• cümə, 29 Mart, 17:33
  • Baku Bakı 14°C

Düşən reytinq, zəifləyən imic

12.02.21 18:15 1705
Düşən reytinq, zəifləyən imic
Zelenski sülhməramlı, pasifist imicini milli obrazlı liderlə əvəzləməyə çalışır
Postsovet məkanında bu il gərginlik və problemlər yaşayan ölkələrin sırasında, sözsüz ki, Ukrayna lider olacaq. Qalmaqallar, gərginlik və iqtisadi çətinliklər artıq ölkənin başının üstünü kəsdirib. Bütün bunların fonunda prezident Vladimir Zelenski yeni siyasi dövrü yenilənmiş ampluada başlayır – sülhməramlı-birləşdirici, pasifist imicini yeni milli vətənpərvər obrazlı lider əvəzləyir. Rusiya və onun "beşinci kolonu”nuna qarşı mübarizə ön plana keçir. Zelenski etiraf etməsə də, keçmiş prezident Petro Poroşenkonun yolu ilə gedir. Poroşenko da hakimiyyətə sülh prezidenti kimi gəlib, sonradan isə əsas şüarı "ordu-dil-inam” olub. Reallıq belədir ki, Zelenski hazırda çox ciddi problemlərlə üzə-üzə qalıb. Onu lideri olduğu "Xalqın qulluqçusu” Partiyasının reytinqinin ciddi şəkildə aşağı düşməsi narahat edir. Xarici siyasətdə ciddi problemlər yaşana bilər. Baydenin oğlu ilə bağlı yaşanan qalmaqaldan sonra Zelenski yeni ABŞ administrasiyası ilə münasibətləri qurmağa çalışır.
20 faiz enən reytinq
Beləliklə, yanvarda Ukrayna hakimiyyətinin populyarlığının kəskin şəkildə aşağı düşdüyü bəlli oldu. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələri qalmaqallı oldu. Zelenskinin reytinqi 20 faiz aşağı düşüb, partiyası isə dördüncü yerdə qərarlaşıb. Sorğunun nəticələri sosioloqların ünvanına sərt ittihamların səslənməsinə səbəb olsa da, ortada bir sıra obyektiv faktorlar var. Birincisi, hökumət kommunal tarifləri qaldırdı və bu da kütləvi etirazlara gətirib çıxardı. İkincisi, dil haqqında qanun qüvvəyə mindi. Bu da xidmət sferasında çalışan bütün işçilərin yalnız Ukrayna dilində danışmasını nəzərdə tutur. Bu qanun hələ əvvəlki hakimiyyətin dövründə işlənib hazırlanıb. Lakin Zelenski və "Xalqın qulluqçusu” onu korrektə etməkdən imtina etdi və bu da rus dilli seçiciləri ondan uzaqlaşdırdı. Tariflərin artırılması və dil məsələsi "Xəbərlər” holdinqinə aid olan kütləvi informasiya vasitələrində ciddi müzakirə olundu. Bu holdinqi rusiyapərəst siyasətçi Viktor Medvedçukla, onun "Həyat uğrunda - müxalif platforma”sı ilə əlaqələndirirlər. Yanvar sorğularında bu partiya birinci yerə çıxıb. Zelenskinin uğursuzluqları davam etdiyi müddətdə Moskva Medvedçuk kartından yararlanaraq, onun siyasi revanş götürmək cəhdlərinə yardım edir.
Medvedçuk Vladimir Putinlə sıx əlaqələri hesabına Moskvadan boş əllə gəlmir. Yəni onun xahişi ilə Rusiya Ukrayna müəssisələrindən sanksiyaları götürür, gah da qondarma Luqansk və Donetsk respublikası ilə Ukrayna vətəndaşlarının azad olunması barədə razılıq əldə edir. Onun səfərindən sonra Rusiya koroanvirusla bağlı vaksini Ukrayna ilə bölüşməyə hazır olduğunu bəyan etdi, Rusiya telekanalları isə Medvedçukun ukraynalı opponentlərini sərt şəkildə tənqid etməkdədir. Bu fonda Zelenski güclənməkdə olan rəqibinə qarşı sərt addımlar atmaq qərarına gəlib. Əvvəlcə ondan başladı ki, Medvedçuka məxsus şəxsi təyyarələri Moskvaya buraxmadı, sonra isə onun nəzarətində olan telekanalların yayımını dayandırdı. Sonuncu addım çox ciddi siyasi böhrana gətirib çıxara bilər. Artıq parlamentdə Zelenskiyə müxalif olan deputatlar onun impiçmenti məsələsini qaldırıblar. Medvedçukun kanalları (NewsOne, ΖΙΚ, 112) Ukrayna efirində kifayət qədər paya malikdir və rusiyapərəst müxalifətin əsas tribunası hesab edilir. Məhz bu adları çəkilən kanalların "Rusiya narrativinə” istiqamət götürmələri onların bağlanmasına gətirib çıxarıb. Telekanallarla yanaşı, Ukrayna Təhlükəsizlik Şurası Rusiyayönümlü teleqram kanalların bağlanmasına qərar verib. Zelenskinin Medvedçuka hücumu vətənpərvər düşərgədə pozitiv qiymətləndirilib – vaxtilə keçmiş prezident Poroşenko belə bu addımı atmağa cürət etməmişdi. Bu səbəbdən də məhz Poroşenko dövründə Medvedçukun imperiyası çiçəkləndi, özü isə Moskva ilə danışıqlarda qeyri-rəsmi toxunulmazlıq statusu qazandı. Lakin prezident partiyası – "Xalqın qulluqçusu”nda bu hücum heç də tam dəstəklənməyib. Medvedçukun telekanallarına qarşı hücumu spiker Dmitri Razumkov da dəstəkləməyib. Digər müxalif partiyaların nümayəndələri də buna qarşı çıxıblar.

Hədəfə başqa bir oliqarx - Kolomoyski də alına bilər

Artıq "Xalqın qulluqçusu” ilə Medvedçukun mümkün əməkdaşlığından danışmağa dəyməz. Medvedçukla bağlı yaşananlar Ukraynanın ən varlı adamı Kolomoyski üçün heç də xoş siqnal deyil. Zelenski dəfələrlə köhnə dostuna zərbə vurmaq hesabına Qərb tərəfdaşlarının xeyrinə seçim edib. Belə bir templə prezident, keçmiş müttəfiqini qərb hakimiyyət orqanlarına sata bilər. Belə ki, Birləşmiş Ştatlarda Kolomoyski çirkli pulların yuyulmasında ittiham olunur. Buna əlavə olaraq Kolomoyski yeni ABŞ administrasiyası tərəfindən Donald Trampla seçkiqabağı qaranlıq oyunlar oynaması səbəbindən cərimə də olunub. Onuna adamları aktiv şəkildə Bayden və onun oğlu Hanter haqqında kompromatlar yayırmış. İplərin uclarından biri də "Xalqın qulluqçusu”na gedib çıxıb. Bu partiyadan olan deputatların adları ABŞ tərəfindən qara siyahıya salınıb. Onlar rusiyapərəst dezinformasiya şəbəkəsinin ən aktiv üzvləri kimi sanksiyaya məruz qalıblar. Zelenski də buna reaksiya verməyə məcbur olub. Partiyasından olan deputat Dubinskini fraksiyadan çıxardılar, tezliklə partiyadan da qovacaqlar. Onun "Youtube”da 300 min tamaşaçısı olan kanalını da sildilər. Eyni aqibət Medvedçukun kanallarını da gözləyir. Bütün bunlar da Kolomoyskinin tərəfdarlarının olduğu "Xalqın qulluqçusu”nda ciddi gərginlik yaradıb. Partiyada hələ ki, parçalanma baş verməyib, lakin gələcəkdə prezidentlə oliqarx arasında gərginliyin yaranacağı istisna deyil. Hələ ki, Kolomoyskinin qrupu əhəmiyyət kəsb edən məsələlərin qəbulu zamanı səsvermələri pozur. Məsələn, potensial baş nazir olmağa iddialı Yuri Vitrenkonun baş nazirin müavini vəzifəsinə irəli sürülməsi ilə bağlı səsverməni pozub. Kolomoyski kimi iri mülkiyyətçini Medvedçukun başına gətirilənlər, məsələnin radikal formada həlli narahat etməyə bilməz. Özü də Zelenski dəfələrlə oliqarxların telekanallar üzərində nəzarətdən məhrum edilməsi məsələsini qaldırıb: "Oliqarxlardan yaxa qurtarmağın iki yolu var - onları "televizor”dan və media meydançalarından, eləcə də, deputatlara təsir etmək imkanlarından məhrum etmək. Buna nail olmaq mümkündür, mən bunu Ukraynada edə bilərəm”.

ABŞ-a görə Çinə "müharibə”

Zelenskinin amerikalılara xoş gəlmək üçün atdığı başqa bir addım Çin təsirini azaltmaqla bağlıdır. Ötən ayın sonunda Çin investorlarına məxsus şirkətə qarşı sanksiya tətbiq etdi. Halbuki Çin şirkətləri ölkəyə ciddi investisiya yatırırlar. Bir neçə gün əvvəl ABŞ-ın müvəqqəti işlər vəkili Kvin Kristina Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının rəhbəri Aleksey Danilov ilə görüşüb. Ertəsi gün isə Ukrayna gözlənilmədən çinli investorlara qarşı sanksiya tətbiq etdi. Sonra bəlli oldu ki, prinsip etibarilə Ukrayna iqtisadiyyatına ən iri investisiya yatırımını həyata keçirən Çin şirkətlərinə qarşı məhdudiyyətlər ölkənin maraqlarına ziddir. Vaxtilə Ukraynanın "Motor Siç” şirkəti iflas olanda Çinə müraciət olundu. Onlar da kömək etdilər. İndi də Zelenski hökuməti ABŞ-a xoş gəlmək üçün Çin şirkətinə sanksiya tətbiq edir. Güman ki, ABŞ Çinin Ukraynanın strateji sahəsinə nüfuz etməsinə yol vermək istəmir. Çinlilər də borclu qalmayıb. Bu ölkəyə investisiya yatıran "Skyrizon” şirkəti beynəlxalq məhkəməyə müraciət edərək Ukraynadan 3,5 mlrd. dollar tələb edib. Ukraynanın məhkəmədə uduzacağı şəksizdir. Nəzərə alsaq ki, Çin Ukraynanın əsas ticarət tərəfdaşıdır, belə bir addım ölkə iqtisadiyyatı üçün digər sahələrdə ağır nəticələrə gətirib çıxara bilər.

Kremllə münaqişə dərinləşir

Vaşinqtona xoş gəlmək üçün Zelenskinin atdığı yeni addımlar, sözsüz ki, həm də Kremlə ünvanlanıb. Ukrayna lideri Rusiyanın qarşısının alınması məqsədilə Co Baydenin qurmağa çalışdığı qeyri-rəsmi koalisiyada fəxri yer almağa çalışır. Belə baxanda, Zelenskinin xüsusi bir alternativi də yoxdur. 2019-cu ildən sonra Moskva ilə münasibətlər dalana dirənib. "Minsk prosesi” dərin böhran keçirir. Tərəflər Donbasın idarə olunması ilə bağlı sərt tələblər irəli sürüblər. Üçtərəfli əlaqə qrupunun işi də iflic olub. Zelenskidən ümidlərini itirən Moskva, səkkiz ukraynalı siyasətçiyə, o cümlədən "Xalqın qulluqçusu”nun bütün fraksiya üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Tanınmamış Luqansk və Donetsk respublikalarında rus "Donbası”nın yeni doktrinası müzakirə edilir. Rusiya pasportlarının verilməsi də davam edir - ötən il 409 min ukraynalı onu alıb, 100 min sakin isə iki qondarma qurumların "vətəndaşıdır”.
Ukraynada da əvəzində Rusiya fiziki şəxslərinə və müəssisələrinə, eləcə də, Krıma uçan aviaşirkətlərə qarşı sanksiyalar tətbiq edib. Zelenskinin Medvedçukun media aktivlərinə qarşı zərbəsi Kiyev və Moskva arasında münasibətlərə əlavə gərginlik gətirmiş olub. Kreml bunu özünün Ukraynadakı əsas müttəfiqinə qarşı hücum kimi dəyərləndirir və əlavə cavab tədbirləri gözləyir. Ukraynanın seçdiyi dövr də maraqlıdır - Rusiyada etirazların qızğın vaxtında.

Nə gözləmək mümkündür?

Zelenski hakimiyyətə gələndə çoxları ondan köhnə elitaya son qoyacağını və milli eqoizmə söykənən diverensial xarici siyasət yürüdəcəyini, Qərblə münasibətlərə xələl gətirmədən Rusiya ilə barışıq siyasəti yürüdəcəyini gözləyirdi. Praktikada bunu etmək mümkünsüz olub - köhnə elita Zelenskiyə qarşı hər tərəfdən hücuma keçib. Zelenski, sadəcə Ukrayna populizminə - milli mobilləşməyə müraciət edib. Atdığı addımlarla bu qənaətə gəlib ki, məhz bunlarla Qərbin dəstəyini qazana bilər. Buna, Zelenskini Ukrayna cəmiyyətinin qütbləşməsi də itələyir. Medvedçuka qarşı sanksiyalarla Zelenski milli-vətənpərvər seçicini də öz tərəfinə çəkməyə çalışır. Hətta Medvedçuk qərarlardan məhkəməyə müraciət etsə belə, demək olar ki, Zelenski vəziyyətdən qalib çıxana oxşayır. Ola bilsin Zelenski bu yolda komandasının bir hissəsi ilə və birpartiyalı çoxluğu itirə bilər. Əvəzində digər siyasi qurumların hesabına geniş parlament çoxluğu əldə edə bilər. Xarici siyasətdə yeni ABŞ administrasiyasına üstünlük verir və əvvəlki pasifist bəyanatları ilə qazandığı moskvayönümlü siyasətçi imicindən məhrum olmağa çalışacaq. Lakin bu yolda onun ciddi rəqibləri də olacaq. Bunlar Kiyevin keçmiş meri Vitali Kliçko və sabiq baş nazir Vladimir Qroysman ola bilər. Beləliklə, prezident çox riskli bir oyuna baş vurub. Bundan necə çıxacağını isə zaman göstərəcək.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər