Düşmən nəticə çıxarmazsa...
Azərbaycan prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 12-də Füzuli
rayonuna səfəri çərçivəsində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsinə də
baş çəkib, burada əməliyyat şəraiti ilə tanış olub. Müdafiə naziri,
general-polkovnik Zakir Həsənovun raportunu qəbul edən Ali Baş Komandana cəbhə
xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib. Komanda idarəetmə məntəqəsindən
düşmənin mövqelərini izləyən dövlət başçısı daha sonra döyüş tapşırığını yerinə
yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
Ardınca hərbi qulluqçular qarşısında çıxış edən Ali Baş Komandan bu ilin aprel
ayında Ermənistanın dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat
törətməsinə diqqət çəkib. Bildirib ki, qəhrəman Azərbaycan Ordusu - xalqımızın
əsgər və zabitləri bu təxribata layiqli cavab veriblər, uğurlu əks-hücum
əməliyyatı keçirərək, düşmənə sarsıdıcı zərbələr vurublar və nəticədə
Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilib.
Prezident İlham Əliyev hazırda dayanıb çıxış etdiyi Lələtəpə ərazisinin bir
neçə ay bundan əvvəl işğal altında olduğunu, ordumuzun bu işğala son qoyduğunu,
Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000
hektardan çox torpağın uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan
azad edildiyini vurğulayıb. Bildirib ki, minlərlə hektar torpağa bu gün
Azərbaycan Ordusu tam nəzarət edir.
Aprel döyüşlərinin
hərbi dərsliklərə salınmasının zəruriliyini qeyd edən Azərbaycan prezidenti
İlham Əliyev deyib ki, ordumuz bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət
göstərib. O, Azərbaycan xalqı böyük xalq, Azərbaycan vətəndaşlarının
vətənpərvər vətəndaşlar olduğunu söyləyib. Dövlət başçısı bildirib ki,
Azərbaycan əsgərləri, zabitləri Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə
hazırdırlar. Azərbaycan Silahlı Qüvvələrinin istənilən vəzifəni icra etməyə
qadir olduğunu xatırladan prezident İlham Əliyev ordumuzun işğal edilmiş
torpaqlarda, Dağlıq Qarabağda istənilən hərbi hədəfi məhv etmək gücündə
olduğunu bir daha bəyan edib. Lələtəpənin, Şuşanın və Xankəndinin Azərbaycana
aid olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan öz torpağında
ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək. Ali baş
komandan onu da əlavə edib ki, əgər erməni silahlı qüvvələri aprel
döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi
bir çox uğurlu əməliyyatlar olacaqdır.
Azərbaycan
prezidentinin bu bəyanatı ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP)
sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin
üzvü Fərəc Quliyev deyib ki, Ali Baş Komandanın cəbhə xəttinə səfəri,
oradakı ümumi vəziyyətlə yaxından tanış olması, hərbçilər qarşısında çıxış
etməsi həm daxili auditoriya, həm də Ermənistan hakimiyyəti və həmsədr
dövlətlər üçün mesajdır. Deputatın fikrincə, prezident İlham Əliyev orada
səsləndirdiyi fikirlərlə ölkə əhalisini bir daha əmin edir ki, Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətdə saxlanmasında maraqlı olmayacaq,
heç bir halda status-kvonun dəyişilməzliyi ilə barışmayacaq, həmçinin
ərazimizdə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. F.Quliyev
deyib ki, digər iki əsas mesaj birbaşa Ermənistan hakimiyyətinə, erməni
cəmiyyətinə və Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan həmsədr
dövlətlərə yönəlib: "Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə mesaj
göndərdi ki, Azərbaycan ərazisində ikinci erməni dövləti qurmaq barədə
xəyallara dalmayın. Bu günə qədər də ölkə başçısı dəfələrlə vurğulayıb ki,
Azərbaycan belə bir addıma heç zaman yol verməyəcək. Tarixə fikir versək,
indiyə qədər Azərbaycan ərazilərində Ermənistan adlı bir dövlət qurulub. İkinci
belə hadisə heç zaman olmayacaq. Bununla yanaşı, prezident İlham Əliyev böyük
dövlətlərə, beynəlxalq təşkilatlara mesaj göndərdi ki, Azərbaycan aprel
döyüşlərində Konstitusiyaya, beynəlxalq konvensiyalara uyğun olaraq, işğal
altında saxlanılan ərazilərini öz gücünə - hərb yolu ilə işğaldan azad edirdi.
Həmsədr dövlətlərin, beynəlxalq təşkilatların savaşı saxlamaq barədə xahişini
nəzərə alan Azərbaycan yenidən səbir və təmkin nümayiş etdirdi, qələbənin bir
addımlığında əks-hücumu dayandırdı. Həmin beynəlxalq təşkilat və dövlətlər söz
vermişdilər ki, münaqişə dinc yolla, səmərə verən danışıqlarla həllini tapacaq.
Lakin əfsuslar olsun ki, münaqişə indiyə qədər həllini tapmadı. Ənənəvi qaydada
Ermənistan danışıqlar prosesində qeyri-konstruktivlik nümayiş etdirir, üzərinə
götürdüyü öhdəlikləri, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə
yetirməkdən boyun qaçırır, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir. Üstəlik,
Ermənistana yeni silahlar verilir, işğalçının başı tumarlanır. Bu baxımdan,
Azərbaycan prezidentinin Lələtəpədə əsgərlər qarşısında çıxış edərkən verdiyi
mesajlar olduqca ciddi əhəmiyyət daşıyır. O, ölkə rəhbəri, Ali Baş Komandan
kimi xalqın iradəsini doğru şəkildə ifadə edib. Dövlət başçısının fikirlərinə
dəstək olaraq qeyd etmək istərdim ki, Azərbaycan heç zaman problemin indiki
vəziyyətlə barışmayacaq. Əgər ermənilər reallıqları dərk etməsələr, Ermənistan
siyasi hakimiyyəti işğalçılıq siyasətindən əl çəkməsə, aprel döyüşləri yenidən
təkrarlanacaq. Amma bu dəfəki həmləmiz sonuncu və daha güclü olmaqla,
ərazilərimizin tamamən işğalçılardan təmizlənməsi ilə yekunlaşacaqdır”.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlidə hesab edir ki, Azərbaycan prezidentinin Lələtəpədə hərbçilər qarşısında
çıxışı, səsləndirdiyi fikirlər düşmən ölkəyə, həmçinin onun havadarlarına tam
zamanında və yerində verilən mesajdır. Onun sözlərinə görə, ərazisi işğal
olunan, haqqı tapdanan, təcavüzə məruz qalan, əhalisinin 1 milyona yaxını
qaçqın və məcburi köçkün şəraitində yaşayan Azərbaycan üçün status-kvonun
dəyişməzliyi, problemin həllinin uzanması olduqca çətindir. Hərbi ekspert
bildirib ki, bütün çətinliklərə rəğmən, ölkəmiz, xalqımız səbir nümayiş etdirib,
indiyə qədər aparılan sülh danışıqlarına ümidlə baxır. Lakin bu danışıqlar heç
bir nəticə verməyəcəyi halda Azərbaycan hərb yolu ilə öz ərazi bütövlüyünü,
suverenliyini təmin etmək məcburiyyətində qalacaq. İ.Rüstəmli bildirib ki,
aprel döyüşləri Azərbaycan ordusunun buna qadir olduğunu bir daha sübut edib:
"Prezident İlham Əliyev cəbhə xəttində hərbçilərlə görüşündə də vurğuladı ki,
Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, öz ərazisində ikinci erməni
dövlətinin yaradılmasına imkan verməyəcək və sülh danışıqları nəticə
vermədikdə, hərb yolu ilə torpaqlarımız işğalçılardan təmizlənəcək. Buna bizim
haqqımız çatdır. İndiyə qədər münaqişənin sülh yolu ilə həllinə çalışdıq, bu
məqsədlə aparılan danışıqlarda aktiv iştirak etdik, amma Ermənistan qeyri-konstruktivlik
nümayiş etdirməklə işğalçılıq siyasətindən əl çəkmədiyini göstərdi. Əgər bu,
belə davam edəcəksə, müharibə, hərbi əməliyyatlar qaçılmaz olacaq. Bu gün
Azərbaycan ordusundakı yüksək mənəvi-psixoloji durum, hərbi-vətənpərvərlik
ruhu, peşəkarlıq səviyyəsi, maddi-texniki təchizat bizə imkan verir ki,
torpaqlarımızı işğaldan hərbi yolla təmizləyə bilək. Bunu Lələtəpə uğrunda
gedən döyüşlər də təsdiq etdi. Bu ərazilərin işğaldan azad edilməsi, aparılan
hərbi əməliyyatlar Azərbaycan xalqının tarixində böyük bir hadisədir. Bir neçə
il bundan öncəyə qədər Milli Qəhrəman Mübariz İbrahimovun timsalında Azərbaycan
əsgərinin qəhrəmanlığına fərdi yönümdə şahidlik edirdiksə, aprel döyüşlərində
Azərbaycan ordusunun vahid komandanlıq halında uğurlu əməliyyatının,
qəhrəmanlığının, peşəkarlığının şahidinə çevrildik. Bu hadisə qəhrəmanlıq
səhifəsi olmaqla bərabər, Azərbaycan ordusunun real gücünü, nəyə qadir olduğunu
bir daha ortaya qoydu. Düşünürəm ki, ölkə başçısının da qeyd etdiyi kimi,
düşmən bundan düzgün nəticə çıxarmalı, işğalçılıq siyasətindən əl çəkməli,
torpaqlarımızı dinc yolla azad etməlidir. Prezidentin verdiyi bu bəyanatın
arxasında konkret məqsəd dayanır. Eyni zamanda, Ali Baş Komandanın
səsləndirdiyi fikirlər Azərbaycan xalqının iradəsini nümayiş etdirir”.
Rufik İSMAYILOV