə diqqət etməlidir?
Mütəxəssislərin fikrinə görə, hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək.
Risk altında olan abituriyentlər
Təhsil eksperti Etibar Əliyev bizimlə söhbətində bildirdi ki, ixtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisaslar seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir: “Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 600 və 700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə heç şübhəsiz abituriyentlər ciddi seçim qarşısında qalırlar. Əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa olsun universitetə qəbul olmaq olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir”.
Təhsil ekspertinin sözlərinə görə, abituriyent 15 ixtisas seçimindən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir: “Abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir”.
“İnformasiyaları dəqiqləşdirin”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə də qəzetimizə açıqlamasında ixtisas seçimində abituriyentlərə öz tövsiyələrini verdi. TQDK sözcüsü bildirdi ki, müsabiqədə iştirak edən abituriyentlərə ixtisas seçimində kömək məqsədilə TQDK tərəfindən lazım olan informasiyalar açıqlanıb: “İxtisas seçimi qəbul dövründə ən mühüm mərhələlərdən biridir. Abituriyentlərə kömək etmək məqsədilə hər bir ixtisas qrupu üzrə qəbul imtahanları keçirildikdən və cavablar elan olunduqdan sonra müsabiqədə iştirak edən abituriyentlərin ballarının paylanma cədvəllərini təyin edirik. Yəni burada 200 bal toplayan neçə abituriyent var və yaxud 500 bal neçə abituriyent toplayıb, hamısı haqqında məlumatlar verilir və abituriyent buna əsasən balının hansı ixtisasa uyğun olduğunu təyin edə bilir. Bundan əlavə, ixtisas seçilməzdən əlavə keçid balları təyin edilir. Keçid balları ötən ilin müsabiqə vəziyyəti ilə bu ilin müsabiqə vəziyyəti arasında fərqin əsasında yaranır”. İxtisas seçiminin vaxtı haqqında məlumat verən TQDK rəsmisi abituriyentlərin onlara təqdim olunan informasiyaları düzgün təhlil etməyi və buna əsasən qərar verməyi məsləhət gördü:
“Müsabiqədə iştirak edən abituriyentlərə avqust ayının 6-dan 15-nə qədər vaxt verilib. Kifayət vaxtın olması ilə yanaşı abituriyentin ixtisas seçərkən kodlaşdırmada səhv etmək şansı yoxdur. Çünki, səhv olan zaman proqram avtomatik olaraq abituriyentə yanlış olması ilə bağlı məlumat verir. Abituriyentə yalnız informasiyaları düzgün təhlil etmək və balına uyğun olaraq ixtisası müəyyənləşdirmək qalır”.
Gələcək sənət necə müəyyənləşir?
Bəs 17-18 yaşındakı gənc gələcək ixtisasını necə müəyyənləşdirə bilir? Onlar ixtisaslarını nəyə əsasən seçirlər?
Mütəxəssislər hesab edirlər ki, gənclərin əksəriyyəti ixtisas seçərkən onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki, ixtisasları sosial tələblərə cavab versin. İş yeri seçimində digər amil olaraq əmək haqqını əsas götürən gənclər də az deyil. Lakin unutmamaq lazımdır ki, ixtisasa görə yox, vəzifəyə görə əmək haqqı ödənilir. Aydın olur ki, yüksək maaş üçün ixtisasın düzgün seçilməsi heç də əsas amil deyil. Ödəniş haqqı təkcə bilik və bacarıqlarla deyil, eyni zamanda, onun işləmə həvəsindən və işinə qarşı olan məsuliyyətindən də asılıdır. Növbəti amil kimi işin ağırlıq dərəcəsi götürülür. Bu isə ixtisasdan çox iş yerindən asılıdır. Yüksək professionallıq dərəcəsi işin daha da asanlaşdırılması deməkdir.
Bəzi hallarda isə aparıcı motiv təhsilin mümkünlük dərəcəsidir. Belə insanlar mənimsənilməsi daha asan olan ixtisaslara yiyələnməyə çalışırlar. Misal üçün, yaşayış yerinə daha yaxın olan, münasib qəbul balı və s. bu kimi faktorları əsas götürərək gələcək ixtisaslarının seçimini edirlər. Təhsilin keyfiyyəti isə onun maddi dəyərindən deyil, onu tədris edən müəllimin professionallığından asılıdır.
Valideyn təzyiqi
Bir qrup gənc ixtisas seçimində valideynlərin fikirlərini əsas götürürlər. Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istər. Amma hərdən övladın fikrinə də hörmət etmək valideynin borcudur. Əfsuslar olsun ki, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularını və ya prestijli peşəyə sahib olmalarını məcbur edirlər. Belə olan təqdirdə isə valideynlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, meyl etdiyi sahəyə yönləndirmək daha məqsədəuyğundur.
İxtisas seçərkən nəzərə almaq lazımdır ki, insan həyatda bir dəfə məslək seçir. Önəmli olan seçəcəyimiz peşəni sevmək, işimizin dəyərini anlamaq və peşəyə sadiqlikdir.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər