• şənbə, 20 Aprel, 13:07
  • Baku Bakı 23°C

Dünyanın ən bəxtsiz layihəsi

22.05.20 16:34 878
Dünyanın ən bəxtsiz layihəsi
Sanksiyalarından sonra dondurulan "Şimal axını” çətin günlərini yaşayır

Koronavirus pandemiyası üzündən dünya neft bazarında qiymətlərin aşağı düşməsi neftdən asılı olan əksər ölkələr, xüsusən də Rusiya üçün ciddi problemlərə yol açıb. Enerji bazarında yaşanan çöküş Rusiyanın əsas gəlir mənbəyi hesab edilən qazla da bağlı problemlərə səbəb olub. Kreml əsas qaz alıcılarını itirməyə başlayıb. O cümlədən "Russkaya Qermaniya” nəşrinin dünyanın ən bəxtsiz boru xətti adlandırdığı "Şimal axını-2” layihəsi də hər tərəfdən zərbələr almaqda davam edir. Avropa Məhkəməsi (European Court of Justice) Nord Stream 2 AG şirkətinin Avropa İttifaqının qaz direktivinə etdiyi dəyişikliyin qanuni olması barədə müraciətini rədd edib. Bu da "Şimal axını-2” qaz xəttinin təşkilati-hüquqi strukturu üçün radikal dəyişikliklər demək olacaq. "Rosbalt”ın bu və digər məsələləri analiz edən məqaləsində bildirilir ki, uzun müzakirələrdən sonra belə qərara alınıb ki, Birləşmiş Ştatların sanksiyalarından sonra dondurulan "Şimal axını-2” layihəsi Avropa energetika antimonopol məhdudiyyətlərindən çıxarılmayacaq. Bu qaz kəməri onsuz da havadan asılı vəziyyətdə idi və Qərb şirkətləri sanksiyalar üzündən onunla iş qurmaqdan çəkinirlər. Beləliklə də, boru xəttinin inşası üçün texnoloji imkanları məhdud olan Rusiyanın işləri başa çatdırması mümkün olmaya bilər.
İndi isə bir sual hamını düşündürür – ümumiyyətlə, bu layihə Rusiyaya gərəkdirmi? Qəbul olunan yeni qərara görə, "Şimal axını-2” layihəsinin operatoru qismində çıxış edəcək ayrıca bir şirkət lazımdır. Belə olan halda "Qazprom” yalnız boru xəttinin tədarükçüsü qismində çıxış edə bilər. Həmin şirkət Rusiyanın qaz monopolistinin filialı kimi çıxış etməlidir. Əgər belə bir şirkət tapılarsa, boru xəttini alternativ daşıyıcılarla da təmin etmək gərək olacaq. "Rosbalt” bu qənaətdədir ki, Rusiyaya belə bir şirkətin yaradılması istiqamətində kömək edə biləcək ilk etibarlı tərəfdaş Avropa ola bilər. Lakin bununla bağlı Kremlin çətinlikləri yaranır. Məsələ ondadır ki, Rusiyanın Avropa İttifaqında ən etibarlı tərəfdaşı olan Avstriyanın OMV enerji konsernində şirkətin rəhbəri Rayner Zeleyə qarşı çoxsaylı suallar ortaya çıxıb. Ona qarşı geniş məkanda iddialar irəli sürülür, bu şəxsin digər Rusiya dostları və tərəfdaşları kimi korporativ maliyyə hesabına yaşamaq iddiaları irəli sürülür. Bu qalmaqal nəticəsində avstriyalılarla əməkdaşlıq çətinləşir. Artıq Avstriyanın Rusiya qazının Avropaya çatdırılmasında əsas həlledici dövlətə çevrilməsi də sual altına düşür.
Lakin Rusiyanın qaz sahəsində problemləri tək bununla qurtarmır. Ona qarşı hücumlara artıq tərəfdaşları deyil, həm də enerji resurslarının istehlakçıları, eləcə də, ərazisindən tranzit keçən dövlətlər də qoşulur. Bu məsələdə əsas yer Polşaya ayrılır. Bu ölkənin ərazisindən Rusiya qazının tranziti haqqında sazişin müddəti mayın 17-də başa çatıb. Yeni sazişin imzalanması ilə bağlı Varşava və Moskva hələ ki, razılığa gələ bilməyiblər. Hətta Polşa tərəfinin bu sazişi yeniləyəcəyi sual altındadır. Məsələ ondadır ki, bu həcmdə Rusiya qazı Avropaya sadəcə lazım deyil. Koronavirus pandemiyası, eləcə də, Avropa İttifaqına sıxılmış qazı çatdıran ölkələrin sayəsində qaza olan tələbat kəskin şəkildə aşağı düşüb. Avropadakı qaz o həddə qədər artıb ki, "Qazprom” hətta Ukrayna ərazisindən belə müqavilədə nəzərdə tutulan həcmdə qazı nəql etmir. Halbuki, nəql üçün vəsaiti onsuz da tam şəkildə ödəməlidir. Bu yaxınlarda imzalanan sazişə görə, Rusiya şirkəti boru xətti ilə 178 mln. kub metr qaz nəql etmək üçün üzərinə öhdəlik götürüb. "Qazprom”un öz proqnozlarına görə, Avropaya qaz satışı həcmi 17 faiz azalaraq 165 mlrd. kub metrə düşəcək. Orta qiymət isə 133 dollar civarında olacaq. Beləliklə, "Qazprom” 20 mlrd. dollar itirə bilər. Bu, hələ yaxşı ssenaridir.
Bütün oyunçular artıq başa düşüblər ki, indi ən yaxşısı ticarət etmək, sövdələşməkdir. Avropalılar ucuz qaz istəyir, Rusiyanın qaz nəhəngi "Qazprom”un şərti isə tranzitə görə qiymətlərin aşağı salınmasıdır. Lakin bu məsələdə razılıq yoxdur. Bütövlükdə isə çətin vəziyyətdə qalan Rusiyadır. Özü də problem tək Polşa ilə deyil. Türkiyəyə də Rusiya qazının nəqli mart ayının sonuna olan məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azalıb. 2019-cu ildə Rusiya Türkiyəyə 1,418 mlrd. kub metr qaz nəqli edib, bu il isə cəmi 210 mln. kub metr. Türkiyə Əlcəzair, Qətər, Nigeriya və Birləşmiş Ştatlardan sıxılmış qaz almaqla Rusiya qazını almağı azaldıb. Belə çıxır ki, Rusiya istehlakçılarla yanaşı, alman və avstriyalıların timsalında ən etibarlı tərəfdaşlarını da itirir. Demək əvvəlki inam və etibarı yaxın gələcək üçün qazanmaq mümkün olmayacaq. Gurultulu bəyanatlar səsləndirməkdən qorxmayaraq, demək olar ki, Moskvada dəfələrlə səslənən "enerji imperiyası” layihəsi dəfn olunur. Kremlin enerji daşıyıcılarından siyasi alət kimi istifadə etməsi ona gətirib çıxarıb ki, istehlakçılar özləri üçün digər alıcılar tapmağa çalışırlar. "Rosbalt” yazır ki, vəziyyəti yalnız inam və etimad böhranı, eləcə də, pandemiyanın iqtisadi nəticələri kimi də qiymətləndirmək olar. Artıq Kremlin neqativ trendləri sındırmaq üçün sadəcə alətləri qalmayıb. Rusiya rəhbərliyi ümid edir ki, işlər tezliklə yoluna düşəcək.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər