Dünyanın ən cəsarətli insanları - Araşdırma
Onlar heç kimin bilmədiyi döyüşlərdə döyüşənlərdir
"Hər il yeni ildə insanlar dilək tutur, qarşılarına
yeni hədəflər qoyurlar. Bu il üçün ən böyük arzum ittiham edənlərin bizi başa
düşməsi və qəbul etməsidir. Təsəvvür edin, ana olduğunuz ilk andan onu
geyindirməyi, onunla əylənməyi, danışmağı xəyal edərsiniz. Bizim evimizdə isə vəziyyət
fərqlidir. Bəli, əvvəlcə bunların bəzilərinə biz də sahib idik. Amma sonra
itirdik. Sözlər səssizləşdi, atdığımız addımlar yavaşladı və çoxlu göz yaşı
israf etdik. Bu, onun tənbəlliyi və inadkarlığına görə deyil. Mənim oğlum da
hamının oğlu kimi rəqs etməyi, oynamağı, gülməyi, qucaqlamağı, cizgi filminə
baxmağı sevir. Amma yenə də fərqli yaradılışı var”. Bu sözlər autizm sindromlu
Əhmədin anası Nailəyə məxsusdur. (Adlar şərtidir)
"Özünüzü bir
gün oğlumun yerinə qoyun”
Nailə deyir ki, gündəlik həyatımızda hər gün
rastlaşdığımız məqamlar onun oğlu üçün böyük çətinlikdir: "Fərqli işıqlar, səslər,
qoxular və hətta bəzi şeylərin görünüşü onun üçün çoxdur. Alış-verişə getmək,
parkda uşaqlarla oynamaq və saç kəsdirmək kimi normal məqamlar onun üçün dözülməzdir.
Ağlayıb mızıldayarkən ona qayğı göstərən insanların dünyanın ən gözəl mahnısını
oxumaq üçün ona qoşulmaq istədiyini düşünür. Övladlarını oğlumdan qaçıran
analar əslində gələcəyin zalımlarıdır. Uşaqlar bu cür fərqlərdən xəbərsizdirlər,
sadəcə oynamaq istəyirlər. Alış-verişdə oğlumu yaramaz adlandıran qadın,
dünyaya oğlumun gözü ilə baxmağa çalış. Rənglərin və səslərin həddindən artıq
olduğunu düşün. Ətrafdakıların gurultusunu təsəvvür edin. Siz də bunları dərindən
hiss etdikdə, belə ağlayarsınız. Autizmli uşaqlar bu dünyada ən cəsarətli
insanlardır. Heç kimin bilmədiyi döyüşlərdə döyüşürlər. Yetkin insanların da
öhdəsindən gələ bilməyəcəyi çətinliklərlə üzləşirlər. Bu il, mühakimə etmədən əvvəl
düşünməyinizi istəyirəm. Özünüzü bir gün oğlumun yerinə qoyun və həqiqətən bir
super qəhrəman olduğunu görün”.
Nailəni qəhrəmanı kimi super qəhrəmanlar çoxdur. Cəmiyyətin
ən böyük problemi isə bu qəhrəmanların daşıdığı sindrom olan autizmi xəstəlik
kimi qiymətləndirməsidir. Autizm sindromlu şəxslərin öz dünyası olur, ətraf aləm
onlara xaos kimi görünür, hadisə və məkanı anlamaqda çətinlik çəkir, ünsiyyət
qura bilmirlər. Autizm xəstəlik deyil, fərqindəlikdir. Bəs biz bunun fərqindəyikmi?
Məlumat üçün bildirək ki, bu termin ilk dəfə
1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler tərəfindən elmi ədəbiyyata gətirilib.
Daha sonra Amerika psixiatrı Leo Kanner 1943 -cü ildə erkən uşaq autizminin təsvirini
verib.
"Son zamanlar
autizmin görülmə sıxlığı artıb”
Mərkəzi Gömrük Hospitalın həkim-pediatrı Nigar Mirzəyevadeyir ki, autizm- inkişaf geriliyi yaradan bir pozulmadır. Doğuşdan gəlir, yaxud
uşaq doğulandan ilk 3 il müddətində ortaya çıxır: "Aparılan araşdırmalar nəticəsində
məlum olub ki, ana bətnində uşağı qidalandıran bağın hücrəsəl sayında artım və
azalma müşahidə olunur. O hüceyrə sayı
normal olan uşaqlarda autizm görülmədiyi, hüceyrə sayında çox miqdarda artım
olan uşaqlarda autistik vəziyyətin ortaya çıxması sübut olunub”.
Həkimin sözlərinə görə, danışan uşağın belə, 3
yaşında problemləri yarana bilər: "İki yaşından sonra uşağın danışmasında ləngimə
olur, sosiallaşma pozulur, öz yaş qrupu, hətta oyuncaqları ilə oynamır. Göz təması
qura bilmir, deyilən sözləri təkrarlama xüsusiyyətləri olur. Jest və
mimikalardan istifadə etmir, fərqli səslər çıxarırlar. Son zamanlar autizmin
görülmə sıxlığı artıb. Əgər uşağınızda qeyd olunan davranış pozulmasında hamısı
olmasa belə, bir qismini fərq edirsinizsə, vaxt itirmədən uşaq psixoloquna
müraciət etmək lazımdır. Çünki bütün dünyada aparılan araşdırmalar göstərir ki,
autizmin irəliləməsinin qarşının alınmasında erkən diaqnoz və doğru yönləndirmə
çox önəmlidir”.
"Özlərini təhlükədə
hiss etdikləri üçün qorunmağa çalışırlar”
Psixoloq Günel Hacızadə deyir ki, autizmlə bağlı ən dəqiq diaqnozu uşaq
psixiatrları, nevropatoloqlar və ya nevropsixoloqlar təyin edə bilir. Uşağın
adıyla çağırdığınız zaman reaksiya verməməsi, göz kontaktının çox zəif olması və
ya ümumiyyətlə olmaması, yaşıdlarıyla ünsiyyət qura bilməmək, qrup şəklində
oynanılan oyunlara qoşula bilməmək, nitqdə müəyyən loqopedik problemlərin
olması və ya nitqin ümumiyyətlə olmaması kimi bir çox ev şəraitində müəyyən
oluna biləcək əlamətlər mövcuddur. Uzun müddət ərzində eyni mövzu üzərində danışır,
səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir, mənasız
sözləri ardıcıl təkrarlayır, predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir,
yaradıcılıq tələb edən oyunları oynaya bilmir, hər şeyin eyni olmasını istəyir,
dəyişikliklərə həddindən artıq reaksiya verir, davamlı olaraq eyni oyunları
oynayır, ağrıya qarşı laqeyddir, səslərə qarşı həddindən artıq həssas və ya həddindən
artıq laqeyddir, tək qalmağı seçir, təmasdan və qucağa alınmaqdan xoşu gəlmir,
ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə
ehtiyaclarını ifadə etməyə çalışırlar. Autizm sindromu olan birinin bütün
duyğuları həssasdır. Bu səbəbdən də sizin fikir vermədiyiniz qoxu, səs, rəng,
toxunuş kimi şeylər onlara həddən artıq təsir edə bilər. Həmin təsirin nəticəsi
olaraq autizmi olan uşaqlarda aqressivləşmək, qışqırmaq, özünə və ya ətrafına zərər
vermək kimi davranışlar müşahidə edilə bilər. Bu onların zəif olduğunu göstərmir,
sadəcə, özlərini təhlükədə hiss etdikləri üçün qorunmağa çalışırlar”.
"Autizm
sindromu olan uşaqların xüsusi bacarıqları olur”
Psixoloqun sözlərinə görə, təcrübə göstərir ki,
autizm sindromlu uşaqların zəka səviyyəsi də fərqli olur: "Konkret təfəkkürə
malikdirlər. Həmin konkretlik sayəsində riyazi elmləri daha yaxşı qavrayırlar.
Sürətli və dəqiq hesablama bacarıqları onlara bu sahədə uğur qazanmağa kömək
edir. Öyrənmək metodları tipik uşaqlardan fərqlənsə də, autizm sindromu olan
uşaqların həqiqətən kəşf edilməyə dəyər xüsusi bacarıqları var. Çünki, autizm
sadəcə olaraq uşaqların sosial bacarıqlarına mane olan bir sindromdur. Onlar öz
yaşıdlarıyla oynamaq istəmədiyi üçün deyil, necə oynayacağını bilmədiyi üçün
oynamırlar. Sizin verdiyiniz tapşırıqları etmək istəmədikləri üçün deyil, necə
edəcəyini bilmədikləri üçün tətbiq etmirlər. Valideynlərin bu durumdakı vəzifəsi
çox səbirli olmaq, uşağın yaşadığı bu sosial problemi olduğu kimi qəbul etmək və
ev şəraitində də maksimum şəkildə öyrədici olmağa çalışmaqdır. İstifadə
etdiyiniz hər cümləyə diqqət etməlisiniz. Sizi dinləmədiyini düşündüyünüz
zamanlarda da o sizi eşidir və dediyiniz hər söz onun inkişafına təsir edir.
Mümkün qədər motivasiyasını yüksək tutacaq sözlərdən istifadə etməyə çalışın.
"Bunu da öyrənə bilmədi, uzun zamandırkı üzərində çalışırıq amma öyrənmir, deyəsən
alınmayacaq” kimi cümlələri, "Mən bilirəm ki o, bunu bacaracaq. O, çox bacarıqlıdır,
hər şeyi öyrəndiyi kimi bunu da öyrənəcək” kimi cümlələrlə əvəzləmək lazımdır.
İfadə etdiyiniz hər pozitiv ifadə onun inkişafı üçün bir addım olacaq”.
"Reabilitasiya
etmək üçün cəmiyyət içərisinə çıxarmaq lazımdır”
Psixoloqun sözlərinə görə, ailələrin ən çox çətinlik
çəkdiyi digər problem isə autizmi olan uşaqlarıyla birlikdə olduqları zaman hər
kəsin istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən istifadə edə bilməməsidir:
"Bunun əsas səbəbi isə cəmiyyət qınağıdır. Bildiyimiz kimi autizmi olan uşaqlar
özünü idarə etməyi öyrənənə qədər uzun mərhələlərdən keçməlidirlər. Bu səbəbdən
də avtobus və ya metrolarda qəribə səslər çıxaran, öz özünə gülən, qəribə hərəkətlər
edən uşaq gördüyünüz zaman nəzərlərinizi həmin uşağın və ya anasının üzərinə cəmləşdirməyin.
Bəzi insanların yanlış düşüncəsi var ki, "uşağın problemi varsa, evdən
çıxarmasınlar, ya da hara gedirsə, taksiylə getsin”. Bu məsələdə maddi tərəfi kənara
qoysaq, nəzərinizə çatdırmaq istərdim ki, autizm sindromu olan uşaqların əsas
problemi sosiallaşma, ətraf mühitlə əlaqə qura bilməmək, uyğunlaşmaqda çətinlik
çəkməkdir. Elə isə bu problemi yaşayan uşağı düzgün reabilitasiya etmək üçün
onu daha çox cəmiyyət içərisinə çıxarmaq və hətta daha çox ictimai nəqliyyat
növündən istifadə etməsini təmin etmək lazımdır. Hər hansı minik vasitəsində
uşaq qışqırarsa, ətrafda səssizliyi bərpa etmək çox vacibdir. Ola bilər ki, hətta
kiminsə səsi və ya geyindiyi geyimin rəngi ona neqativ təsir bağışlamış olsun.
Bu zaman təşvişə düşərək sizlərin də səs-küy etməsi onu nəyinki sakitləşdirəcək,
hətta daha da gərginləşdirəcək. Qısacası, autizmi olan uşaqların inkişafında
psixoloqun və ailənin rolu olduğu qədər cəmiyyətin də rolu vardır. Cəmiyyət
normal və anlayışla qarşıladıqca, valideynlər daha rahatlıqla və daha güclü əzmlə
uşaqlarının inkişafı üçün çalışa biləcəklər. Autizm uşağa və ailəsinə bir çox
problem yaşatsa da, xüsusi təlimlərlə bütün bunların öhdəsindən gəlmək
mümkündür. Bəzi valideynlər üçün bu, əlçatmaz bir xəyal kimi görünsə də, bu
uğura nail ola bilmiş bir çox nümunəvi insan var. Bu insanlardan biri Temple Qrandindir. 3
yaşına qədər ümumiyyətlə nitqi olmamasına baxmayaraq, xüsusi təlimlər və ailəsinin
dəstəyi sayəsində öz səsini kəşf edib və məşhur yazarlardan biri olub. Sonralar
Kolarado Universitetində professor kimi dərs deyib. Antoni İanniyə həkimlər
autizm diaqnozu təyin etdiyi zaman ailəsinə uşağın həyatı boyunca heç bir şeyə
nail ola bilməyəcəyini deyiblər. Amma Antoni ailəsinin dəstəyi ilə əzmlə
çalışaraq uğurlu basketbolçu olub.
Autizmli məşhurlar
Autizm sindromlu dahilərdən söz düşmüşkən dünyada
tanınan alimlər haqqında danışmasaq olmaz. Lüdviq van Bedhoven, Franz Kafka,
Tomas Ceferson, Karl Yunq, Henri Ford, Albert Eynşteyn, İsaak Nyuton, Fridrik
Nitşe, V.A.Mozart, Nikola Tesla, Vinsent van Gogh, Tomas Edison , Ç.R.Makintoş tarixin
ən məşhur autizm sindromlu dahiləridir.
Gəlin, onların fərqli dünyalarına daxil olmağı öyrənək.
Bəlkə, o fərqlilikdən biz də öyrəndik... Bəlkə də dahi yetişdirdik...
Aygün ƏZİZ