Düyməyə basılan mexanizm hərəkətdədir
Azərbaycanla Ermənistan sərhəddindəki son insident
2016-cı ilin 4 günlük aprel savaşından sonra tərəflər arasında ilk ciddi
toqquşma sayıla bilər. 4 ildən sonra Azərbaycanın pilotsuz uşuç aparatları yenə
erməni hərbi məntəqələrini hədəf seçdi və Azərbaycan Müdafiə Nazirliyi bu
görüntüləri 4 il bundan əvvəl olduğu kimi internetdən yaydı. Bu sərhəddəki
insidentin miqyasını göstərdi.
Ümumiyyətlə 2016-cı ilin aprel savaşı münaqişədə dönüş
nöqtəsi sayıla bilər. Bunu Ermənistanda anlamırlar. Ermənistan hakimiyyəti və
erməni cəmiyyəti yanlış olaraq düşünür ki, Azərbaycan əbədiyyətə qədər mənasız
danışıqlarda iştirak edəcək, Şuşa, Kəlbəcər və Laçının məskunlaşdırılmasına, o
cümlədən Ermənistanın baş nazirinin Şuşada "andiçmə” mərasiminin təşkilinə səbrli
yanaşacaq. Əgər bunu düşünürlərsə, demək Azərbaycan cəmiyyətini yaxşı
tanımırlar. Bu təxribatlara dünyanın heç bir xalqı səbrli yanaşmaz, o cümlədən
azərbaycanlılar da. Azərbaycan Minsk Qrupu həmsədrlərinin mənasız vasitəçilyindən
sonra 2016-cı ilin aprelində düyməyə basıb. Mexanizm hərəkətə gəlib və geriyə
yol yoxdur. Doğrudur, Rusiyanın təzyiqi ilə savaş 4 gündən sonra dayandırıldı,
ancaq bunun müvəqqəti xarakter daşıdığı bəlli idi. Halbuki, arpel savaşının nəticəsi
olaraq Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq
verib "mərhələli həll” planının reallaşmasına razılıq versəydi sərhəddəki dünənki
insident və buna bənzər hadisələr də baş verməyəcəkdi.
Ermənistan hakimiyyəti Azərbaycan prezidenti İlham
Əliyevin ötən həftə televiziya
kanallarına verdiyi geniş müsahibəni də doğru oxuya bilmədi. Dövlət başçısı həmin
müsahibədə Azərbaycan-Ermənistan münaqişəsinə və Minsk Qrupu həmsədlərin fəaliyyətinə
qiymət verdi.
Birincisi, prezident dedi ki, həmsədrlər Ermənistanın baş
naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır” açıqlamasına reaksiya vermədilər.
Halbuki, bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi. "Bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı
danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz
edir” – bu İlham Əliyevin qiymətləndirməsidir;
İkincisi, prezident bir daha xatırlatdı ki, Azərbaycan
separatçılarla və onların qondarma rejimi ilə danışıqlar aparmayacaq. İlham
Əliyev həmsədrlərin Nikol Paşinyanın "Azərbaycan Dağlıq Qarabağla danışıqlar
aparsın” açıqlamasına da reaksiya vermədiklərini bildirdi. Azərbaycan
prezidenti "formatı dəyişmək lazımdır” fikrinin
danışıqları əhəmiyyətsiz etdiyini vurğuladı.
Üçüncüsü, İlham Əliyev həmsədrlərin Nikol
Paşinyanın Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimindəki
iştirakına səssiz qalmalarını tənqid etdi: "Nə üçün deyilmir ki, bu, təxribatdır
və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq”;
Dördüncüsü, prezident qeyd etdi ki, Ermənistan
işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. İlham Əliyev bu
məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna
da seyriçi qaldıqlarını bildirdi. İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyasının
sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq
bunları dedi: "On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki,
yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən
erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi
adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək
ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!”;
Beşincisi, İlham Əliyev Ermənistan və Azərbaycan xarici
işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını söylədi.
Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində
bir neçə onlayn müzakirəsi olub. Siyasi ekspertlər də bu müzakirələrin mənasız
olduğunu vurğulayırdılar. Prezident bir daha vurğuladı ki, danışıqların
imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir.
Beləliklə, Azərbaycan prezidenti Minsk
Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli
sürdü. Əslində bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz
varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina
etməsi və ya fasilə götürməsi zərurəti gündəmə gəlirdi. Prezidentin müsahibəsindəki
son cümlə də bundan xəbər verirdi: "Heç kim Aprel döyüşləri yadından çıxmasın”.
Bu sözlərin üstündən bir həftə keçməmiş sərhəddə insident baş verdi. 4 il əvvəl
apreldə olduğu kimi Azərbaycan ordusu işğalçının təxribatına əks həmlə ilə
cavab verdi və bu son deyil.
Ermənistanın istənilən təxribatı
müharibəni alovlandırmaq gücünə malikdir. Azərbaycanla Ermənistanın fərqi odur
ki, Azərbaycan cəmiyyəti torpaqları azad etmək üçün müharibə tələb edir. Misal
üçün sərhəddəki insidentdən sonra Azərbaycan cəmiyyətində müharibə tələbləri
artıb, gənclərin küçələrə spontan axışı müşahidə edilib.
Ermənistan cəmiyyəti isə müharibə istəmir,
çünki onun nəticələrindən qorxur. Digər tərəfdən ermənilər yanlış olaraq
düşünürlər ki, 1990-ci illərdə müharibədə qələbə çalıb istədiklərindən də artıq
torpaq işğal ediblər və əsas məqsədləri bu nəticəni qorumaq və
leqallaşdırmaqdır. Ancaq sərhəddəki insident göstərdi ki, nə işğalı
leqallaşdırmaq, nə də qorumaq mümkündür. O biri tərəfdən danışıqlar nəticə
vermirsə və verməyəcəyi bəllidirsə, lokal toqquşmalar və böyük müharibə
qaçılmazdır. Ermənistanda yanlış olaraq onu da düşünürlər ki, hazırda Azərbaycan
və Ermənistan qorxulu virusla mübarizə aparırsa və bu da faktiki müharibədirsə,
Azərbaycan ikinci müharibəyə başlamayacaq. Sərhəddəki insident bu mülahizələrin
yanlış olduğunu göstərdi. Pandemiya lokal toqquşmaların və ya müharibənin
başlamasına mane olmur.
Sərhəddəki insident Azərbaycanla Ermənistan
arasındakı başqa fərqləri də göstərdi.
Birincisi, Azərbaycan Müdafiə Nazirliyi toqquşma
zamanı itkiləri açıqladı. Bu beynəlxalq aləmə göstərdi ki, birinci atəşi Ermənistan
ordusu açıb və sonrakı hadisələrə görə məsuliyyət İrəvanın üzərindədir. Ermənistanın
Müdafiə Nazirliyi isə itkilər barədə hələ ki, məlumat vermir. Halbuki, Ermənistanın
sosial şəbəklərindən itkilərlə bağlı müzakirələr gedir. Ermənistan hakimiyyətinin
itkilərin miqyasını gizlətməkdə məqsədi indiki ağır iqtisadi və pandemiya şəratində
erməni cəmiyyətinin narazılığının daha da artmasının qarşısını almaqdır. Ermənistanın
keçmiş prezidenti və baş naziri Serj Sərkisyanı istefaya məcbur edən səbəblər məhz
2016-cı ilin aprelində Ermənistan ordusunun uğursuzluğu və itkiləriylə əlaqəli
idi. Ermənistanın hazırki baş naziri Nikol Paşinyan eyni aqibəti yaşamaq istəmədiyindən
itkilərin açıqlanmasına hazır deyil.
İkincisi, Ermənistan sərhəddəki imsidentdən dərhal
sonra sağa sola, hara mümkündürsə, şikayət etməyə başlayıb. Xarici işlər naziri
Zöhrab Mnasakyan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)
baş katibi Stanislav Zasosa zəng edib təşkilatın Ermənistana dəstək verməsini
istəyib. Bəlkə də insidentin Dağlıq Qarabağ istiqamətində deyil, Azərbaycanla sərhəddə
baş verməsi Ermənistanın KTMT-nin və özəlliklə Rusiyanın dəstəyinin
artırıllmasına nail olmaqdır. Hələ ki, bu saata qədər KTMT üzvləri Ermənistana
birmənalı dəstək ifadə etməyiblər. Məsələ burasındadır ki, Rusiyadan başqa
KTMT-nin digər üzvləri işğalçı dövlətə dəstək vermirlər, çünki üzv ölkələrin Azərbaycanla
tərəfdaşlıq münasibətləri var. Ermənistan hakimiyyətinin şikayət etdiyi ikinci
ünvan ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik olub. Ermənistanın müdafiə
naziri David Tonoyan onunla telefonla danışıb. Bu telefon danışığında Tonoyan sərhəddəki
insidentə görə Azərbaycanın günahkar olduğunu sübut etməyə çalışsa da, belə bir
cümlə də işlədib: "Ermənistan ordusu təxribatlara
ancaq cavab hüququndan istifadə edir, ancaq təxribatlar davam edərsə, lazımi
mövqelərin ələ keçirilməsi əməliyyatlarını da həyata keçirə bilər”.
Tonoyanın sonuncu cümləsi Tovuzdakı insidentin mahiyyətini ortaya qoyur. Ermənistan
ordusu sərhəddə strateji yüksəkliklərə nəzarət etmək istəyir. Azərbaycan ordusu
buna imkan verməyərək, yüksəklikləri öz nəzarəti altında saxlamaq əməliyyatlarını
davam etdirəcək. 2016-cı ilin aprel ayındakı döyüşlər də məhz strateji yüksəkliyə
hansı tərəfin nəzarət edəcəyi uğrunda gedirdi. Nəticədə strateji yüksəkliyi Azərbaycan
ordusu ələ keçirdi. Bundan sonra Azərbaycan ordusu Naxçıvan istiqamətində
strateji yüksəkliyi nəzarəti ələ keçirdi.
Üçüncüsü, son insident Rusiya ilə Türkiyənin Azərbaycan
üçün fərqini bir daha ortaya qoydu. Türkiyə Xarici İşlər Nazirliyi sərhəddəki
insidentdən dərhal sonra Azərbaycana tam dəstəyini və Ermənistanın işğalını
pisləyən bəyanat yaydı. Sərhəddəki insidentdən sonra Ermənistanın müdafiə
naziri isə Rusiyanın təyyarəçilərini qəbul edərək Ermənistan hərbi hava qüvvələrinə
verdiyi dəstəklərə görə onlara minnətdarlığını bildirdi. İrəvandakı görüşdə
rusiyalı təyyarəçilərə medallar verildi.
Azərbaycan işğalla barışmayacaq. Ermənistanda
bir-birini dəyişən hakimiyyətlər münaqişənin həlli üçün "mərhələli həll”
planını qəbul etmirlər. Demək lokal toqquşmalar və genişmiqyaslı müharibə
ehtimalı hər zaman yüksək qalacaq. Bunun qarşısını nə Rusiyadan edilən telefon
zəngləri, nə də həmsdərlərin ortamı yumşaltmaq üçün yaydıqları və yayacaqları bəyanatlar
ala bilər. Düyməyə basılan mexanizm hərəkətdədir.
Elxan ŞAHİNOĞLU
"Atlas” Araşdırmalar Mərkəzi