AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyanın saran koronavirus bəlası

Dünyanın saran koronavirus bəlası

Siyasət
16 Mart 2020, 19:01 2745
Azərbaycanda və xaricdə olan vətəndaşlarımız bu bəlaya düçar olmamaq üçün karantin qaydalarına ciddi riayət etməlidirlər

Koronavirusun (COVİD-19) yayılmasının ilk mərhələsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dövlətlər və onların vətəndaşları üçün bir sıra tövsiyə xarakterli qaydalar hazırlayıb. Virusun yüksək keçiricilik xüsusiyyəti nəzərə alınaraq, əsas tövsiyələrdən biri insanların olduqları yerdə fərdi karantin rejimində qalması, səyahət etməməsi və mümkün qədər az insanla təmasda olmasıdır. ÜST-ün qənaətinə görə, səyahət edərkən insanın koronavirusa yoluxma riski çox yüksək olur. Nəzərə alınmalıdır ki, virusun yayıldığı ölkənin hüdudlarını tərk edən insan özü belə bilmədən potensial virus daşıyıcısına çevrilə bilər. Səyahət zamanı yoluxma təhlükəsi olduqca böyükdür. Dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Bununla əlaqədar olaraq, ölkə daxilində bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Bütün bunlara baxmayaraq, vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz. Ona görə də həm Azərbaycanda, həm xaricdə olan vətəndaşlarımız bu çətin vaxtda fərdi məsuliyyət nümayiş etdirərək olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməli, Azərbaycana qayıtmaqla öz ailə üzvləri, yaxınları və digər insanları riskə atmaqdan çəkinməlidirlər. 
 


Söylənilənlərə misal olaraq qeyd edə bilərik ki, Çində virusun geniş vüsət aldığı zaman orada yaşayan Azərbaycan vətəndaşlarının əksəriyyəti Çin hökumətinin tətbiq etdiyi qaydalara riayət edərək orada qalmağa üstünlük veriblər. İstisna olaraq, Çin hökuməti ilə razılaşdırılmış əsasda epidemiyanın episentri olan Uxan şəhərindən 10-12 nəfər Azərbaycan vətəndaşı şəhərdən təxliyə edilərək vətənlərinə qaytarılıb. Çində epidemiyanın tüğyan etdiyi bir vaxtda belə, Pekində çalışan Azərbaycan diplomatları və onların ailə üzvləri olduqları yerdə qalıb, karantin qaydalarına əməl etməklə öz fəaliyyətlərini və yaşayışlarını davam etdiriblər. Məhz bu qaydalara riayət etdiklərinə görə indiyə qədər onlar arasında heç bir yoluxma halı baş verməyib. Cənubi Koreya təcrübəsi də göstərib ki, orada olan azərbaycanlı tələbələr bütün riskləri nəzərə alaraq məsuliyyətli davranıblar. Bunun nəticəsində gənc həmvətənlərimiz arasında heç bir yoluxma faktı qeydə alınmayıb. Çində, Cənubi Koreyada və İranda olduğu kimi, Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları və onların ailə üzvləri də Azərbaycana qayıtmayıblar.
 


Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva mövzu ilə bağlı bildirib ki, ölkə vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir: "Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Koronavirus infeksiyasının dünya ölkələrində geniş yayıldığı, qlobal pandemiya elan edildiyi şəraitdə bütün ölkələr əhalinin sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirməyə başlayıblar. Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb. Hazırda Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib”.
 
 

S.Vəliyeva əlavə edib ki, bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi alqışlanılmalıdır: "Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Bu, milli təhlükəsizlik və milli həmrəylik məsələsi olduğu qədər, həm də informasiya təhlükəsizliyidir. Ona görə də, tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır”.
 
 

Parlamentin Səhiyyə komitəsinin digər üzvü İlham Məmmədov da hesab edir ki, dünyanı bürümüş qlobal koronavirus təhlükəsinə qarşı birgə mübarizə aparmalıyıq: "Bu gün milli həmrəylik və milli təhlükəsizlik bizim əsas şüarımız olmalıdır. Azərbaycanda bu virusun yayılmasının qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu, çox vacib bir məqamdır. Mən vətəndaşlarımıza müraciət edirəm. Biz bu məsələdə həmrəylik göstərməliyik. Tövsiyələrə və qaydalara əməl etmək, koronavirusa görə qoyulan məhdudiyyətlərə anlaşıqlı yanaşmaq lazımdır. Əhali bu virusla bağlı panikaya düşməməlidir. Azərbaycan güclü dövlətdir. Ölkəmiz dünyanı bürüyən bu bəlaya qarşı mübarizə aparmaq iqtidarındadır. Azərbaycan bu bəlaya qarşı mübarizə aparmaq üçün kifayət qədər ehtiyatlara malikdir”.
 


Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva Nazirlər Kabineti yanında Operativ Qərargahın çox düzgün qərarlar qəbul etdiyini xatırladıb. O, sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirəyə və bəzən əsassız təşvişə səbəb olan mövzulardan birinin koronavirusun geniş yayıldığı yüksək risk ölkələrində yaşayan Azərbaycan vətəndaşlarının, xüsusilə tələbələrin ölkəyə geri qayıtmaq istəyi ilə bağlı olduğunu da dilə gətirib. Deyib ki, zərurət yarandığı təqdirdə ölkəmiz öz vətəndaşlarını xaricdən təxliyə etməyə hazırdır. Amma indiki şəraitdə ən düzgün qərar xaricdə olan vətəndaşlarımızın olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməsidir: "Biri var xəstəliyi müalicə etmək, biri də var onun qarşısını əvvəlcədən almaq. Əlbəttə daha yaxşı olar ki, əvvəlcədən profilaktik tədbirlər görülsün ki, bunun qarşısı zamanında alınsın. Bu ciddi bir xəstəlik olduğuna görə Azərbaycan hökuməti profilaktik olaraq müəyyən tədbirlərin həyata keçirilməsinə qadağalar qoydu. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını dəstəkləyirəm”.
 
Alpər TURAN