• şənbə, 20 Aprel, 04:29
  • Baku Bakı 15°C

Dünyanın hər yerində Azərbaycan olmağı bacaran soydaşlarımız

05.08.20 19:31 3553
Dünyanın hər yerində Azərbaycan olmağı bacaran soydaşlarımız
Xaricdə yaşayan həmvətənlərimiz hər an gözlənilən erməni hücumlarından və təxribatlarından qorxmur

Tovuz döyüşlərindən sonra dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz aksiyalar, mitinqlər, yürüşlər həyata keçirdilər. Həmyerlilərimiz dünyanın hər yerində erməniləri ifşa etdikcə, bu onları daha da qəzəbləndirir, əsl mahiyyətlərini ortaya qoymalarına səbəb olurdu. Belə ki, həmvətənlərimizin qanuni aksiyalarını pozmağa çalışır, təkləyərək onlara hücum edirdilər. Təbii ki, onların bu əməlləri cəzasız qalmır və yaşadıqları ölkələrin qanunları çərçivəsində cəzalandırılırlar.
Biz də müxtəlif ölkələrdə yaşayan sənətçilərdən hazırkı vəziyyəti xəbər aldıq. Onların bir qismi sakitçiliyin bərqərar olduğunu desə də, bəziləri təhlükəni hər an hiss etdiklərini bildirdilər.

ABŞ-ın Kaliforniya ştatında yaşayan rejissor, ssenarist, dramaturq, yazıçı Sevinc Səfərova bizimlə söhbətində qeyd etdi ki, ermənilər onların yaşadığı Los-Anceles şəhərində üstünlük təşkil edir: "Hətta buraya onlar "Little Armenia"(Kiçik Ermənistan) deyirlər. Belə ki, Los-Ancelesdə 700 minlə 1 milyon arası erməni yaşayır. Amerikada onlar özlərini qalib kimi təqdim edirlər. Ancaq 12-15 iyulda Tovuzda baş verənlər və xaricdə yaşayan azərbaycanlıların bu təxribata laqeyd qalmaması bizim birliyimizdən, bizi bir-birimizə bağlayan tellərin nə qədər möhkəm olmasından, yaşadığımız ölkələrdə bir parça vətən olmağımızdan xəbər verir. Mən hər zaman demişəm ki, vətən sərhəddən başlamır. İnsan harda olmasından asılı olmayaraq, özü ilə qəlbində bir parça vətən daşıyır. 12 iyul hadisələrindən sonra Amerikada, xüsusən də Los-Ancelesdə erməni təxribatı zamanı biz bunun bir daha şahidi olduq. Bu gün də onlar öz iyrənc əməllərindən əl çəkmirlər. Əslində Los-Ancelesdə keçirilən aksiyada onlar başqa bir hadisə ilə üzləşdilər. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz ayağa qalxdı, generalımızın ölümü, yaşanan haqsızlığa susmadılar. Azərbaycanın böyük tribunalardan səslənən haqq sözünün bu dəfə dünyanın hər bir yerində küçələrdən eşidilməsi düşməni təşvişə saldı. Ermənilər hər nə qədər bunun qarşısını almağa çalışsa da, ucalan səsləri susdura bilmədilər. Bacarmayacaqlar da. Çünki onların qarşısında 90-cı illərdəki Azərbaycan yoxdur. Bu gün Azərbaycan müstəqil, sözünü deməyi bacaran, Polad Həşimov, Mübariz İbrahimov kimi mərd oğullar yetişdirib, dünyaya inteqrasiya edib, güclü ordusu, beynəlxalq aləmdə nüfuzu, başında ali baş komandanı dayanan ölkədir. Ali baş komandanın arxasında da Azərbaycan xalqı dayandıqda, heç bir düşmən bizə qalib gələ bilməz. Tovuzda yaşanan hadisələr bir daha sübut etdi ki, uşağından qocasına, ahılına qədər hər bir azərbaycanlı bir amal uğrunda birləşməyə, yeri gələndə bir yumruq olmağa qadirdir. Biz hər zaman dövlətimizin birliyi, torpaqlarımızın müdafiəsi üçün bütövlükdə bir Azərbaycan olmağı bacarırıq. Bu isə düşmənə gözdağıdır və belə olduğu halda, kiçik təxribatların olması qaçılmazdır. Kişinin düşməni kişi olar. Təssüf ki, bu məsələdə bizim bəxtimiz gətirmədi.
Xaricdə yaşayan bizlər də dövlətimizin gücündən güc alırıq. Heç kimdən qorxmuruq, bilirik ki, bizim arxamızda güclü bir dövlət var və ondan güc alıb, dünyaya səsimizi çatdırırıq. Ermənilər sonuncu aksiyada olduğu kimi, heç zaman təsəvvür etməzdi ki, 30 azərbaycanlı 5000-dən çox erməninin qarşısına mərd şəkildə çıxar və onlara meydan oxuyar. Bu onları çox qəzəbləndirdi. Ermənilərin belə məqamda ortaya çıxan iç üzü nəinki Azərbaycan, eyni zamanda dünya mətbuatında əks olundu. Ermənilər mitinqə öncədən hazırlanmış qruplarla gəlmişdilər. Dünyanın ən tanınmış terrorçu qrupu ilə Daşnaksütun partiyası bərabər hazırlaşaraq mitinqdə bizim üzərimizə hücum etmişdilər".
S.Səfərova mitinqdə baş verənlərdən sonra ermənilərin daha da qəzəbləndiyini vurğuladı: "Bu hadisələrdən qəzəblənən ermənilər Amerikada yaşayan azərbaycanlıların, hətta türklərin ev ünvanlarını onlara xəbər verənlərə 500 dollar pul təklif edirlər. Təbii ki, burada yaşayan azərbaycanlılar onlardan qorxmur və açıq şəkildə onlara meydan oxuyurlar. Bu yaşanan hadisələrdən sonra erməni-azərbaycanlı qarşıdurması yenidən alovlandı. Hazırda isə Amerikada yaşayan azərbaycanlıların həyatına təhlükə qalmaqda davam edir. Bir neçə gün bundan öncə Kanadada 2 azərbaycanlı vətəndaşa ermənilər tərəfindən hücum olundu. Vətəndaşlarımızın maşınları yararsız hala gətirilib, özlərini döyməklə kifayətlənməyib, güllə ilə vurmuşdular. Kanadada yaşayan dostlarımız söyləyir ki, 10 erməni iki azərbaycanılının üzərinə düşmüşdü. Ancaq ermənilərin bu təxribatı cəzasız qalmadı. 2 erməni elə hadisə yerində tutulmuşdu. Yəni, deməyim odur ki, burda da hər an təşviş var. Biz qorxmuruq, heç yerə getməyəcəyik. Amerika kimi demokratik ölkədə yaşayırıq. Törədilən hər bir təxribat öz cəzasını alır. Təxribat yaradan hər bir erməni Amerika qanunları qarşısında cavab verməyə məcbur edilir".

Almaniyada yaşayan xanəndə, aktrisa Vüsalə Musayeva isə yaşadığı ölkənin öz qayda-qanunları olduğunu və kütləvi aksiyaların nəzarət altında keçirildiyini bildirdi: "12 iyulda Azərbaycanda yaşanan hadisələr heç də xaricdə vətəndaşlarımız tərəfindən sakit qarşılanmadı. Erməni təxribatının nəticələrinə Almaniyada və dünyanın bir çox yerlərində etirazlar edildi. Açığı, yaşanan hadisələrdən sonra Almaniyada ermənilərin azərbaycanlılara küçədə və ya başqa yerlərdə təkləyib hücum etməsi faktı ilə qarşılaşmamışam. Almaniyada belə bir şey mümkün deyil. Qanunlarında sərtlik çoxdur. Burda yaşayan insanlar sivil qanunları pozmur. 5 ildir burda yaşayıram, nəinki ermənilər, heç kim ölkənin qanunlarını çeynəyə bilməz. Bəlkə kimlərsə etirazını bildirər, hər kəs fikrində azaddır. Belə olduqda, rəsmi şəkildə icazə alaraq polislərin müşayiəti ilə aksiyalarını keçirə bilərlər. Qarşıdurmalar nadir hallarda olur".
V.Musayeva Almaniyada ermənilərin çoxluq təşkil etdiyini bildirir: "Almaniya miqrant ölkəsidir, əhalinin çox hissəsini miqrantlar təşkil edir. Onlar isə qanunu poza və qanundan çıxa bilməz. O ki qaldı erməni və azərbaycanlıların başqa ölkələrdə bir-birinə hücum etməsinə, bu, əslində düşmənin bizə qarşı işlədəcəyi silahdır. Ermənilər elə bir millətdir ki, özləri soyqırımı törətdikləri halda, illərdir dünyaya bunun əksini car çəkirlər. İndi də öz iyrənc əməllərindən əl çəkmirlər. Müxtəlif ölkələrdə keçirilən aksiyalardan sonra soydaşlarımızı təhrik edirlər ki, onlara hücum etsinlər, onlar da dünyaya göstərsinlər ki, baxın görün bizə nələr edirlər. Bu bizə qarşı qəsdən hazırlanmış plandır. Onlar özlərini guya haqlı tərəf olaraq önə çıxarmağa çalışırlar. Ona görə də yaxşı olar ki, soydaşlarımız erməni təxribatlarına alət olmasınlar. Onsuz da bir gün ədalət öz yerini tapacaq. Və dünya da artıq erməniləri daha yaxşı tanımağa başlayıb”.

Moskvada yaşayan rejissor Vüsal Mehrəliyev qeyd edir ki, Rusiya paytaxtında son hadisələrdən sonra "Fud siti” bazarının bağlanması, ermənilərin bu bazara buraxılmaması onlara təsir edib: "Yaşanan hadisələrdən sonra bəzi erməni təşkilatlarının azərbaycanlılara qarşı hücum təşkil etməsi, şəhərin müxtəlif yerlərində vətəndaşlarımızı təkləyib, zorakılıq etməsi kimi hadisələrlə qarşılaşdıq. Təkcə ermənilər deyil, belə təxribatlara uyanlar polis bölmələrinə aparılaraq haqlarında inzibati cəzalar tətbiq edildi. Bu da digər insanlara bir nümunə oldu. Amma son bir həftə ərzində hələ ki sakitçilikdir. Hadisələrin qızğın vaxtı Moskvada ermənilərin və bizim vətəndaşların aqressiv olması hiss olunurdu. Biz öz həmvətənlərimizə küçəyə tək çıxmamağı məsləhət görürdük. Dövlət rəsmiləri bu işə qarışdıqdan sonra yaşadığımız ərazidə hələ ki heç bir hücum faktı ilə qarşılaşmamışıq".

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər