• cümə axşamı, 28 mart, 13:13
  • Baku Bakı 16°C

“Düşmənimizlə siyasi rəqiblərimizə eyni münasibətimiz olmamalıdır”

23.01.14 10:16 1634
“Düşmənimizlə siyasi rəqiblərimizə eyni münasibətimiz olmamalıdır”
Müsavat Partiyasının Milli Şuradan çıxmasından sonra AXCP ilə bu siyasi qurum arasında başlayan qalmaqal səngimək bilmir. Tərəflər bir-birini qarşılıqlı ittiham edir və bəzən arqumentlərini eks-prezident Əbülfəz Elçibəyə sədaqət prinsipi üzərində qurmağa çalışırlar. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı hesab edir ki, “Yeni Müsavat” qəzeti mərhum prezident Əbülfəz Elçibəyin adından istifadə edərək AXCP haqqında, onun sədri haqqında böhtan yağdırır. Rauf Arifoğlu isə bildirir ki, eks-prezident sağ ikən özünü, ölərkən isə ruhunu incidən AXCP rəhbərliyi yenidən onu incitməkdədir. Hətta bu qalmaqalın iştirakçıları vaxtilə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində Əbülfəz Elçibəy əleyhinə dərc edilən yazıları da üzə çıxarıb sosial şəbəkələrdə yayırlar. Müxalifət daxili proseslər, Milli Şuranın aqibəti, AXC-Müsavat partiyalarının “Yurd” müzakirələri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırır.
- Müsavat Partiyası Milli Şuradan çıxandan sonra AXCP ilə bu siyasi qurum arasında qalmaqal başlayıb. Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham edirlər. Siz baş verənləri necə qiymətləndirirsiniz?
- Gəlin baxaq görək, onlar arasındakı ittiham nədən ibarətdir. Guya ki, tərəflərdən kimsə iqtidarla dil tapıb. Əvvəla unutmaq lazım deyil ki, nə qədər tənqid etsək də bu iqtidar Azərbaycanı təmsil edir. Onlar bizə düşmən deyillər. Ona görə də düşmənimizlə siyasi rəqiblərimizə münasibətimiz eyni olmamalıdır. Əgər kimsə ermənilərlə gizli danışığa gedib, dil tapıbsa, buna pis baxa bilərik. Lakin öz ölkənin iqtidarı ilə, hakimiyyəti ilə kiminsə dil tapmasına bu cür reaksiya verə bilmərik. Əgər Azərbaycanda hansısa siyasi partiya rəhbərliyi iqtidarda təmsil olunan hakim partiya ilə dialoqa gedir, dil tapırsa, buna xəyanət damğası vurmaq yolverilməzdir. Digər tərəfdən, adətən böhtanlar arqumentlər qurtaran yerdə başlayır. Yəni, tərəflərdən birinin əlində ciddi arqument yoxdursa, qarşı tərəfi aşağılamaq, özünü haqlı çıxarmaq üçün böhtana, təhqirə yol atır. O qədər də uzaq olmayan keçmişə nəzər salsaq bir daha müşahidə edərik ki, Milli Şura yaranarkən ora üzv olan partiya liderləri müsbət fikirlərlə mətbuatda çıxışlar ediblər. Onlar elan ediblər ki, Azərbaycanın ən ləyaqətli, ən cəsur, ən radikal, ən həqiqi müxalifəti və önündə “ən”lər olan digər yaxşı kateqoriya insanları Milli Şuraya toplaşıb. Ola bilməz ki, ən radikal, ən obyektiv müxalif qüvvə olan Müsavat Partiyası 1 ayın içərisində ən satılan, ən prinsipsiz, ən xəyanətkar qüvvəyə çevrilsin. Bu, mümkün deyil. Çevrilmələrin özü üçün uzun bir müddət, proses lazımdır. Bu səbəbdən ya gərək biz elan edək ki, onlar əvvəlcədən qeyri-səmimi olublar, ya da son deyilənlərin heç bir əsası yoxdur.
- Siz necə, hesab edirsinizmi ki, Milli Şura missiyasını başa vurmuş təşkilatdır?
- Əslində, istənilən qurum bir siyasi prosesin məntiqinə uyğun formalaşır və həmin siyasi prosesin sərhədləri daxilində aktiv olur, mövcudluğunu qoruyur. Bundan sonra sözügedən qurum ya yeni dövr üçün dəyişilməlidir, ya da buraxılmalıdır. Milli Şura da prezident seçkiləri öncəsi yaradılmışdı. Seçki prosesi tam yekunlaşana qədər də öz mövcudluğunu qoruya bildi. Bəlkə də bu, lazım idi. Lakin cəmiyyət yeni seçki dövrünə qədəm qoyur. Qarşıdan bələdiyyə, parlament seçkiləri gəlir. Bir halda ki, prezident seçkilərinin nəticələrinin aradan qaldırılması istiqamətində heç bir ciddi addım atmaq mümkün deyil, yaxud addım atılmır, onda Milli Şura ya reformasiyaya uğramalı, ya da oradakı qüvvələr qurumu tərk etməliydilər. Mənim kənardan müşahidələrim belə qənaət yaradır ki, Müsavat Partiyası əvvəlcə Milli Şurada islahatların aparılmasını təklif edirdi. Xüsusən də qurumun bu və ya digər şəkildə Rusiya ilə əlaqədə olmasını, Rüstəm İbrahimbəyovun fəxri sədrlikdən getməsi məsələsini gündəmə gətirirdi. Ona görə də hər hansı formada Rusiya ilə əlaqəsi olan şəxsin Milli Şurada rəhbər strukturda təmsil olunmasına etiraz etdi. Milli Şuranın idarə edilməsində, prinsiplərdə dəyişiklik edilməsi təklifini də irəli sürdü. Amma Milli Şuranın içərisindəki konservativ qüvvə qurumun bu şəkildə saxlanmasında, hətta Rüstəm İbrahimbəyovun orada olmasında xüsusi maraq nümayiş etdirirlər. Bu marağın arxasında nələrin dayandığını, öhdəliyin olmasını demək çətindir. Hər halda görünən budur ki, Milli Şurada Müsavat Partiyasının timsalında islahatçı “qanad” da var. Belə ziddiyyəti nəzərə alsaq, iki ayrı-ayrı fikirdə olan qüvvənin bir yerdə olması mümkün deyildi. Gec-tez biri ayrılmalıydı. Ayrılan isə Müsavat Partiyası oldu. Ona görə də sonradan bu partiyanın ünvanına söylənənləri böhtan xarakterli fikirlər kimi qəbul edirəm.
- AXCP funksionerləri Milli Şuranın əsas missiyasının hələ qabaqda olduğunu bildirir və yeni siyasi təşkilatların bu birliyə cəlb olunmasına çalışırlar. Sizcə, yeni partiya və təşkilatların quruma üzvlüyü Milli Şuranı dirçəldəcəkmi?
- Milli Şuradan əvvəl mövcud olan “Azadlıq Bloku”, “DemKonqres”, SİDSUH da elə bu cür dağılıb. Biz müxalifətçilərin seçkidən əvvəl yaratdığı bütün təşkilatlar eyni aqibəti yaşayıb. Bu da normal haldır, qanunauyğundur. Ancaq Milli Şuranın əsas missiyasının qabaqda olduğunu söyləmək yaxşı bir hal deyil. Milli Şuranın missiyası əvvəlcədən Rusiyanın vasitəsilə Azərbaycanda siyasi dəyişikliklərə nail olmaq idi. Əgər bu missiyanı sona çatmış hesab etmirlərsə, eyni xətti, yolu davam etdirirlərsə, bunun özü yaxşı heç nə vəd etmir. Yeni siyasi partiya və təşkilatların Milli Şuraya cəlb olunmasına gəlincə, yenilik adamların, partiyaların, adların, vəzifələrin yeniləşməsindən deyil, ideyaların yeniliyindən ibarətdir. Mahiyyət etibarilə Milli Şura yeni bir ideya ortaya qoyubsa, bunu yeniləşmə saymaq olar. Məsələn, bundan əvvəl Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyətə gəlmək bir ideya idi. Əgər bu ideya dəyişilərək yerinə başqası qoyulubsa, yəni müxalifətin öz gücünə, yaxud Avropanın gücünə hakimiyyətə gəlməsi hədəf seçilibsə, bu başqa məsələ. Amma, - “Həsən getdi, Hüseyn gəldi” - misalının gerçəkliyə çevrilməsi yenilik deyil. İslahatlar struktur və funksional xarakter daşımalıdır. Milli Şuranın funksiyasında ciddi bir şey yoxdursa, burada yenilikdən danışmaq əbəsdir.
- AXCP və Müsavat funksionerləri qarşılıqlı ittihamlar səsləndirərkən bəzən arqumentlərini eks-prezident Əbülfəz Elçibəy üzərində irəli sürürlər. Belə hallara münasibətiniz necədir?
- Mərhum Əbülfəz Elçibəyin hər iki tərəfə münasibəti birmənalı olmayıb. Yəni, hər iki tərəfi bu və ya başqa məsələdə dəstəklədiyi, eyni zamanda dəstəkləmədiyi anlar olub. O, üçüncü tərəf kimi şəxsən mənə də AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər barəsində bir çox şeylər deyib. İndi durub dünyasını dəyişmiş bir adamın sözlərini gündəmə gətirmək düzgün olmazdı. Onsuz da kiminsə Elçibəyi əlində bayraq etməklə, həqiqəti söylədiyini sübut etməsi mümkün deyil. Hamımız bilirik ki, Elçibəyin “Yurd” təşkilatına, eləcə də Müsavata münasibəti necə olub.
- Son günlər mətbuatda “Xalq Cəbhəsinin “Yurd” həqiqətləri” adlı kitab yenidən müzakirə mövzusuna çevrilib. Orada “Yurd”çuların müxalifət daxilindəki dağıdıcılığından bəhs olunur. O dövrün siyasi proseslərinə yaxından bələd olan biri kimi kitabda yer alan məqamları həqiqi sayırsınızmı?
- Bu “Yurd” problemi Azərbaycan Xalq Hərəkatının ilk illərindən özünü göstərmişdi. O dövrdə hərəkata çox ciddi zərbələr vurdu. Eks-prezident Əbülfəz Elçibəyin hakimiyyətdən getməsində də Müsavatla “Yurd” arasındakı intriqalar müəyyən rol oynadı. Son 20 ildə Azərbaycanda demokratik proseslərin inkişafına da “Yurd” intriqaları mane oldu. Belə ki, onlar sonradan transformasiya oldular AXCP-yə və başladılar Müsavata qarşı kampaniyalar aparmağa. Bu da cəmiyyətdə demokratik proseslərin inkişafına öz təsirini göstərdi. Etiraf olunmalıdır ki, Azərbaycanda müxalifətin aparıcı qüvvəsi AXCP və Müsavat Partiyasıdır. Onlar müəyyən dövrdə hakimiyyətdə olublar, maliyyə imkanları, beynəlxalq dəstəkləri olub. Biz nə qədər çalışsaq da bu iki qüvvədən qabağa çıxa bilmədik. Hələ ki, bu iki partiya Azərbaycan müxalifətində real güclərdir. Təbii ki, böyük güclərin də böyük intriqaları olur və bu cəmiyyətə böyük ziyan verir. Ona görə də demokratik proseslərdə ciddi irəliləyiş yoxdur. Müxalifətlə hakimiyyət, müxalifətlə xalq və beynəlxalq təşkilatlar arasında əlaqələr olduqca zəifdir, yox səviyyəsindədir. Diqqət yetirsək görərik ki, beynəlxalq təşkilatların Azərbaycan müxalifətinə verdiyi dəstək, AXC və Müsavat partiyaları arasındakı intriqaların intensivliyinə uyğun olaraq, xeyli azalıbdır. Hər iki qüvvə arasındakı intriqa nə qədər qabarıbsa bir o qədər xalqın və beynəlxalq aləmin müxalifətə dəstəyi azalıb. Ona görə də hesab edirəm ki, belə intriqalara son qoymaq lazımdır. Söhbət nə vaxtsa hakimiyyətə gəlməkdən getmir. Əsas şərt siyasi etikaya uyğun mübarizə aparmaqdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər