AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Düşünən adam - Portret

Düşünən adam - Portret

Gənclik qəzeti
18 Mart 2014, 10:05 2710
Azərbaycanda ənənəsi olan bir çox idman növləri var ki, onlardan biri də şahmatdır. Ağ və qara fiqurların rəqabəti üzərində qurulmuş bu oyun ölkəmizdə həmişə sevilib, böyük diqqət və maraqla izlənib. Şahmat məktəbimiz dünyada məşhurdur və mütəmadi olaraq beynəlxalq dərəcəli qrossmeysterlər, dünya və Avropa çempionları yetişdirməsi onun gücünü ortaya qoyur. Müasir şahmat məktəbimizin əsas fiqurlarından biri isə Şəhriyar Məmmədyarovdur. Bu yazıda məhz onun haqqında danışacağıq.

Şahmatçı ailəsi
12 aprel 1985-ci ildə Sumqayıt şəhərində anadan olan Şəhriyar Məmmədyarov, kiçik yaşlarından şahmatla məşğul olmağa başlayıb. Bunda atası Həmid müəllimin rolu çox böyük olub. Özü ağır atlet olsa da, bir valideyn kimi uşaqlarına məhz stol arxasında olmağı tövsiyə edib. Oğluna məşhur şair Məhəmmədhüseyn Şəhriyarın şərəfinə onun adını verən atası, varisinin Azərbaycanı dünyaya tanıtmaq istəyində olduğunu deyib. Görünən odu ki, kiçik Şəhriyar atasının etimadını artıqlaması ilə doğruldub. Əslində, gələcək qrossmeyster bütün digər uşaqlar kimi qaçmağı, oynamağı, dalaşmağı, top qovmağı xoşlayıb. Ancaq atasının adını şahmata yazdırmasından sonra hər şey dəyişib. Özü də şahmat ailəvi idman növünə çevrilib. Böyük bacısı, hazırda beynəlxalq qrossmeyster olan Zeynəbin uğurlarından həvəslənən Şəhriyar bilik və bacarığını kiçik Türkanla (o da Şəhriyar və Zeynəb kimi beynəlxalq qrossmeysterdir) da bölüşüb. Atalarının şəxsi məşqçiliyi altında intensiv çalışmalar edən uşaqlar böyük zirvələr fəth edə biliblər.

Uşaqlığını qurban verib
Şəhriyar şahmat üçün uşaqlığını qurban verib. 17-18 yaşına qədər gündə 10-13 saat məşq edən gənc, qonşu uşaqlara yetərincə vaxt keçirə, onlarla kinoya gedə, futbol oynaya bilməyib, uşaqlığını tam yaşaya bilməyib. Üstəlik, şahmatla orta təhsili eyni uğurla davam etdirmək də çətin olardı. 10 saat şahmat, 5-6 saat da dərslərə ayırmaqla heç nəyə nail olmaq olmazdı. Ona görə bunların arasından seçim etmək gərək idi. Hər halda şahmatı seçsə də, əziyyətə qatlaşaraq 23 saylı orta məktəbi də yaxşı qiymətlərlə bitirmişdi. Məhz şahmata görə, qrossmeyster uzun müddət bilərəkdən ali təhsil almağa tələsməmiş, xeyli fasilədən sonra İqtisad Universitetinə qəbul olunmuşdu. Hər halda gənc yaşlarında çəkdiyi əziyyət hədər getməyib. Şəhriyar yavaş-yavaş həyatının lövhə arxasında olmadan təsəvvür etmədiyini anlayıb. Ailəsinin maliyyə çətinliyi üzündən ilk dəfə yalnız 14 yaşında – şahmatçılar üçün gec sayılan yaşda Azərbaycandan kənara çıxan Məmmədyarov, qələbələrini sıralamağa başlayır (13 yaşında olarkən ölkə çempionatında ikincilik Məmmədyarova Avstriyada keçirilən Avropa çempionatına vəsiqə verir. Amma gözlənilmədən təyyarəyə gecikən Şəhriyar, yarışdan kənarda qalır və uzun zaman bunun təəssüfünü keçirir. Sonradan yeniyetmə şahmatçı Zaqatalada təşkil olunan yeniyetmələrin şahmat olimpiadasına qatılmaqla böyük təsəlli tapır. 2-ci yeri tutan Şəhriyar yenidən millinin heyətində yer almaq hüququna yiyələnir. 1994-cü ildə 10 yaşa qədər uşaqlar arasında ölkə çempionun adını göstərən şkalada adı yazılan Şəhriyar, 21 yaşında yeniyetmələr arasında ikiqat dünya çempionu olur. Bu, şahmat tarixində rekorddur və yaxın vaxtlarda qırılacağa da oxşamır.

Titullar, kuboklar, böyük qələbələr...
Daima hücum oyunu ilə seçilən Şəhriyar yetərincə böyük titul dağarcığına malikdir. Məmmədyarov yeniyetmələr arasında üçqat (bunlardan ikisi yaşı 20-yə, digəri isə 18-ə qədər olan idmançılar arasında) dünya çempionu, yeniyetmələrin Şahmat Olimpiadasının qalibi, sürətli şahmat üzrə böyüklər arasında dünya çempionu, milli komandalar yarışında ikiqat Avropa çempionudur. Bununla yanaşı, Şəhriyar FİDE Qran-Prinin, Azərbaycanda Prezident Kubokunun, “SOCAR Azerbaijan”ın heyətində Avropa Klubları Kubokunun sahibi, həmçinin bir çox nüfuzlu beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. Onun fəxri kürsüdə yer aldığı bütün mötəbər turnirlərin siyahısını qeyd etmək üçün ayrıca qəzet səhifəsi gərəkdir. Təsadüfi deyil ki, məhz çoxsaylı qələbələri onu hər yerdə tanıdıb və ona “Şah” ləqəbi verilib. Adının başlanğıcı ilə uyğun gələn bu ayama, ona şahmat taxtası arxasında həmişə Şah kimi oynaması, qələbədən başqa heç bir nəticəni qəbul etməməsi, yalnız çempionluqla yetinməyə meyilli olmasına görə verilib.

Aqressiv tərz
Məmmədyarov oyun tərzi olaraq heç vaxt rəqibindən çəkinməyib və həmişə ilk zərbəni özü vurmağa çalışıb. Bütün şahmat dünyası onu aqressiv oyunu ilə tanıyıb. Şəhriyar gözlənilməz startlarla yadda qalan birisidir. Alyoxin müdafiəsi, Budapeşt Qambiti kimi başlanğıclar ona xas tərzlərdir. Adətən qara fiqurlarla oynayanda müdafiədə olmağı seçən qrossmeysterlərdən fərqli olaraq, Məmmədyarov rənglərə fərq qoymur. Dəfələrlə bunun acısını çəksə də, qələbə əzmi onu daima irəli aparıb. Rəqibləri bilirlər ki, “Şah”la oyunda diqqətsizlik etmək, onu bir an belə nəzərdən qaçırmaq olmaz. O, gücünün hamısını ilk saniyələrdən ortaya qoyur, qarşısındakıları təzyiq altında saxlayır, mənəvi üstünlüyü öz tərəfinə çəkir. Təsadüfi deyil ki, onun ən sevimli fiquru vəzirdir. Çünki bu fiqur daha çox hərəkət və hücum potensialına malikdir. Üstəlik, vəzir şahmat partiyasına gözəllik və zəriflik verir. Əksəriyyət üçün darıxdırıcı və uzun gələn bu oyunda daima hücum, sürət və gözəllik nümayişi Məmmədyarovu böyük azarkeş ordusuna sahib edib. Onu dünyanın hər yerində sevir, hörmətlə yanaşırlar.

Bağlılıq
O, doğulduğu, böyüyüb boya-başa çatdığı Sumqayıtdan uzaqda qala bilmir. Bir neçə il Bakıda qalandan sonra geri qayıdan Şəhriyar, paytaxtı çox gözəl, daima maraqlı hadisələrin baş verdiyi, müasir şəhər hesab edir. Ancaq ora çox səs-küylü, diqqəti yayındıran həddindən artıq şeylərin olduğu yerdir. Sumqayıtda isə... Burada Şəhriyar doğmalarının ətrafındadır. Buradakı hər kəsi, hər yeri tanıyır. Üstəlik, Sumqayıt sakit, məşqləri rahat etməyə imkan verən şəhərdir. Əsl şahmatçılar şəhəri.

Vətənpərvər
“Sərhədçi”nin üzvü olan Şəhriyar Məmmədyarovun böyük vətən sevgisi var. Onun üçün Azərbaycanın adını yayılması, planetin hər nöqtəsində məşhurlaşdırılması, bayrağın yüksəldilib, himnimizin çalınması öncül istəkdir. Müsahibələrinin birində suallardan birinə cavab verərkən “Şah” belə demişdi: “Matçlardakı qələbələrin mənim üçün əsasən ölkəm baxımından əhəmiyyəti var. Adımın qarşısındakı “Azərbaycan” sözünü nə qədər yüksəkdə görsəm, bir o qədər sevinirəm. İstənilən matçda arxamda ölkəmin olduğunu hiss edir, ondan güc alıram. Bütün qələbələrimi də Azərbaycana görə qazanmağa çalışıram. Şəxsi uğurlar ikinci plandadır”.

Portreti
Rodenin məşhur “Düşünən adam” heykəli var. 130 il əvvəl hazırlansa da bu heykəl bu gün də aktuallığını qoruyur, hələ əsrlər sonra da qoruyacaq. Portretində Şəhriyar da şahmat taxtası arxasındakı düşünən adamdır. Sözün hər iki mənasında. Bu taxta həm də onun həyatıdır. Təsadüfi deyil ki, əksər qrossmeysterlərdən “Şahmat sizin üçün nədir” soruşanda, onlar “həyatım” cavabını verirlər. Məmmədyarov da bu min ildən çox yaşı olan idman növünə böyük əhəmiyyət verir. Ancaq o, şahmatı həyatı yox, onun bir hissəsi sayır. O, şahmatsız da yaşaya bilər. Ancaq düşünmədən yaşaya bilməz. Şəhriyar həyat taxtasının arxasında gələcəyi haqda düşünür. Düşünür və əsl qrossmeyster kimi artıq bir neçə addım sonra nə olacağını bilir.

Kənan MəstəliyevPortret"> Portret"> Portret"> Portret">