• cümə, 29 Mart, 16:45
  • Baku Bakı 14°C

Düşüncələr toplusu

14.01.20 11:45 417
Düşüncələr toplusu
Elçin Şərifov yaşadığımız mühitin sözlə çəkilmiş şəklini təqdim edib

Adətən tanımadığım müəllifin kitabını oxumamışdan əvvəl səhifələyər, bir cümləsini, ya bir misrasını gözdən keçirərəm, məni tutdusa, axıracan davam edərəm. Bu dəfə də belə oldu. Diqqətimi çəkən cümləni yazıram: "Yaşamaq öyrənmək, öyrənmək isə yaşamaq deməkdir.” Sadə, lakin dərin fəlsəfi məna yükü olan fikrin ahəngindəki düşündürmək qayəsi məni bir xeyli sükut içində saxladı. Həqiqəti deyə bilməyəndə susmaq necə, görəsən, doğurdan da qızıldır? Cavabı da elə həmin səhifədə oxudum: "Cavab tapmaq iqtidarında olmadığınız sual barədə düşünməyin mənası yoxdur”. Təzə tanıdığım müəllifin təzə kitabını əziyyət çəkmədən, yorulmadan başa vurdum. Rəyimi bir cümlə ilə bildirməli olsaydım, "Düşüncələr toplusu”dur deyərdim. Kitabın müəllifi oxucusu ilə sanki dialoq qurur, söhbət edir, duyğularına bir güzgü tutur. Ya səni əzən fikirlərdən xilas etməyə çalışır, ya da nə gizlədim, dərdinin üstünə dərd qoyur. Məsələn, " Əvvəlki nəsillər tərəfindən bizə çatdırılan dəyərləri qorumaq, artırmaq və tətbiq etmək bizim insanlıq borcumuzdur, biz İNSAN adlanmaq üçün bunu etməyə borcluyuq”, digər fikir: " Bu gün bizim cəmiyyətə xas olan qüsurların əsas səbəbi-indiyə qədər ictimai mənafeyi şəxsi mənafedən üstün tutmağı bacarmamağımızdır. Eqoizm bizi məhv edir”. Bu, cəmiyyətimizdəki təzaddır, deyə bilmirəm, çünki günümüzün qara rəngidir. Ağ günlər çox vaxt bir acgözün xirtdəyinə ilişir. Nə doyur, nə əldən qoyur. Nə qədər özümüzü şən göstərməyə çalışsaq da, üzləşdiyimiz ədalətsizlik bəzən bizi dirigözlü öldürür. Elçin Şərifovun kitabı həyatın - yaşadığımız mühitin sözlə çəkilmiş şəklidir. Oxu, ibrət götür, düşün, dəyiş, anla ki: "Həyat özü möcüzədir, amma həyatda möcüzə olmur”.
Bacısı Təranə Mahmudova göndərmişdi onun kitabını mənə. Elçin "Şərəf”, "Şöhrət” ordenli, Əməkdar inşaatçı Abid Şərifovun oğludur. "Ot kökü üstə bitər” deyiblər. Bir də söz adamın içinin ətridir. Bir məsələ də məni məyus etdi ki, qəlbi böyük arzularla çırpınan, qurub-yaratmaq üçün daha fəal mövqedə olmaq istəyən bu istedadlı insan özü demişkən yalnız fikirlərini ifadə etməyə - yazmağa, sözlə qurmağa, yaratmağa məcburdur. Bu həm təsəllidir, həm də yaşamaqdır.
Müəllifin esse kimi təqdim etdiyi əsərləri əslində fəlsəfi qənaətlərdir. Hər birimiz "başqalarında səhv axtarmaqdansa, özümüz az səhv buraxmamağa çalışsaq daha yaxşı olar”. Elçin Şərifovun təklifləri də düşündürücüdür: "... Daha əvvəl yaradılanların düzgünlüyünü inkar etməkdənsə, malik olduğumuzu təkmilləşdirək. Cəmiyyətin təkamül yolu ilə inkişafının gedişinə zidd olan hər hansı fikirlərə vaxt itirmək bizi tərəqqidən yalnız uzaqlaşdıracaq.”
Tərəqqiyə, sülhə, mənəvi saflığa, qurmağa, yaratmağa, çalışmağa, bəşəriyyəti düşündürən problemlərin həllinə, birliyə... çağırış var bu esselərdə. Şüar şəkilində, şablon ifadələrlə yox. Müəllifə görə, həqiqəti müəyyən etmək üçün ziddiyyətlərin mövcudluğu vacibdir. Bu halda mənim düşüncəmə görə də bütün yaxşıların var olması pislərin yaşamını da şərtləndirir. Vaxtı ilə dünya ədibləri bir-birlərilə bəhsə girərək söz döyüşdürürdülər ki, dünyanı gözəllik xilas edəcək. Bu hələ ki, baş verməyib. Dünya özü boyda bir qaynar qazana dönüb. Gözəllik də solur, ədalət də susur. Ümid ölür də, doğulur da... Elçin Şərifovun nidası yeni bir səda gətirir: "Xeyirxahlıq dünyanı xilas edəcək”. Pisliklərə son qoymaq, xeyirxah əməllərə rəvac vermək. Bu, bütün bəşəriyyətin devizi olmalıdır. Amma elə bütün hökmləri də əslində zaman özü verir. Ən qadir hökmdar da, kral da, fatehlər də həmişə zaman adlı hakimin dəyişməz qərarına baş əyməli olublar. Kitabdan oxuyuruq: "Zamanın hökmü ilə hesablaşmaq bacarığı prinsipsizlik deyil, müdrikliyin təzahürüdür.”
Elçin Şərifov demokratiyanı təqdir edən, daxili azadlığı dəyərləndirən bir şəxsiyyətdir. Esselərində də bu ali məqamların təsiri aydın görünür. O, buxovlanmış sözü sevmir, amma çərçivəsizliyi də qəbul etmir. Sərhəddən kənara çıxmaq... Həyatda bunun müəyyən bəndləri var: icazəli, icazəsiz... Sözdə, hərəkətdə, əxlaqda isə ən yumşaq tənqidi mənəviyyatsızlıq adlanır. Müəllif yazır: "Şüurumuzun hansı inamı üstün tutması o qədər də əhəmiyyətli deyil, daha əhəmiyyətlisi əxlaq kateqoriyasıdır. Əsas odur ki, bu əxlaq prinsipləri cəmiyyətin tərəqqisinə zidd olmasın.”
Şəki folklorunun kamil tədqiqatçısı, qələminə, şəxsiyyətinə böyük hörmətim olan Hikmət Əbdülhəlimov "Elçinin mənəviyyat dünyasına bir baxış” adlı məqaləsində yazır: "Nəslə, soya, kökə, yaddaşa bağlılıq, keçmişə körpü, əsillik və əsilzadəlik əlamətidir. Əsl insanın bir ayağı keçmişdə, digəri yaşadığı çağdaş dövrdə olur. Elçinin timsalında biz onun bu keyfiyyətləri əxz etdiyini görürük”. Hikmət müəllim haqlıdır, Elçinin esselərində həm də müəllifin obrazı var, ən çox da bir filosof qələm sahibinin özünəməxsus düşüncələrilə tanış oluruq. Bu, onun ilk nəşri olsa da, sanki minilliklərin dərin qatlarından keçib gələn qədim kitab təsiri bağışlayır. Bu köhnə təzəliyin ahəngindəki yeniliklər isə bambaşqadır. İnsanı düşüncələr aləminə apara bilir.
"Həyat qaynağı” adlı essesində bizi əhatə edən aləmin, yaşadığımız cəmiyyətin, təhsilin, çoxumuzu məşğul edən iqtisadiyyatın, gələcək nəslin düzgün formalaşmasına əngəl ola biləcək problemlərin aradan götürülməsinin yolları elə aydın səslənir ki... Müəllif yazır: "Hər şey ilk növbədə təhsil təsisatına-ictimai təhsil müəssisələrinə və cəmiyyətin rüşeymi olan ailəyə əsaslanmalıdır. Bütün təlim-tərbiyə kompleksi həyatımız boyu insanlara müsbət emosiyalara nail olmaq vərdişləri aşılanmasına yönəldilməlidir. Əlbəttə, dəyərli müsbət emosiyaları qəbul etməyi öyrənmək lazımdır, çünki bu həm də maarifçilik funksiyasına daxildir”. Düzgün yanaşmadır. Bütün uğurların əsası ailədə qoyulur.
Müdriklər doğru qənaətə gəliblər ki, hədəflər dəqiq müəyyən edildikdə ona çatmaq da asan olur. Seçim və cəhd həmişə qələbənin reallaşdırılmasında vacib rol oynayır. Bu baxımdan Elcinin düşüncələri də maraqlı və aktualdır: "İqtisadi nailiyyətlər olmasa, münasibətlərin həmahəng olması real deyildir”. Bəs nə etməli? Müəllifin təklifi çıxış yolunun əsas bəndi kimi səslənir: "...bu problemlə yalnız iqtisadiyyatın müxtəlif aspektləri üzrə xüsusi biliklərə malik insanlar məşğul olmalıdır. Yəni mənim fikrimcə, bütövlükdə iqtisadiyyata qloballaşma mövqeyindən yanaşma yolverilməzdir və buna iqtisadiyyatın bütün sahələrinin birgə səyləri sayəsində nail olmaq mümkündür.”
Elçin Şərifovun valideynləri ilə bağlı etiraflarında da əsl azərbaycanlı ailəsinin simasını görür və belə bir mühitdə tərbiyə alan, böyüyən, formalaşan insanın qətiyyətli, mərd xasiyyətinə, uzaqgörənliyinə, başqalarından çox fərqləndiyinə təəccüb etmirsən. Bu kitab əslində Şərifovlar ailəsinin həyat manifestidir.
Burada müəllifin şeirləri də yer alıb. "Özümüzə gözəl günlər yaşadaq” - deyən, ya bəlkə də arzulayan Elçin Şərifovun ürəyindən su içən misralarında da mənəvi dünyasının işıqları sayrışır. "Gələcəyi keçmiş üstə qurmasaq” bütün dəyərlər itər, tərəqqi yox, uğursuzluq baş verər. Həqiqətən bizə qalanları qoruyub gələcəyə ötürməsək, sonradan yaranan boşluğu heç nə ilə doldurmaq mümkün olmayacaq.
Kitabda " Ön söz”ün müəllifi Xalq yazıçısı Çingiz Abdullayevdir. Əslində mən bunu belə adlandırmazdım, çünki Elçin Şərifovun əsərləri nə təqdim, nə də təhlil olunur. Bu yazı ön sözdən daha çox yeni bir üslub, orijinal yanaşmadır. Sanki Çingiz Abdullayev öz hiss və duyğularını müəllifin düşüncələrinin ahəngində bəyan edir: "İşıqla Zülmətin mübarizəsi təkcə bizim dünyamızda yox, həm də bizim qəlbimizdə gedir. Maraqlıdır ki, "Həyat qaynağı” essesində qeyd edilir ki, insanın həyatı iki ən mühüm emosional kateqoriyadan ibarətdir. Və bu, tamamilə doğru fikirdir. İdealda, əgər "Biz müsbət emosiyalar bağışlamağı və onları qəbul etməyi öyrənməliyik” sözləri həyata keçsəydi, əla olardı. Amma əslində insanın mövcudluğu - bir-biri ilə növbələşən qara və ağ zolaqlardır”. Bax, səsləşmək, birləşmək budur. Ayrı-ayrı təfəkkürün eyni düşüncə tərzi. Bu həm də istedadlı insanların ruh birliyinin təsdiqidir.
Yazımın sonunda bir məsələni də vurğulamaq istəyirəm, təkcə tikinti sahələrində qurub yaratmırlar ki... Söz meydanının da zəhmətkeş qurucuları var. Sözlə yaradılan abidələr də öz möhtəşəmliyi ilə fərqlənir. Bir soyadın iki nümayəndəsi Abid və Elçin Şərifovlar. Atanın qurduğu nəhəng tikililər, oğulun yaradığı və yaradacağı söz mülkləri... Hər ikisinin xidməti əbədiyyətə, ədəbiyyata ünvanlanıb. Çox sevdiyim bir müdrik kəlamı təkrar etməkdən məmnunluq duyuram:
-Ömür itmir, bitmir davam edir...
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər