• cümə, 29 Mart, 08:35
  • Baku Bakı 5°C

Düşünün ki, var olasınız...

17.04.17 10:30 2140
Düşünün ki, var olasınız...


Düşünmək insan əqlinin formalaşdığı gündən onun ən yaxşı yol yoldaşı olub. İnsanın tarixi təkamül prosesində milyon illər öncə şüurlu varlıq olma aktı düşüncə ilə formalaşdı. Tarixin böyük soyuqlaşma dövrünün istiləşmə ilə əvəz olunmağı ilə insan təbiət qarşısındakı acizliyini dəf etmək üçün düşünməyə başladı. Düşünmək ətraf mühitlə harmoniyaya təkan verdi, insan həm təbiəti mənimsəməyə, həm ona adaptasiya olunmağa, həm də yaşamını mükəmməlləşdirməyə başladı.
Platon düşünmənin insan varlığı üçün ayna olduğuna inanırdı. Əsrlər sonra Dekart mövcudluğun kökündə düşünməni əsas baza sayacaq və "düşünürəmsə deməli mövcudam” deyəcəkdi. Erix Fromm insan bədənindəki hər bir hüceyrənin və hər bir orqanın müstəqil bir aparat kimi tədqiq olunmalı olduğuna inanırdı.
Dünya fikir tarixində həmişə aktual olan məsələlər əslində çox məharətlə gizlədilə bilir. Proses xarakteri alan dünya fikir tarixinin düz xətli inkişafı gözə çarpmır. Yapon tarix fəlsəfəsinin kultu olan Fukuyama buna görə tarixi "əyri xətli” görürdü. Onun fikrinə görə, dünya insanı artıq çoxdan öyrəşdiyi meyarları bütün sferalara tətbiq etməyə başlayır. Fukuyama əyriliklərin əleyhinə çıxışı təhlükəli hal hesab edirdi. Necə ki, günümüzdə ətrafımıza baxsaq, bunun canlı örnəklərinə rast gələ bilərik.
Məsələn, bir nəfər xəbər portalı yaradır, ağlına gələn hər xəbəri dəqiqləşdirilməmiş, sübutsuz materialları informasiya adı altında cəmiyyətə "yeridə bilir”. Sonra isə stol arxasında ona irad tutan yoldaşlarına elə sərt münasibət bildirir ki, sanki elə onun gördüyü iş əsl jurnalistika imiş, digərləri isə təsadüfi adamlar. Ya da cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri olan repetitorluq məsələsini götürək. Tutaq ki, normal dərs saatı olan, aylıq gəliri bir yazının qonorarına ümid bəsləyən şairdən, yazıçıdan çox olan müəllimə repetitorluqdan savayı, məktəbdə də dərs dediyi şagirdlərə can yadırmasının vicdan məsələsi olduğunu deyəndə, səni elə səhv çıxarmağa çalışırlar ki, sanki elə vicdansızın ən böyüyü imişsən. Bizim yaşadığımız dünyada diqqətdən qaçan məqamlar çoxdur. Bunlar isə çox təəssüf ki, lokal xarakter almaqdan çıxaraq, bəşəri problem halını alıb.
Hansısa bir hadisənin baş rolunda olan, etdiyi hərəkətlər və meyllərlə manşetə çıxarılan insanların özləri öyrənilmir. Manyak cinayət törədirsə, mütləq onun yetişmə şəraiti, uydurulan uşaqlıq travmaları daha çox qabardılır. İnsan özü isə kənardadır. Anlayıram, psixoloji təsirlər və insanın sosiallaşmasına yön verən məqamlar da maraqlıdır. Lakin problemin əsas tərəfi diqqətdən qaçır. "Bitlz”ın əfsanəvi Con Lennonunu öldürən qatil fanatla bağlı ingilisdilli mətbuatda adamın özü ilə ilgili görün bir xəbər tapa bilərsinizmi? Ya da "Nirvana”nın fərqli formada intihar edən, karyerasının ən üst pilləsində ikən özünü öldürən Kurt Kobeyni ilə bağlı. Bütün xəbərlərdə və Kobeynin məktubunun analizində ailə münasibətləri təhlil edilir. Bildirmək istədiyim odur ki, insanın mahiyyətini öyrənməyin qəlizliyi yox, tənbəllik və şou elementləri hər yeri cənginə alıb. Adamlar ciddi şeylərlə maraqlanmır, ciddi şeylər oxumur, maraqlı filmlər izləmir və dünyada məlumat bolluğu içərisində məlumatsız bir nəsil yetişir. Fukuyama bu dövrü görsə "tarixin qırıldığını” deyər, Marks isə "məhvin astanası”nı indinin dünyasında axtarırdı.
Teokratik ideologiyanın mərkəzçi antroposentrizmlə əvəzlənməsi ilə elm, incəsənət, KİV insana maraq duymağa başlasa da, bu günümüzə qədər istənilən nöqtədə deyil. Ya da, mən belə düşünürəm.
İnsana maraq onun düşüncə qabiliyyətinə olan maraqla sintezdədir. Düşünməkdən məhrum olmayaq. Mediamızı da, fəlsəfi fikrimizi də, ədəbiyyatımızı da bu istiqamətə yönəltməyi bacarmalıyıq.
Düşünün ki, var olasınız...
P.S. Düşünməkdən qaçmaq insanın öz beyninə dəyər verməməyidir.
Tural İsmayılov

banner

Oxşar Xəbərlər