AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Düşmənə göz dağı olan saziş

Düşmənə göz dağı olan saziş

Siyasət
26 Fevral 2021, 16:37 372
Ekspertlərin fikrincə, Bakı və Ankara arasında hərbi cəhətdən yaxınlaşmanın qarşısını heç kim ala bilməyəcək
 
44 günlük Vətən müharibə dövründə Türkiyə, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü əsas götürərək öz siyasi dəstəyini əsirgəmədi. Əlbəttə ki, Azərbaycan ordusunun hərbi hazırlığının yüksəldilməsində də qardaş ölkənin rolu danılmazdır. Ötən müddət ərzində bu əməkdaşlığın hüquq bazası olaraq Azərbaycanla Türkiyə arasında bir sıra sazişlər imzalanıb. Lakin 44 günlük müharibədən sonra bu əməkdaşlıq yeni dönəmə qədəm qoydu. Belə ki, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib. Türkiyə prezidenti bununla bağlı müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin oktyabrın 31-də Azərbaycana səfəri zamanı imzalanıb. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. Toplantıdan sonra sənədlər imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin o zamankı milli müdafiə naziri Nurettin Canikli imzalayıb. Bəs görəsən bu sazişin iki ölkə üçün əhəmiyyəti nədən ibarətdir? Bu sənəd Azərbaycanla qonşu olan region ölkələrini narahat etməyəcək ki?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın yeni mərhələsi, əslində, fakt olaraq 2020-ci ilin Tovuz hadisələrindən sonra baş tutdu: "Nəticə etibarı ilə 44 günlük müharibədə də bu  regionda Azərbaycan-Türkiyə ittifaqının nələrə qadir olduğunu göstərdi. Onu da qeyd edim ki, əsasən bölgədəki ölkələrdən həm İran, həm də Rusiya fakt qarşısında qalaraq Azərbaycan-Türkiyə birliyi və hərbi əməkdaşlığının güclənməsinə qarşı heç bir etiraz edə bilmədilər. Təbii ki, söhbət dünyanın ən güclü hərbi sənaye texnologiyalarına malik olan, hərbi cəhətdən çox üstün orduya sahib olan Türkiyə ilə əməkdaşlıqdan gedir. Türkiyənin Azərbaycan ordusunda istər hərbi texnika, istərsə də zabit heyətinin bilik və bacarığının artırılması baxımından olduqca böyük dəstəyi var. Son zamanlar kadr dəyişikliyi və kadr potensialının artırılması baxımından da Türkiyə və Azərbaycan əməkdaşlığı önəmlidir”.
 
Z.Məmmədov qeyd etdi ki, Türkiyə ilə Azərbaycan arasında təsdiqlənmiş saziş artıq region ölkələrini narahat etməyəcək: "Çünki, faktiki olaraq Türkiyə hərbi varlığı Azərbaycanda mövcuddur. Artıq Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, Türkiyənin müasir pilotsuz uçuş aparatlarının və digər silahlarının Azərbaycanda mövcud olması faktı qarşısında qonşu ölkələr seyrçi olmağa vadar oldular. Bundan sonra Bakı və Ankara arasında hərbi cəhətdən yaxınlaşmanın qarşısını heç kim ala bilməyəcək. Əgər bir müddətə qədər Azərbaycan müəyyən məsələləri nəzərə alırdısa, lakin son hadisələrdən sonra ciddi şəkildə siyasi və hərbi sahədə istiqamətlər bəlli oldu. Təbii ki, adekvat addımlar atılaraq Azərbaycan və Türkiyə arasında mühüm anlaşmalara nail olundu”.
 
Hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, regionda mövcud hərbi siyasi vəziyyət Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsini deyil, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu əməkdaşlığın əsası 1992-ci ildə imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış "Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” ilə qoyulub: "2010-cu il sentyabrın 15-də imzalanan "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə isə iki ölkənin hərbi sahədə əməkdaşlığını strateji səviyyəyə yüksəldib. Bundan başqa, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Ordusu NATO təlimlərində birgə iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyə SQ ilə iki və çoxtərəfli hərbi təlimlərdə iştirak edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən "Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” mövcud münasibətlərin yeni mərhələsi hesab olunur. Saziş hər iki ölkənin müdafiə sənayesində əməkdaşlığının daha da inkişaf etdirilməsinə imkan yaradacaq. Azərbaycanın həm hərbi sahədə inkişafı, həm də coğrafi mövqeyinin güclü olması, eyni zamanda Türkiyənin də güclənməsi deməkdir”.
 
Ə.Verdiyev hesab edir ki, iki dövlət arasında hərbi sahədəki əməkdaşlıq, regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq: "İmzalan sazişdən əvvəl də qardaş ölkələrin müdafiə sənayesinin istehsal etdiyi məhsullar hər iki ölkə üçün qarşılıqlı şəkildə əlçatan idi. Lakin bu sazişdən sonra birgə müdafiə sənayesi müəssisələrinin yaradılması üçün münbit şərait yaranacaq. Türkiyədə son illərdə yaradılan müasir müdafiə sənayesinin, o cümlədən pilotsuz aviasiya, zirehli vasitələr, radioelektron avadanlıqlar, "ağıllı” sursatlar, raket və s. istehsalı, Azərbaycanın da bu sahədə yeni nailiyyətlər əldə etməsinə imkan verəcək. İşğaldan azad edilən ərazilərimizdə daha böyük həcmli müdafiə sənaye müəssisələrinin yaradılması da gözlənilir”.
 
BƏXTİYAR