• çərşənbə axşamı, 19 mart, 14:22
  • Baku Bakı 8°C

“Düşmənə daha yaxın məsafədən əks-hücum edirik” - Fotolar

30.06.17 09:30 7108
“Düşmənə daha yaxın məsafədən əks-hücum edirik” - Fotolar
Mənə "vətən haradan başlayır” deyə sual versələr, "vətən dünyanın hər yerindən, hətta okeanın o tayından başlayır” deyə cavab verərdim. Çünki bu gün bu vətəndən qopan və getdikləri hər ölkəyə özləri ilə bərabər kiçik bir Azərbaycan aparan vətəndaşlarımız kifayət qədərdir. Elə vətəndaşlarımızın səsini dünyanın o tayından eşidəndə, fəxarət hissi keçirməyə bilmirik. Bu gün təqdim edəcəyim müsahibim də elə vətəndaşlarımızdan olan Minəvvər Vahabova (Kaşiyeva)dır.

O, illər əvvəl Amerika Birləşmiş Ştatlarının əhali sayına görə ən böyük şəhərlərindən biri olan Nyu-Yorka gedib. Orada bir çox əziyyətlərə qatlaşmalı olub. Qarşısına bir çox haqsızlıqlar çıxsa da, öz amalından və fikrindən dönməyib. Vətənini Amerika kimi nəhəng bir ölkədə təbliğ etməkdən heç zaman vaz keçməyib. Onun qadın şücaəti və mərdliyi Azərbaycan xanımı olaraq təkbaşına ABŞ-da Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyəti yaratmasına kömək edib. Minəvvər xanım Amerikada ermənilərin Azərbaycanın mətbəxinə, mədəniyyətinə sahiblənməsinə də biganə qalmayıb. Azərbaycan mədəniyyətini və mətbəxini Amerika vətəndaşlarına və eləcə də Nyu-Yorkda yaşayan, dünyanın müxtəlif ölkələrindən gələn insanlara təbliğ etmək üçün Nyu-York "Azərbaycan Evi”ni açıb.
- Minəvvər xanım, ilk olaraq istərdik, sizi daha yaxından tanıyaq.
- Şəki şəhərində anadan olmuşam. Şəki Pedaqoji Texnikumunun İbtidai sinif müəllimi fakültəsini bitirdikdən sonra 1987-ci ildə Mirzə Fətəli Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olmuşam. 1992-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək doğma Şəki şəhərinə qayıtmışam. Bir il 8 saylı məktəbdə rus dili və ədəbiyyatı müəllimi kimi çalışmışam. 1993-cü ildə ailə quraraq Bakı şəhərinə köçmüşəm. Həmin ildən 2007-ci ilə qədər Binəqədi rayonu 3 saylı məktəbdə rus və Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişəm. Ailəliyəm, bir oğlum və bir qızım var. Özümü şanslı hesab edirəm. 2007-ci ildə Green Card (Yaşıl kard) qazanaraq ABŞ-ın Nyu-York ştatına gəlmişəm.
- 2013-cü ildə Amerikada qadın təşkilatı yaratdınız. Nə üçün məhz qadınlar? Hesab edirsiniz ki, Amerikada Azərbaycan qadınlarının hüquqları kifayət qədər müdafiə olunmur?
- Bəli, Amerikaya gələn ilk aylardan diaspor fəaliyyətinə başladım. O zaman fəaliyyət göstərən bir cəmiyyətə üzv oldum və tez bir zamanda Nyu-Yorkda diaspor fəallarından birinə çevrildim. Həftəsonu məktəbində azərbaycanlı uşaqlara dilimizi, mədəniyyətimizi, tariximizi tədris edirdim. Daha sonra Türk internet radiosunda Azərbaycan saatının aparıcısı oldum. 2013-cü ildə bir qadın cəmiyyəti yaratmağın vacibliyini hiss etdim. Mən deməzdim ki, Amerikada Azərbaycan qadınlarının hüquqları müdafiə olunmur. Əksinə, Amerikada qadınların, yaşlıların və uşaqların hüquqları həmişə qorunur. Sadəcə, azərbaycanlı və digər millətlərdən olan qadınları bir cəmiyyətdə birləşdirmək, onlara lazım gəldikdə yardım etmək və həmçinin onların imkanlarından istifadə etmək zərurətini hiss etdim və ona görə rəsmi qeydiyyatdan keçmiş Nyu-York Amerika-Azərbaycan Qadın Cəmiyyətini yaratdım.
- Ötən gün azərbaycanlı yazar Sevinc Səfərova ermənilərin Los Ancelesdə "Qarabağ” adı altında mətbəx açdıqlarını və orada bizim şirniyyatlarımızı öz adlarına çıxdıqları ilə bağlı qəzetimizə müraciət etmişdi. Bəs siz necə, belə hallarla rastlaşırsınızmı?
- Ermənilərin heç bir addımı məni təəccübləndirmir. Çünki onların qanında var - pislik, oğurluq, böhtan, yalan və s. Mən bizim qadın cəmiyyətinin davamı olaraq 2014-cü ildə Nyu-Yorkun Bruklin şəhərinin ən qaynar rayonunda "Azərbaycan Evi” restoranı açdım. "Azərbaycan Evi” ilk öncə Azərbaycanı - mətbəximizi, musiqimizi, incəsənətimizi Nyu-Yorkda yaşayan çoxsaylı millətlərə tanıtmaq missiyasını həyata keçirir. Bəzən Azərbaycan deyəndə, çox adam hətta onun harada yerləşdiyini belə bilmir. Onun üçün belə bir addım atmağı zəruri hesab etdim. Biz burada bir çox təxribatların qarşısını alırıq. Necə deyərlər, düşmənə daha yaxın məsafədən əks-hücum edirik.
- Amerika mədəniyyəti ilə bizim mədəniyyətimiz arasında hansı fərqli və oxşar cəhətlər var?
- Amerika və Azərbaycan bütün aspektlərdən çox fərqli ölkələrdir. Ölçü vahidləri fərqli, dili, mədəniyyəti, mətbəxi, mentaliteti, bir sözlə tamamilə fərqli iki ölkədir. Bura yeni gələn insan həyata yeni gəlmiş kimi olur. Körpə uşaq kimi hər yerdə ilk addımlarını atmalı olursan. Amerika həyatına inteqrasiya etmək, burada öz yerini tapmaq, ayaqların üzərində möhkəm və inamla durmaq hər bir kəsdən güclü iradə, əzm, səbir tələb edir. Mən Amerikaya gələndə, ingilis dilim sıfır səviyyəsində idi. Buna baxmayaraq, kollecdə təhsil aldım. İbtidai sinif müəlliməsi işləyirəm və təhsilimi davam etdirərək magistraturada oxuyuram.
- Amerikada azərbaycanlı bir təşkilat olaraq hansı çətinliklərlə üzləşirsiniz?
- Bir təşkilat kimi heç bir çətinliyimiz yoxdur. İstədiyimiz fəaliyyətlə məşğul ola bilirik. Sadəcə istək və iradə lazımdır. Amerika demokratik ölkədir. Burada bir təşkilat, cəmiyyət yaratmaq nəzəri cəhətdən çox da çətin bir proses deyil. Ancaq onu yaşatmaq, tanıtmaq çətin işdir. Bizim problemimiz dövlətlə deyil, insanlarımızladır əslində. Azərbaycandan gələn həmvətənlərimiz bir az fəal, vətənpərvər olsalar, necə deyərlər, dağı dağ üstə qoymaq olar.
- Bir təşkilat olaraq indiyə qədər hansı layihələri həyata keçirmisiniz?
- Biz mütəmadi olaraq Azərbaycanı tanıtmağa çalışırıq. Hər il Xocalı faciəsinin ildönümündə BMT-də Ermənistanın nümayəndəliyi və BMT-nın Baş Qərargahı qarşısında mitinqlər təşkil edirik. "Azərbaycan Evi”ndə 20 Yanvar və Xocalı şəhidlərinin ruhuna dua oxudub ehsan veririk. Onu da qeyd edim ki, Azərbaycanın ABŞ-dakı səfirliyi, Los Ancelesdəki konsulluğumuz, BMT-də Azərbaycanın daimi nümayəndəliyi hər zaman bizə dəstək verirlər. Yeri gəlmişkən, hörmətli səfir Elin Süleymanov və komandası, hörmətli konsul Nəsimi Agayev və səfirimiz Yaşar Əliyevə öz minnətdarlığımızı bildiririk. Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi də hər zaman bizə lazımi mənəvi dəstəyi göstərir. Bizim fəaliyyətimiz yalnız Nyu-Yorkda deyil, başqa ştatlarda da davam edir. Tez-tez Vaşinqtonda və Los Ancelesdə keçirilən müxtəlif tipli tədbirlərdə iştirak edirik.Bir neçə il öncə amerikalı aktyorların iştirak etdikləri "Arşın mal alan" operettasının tələffüz məşqçisi olmuşam. Bu da mənim fəxr etdiyim bir məqamdır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər