AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Düşmənin “muzdlu” təxribatı

Düşmənin “muzdlu” təxribatı

Siyasət
27 İyul 2020, 18:47 1550
Ekspertlərin fikrincə, Azərbaycanın Tovuz döyüşlərində guya yaraqlılardan istifadə etməsi barədə yayılan xəbərlər məqsədlidir

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində erməni təxribatının qarşısı alındıqdan sonra Azərbaycana qarşı sosial şəbəkələr və bir sıra xarici xəbər saytları tərəfindən əsassız ittihamlar səsləndirilməyə başlandı. Əlbəttə ki, ermənilər döyüşdə uduzduğu üçün törətdikləri təxribatı informasiya məkanında ört-basdır etməyə cəhd edirlər. Elə bu məqsədlə də əvvəlcə Rusiya mediası vasitəsilə Yaxın Şərqdəki muzdluların guya Azərbaycan tərəfindən döyüşdüyü ittihamı səsləndirildi. Ardınca isə bu günlərdə Ukraynanın şərqindəki separatçı rejimin nümayəndəsi vasitəsilə belə fikir səsləndirildi ki, guya ukraynalı yaraqlılar Azərbaycan tərəfindən döyüşlərdə iştirak edib. Lakin bu informasiyaların yalan və iftira olduğu hər kəsə gün kimi aydındır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da bəzi xəbər agentlikləri tərəfindən guya ki, Ukrayna muzdlularının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə xəbərlərə aydınlıq gətirib və bildirib ki, bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır: "Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.
Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb etmişdir və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar”.
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, belə qərəzli iddialar Tovuz hadisələrindən sonra gözlənilirdi: "Ermənilər hər zaman olduğu kimi, bu dəfə də təkcə atəşkəsi pozmadılar, həm də Azərbaycana qarşı informasiya müharibəsi apardılar. Bu cür iddialar müəyyən mənada gözlənilirdi. Əslində bu tip məsələlər, yəni Azərbaycan tərəfindən muzdluların döyüşməsi heç zaman olmayıb. Bu metoddan birinci Qarabağ müharibəsində və indi daha çox ermənilər istifadə edib. Bizə məlumdur ki, Dağlıq Qarabağ müharibəsi zamanı və indi də ermənilər xaricdən muzdlular gətirərək döyüşlərə cəlb ediblər. Yəni, söhbət Suriyadakı ermənilərdən və başqa ölkələrdən gətirilən muzdlu əsgərlərdən gedir. Düşmən bu gün növbəti təxribata əl atır, guya Azərbaycan tərəfindən hansısa yaraqlılar döyüşüb. Əslində belə hal yoxdur. Döyüşdə şəhid olanlar da azərbaycanlılardır. Tovuz hadisələri ilə bağlı Ermənistan ölən şəxslərlə bağlı informasiyanı gizlətdi. Amma ümumən ayrı-ayrı mənbələrdə ekspertlər belə bir fikirlə çıxış etdilər ki, ermənilər tərəfindən ölənlər haqqında açıqlama verilməməsinin səbəblərindən biri də erməni tərəfindən muzdluların döyüşməsidir. Əgər orada ölənlərin çoxu Ermənistan vətəndaşı olsaydı, o zaman ictimaiyyətdə narazılıq daha çox olardı və hiddətləndirərdi. Görünən odur ki, döyüşlərdə erməni tərəfdən muzdlular iştirak edib”.

C.Məmmədov qeyd etdi ki, bir müddət əvvəl Ermənistanda hərbiçilərin anaları mitinqlər keçirirdi: "Ona görə də erməni tərəfi üstünlük verir ki, itkilərini gizlətsin. Bir məsələni nəzərə almalıyıq ki, ermənilər Tovuz istiqamətindəki hücuma əvvəldən hazırlaşmışdılar. Bu baxımdan həm də informasiya savaşına hazırlıq görmüşdülər. Ona görə də sistemli şəkildə müxtəlif media qurumlarında və sosial şəbəkələrdə Azərbaycan əleyhinə təbliğata başladılar. Maraqlıdır ki, muzdlular məsələsi əvvəlcə başqa mənbədən, daha sonra Ukraynanın şərqindəki separatçı rejimin nümayəndəsinin dilindən səsləndirildi. Hesab edirəm ki, separatçıların bu bəyanatı ciddi şəkildə təhlil olunur. Burada təbii ki, məqsədlər var. Onlardan biri Azərbaycan ordusunun qüdrətini gözdən salmaqdır. Çünki dünyada yaranmış bir fikir var ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Ermənilər bu addımı ilə Azərbaycan ordusunu gözdən salmağa çalışırlar. Digər məqsədləri guya Azərbaycanda başqa ölkənin vətəndaşı olan muzdluların yer alması ilə bağlıdır. Başqa bir məqsədləri var. İstəyirlər Ermənistanda belə bir ictimai rəy formalaşdırsınlar ki, guya Azərbaycanın bu cür əməliyyatlar keçirməsi muzdlu əsgərlərinin olması ilə əlaqəlidir. Əlbəttə ki, bu kimi əsassız bəyanatların məqsədi bəllidir və fakta söykənmir. Hesab edirəm ki, biz bu cür fikirlərin yayılmasına imkan verməməliyik. Biz bilirik ki, ermənilər hiyləgər və məkrlidirlər. O baxımdan da çalışmalıyıq ki, hər zaman informasiya müharibəsində də imkanlarımızı və gücümüzü daha da genişləndirək”.
 
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Tovuz hadisələri ilə bağlı guya bitərəfliyi ilə seçilən, ermənilərə aid olmayan saytlarda Yaxın Şərqdən gələn müxtəlif qrupların guya Azərbaycan tərəfində döyüşdükləri haqqında məlumatlar verildi: "Bir neçə gün əvvəl isə Ukraynanın şərqindəki separatçı rejimin nümayəndəsi mətbuat konfransında birdə-birə Azərbaycanla bağlı məsələyə toxundu. O bildirdi ki, guya Ukraynadan xüsusi qruplar Azərbaycandadırlar və ermənilərə qarşı vuruşurlar. Onu da qeyd edim ki, artıq bir ildir anti-Azərbaycana şəbəkəsi, ermənilər və onlara havadarlıq edənlər Azərbaycan hakimiyyətinə qarşı ciddi şəkildə təzyiq göstərməyə cəhd edirlər. Bu istiqamətdə təxribatlar törədirlər. Azərbaycan ordusu öz sayına görə Ermənistan ordusu ilə müqayisədə kifayət qədər üstünlüyə malikdir. Nə vətəndaşların orduda könüllü xidmət etmələrinə, nə də xaricdən hansısa qrupların Azərbaycan tərəfindən müharibədə və ya döyüşlərdə iştirak etməsinə ehtiyac yoxdur. Azərbaycan ordusunun kifayət qədər ixtisaslaşmış hərbçiləri var və onlar müasir döyüş texnikasına sahibdir. Başa düşülən haldır ki, yaraqlılarla bağlı irəli sürülən ittihamlar Azərbaycana qarşı qarayaxma kampaniyasıdır. Əfsuslar olsun ki, "5-ci kolon”, Ermənistan və rusdilli saytlar vasitəsilə bu qarayaxmalar aparılır. Əgər söhbət Yaxın Şərqdən və ya başqa yerlərdən yaraqlıların Cənubi Qafqaza gətirilməsindən gedirsə, o zaman xüsusilə qeyd etmək lazımdır ki, yaxın günlərdə Yerevana Yaxın Şərqdən təyyarə gəlib. Gələcəkdə də belə bir neçə təyyarənin gəlməsi gözlənilir. Bununla da Yaxın Şərqdən erməni terrorçu qruplarının Ermənistana gətirilməsi planlaşdırılır”.
 
Z.Məmmədov vurğuladı ki, ermənilərin birinci Qarabağ savaşında və indi də Yaxın Şərqdəki erməni terror qruplarından istifadə etdiyini görmüşük: "Bununla da ermənilər Cənubi Qafqazı qeyri-sabitlik ocağına çevirmək istəyirlər. Çox təəssüflər olsun ki, İran və Rusiya, Gürcüstan məsələnin ciddiliyinin fərqində deyillər. Hər nə olursa-olsun, biz bu kimi hadisələr qarşısında susmamalıyıq və mütləq şəkildə müdafiə yox, hücum taktikası tətbiq etməliyik. Azərbaycan Xarici İşlər Nazirliyi, kütləvi informasiya vasitələri, ayrı-ayrı ekspertlər, xaricdə olan azərbaycanlılar erməni quldurlarının, Ermənistan dövlətinin əslində terror qruplarının Yaxın Şərqdən bölgəyə gətirməsini ifşa etməlidir. Daha çox təkzib edilən yox, hücum materialları əsasında informasiya müharibəsini aparmalıdırlar”.
 
BƏXTİYAR